Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4187/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənzillərin yenidən qiymətləndirilməsi, hərrac protokolunun etibarsız hesab edilməsi, “Alğı-satqı müqaviləsinin” və onun əsasında verilmiş “Reyestrdən çıxarışın” ləğv edilməsi tələbi barədə” birgə verdikləri iddiaya dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli qərardaddan iddiaçıların birgə verdikləri şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçılar aşağıdakı tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər: - İddiaçı2 mülkiyyətində olan və Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 25-də yerləşən 43 saylı mənzil ilə bağlı "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunlarına dair xx.xx.2018-ci il tarixli protokol etibarsız hesab edilsin; - hərracın nəticəsi olaraq “X4” ASC ilə bağlanmış “Alğı-satqı müqaviləsi” və həmin müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” həmin Bankın adına verilmiş RX seriyalı, ******* saylı Çıxarış” ləğv edilsin; - İddiaçı1 mülkiyyətində olan və Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 74-də yerləşən 14 saylı mənzil ilə bağlı "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunlarına dair xx.xx.2018-ci il tarixli protokol etibarsız hesab edilsin; - hərracın nəticəsi olaraq “X4” ASC ilə bağlanmış “Alğı-satqı müqaviləsi” və həmin müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” həmin Bankın adına verilmiş RX seriyalı, ******* saylı Çıxarış” ləğv edilsin. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara məxsus mənzillərin ilkin satış qiyməti düzgün müəyyən edilməmiş, mənzillərin satışı ilə bağlı təşkil olunmuş hərrac qanuna uyğun aparılmamışdır. Rayon Məhkəməsi iddia ərizəsini icraata götürmüş və iddia ərizəsinin əsasında hazırki işin icraatı başlanmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə icraata xitam verilməsini qərara almışdır. Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, eyni tərəflər arasında olmuş mülki işlərin baxılması nəticəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli və xx.xx.2019-cu il tarixli qətnamələr ilə mənzillərin qiymətlərinin əsaslı olmasına və iddiaçılara məxsus mənzillər ilə bağlı təşkil olunmuş hərracların qanuna uyğun keçirilməsinə artıq qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İddiaçıların həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və mülki işə baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən (iş № 2(060)-5875/2016) görünür ki, həmin qətnamə ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər (hazırki iş üzrə iddiaçılara) və başqalarına qarşı “kredit borcunun ödənilməsi və sair tələbləri barədə” iddiasının qismən təmin edilməsi, borcalan cavabdeh (hazırki iş üzrə tərəf olmayan) X1 iddiaçı Banka olan kredit borcunun ödənilməsi məqsədi ilə ondan Bankın xeyrinə ümumilikdə 112.623,24 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan bir neçə daşınmaz əmlaka, o cümlədən hazırki iş üzrə iddiaçılara məxsus mənzillərə yönəldilməsi, həmin mənzillərin hər birinin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməklə satılması üçün hərraca çıxarılması və sair məsələlər qət edilmişdir. Qeyd edilən iş üzrə cavabdehlərin bir qismi, o cümlədən hazırki iş üzrə İddiaçı1 həmin qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Həmin apellyasiya şikayətinə əsasən mülki işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamə (iş № 2(105)-1929/2016) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin bir neçə dəlili olmuşdur. Həmin dəlillərdən biri ipoteka predmetlərinin ilkin satış qiymətlərinin aşağı olması ilə bağlı olmuşdur. Həmin işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası müəyyən etmişdir ki, apellyasiya şikayətinin dəlilləri, o cümlədən ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid dəlil əsassızdır. Qeyd edilən iş üzrə cavabdehlərin bir qismi, o cümlədən hazırki iş üzrə İddiaçı1 həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərarı (iş № 2(102)-3817/2017) ilə kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarından görünür ki, kassasiya şikayətinin bir neçə dəlili olmuşdur. Həmin dəlillərdən biri də ipoteka predmetlərinin ilkin satış qiymətlərinin aşağı olması ilə bağlı olmuşdur. İşə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası müəyyən etmişdir ki, şikayətin dəlilləri, o cümlədən ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid dəlil əsassızdır. Qeyd edilən məhkəmə aktlarından həmçinin müəyyən olunur ki, hazırki iş üzrə İddiaçı2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsini və həmin qətnamənin qəyişdirilmədən saxlanılması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsini mübahisələndirməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən (iş № 2(060)- 7/2022) görünür ki, həmin qətnamə ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər (hazırki iş üzrə iddiaçı) İddiaçı1 və başqalarına qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiasının təmin edilməsi, cavabdehlərin İddiaçı1 məxsus və Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 74-də yerləşən 14 saylı mənzildə yerləşən yaşayış sahəsində istifadə hüquqlarına xitam verilməsi və sair məsələlər qət edilmişdir. Hazırki iş üzrə İddiaçı1 həmin qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətinə əsasən mülki işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(105)-325/2016) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçı1 həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı (iş № 2(102)-2249/2023) ilə kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. İşə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur, çünki qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə ipoteka predmetləri olan daşınmaz əmlakların ilkin satış qiymətinə və həm də onların satışı ilə bağlı hərracın qanuna uyğun aparılmasına artıq hüquqi qiymət verilmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, eyni tərəflər arasında olmuş mülki işlərin baxılması nəticəsində qəbul edilmiş və yuxarıda qeyd edilən məhkəmə aktları ilə ipoteka predmetləri olan daşınmaz əmlakların, o cümlədən hazırki iş üzrə iddiaçı olan şəxslərin mənzillərinin ilkin satış qiymətinə və həm də onların satışı ilə bağlı hərracın qanuna uyğun aparılmasına artıq hüquqi qiymət verilmişdir. Hazırkı iş üzrə iddiaçıların iddiası da onlara məxsus mənzillərin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi və mənzillərin satışı ilə bağlı təşkil olunmuş hərracın qanuna uyğun aparılması ilə əsaslandırılır ki, bu kimi tələbə baxılması yol verilməzdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.2-ci maddəsinin tələbinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim (məhkəmə) iş üzrə icraata xitam verir. Beləliklə də apelyasiyanın nəticələri ilə müəyyən edilir: Rayon Məhkəməsi yuxarıda qeyd edilən əsasla hazırki iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur; Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyin nəticə qanuni və əsaslıdır; şikayətin dəlili əsassızdır; qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Hazırkı iş üzrə iddiaçılar hazırkı qərardaddan, qərardad onlara rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Cavabdehlər hazırkı qərardaddan kassasiya şikayəti verə bilməzlər.
Məhkəmə qərarları › İş №2(103)-4187/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4187/2024
28.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver