Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4178/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh1 xxxx ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 xxxx ASC-yə və qeyrilərinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və s. tələblərinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)-5966/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 X5 Təşkilatı ASC-yə, xxxx MMC-yə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pirallahı rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsi ev 16-da yerləşən 22 saylı mənzilin qiymətləndirilməsi barədə rəyin ləğv edilməsi, hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli protokolun, alqı-satqı müqaviləsinin etibarsız saylması, mənzilə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mənzilin ipotekada saxlanmaqla onun sahibliyinə qaytarılması, ödənilmiş kreditlərin mühasibatlıq ekspertizası keçrilməklə təyin edilmiş məbləğ nəzərə alınmaqla kredit müqaviləsinin yeniləndirilməsi, yeni kredit ödəniş cədvəlinin açılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Pirallahı qəsəbəsi S.Bağırov küçəsi ev 16-da yerləşən 22 saylı mənzili xx xxxxxx 2015-ci il tarixdə cavabdeh “Cavabdeh1" xxxx ASC-yə girov qoyaraq, illik 28% olmaqla 60 ay müddətinə qaytarmaq şərtilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Müqavilə bağlandığı ilk dövrlərdə kredit borcunu lazımi qaydada yerinə yetirsə də, sonradan devalvasiya ilə əlaqədar ödəmələrdə çətinliklər yaranmışdır. Buna görə də “Cavabdeh1" xxxx ASC onu məhkəməyə vermiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ondan Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə 19310,89 ABŞ dolları məbləğində əsas borc, 4894,32 ABŞ dolları məbləğində faiz borcunun ödəniş gününə Mərkəzi Bankın məzənnəsi ilə manatla tutulması və mənzilin ilkin satış qiyməti 40000 manat müəyyən edilməklə mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin “Cavabdeh1" xxxx ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi qət edilmişdir. Məhkəməyə verilən iddia ərizəsində onun banka ödədiyi kredit məbləğləri nəzərə alınmamış, bu məsələ üzrə mühasibatlıq ekspertizası keçirilməmişdir. Bundan başqa mənzilin satışından sonra mənzildən 1 ay ərzində çıxarılması qət edilmişdir. Bank bu qətnamədən sonra ona bildirmişdir ki, qətnamə olmasına baxmayaraq yenə də bu mənzil onlarda qalacaq, vəsaiti isə hissə-hissə yeni cədvəl əsasında ödəyə bilər. Bu vədlərə baxmayaraq, 2018-ci ilin noyabr ayında yekun hərrac keçrilmiş, mənzil "Cavabdeh1 xxxx” ASC-yə satılmış və son satış qiyməti 25500 manat olmuşdur. Son nəticədə onun və ailəsinin qanunla qorunan hüquqları pozulmaqla yeganə yaşayış yerindən məhrum edilmişdir. Hərrac keçirilərkən onun iştirakı təmin edilməmiş, son hərracdan sonra mənzil ona təklif edilməmişdir. Bundan əlavə, onun "Cavabdeh1 xxxx” ASC-yə ödənişləri nəzərə alınmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)- 5966/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 xxxx ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin əsassız olduğunu, iddiaçının keçirilmiş hərracdan kifayət qədər məlumatlı olduğunu, hazırkı iddia ərizəsi ilə mübahisənin həllini uzatmağa çalışdığını bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı, habelə cavabdehlər xxxx MMC-nin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pirallahı rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)-5966/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli istehlak krediti müqaviləsinin surətindən görünür ki, “Cavabdeh1" xxxx ASC tərəfindən 60 ay müddətinə illik 28% dərəcəsi ilə ödəmək şərtilə İddiaçı 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli istehlak krediti müqaviləsinin təminatı olaraq İddiaçı məxsus ünvan 1 mənzil 22 ünvanında yerləşən iki otaqlı mənzil “Cavabdeh1" xxxx ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş mənzil müstəqil qiymətləndirici tərəfindən 40000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan açıq hərracın keçirilməsinə dair bildirişlərin surətindən və kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarından müəyyən olunur ki, “xxxx” MMC tərəfindən 2018-ci ilin iyun ayından oktyabr ayınadək müxtəlif tarixlərdə İddiaçı hərracın keçirilməsi ilə bağlı bildirişlər göndərilmiş, həmin bildirişlərin bir qismi İddiaçı tərəfindən qəbul edilmiş, bir qisminin isə qəbulundan imtina edilmişdir. Həmin bildirişlərdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar göstərilmişdir. Hazırkı mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (cavabdeh) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası,o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İşin faktiki hallarından da göründüyü kimi Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə 19310,89 ABŞ dolları məbləğində əsas borc, 4894,32 ABŞ dolları məbləğində faiz borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bu mənzilin ilkin satış qiyməti 40000 manat göstərilməklə açıq hərracdan satılması, vəsaitin “Cavabdeh1" xxxx ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, qətnamədə mənzilin qiyməti əvvəlcə səhvən 40000 ABŞ dolları kimi göstərildiyinə görə mənzil 68000 manat (40000x1,7=68000) ilkin satış qiyməti ilə hərraca çıxarılmış, sonradan məhkəmə tərəfindən qətnamədə olan yanlışlıq aradan qaldırılmış və qərardad icra qurumuna göndərilərək mənzilin ilkin satış qiymətinin səhvən 40000 ABŞ dolları kimi göstərildiyi qeyd olunaraq mənzilin 40000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılması xahiş olunmuşdur. Daha sonra mənzil 40000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, ilk hərracda alıcı olmadığına görə satış qiyməti 34000 manata endirilmiş, yenə alıcı olmadığına görə mənzil 25500 manata “Cavabdeh1" xxxx ASC-yə təklif olunaraq həmin ASC tərəfindən əldə olunmuşdur. xx xxxxxx 2018-ci il tarixdə həmin mənzilə dair “Cavabdeh1" xxxx ASC-yə mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan sənədlərdən, habelə Pirallah rayon İcra və Probasiya Şöbəsi tərəfindən apelyasiya məhkəməsinə təqdim olunmuş sənədlərdən görünür ki, hərrac qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilmiş, hərrac barədə qəzetdə elan verilmiş, hərracın keçirilməsi barədə İddiaçı məlumat verilmiş, ona ünvanlanmış bildirişlərin bir qismi şəxsən imza etməklə qəbul edilmiş, bir qisminin isə alınmasından imtina edilmişdir. Pirallah Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı əri X3 özbaşınalıq edərək Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsi ev 16-da yerləşən 22 saylı mənzil “Cavabdeh1" xxxx ASC-nin mülkiyyətinə keçdikdən sonra mənzilin giriş qapısının kilidini sındırmaqla oraya qanunsuz daxil olub məskunlaşdığına görə Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirli bilinib islah işləri cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hərrac qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirildiyinə və iddia ərizəsində göstərilən digər tələblərlə bağlı sübutlar təqdim edilmədiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)- 5966/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4178/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4178/2020
11.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver