Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4180/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1475/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, işə bərpa olunması, işlədiyi dövrlərin əmək haqqı məbləği olan 3672 manat məbləğində pulun və məcburi iş buraxdığı dövrün əmək haqqının (xx.xx.2024-cü il tarixdən qətnamə qanuni qüvvəyə mindiyi tarixədək) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixindən Cavabdeh MMC-də tibbi nümayəndə kimi əmək fəaliyyətinə başlamış, lakin onunla rəsmi əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Ona əmək haqqı kartı vasitəsi ilə verilməmişdir. Daha sonra isə xx.xx.2024-cü il tarixdə şənbə günü olmasına baxmayaraq ona işə çıxması bildirilmiş, o, etiraz etdikdə isə ərizə ilə işdən çıxmasını tələb etmişlər, lakin ərizə yazmamışdır. Onun son iki ayın əmək haqqını belə verməmişlər. O daha əvvəl Azərbaycan Respubliksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmiş, xx.xx.2024-cü il tarixli, 3-17-5/2-M63893/2024 nömrəli məktubla bildirilmişdir ki, əmək hüquqlarının pozulması barədə müraciətinə X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-M-73778/2024 nömrəli məktubu ilə isə bildirmişdir ki, "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə müraciətlə bağlı təqdim edilmiş sənədlərdə inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Əmək müqaviləsinə xitam verildikdən sonra o, mediasiyaya müraciət etmək üçün xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya təklifi göndərmiş, daha sonra Mediasiya şurasına müraciət edərək mediator X2 xx.xx.2024-cü il tarixdə təşkil etdiyi İkin mediasiya sessiyasında iştirak etmiş, qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdehin nümayəndəsi iştirak etmədiyindən, mediator tərəfindən MŞB/3/2024-00826 №-li, xx.xx.2024-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan sonar İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işdən çıxarılma barədə verilmiş qanunsuz əmrin ləğv olunması, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1475/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı 2024-cü ilin sentyabr ayı üçün ödənilməli olan əmək haqqı və son haqqhesabın hesablanaraq ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunaraq, işə bərpa olunması, 2024-cü ilin avqust ayı üçün 1200 manat, sentyabr ayı üçün 240 manat və məcburi iş buraxmaya görə 2024-cü ilin sentyabr ayından sonuncu məhkəmə qərarına gədər hər ay üçün 612 manat olmaqla əmək haqqının ödənilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Lakin apellyasiya baxışı zamanı iddiaçı və vəkili (nümayəndəsi) məhkəmə kollegiyasına yazılı ərizə ilə müraciət edərək, apellyasiya şikayətində yol verilomiş yanlışlığın aradan qaldırılaraq, şikayətin xahiş etdi hissəsinin – “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1475/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv olunması, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə yeni qətnamənin qəbul olunması” kimi oxunulmasını xahiş etmiş, müraciətlərinin səbəbini onunla izah etmişlər ki, iddiaçı birinci instansiya məhkəməsində tələbini dəqiqləşdirmiş, həmçinin birinci instansiya məhkəməsi 2024-cü ilin sentyabr ayı üçün ödənilməli olan əmək haqqının və son haqq-hesabın hesablanaraq ödənilməsini qət etmişdir. İddiaçı qətnamədən yalnız işdən çıxarılması barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinin rədd olunmasından narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyasından məhz həmin tələblər üzrə qətnamə çıxarılmasını xahiş edirlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, mübahisələndirilən əmrin qanunsuz olması, iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulmaması, cavabdeh tərəfindən uzun müddət əmək müqaviləsi bağlanmadan işlədilməsi, əmək haqlarının tam ödənilməməsi, həmçinin işəgötürən tərəfindən qeyri-iş günü qanunsuz işə cəlb olunmasına etirazına görə münasibətlərinin kəskinləşməsi, Əmək Müfəttişliyinə şikayət etməsi, bundan sonra ona qərəzli münasibətin bəslənməsi, müraciətin nəticəsi olaraq cavabdehin əmək qanunvericliyinin tələblərini pozmasına görə inzibati qaydada cərimə olunması, bütün bu olanlara görə ona təzyiqlərin olması, normal iş mühitinin yaradılmaması, cavabehin isə əsassız olaraq aktlar tərtib etməsi, qərəzli olaraq işdən çıxarılması, bu kimi halların məhkəmə tərəfindən nəzərə alınmaması, tərəflər arasındakı münasiətlərin düzgün qiymətləndirilməməsi, nəticədə ədalətli məhkəmə araşdırması hüququnun pozulması və s. kimi əsaslandırmışdır. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən işə götürülsə də, xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi olmadan işlədilmiş, yalnız həmin tarixdən əmək müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçının əmək funksiyası tibbi nümayəndə kimi bir-bir xəstəxanaları və digər tibb müəssisələrini gəzib, həkimlərlə görüşərək dərman vasitələrinin təqdim olunması olmuşdur. Yəni, iddiaçının iş yeri daimi olaraq hər hansı ünvan (ofis və s.) olmamış, gün ərzində əmək funkiyasının icrasını qeyd etdiyi müxtəlif tibb müəssisələrində həyata keçirmişdir. Şirkətin tapşırıqlarını isə əsasən Aysel xanımdan telefon üzərindən və ya şifahi qaydada almışdır. Şirkətin cəmi bir neçə rəsmi işçisi olmuş, hər hansı qeydiyyat jurnalları olmamışdır. Yəni, iş günü başlayan zamanı harasa gedib qeydiyyatdan keçməmişlər. xx.xx.2024-ci il tarixədək münasibətləri normal olmuş, aralarında ciddi narazılıq olmamışdır. Qeyd olunan tarixdə cavabdehin rəhbəri Aysel xanım iddiaçını həftənin şənbə günü işə çağırmış, o isə anasının xəstə olması ilə bağlı işə çıxa bilməyəcəyini bildirmiş, bundan sonra münasibətlər kəskinləşməyə başlamışdır. Həmin ərəfədə iddiaçının son aylarda əmək haqqı tam şəkildə ödənməmiş, o isə dərman satışından əldə olunan vəsaitdən özünün əmək haqqını çıxacağını bildirsə də, Aysel xanım buna kəskin etiraz etmiş, hətta yaşadığı ünvana gələrək pul vəsaitini tam şəkildə geri götürmüş və bir neçə günə onun əmək haqqını ödəyəcəyini bildirmişdir. Bundan sonra, Aysel xanım Fərid adlı şəxs vasitəsilə (cavabdehin işçisidir, kuryer kimi fəaliyyət göstərir) ona işdən çıxmaq barədə ərizə yazmasını tələb etmiş, eyni zamanda ödənişləri də etməmiş, danışıqlar zamanı süni münaqişə yaratmışdır. O, öz növbəsində xx.xx.2024-cü il tarixdə səalhiyyətli dövlət orqanlarına müraciət etmiş, nəticədə cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-5808/2024 nömrəli qərarı ilə həmin protokol təsdiq olunaraq cavabdeh hüquqi şəxs 20000 manat cərimə olunmuşdur. Bu zaman isə, cavabdeh münasibətlərin kəskinləşməsindən istifadə edərək əsası olmayan aktlar tərtib etmiş, onun işə getmədiyi, əmək funksiyasını icra etmədiyi barədə əsassız və qərəzli aktlar tərtib olunmuşdur. Qeyd olunan aktları imzalayan üç nəfərdən biri Aysel xanım, digəri isə onun anasıdır. Həmçinin, cavabdehin rəhbəri Aysel xanım onunla işləmək istəmədiyini və iddiaçının işdən azad olmağı bağlı ərizə yazmağını tələb etmişdir. Göründüyü kimi cavabdeh əsassız və formal aktlar tərtib etmiş, münasibətlərin kəskinləşməsindən istifadə edərək qərəzli şəkildə onu işdən azad etmişdir. Bütün bu qeyd olunanlarla bağlı sübutlarını (səs və votsapp yazıları) birinci instansiya məhkəməsinə təqdim etməsinə baxmayaraq, məhkəmə tərəfindən işin halları və sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə əsassız qatnamə qəbul edilmiş, iddiaçının pozulmuş əmək hüquqları bərpa olunmamış, həmin hissədə iddia tələbləri rədd olunmuşdur. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən tərəflər arasında münasibətlər 2024-cü ilin sentyabr ayında pisləşsə də, bu hal iddiaçının əmək funkisyasını icra etməsinə heç bir maneə olmamış, əksinə iddiaçı işə çıxmamaqla əmək funksiyasını icra etməmiş, nəticədə aktlar tərtib olunmuş, ona edilən xəbərdarlıqlardan nəticə çıxarmadığından isə işdən azad olunmuşdur. Aktlarda imzası olan şəxslərin hazırda işlədiklərini bilməsə də, onlardan - X1 xanımın anası olmaqla müəssisənin xadiməsi, Həsənov Fəridin isə digər işçisi olmuşdur. Apellyasiya baxışı zamanı da dinlənilmiş səs yazısındakı səslər, eləcə də votsapp yazışmaları cavabdehin direktoru Aysel xanıma məxsusdur. O, cavabdeh hüquqi şəxsin ofisini şəxsən görməsə də belə bir ofis mövcuddur. Lakin, orada işçilərin işə davamiyyətinin necə rəsmiləşdirlməsini bilmir. Cavabdeh hüquqi şəxsin işçi heyəti çox olmamaqla, bir neçə nəfərdən ibarətdir. İddiaçı birbaşa iş yerinə gəlmədən də əmək funksiyalarının icrası ilə bağlı müxtəlif tibb müəssisələrinə gedə bilərdi. Cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı qərəz nümayiş etdirilməmiş, inzibati protokol tərtib olunaraq cərimə olunma barədə qərardan isə Aysel xanımın 2024-cü ilin oktyabr ayında xəbəri olmuşdur. Bütün bu qeyd olunanlar isə onu deməyə əsas verir ki, iddiaçının işdən azad olunma əmri qanuni olmuşdur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinə əsasən iddianın təmin olunmayan hissəsində yoxlayır. («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia həmin hissədə təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sübutlara (əmək müqaviləsi, izahatlar, aktlar, əmr və s.) əsasən - tərəflər arasında faktiki əmək münasibətləri xx.xx.2023-cü il tarixdən yaranmış, xx.xx.2024-cü il tarixdə isə rəsmi əmək müqaviləsi bağlanmış, müvafiq bildiriş isə xx.xx.2024-cü il tarixdə sistemə daxil edilərək imzalanmış, bununla da hüquqi qüvvəyə minmişdir. İddiaçı tibbi nümayəndə vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinə cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir (iddiaçının işə gəlməməsi barədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tərtib olunmuş aklara əsasən). Eyni zamanda, işdə olan digər sübutlardan görünür ki, (inzibati xəta haqqında icraat materialları, şikayət, məhkəmə aktları və s.) iddiaçı xx.xx.2024-cü il tarixdə onun barəsində cavabdeh şirkət tərəfindən əmək qanunvericliyinin tələblərini pozması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, bunun nəticəsi olaraq cavabdehin əməllərində inzibati xəta tərkibinin əlamətləri (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçının tibbi nümayəndə kimi işlərin yerinə yetirilməsinə cəlb olunması) olduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)- 5808/2024 nömrəli qərarı cavabdeh şirkət 20000 manat məbləğində cərimə olunmuş, həmin qərardan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2804/2024 nömrəli qərarı ilə təmin olunmamış, qərar dəyişdirilmədən saxlanmışdır. Birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, işçi İddiaçı heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozmuş, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən bu Məcəllənin 72-ci maddəsinin “a” bəndi (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) ilə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əmək müqaviləsinə işəgötürən Cavabdeh tərəfindən əsaslı və qanuni olaraq xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamənin yoxlanılan hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. ƏM-in 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-nin 70ci maddəsində göstərilmişdir. Belə ki, ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi hesab edilir. Yuxarıda da qeyd edildiyi kimi - tərəflər arasında xx.xx.2023-cü il tarixdə faktiki, xx.xx.2024-cü il tarixdə isə rəsmi əmək müqaviləsi bağlanmaqla əmək münasibətləri yaranmış, bildiriş isə xx.xx.2024-cü il tarixdə sistemə daxil edilərək imzalanmışdır (hüquqi qüvvəyə minmişdir). İddiaçı əmək funksiyalarını tibbi nümayəndə kimi əsasən müxtəlif tibb müəssələrində dərman vasitələrinin (qida əlavələri) satışı ilə məşğul olmuş, cavabdehin rəhbəri Aysel Osmanova arasında münasibətlər xx.xx.2024-cü il tarixdən etibarən kəskinləşmiş, bu fonda aralarında votsapp yazışmaları, səsli mesajlar və danışıqlar aparılmış (cavabdeh tərəf qeyd edilən halları inkar etməmiş), xx.xx.2024-cü il tarixdə iddiaçı əmək hüquqlarının pozulması ilə bağlı səlahiyyətli orqana müraciət etmiş, nəticədə cavabdeh MMC iddiaçının əmək hüquqlarının pozulması faktına görə məhkəmənin qərarı ilə inzibati cərimə olunmuşdur. İşdə olan votsapp yazışmaları, səsli mesajlar və danışıqlar barədə sübutlardan açıq-aşkar görünür ki, 2024-cü ilin sentyabr ayında tərəflər arasında əmək münasibətləri kəskinləşmiş (iddiaçı dəfələrlə əmək haqqının ödənilməsini, əmək hüquqlarının təmin olunmasını tələb etmiş, lakin işəgötürən tərəfindən qeyri etik formada yazışlamalar aparılmış və s.), bu fonda da əmək münasibətləri faktiki olaraq dayanmış, hətta iddiaçıdan özünün təşəbbüsü (ərizəsi) ilə işdən ayrılması təklif olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaçıdan işə çıxmasının tələb edilməsini bildirsə də, yuxarıda da qeyd edildiyi kimi, işin hallarından açıq-aydın görünür ki, 2024-cü ilin sentyabr ayında iddiaçı əmək hüquqlarının təmin olunması istiqamətində istər cavabdeh MMC-nin rəhbərinə, istərsə də dövlət orqanına dəfələrlə müraciət və şikayətlər etmişdir. Dolayısı ilə iddiaçı əmək funksiyalarının icrasından imtina etməmiş, əksinə əmək haqqının ödənilməməsi və s. bu kimi əmək hüquqlarının pozulmasından narazılığı ifadə etmiş, işəgötürən tərəfindən isə bu hüquqların təmin olunması istiqamətində real addımlar atılmamışdır. Belə vəziyyətdə, yəni iddiaçının əmək hüquqlarının bərpası ilə bağlı 2024-cü ilin sentyabr ayında səlahiyyətli dövlət orqanına müraciət etməsi, nəticədə cavabdeh MMC barəsində inzibati xəta araşdırmasının başlanması, eləcə də şəxsi və əmək münasibətlərinin pozulması, işəgötürənin iddiaçı tərəflə qeyri etik formada votsapp yazışmalarının və danışıqların aparılması, orada aşkar formada iddiaçı ilə əmək münasibətlərinin davam etdirilə bilməməsi barədə fikirlərin ifadə olunması və s. bu kimi halların fonunda cavabdehin məhz həmin dövrdə (2024-cü ilin senytabr ayı) iddiaçının işə çıxmaması görüntüsünü yaratmaq məqsədilə formal aktlar tərtib etməsi (aktlar cavabdeh MMC-nin rəhbəri Aysel Osmanova, onun anası və digər işçi tərəfindən imzalanmışdır) qərəzli yanaşmanın təzahüqu olmaqla, hüquqdan açıq-aşkar sui-istifadə kimi qiymətləndirilməlidir. Halbuki, ƏM-nin 12-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq və s. hallar işəgötürənin əsas vəzifələridir. ƏM-nin 310-cu maddəsinin tələblərinə görə, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Bununla yanaşı, işin hallarından, iddiaçının əmək funksiyasının icrasının mahiyyətindən, eləcə də tərəflərin izahatlarından görünür ki, iddiaçı əmək funksiyalarını bir qayda olaraq konkret iş yerində (ofis və s.) deyil, tibbi nümayəndə kimi cavabdeh MMC-nin rəhbərinin təlimatlarına əsasən kimi müxtəlif tibb müəssələrində həyata keçirmişdir. Cavabdehin nümayəndəsi də izahatında bu halı təsdiq edərək, həmçinin bildirmişdir ki, o, cavabdeh hüquqi şəxsin ofisini şəxsən görməsə də belə bir ofis mövcuddur. Lakin, orada işçilərin işə davamiyyətinin necə rəsmiləşdirlməsini bilmir. Cavabdeh hüquqi şəxsin işçi heyəti çox olmamaqla, bir neçə nəfərdən ibarətdir. İddiaçı birbaşa iş yerinə gəlmədən də əmək funksiyalarının icrası ilə bağlı müxtəlif tibb müəssisələrinə gedə bilərdi. ƏM-nin 3-cü maddəsinə əsasən, iş yeri dedikdə, işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer başa düşülür. Əmək funksiyası isə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə ciddi əməl edilməli olması müəyyən edilmişdir. Bu sahədə işəgötürənən əmri qanunvericilikdə nəzərədə tutulmuş maddi və formal tələblərə cavab verməlidir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Beləliklə, işin müəyyən olunmuş hallarına əsasən cavabdeh işəgötürən kimi ilk vaxtlardan iddiaçı ilə əmək münasibətlərini qanunvericiliyin tələblərinə uyğun formada rəsmiləşdirməmiş, sonradan isə iddiaçının əmək hüquqlarının pozulmasından etdiyi şikayətlər fonunda ona qarşı qərəzli münasibət sərgilənməklə mübahisələndirilən əmr qəbul edilmişdir. Halbuki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsini qanunvericliyin tələblərinə əməl etməklə ləğv etməsi onun vəzifəsi olduğu halda, bu qayda gözlənilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. ƏM-nin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, cavabdehin mübahisələndirilən əmrinin qanunsuz olması, bunun nəticəsində iddiaçının əmək hüquqlarına qanunsuz müdaxilə baş verməsi halı müəyyən edilmişdir. Cavabdeh isə etirazının əsasını və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Cavabdeh tərəfin izahatı da, özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi yoxlanılan hissədə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, sübutları düzgün qiymətləndirməmiş, qətnaməni işin hallarına uyğun əsaslandırmamış, məsələyə formal yanaşmışdır. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən, yəni iddianın “işdən çıxarılma barədə verilmiş qanunsuz əmrin ləğv olunması, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələblərinin rədd olunması hissədə ləğv olunmalı, iddia həmin hissədə təmin olunmalı, cavabdehin xx.xx.2024-cü il tarixli, 30/09/24-001 nömrəli əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə ("Tibbi nümayəndə") bərpa edilməli və xx.xx.2024-cü il tarixdən etibarən işə faktiki bərpa ediləcəyi vaxtadək cavabdeh tərəfindən iddiaçıya məcburi iş buraxmaya görə əmək haqqı ödənilməldir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1475/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1475/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən, yəni iddianın “işdən çıxarılma barədə verilmiş qanunsuz əmrin ləğv olunması, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələblərinin rədd olunması hissədə ləğv edilsin, iddia həmin hissədə təmin olunsun. İddiaçı işdən azad edilməsi barədə Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 30/09/24-001 nömrəli əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə ("Tibbi nümayəndə") bərpa edilsin və xx.xx.2024-cü il tarixdən etibarən işə faktiki bərpa ediləcəyi vaxtadək cavabdeh tərəfindən iddiaçıya məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti veilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4180/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4180/2025
14.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver