Məhkəmə qərarları › İş №2(103)-4189/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4189/2022

01.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4189/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: icbari istifadə hüququna xitam verilməsi, cehiz əşyalarının çıxarılması, evə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İlkin iddia üzrə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X6, X7 və X8 nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilmədən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının həmin evdən çıxarılması tələbinə dair ilkin; Cavabdeh evə köçürülmə tələbinə dair qarşılıqlı; müstəqil tələb irəli sürən üçüncü şəxslər X6, X7 və X8 Cavabdeh qarşı evdən istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(010)-63/2021 saylı qətnaməsindən İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X17, X18 və X19 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanda yerləşən ev hazırda paylı mülkiyyət kimi 1/6 hissədə İddiaçı, 1/6 hissədə X5, 1/6 hissədə X8, 3/6 hissədə isə X6 mülkiyyətindədir.

2. X19 ilə X24 xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü Fərman, xx.xx.2007-ci il təvəllüdlü Nuran adlı uşaqları anadan olmuşdur. Aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, uşaqlar ananın himayəsində qalmışdır. İddiaçı cavabdehin keçmiş qaynanasıdır.

3. Cavabdeh mübahisəli evdə qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşamışdır.

4. Birinci instansiya məhkəməsinin 18 fevral 2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən mübahisəli ünvanda köhnə birmərtəbəli tikili və yeni ikimərtəbəli tikili mövcud olması müəyyən edilmişdir.

5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində Cavabdeh xalası qızı olduğunu, uşaqların əksər ad günlərində iştirak etdiyini, Xuraman anasıgilə gələndə onunla görüşdüyünü, xalasıgilin 2018-ci ilin avqust ayında Xuramanı ad günü münasibəti ilə təbrik etməyə getdklərini, lakin qaynanasının onları qapıdan qovduğunu, yeni evə köçdükləri üçün sentyabr ayında ev üçün hədiyyə alaraq, yeni evə getdiklərini, lakin qapıdan qovulduğunu, təzə evin tikintisinin 10 il davam etdiyini, hər dəfə Xuramanla danışarkən Xuramanın sevinərək yeni ev tikdiklərini, hər dəfəsində evə dair təzə bir iş gördüklərini dediyini, evlə bağlı hər hansı ödəniş edildiyini görmədiyini bildirmişdir.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X27 ifadəsində Cavabdeh bacısı oduğunu, evin 10 il ərzində tikildiyini, tam hazır formasını görmədiyini, 2018-ci ilin avqust ayında yığışıb Xuramanı ad günü münasibəti ilə təbrik etmək üçün onlara getdiklərini, lakin qaynanasının onları qapıdan qovduğunu, bacısının özünün onu evdə gəzdirib öz evləri kimi təqdim etdiyini, bacısının yataq mebeli sifariş etdiyini bildiyini, kim tərəfindən ödəniş edilməsini görmədiyini, lakin bacısının bu evin Tamerlanın tikdiyini və həmin evin oğlu Nəzərov Fərmana qalacağını bildirmişdir.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X30 ifadə verərək bildirmişdir ki, Cavabdeh bacısının əridir. Bildirmişdir ki, evi Tamerlan öz ailəsi üçün tikmişdir. Onlara qonaq gedib gəliblər. Hər dəfə onlar gedəndə, tikilən yeni evdə aparılan təmir işləri ilə onu tanış ediblər. Sonuncu dəfə ikinci mərtəbədə hamam-tualeti ona göstərdi ki, artıq kafel vurulmuşdur. Hətta ev böyük olduğundan o, bildirirdi ki, gələcəkdə iki oğlunun ailəsi də bu evdə qala bilər. Tamerlan isə ona bu evi böyük oğlu Fərmana verəcəyini, Qara Qarayevdəki ipoteka ilə verilmiş evi isə Nurana verəcəyini bildirmişdir. O, Tamerlana təmir üçün ustalar məsləhət görmüşdü. Nəzərov Tamerlanla telefon vasitəsi ilə deyil, üzbəüz söhbət etmiş, hətta Tamerlan ona qarajı harda tikəcəyi barədə məsləhət etmişdir. Yanvarın 19-u Cavabdeh gecə ilə bir xalat, bir başmaqda evdən çıxmışdır, hətta taksinin pulunu anası vermişdir. Uşaqların geyim və dərslikləri olmadığından, daha sonra o, Fərman və Mehriban xalası ilə birlikdə uşaqların dərsliklərini götürmək üçün getmişlər. Tamerlan ailəsi ilə birlikdə sentyabr ayında yeni evə köçmüşdür. Ödənişin edilməsini şəxsən görməsə də, yanında olarkən usta zəng etdikdə, bildirmişdir ki, hələ material almağa yetərincə pulu yoxdur. Buna görə işlər hələ ki, dayandırılsın. X41 üçün tikildiyini qonşulardan eşitməmişdir, çünki qonşularla münasibəti yoxdur.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, hal-hazırda 124 nömrəli məktəbdə 9-cu sinifdə oxuyur. əvvəl ünvan 2 ünvanında yaşamış, sentyabr ayından yanvarın 19-a kimi üçmərtəbəli yeni evdə yaşamış, qaldığı müddət ərzində həmin evdə o, qardaşı, atası, anası və nənəsi yaşamış, öz otağı yaşayış üçün olan ikinci mərtəbədə olmuşdur. Divar kağızında eyfel şəkilləri var idi, çünki o onları çox sevir. Öz otağına yeni mebel sifariş vermişlər, onun üçün həmin otaqda mebel olmadığından orada yaşamayıb. Təqdim edilmiş nömrə 4 şəkildəki otaq onun otağıdır. Masadakılar onun daxılı, pazzlı, 8-ci sinif ingilis dili kitabı və digərləri yeni oxumağa başladığı kitablardır. Şəkil nömrə 12-dəki qardaşı Nəzərli Nurandır, otaq isə anası, qardaşı ilə birlikdə qaldığı otaqdır. Şəkil 18-dəki anasının yataq mebelidir. Nəbi adlı usta yığmışdır, həmin usta evə gəlib, öz planşetində modelləri seçim üçün anasına təqdim etmişdi. Ustaya pulu bəzən atası, atası evdə olmadıqda isə pulun yerin nənəsinə deyirdi və nənəsi ona verirdi ki, ustaya təqdim etsin.Yeni ildən qabaq yeni evə köçmüşlər. Ev 2010-cu ildə tikilib, atası həmin evi özü üçün tikib. Atası yeni evə köçən gündən nənəsi ilə bir otaqda, üzbəüz divanlarda yatırdılar.

9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 izahatında göstərmişdir ki, hal-hazırda 124 nömrəli məktəbdə 7-ci sinifdə oxuyur, yayda köhnə evdə yaşayıb, sentyabr ayında isə yeni evə köçdü. Təxmini tədris ili başlayan zaman onlar yeni evə köçdülər. Yuxarıda pilləkandan düşəndə sağ tərəfdə nənəsinin otağı idi. Gətirdiyi mebelləri həmin otağa qoydular, nənəsi isə divanda yatırdı. Anasıgil özlərinə yeni mebel yığdırmışdı, lakin hələ onlar sifariş etməmişlər. Anasıgilin yeni yataq dəsti olsa da, nənəsi həmin yataqdan istifadə etməyə icazə vermirdi. Atası pulu ustalara ya özü verirdi, yada səhər işə getməzdən əvvəl pulu qoyub gedirdi, ya da ki, nənəsinə verirdi ki, ustalara versin.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Nəzərova (Tahirova) Xuraman Zakir qızının ünvan 1 ünvandakı evindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və onun həmin evdən işlənmiş köhnə vəziyyətdə olan 1 dəst yataq dəstinin (1 ədəd çarpayı, 1 ədəd paltar şkafı), 1 ədəd qorka bufetinin, 1 ədəd stolun, 6 ədəd stulun, 1 ədəd divanın, 2 ədəd kreslonun, 1 ədəd jurnal masasının, 1 ədəd 3 metr x 5 metr ölçüdə xalçanın (adi), 5 ədəd 3 metr x 2 metr ölçüdə pərdənin (adi), 3 ədəd çilçırağın (sadə), 1 ədəd 40 kv.m-lik super max markalı kondisionerinin cavabdehin vəsaiti hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış evi 1962-ci ildə həyat yoldaşı X9 atası X10 xüsusi mülkiyyətinə verilmişdir. X2 Nəzərova (Rzayeva) Xanımana Vəlican qızı ilə rəsmi nikahda olmuşdur. Bu nikahdan X22 (həyat yoldaşıı) və X23 dünyaya gəlmişdir. Qaynatası xx.xx.1969-cu ildə, onun həyat yoldaşı Nəzərova (Rzayeva) Xanımana Vəlican qızı isə xx.xx.1989-cu ildə vəfat etmişdir. Onların vəfatından sonra bu evdə yaşayan oğlanları qanuni vərəsə kimi həmin mülkiyyətə bərabər (50/50) qanuni pay haqqı ilə faktiki sahib olmuşlar. Qaynatasının oğlu X23 vəfat etdikdən sonra digər oğlu X22 da xx.xx.2006-cı ildə vəfat etmişdir. 1962-ci ildən mövcud olan mülkiyyət sənədləri əsasında həmin yaşayış evinə dair iddiaçıya çıxarış verilmiş və həmin çıxarışda mülkiyyətçilərin 40 ildən artıq bu əmlaka mülkiyyətçi kimi malik olan övladlarının: X11 oğlu X6 payı 3/6 hissədə və X9 həyat yoldaşı, oğlu və qızının hər biri üçün 1/6 hissədə haqları bir daha təsdiq olunmuşdur. Göründüyü kimi sözügedən əmlak oğlu X19 ilə onun keçmiş həyat yoldaşı Cavabdeh arasında 2004-cü ildə bağlanmış nikahdan çox uzun illər əvvəldən iddiaçıya, oğluna, qızına və ərinin qardaşı oğluna hüquqi sənədlər üzrə məxsus olmuşdur. Həmin yaşayış evi oğlunun sözügedən nikahından uzun illər əvvəldən iddiaçıya və onun ailəsinə mənsub əmlak olmuşdur. Həmin evdə qeydiyyatda olan oğlu X1 həyat yoldaşı Cavabdeh oğlu ilə nikaha daxil olduqdan sonra həmin evə gəlin gəlmişdir. Bu evdə iddiaçı sözügedən nikahdan əvvəl artıq uzun illərdir ki, ailəsi ilə birlikdə yaşadığından ev zəruri məişət avadanlıqları ilə təchiz olunmuşdu. Cavabdeh iddiaçının evinə gəlin gələrkən bu cehiz əşyalarını özü ilə gətirmiş, lakin oğlu ilə boşandıqdan və iddiaçının evini tərk edib getdikdən sonra yuxarıda qeyd olunan əşyalarını iddiaçının evindən çıxartmaqdan imtina etmişdir. Cavabdeh həmin evə gəlin gəldikdən sonra iddiaçının razılığı olmadan həmin evə qeydiyyata düşmüşdür. Evindən qeydiyyatdan çıxması və cehiz əşyalarını evindən çıxarması barədə dəfələrlə cavabdehə müraciət etsə də, müraciəti rədd olunmuşdur. Cavabdehin sözügedən həmin evdə qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur.

12. Cavabdehlər X14 və İddiaçı qarşı qarşılıqlı iddia verərək uşaqları xx.xx.2005-ci il təvəllüdlü X20 və xx.xx.2007-ci il təvəllüdlü X25 ilə birlikdə ünvan 1 ünvanında yerləşən torpaq sahəsində birgə vəsaitləri hesabına tikilmiş üçmərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh iddianı onunla əsaslandırmışdır ki, cavabdeh X19 ilə 2004-cü ildə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü Fərman və xx.xx.2007-ci il təvəllüdlü Nuran adlı uşaqları anadan olmuşdur. Həyat yoldaşı ilə münasibətləri yaxşı olsa da, qayınanası İddiaçı müdaxiləsi nəticəsində ailəsində münaqişələr baş verirdi. X8 iddiasına əsasən nikahları məhkəmə qaydasında pozulmuşdur. Hal-hazırda uşaqları onun himayəsində yaşayır. Nikah bağlandığı vaxtdan etibarən cehiz əşyalarını da yerləşdirməklə mübahisəli evə köçmüş, fasiləsiz 2019-cu ilin əvvəllərinə kimi yaşamışdır. Evi məcburi tərk etdiyi gündən müvəqqəti olaraq valideynlərinə məxsus evdə yaşayır. Mübahisəli ev 1/6 hissədə mülkiyyət hüququ əsasında keçmiş əri X14 məxsusdur. Bundan başqa, birgə nikah dövründə keçmiş ərinin də paylı mülkiyyətində olan həmin ünvanda yerləşən torpaq sahəsində birgə vəsaitləri hesabına 3 mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Həmin evin inşasına cavabdehin bildirdiyinə görə, ən azı 300.000 manat vəsait xərclənmişdir. Sözügedən ev Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməsə də, həmin evə sərf edilmiş məbləğ ümumi əmlakdır. Əmlakları olması ilə bərabər, o, özünün və övladlarının əşyalarını yerləşdirməklə artıq 2018-ci ildən etibarən mübahisəli ünvanda yerləşən torpaq sahəsində cavabdehin birgə vəsaiti hesabına tikilmiş 3 mərtəbəli fərdi yaşayış evində yaşayırlar. Birgə nikah müddətində 800 manat dəyərində Gree markalı kondisioner (kiçik), 1700 manat dəyərində Gree markalı kondisioner (böyük), 750 manat dəyərində Shivaki markalı televizor, Samsung markalı Smart Hub, 1800 manat dəyərində Hitaci soyuducusu, Ariston Hotpoint markalı paltaryuyan maşın, Ariston Hotpoint markalı qabyuyan maşın, Silverline markalı qara duxovka, Silverline markalı mikrodalğalı fırın, qara Aspirator, Silverline markalı qaz sobası (qara şüşəli), 2000 manat dəyərində güzgülü paltar dolabı, 2.200 manat dəyərində Edel mebeldən sarı künc divanı, 1000 manat dəyərində masa və stullar, 1800 manat dəyərində yataq mebeli, 4.500 manat dəyərində mətbəx mebeli əldə edilmişdir. Həmin əmlakları hal-hazırda həmin fərdi yaşayış evindədir. Məcbur olub yaşadığı evini tərk edib valideynlərinə məxsus evə gəlsə də, hesab edir ki, ovladları ilə öz evinə qayıtmalıdır.

14. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X18, X17 və X4 Xuraman Zakir qızına qarşı istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50 ildən artıq müddətdə mülkiyyətdə olan, qanuni vərəsəlik üzrə əldə olunan, Nəzərova (Tahirova) Xuraman Zakir qızına nə qanuni, nə də mənəvi əsasla aidiyyəti olmayan yaşayış sahəsindən istifadə hüququna Xuraman Zakir qızına kompensasiya verilmədən xitam verilməsi və həmin evdə Xuraman Zakir qızının işlənmiş cehiz əşyalarının: 1 dəst yataq dəstinin (1 ədəd kravat, 1 ədəd paltar şkafı), 1 ədəd qorka bufetinin, 1 ədəd stolun, 6 ədəd stulun, 1 ədəd divanın, 2 ədəd kreslonun, 1 ədəd jurnal masasının, 1 ədəd 3 metr x 5 metr ölçüdə xalçanın (adi), 5 ədəd 3 metr x 2 metr ölçüdə pərdənin adi), 3 ədəd çilçırağın (sadə) Xuraman Zakir qızının vəsaiti hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Müstəqil tələb irəli sürən üçüncü şəxslər iddianı onunla əsaslandırmışlar ki, Nəzərova (Tahirova) Xuraman Zakir qızı uzun müddətdir ki, yaşadığı çıxarışlı evdən çıxıb daimi yaşamaq üçün valideynlərinə məxsus ünvan 3 ünvanına köçmüşdür. Onun hazırki yaşayış yeri üzrə faktiki yaşadığı yer var və birgə nikah dövründə keçmiş əri tərəfindən mənzil əldə olunmuşdur.

16. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(010)- 63/2021 saylı qətnaməsi ilə (hakim N.Rzayeva) iddia tələbləri rədd edilmişdir.

17. Məhkəmə ilkin iddiaya münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli evdən istifadə hüququ müəyyən olunmadığından, mövcud olmayan hüququn məhkəmə qaydasında itirilmiş hesab edilməsi mümkün deyildir.

18. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisənin predmeti olan birgə vəsait hesabına tikilməsi iddia olunan evə dair artıq üçüncü şəxs X7 adına olan və onun mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcud olduğundan qarşılıqlı iddia rədd edilməlidir.

19. Məhkəmə üçüncü şəxslərin iddiasına münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təklif edilən 2000 manat məbləğində vəsait cavabdehə davamlı surətdə yaşaması üçün kifayət etmədiyindən iddia təmin olunmamalıdır.

20. Məhkəmə öz mövqeyini AR Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29cu maddəsinin İ, İİ hissələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.4, 157.8, 178.8, 228.1, 228.2-ci maddələrinə, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı və üçüncü şəxslər apellyasiya şikayətləri verərək, Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-63/2021 saylı qətnaməsinin qismən – ilkin və müstəqil iddiaların rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan çoxsaylı yazılı sübutlara, rəsmi sənədlərə, xüsusi mülkiyyətlə bağlı konstitusion müddəalara, 1 mərtəbəli 3 otaqlı evin 60 il ərzində ilkin iddia tərəfinin vərəsəlik payı olmasına, bölgüyə aidiyyətinin olmamasına baxmayaraq, bu və digər mühüm halları nəzərə almamış, işdəki çoxsaylı sübutlara və vəsatətlərə baxmayaraq, ilkin iddianın təmin edilməməsi ilə bağlı qanunsuz olaraq yanlış qənaətə gəlmişdir. Məhkəmə Xuraman Zakir qızının qanunsuzcasına çoxsaylı tamahkarlıq hallarına ilkin iddianın təmin olunmayan hissəsində əhəmiyyət verməmişdir. Belə ki, məhkəmə Xuraman Zakir qızının keçmiş əri ilə birgə mülkləri sayılan 2 otaqlı mənzilə paralel olaraq, heç bir qanuni və mənəvi hüququ olmadığı halda, həm ilkin iddiaçı tərəflərin 1 mərtəbəli 3 otaqlı vərəsəlik evindən, həm keçmiş baldızına məxsus 3 mərtəbəli evindən istifadə hüququnun saxlanılmasını tələb etməsi kimi tamahkar və qanunsuz mövqeyinə əhəmiyyət verməmişdir. Şəxs 3 il müddətində ayrı yaşasa da, özünə məxsus 2 otaqlı mənzil olsa da, eyni zamanda 4 nəfər yad mülkiyyətçinin vərəsə əmlakı sayılan 3 otaqlı evi əşyaları ilə qanunsuz zəbtdə saxlamaqla bu şəkildə yaşamadığı evdən anbar və s. kimi istifadə etmək hüququna malikdir. Bu hallar qanunsuz olsa da, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə mübahisəli 3 otaqlı paylı vərəsəlik evindən Xuraman Zakir qızının istifadə hüququnun müəyyən olunmadığını qeyd etsə də, onun həmin mübahisəli evdən cehiz əşyalarının çıxarılmamasını və davamlı zəbt altında qalmasının düzgünlüyünü qət etmişdir. Məhkəmə yanlışlıqla hesab etmişdir ki, Xuraman Zakir qızına hansısa çox məbləğdə kompensasiya verilməsi zəruriliyi vardır, lakin həmin uydurma daha çox kompensasiya haqqı məbləğinin zəruriliyi ilə bağlı hər hansı bir sübutu tədqiq etməmişdir. Məhkəmə Xuraman Zakir qızının yaşayış üçün birgə nikah dövründə keçmiş əri ilə əldə etdikləri xüsusi mülkiyyətlərindəki Nizami rayonu Şirin Mirzəyev küçəsindəki mənzillərinin olmasına baxmayaraq, yanlışlıqla hesab etmişdir ki, guya Xuraman Zakir qızı davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə edə bilməz. Məhkəmənin bu dəlili işin faktiki vəziyyətinə tamamilə ziddir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X6, X7 və X8 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən ilkin iddia üzrə iddiaçı və üçüncü şəxslər apellyasiya şikayəti verdiklərindən apellyasiya baxışının predmetini qətnamənin ilkin iddianın və müstəqil iddianın təmin edilməməsi hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

30. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

33. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

34. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

36. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29.03.16-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

39. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, ilkin və üçüncü şəxslərin iddialarının təmin edilməməsi hissəsində ləğv edilməli, ilkin və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları təmin edilməli, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

41. Birinci instansiya məhkəməsi ilkin və üçüncü şəxslərin iddiasını rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli fərdi yaşayış evinə istifadə hüququ yaranmadığından, olmayan istifadə hüququna xitam verilə bilməz.

42. Bununla belə, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının rədd olunmasını onların təklif etdiyi kompensasiyanın cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin olunması üçün yetərli olmaması ilə əsaslandırmışdır.

43. Kollegiya həmçinin onu da nəzərə alır ki, məhkəmə cavabdehin istifadə hüququnun müəyyən olunmadığını qeyd etsə də, onun həmin mənzildən cehiz əşyalarının çıxarılmaması barədə ziddiyyətli nəticəyə gəlmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamışdır.

45. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

46. Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranır.

47. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu (Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır); - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması (Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır).

48. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.

49. İşin hallarından görünür ki, Cavabdeh mübahisəli evə 2004-cü ildə gəlin köçmüş, 2007-ci ildə isə həmin ünvana qeydiyyata alınmışdır. Onun əri Tamerlan Nəzərov mübahisəli evin 1/6 hissədə paylı mülkiyyətçisi olmuşdur. Beləliklə, cavabdehin mülkiyyətçi ilə etibarlı ailə əlaqələri əsasında mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Lakin 2019-cu ildə Cavabdeh ilə müstəqil tələb irəli sürən üçüncü şəxs olan Tamerlan Nəzərov arasında ailə münasibətləri pozulduğuna görə, X.Nəcəfova evi tərk etmiş, elə həmin ildə də məhkəmə qətnaməsi əsasında onların nikahları pozulmuşdur. Həmin vaxtdan Xuraman Nəcəfova öz valideynlərinə məxsus ünvanda yaşayır.

50. Eyni zamanda müəyyən edilir ki, Xuraman Nəcəfova ilə Tamerlan Nəcəfov birgə nikahda olduqları müddətdə ünvan 4 ünvanda yerləşən 10 saylı mənzili əldə etmişlər. Qeyd edilən mənzil Tamerlan Nəzərovun adına mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeyd edilən mənzilə məhkəmə qətnaməsi əsasında tərəflərin ½ hissədə payları müəyyən edilmişdir.

51. Hazırda iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh onların mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsini xahiş edirlər və bu tələblərini digər əsaslarla yanaşı, cavabdehin mübahisəli yaşayış sahəsinə ehtiyacının olmaması ilə əsaslandırırlar.

52. Cavabdeh isə onun mübahisəli ünvana gəlin gəldiyini, həmin ünvanda ailəsi ilə birlikdə uzun müddət ərzində fasiləsiz yaşadığını, həmin ünvanda keçmiş əri ilə birlikdə yeni yaşayış evi inşa etdiklərini, bu yaşayış sahəsindən öz iradəsinə zidd olaraq çıxarıldığını bildirərək həmin iddialara etiraz etmişdir. Birgə nikah dövründə əldə edilmiş mənzillə bağlı isə cavabdeh bildirmişdir ki, həmin mənzilin yerləşdiyi bina pilot layihə əsasında inşa ediləcək binanın tikintisi ilə əlaqədar sökülməlidir və bununla bağlı tikinti şirkəti ilə məhkəmə mübahisələri vardır. Bu səbəbdən də həmin ünvan hazırda yaşayış üçün yararsızdır.

53. İşin müəyyən edilmiş hallarından bu qənaətə gəlmək olur ki, Cavabdeh mübahisəli mənzilin paylı mülkiyyətçisi ilə ailə quraraq həmin ünvana gəlin gəlmiş və uzun müddət ərzində həmin ünvanda yaşamış, bununla da Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən həmin ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir.

54. Belə olduğu təqdirdə, məhkəmə tərəfindən iddia tələbinin dəlillərinə əsasən bu istifadə hüququna kompensasiya verilmədən xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməlidir.

55. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin “228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

56. Konstitusiya Məhkəməsinin müxtəlif qərarlarında yaşayış sahəsindən istifadə hüququna dair qanunvericilik normalarının şərhi göstərir ki, mülkiyyət hüququnun digər şəxsin istifadə hüququ ilə məhdulaşdırılması ağlabatan və müstəsna xarakter daşımalı, mülkiyyətçinin həddindən artıq məhrumiyyətlərinə səbəb olmamalı, eyni zamanda istifadə hüququ olan şəxsin bu hüququndan sui-istifadəsinə imkan verməməlidir. O cümlədən, mülkiyyətçinin ailə üzvünün yaşayış sahəsinə ehtiyac aradan qalxdığı halda, onun bu hüququna mülkiyyətçinin iddiası üzrə kompensasiya verilmədən də xitam verilə bilər.

57. Kollegiya hesab edir ki, yaşayış sahəsinə mülkiyyət və həmin sahədən istifadə hüquqlarının hər birinin müdafiəsinin tarazlığı prinsipi onu nəzərdə tutur ki, istifadə hüququ olan şəxsin mülkiyyətçinin üzərinə əlavə yük qoymadan özünün mənzil hüquqlarını başqa qaydada təmin edilməsi imkanları olduğu halda, bu hüquqa müvafiq kompensasiya ödənilmədən xitam verilsin.

58. Yuxarıda qeyd olunduğu kimi, həqiqətən də Cavabdeh mübahisəli evin paylı mülkiyyətçilərindən biri olan Tamerlan Nəzərovla birlikdə digər yaşayış sahəsinin mülkiyyətçisidir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin özünə məxsus olan yaşayış sahəsi vardır və mübahisəli evin yaşayış sahəsindən istifadəsinə ehtiyac aradan qalxmışdır.

59. Ona görə də cavabdehin mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi ilə bağlı iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin tələblərini məhkəmə əsaslı hesab edir.

60. Cavabdehin həmin mənzilin pilot layihə əsasında inşa edilməli olan yaşayış binasının tikiləcəyi əraziyə düşdüyü, bu səbəbdən həmin mənzildə yaşamağın qeyrimümkün olduğuna dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla həmin mənzilin sökülməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, qeyd edilən mənzilin yeni yaşayış binasının tikintisi ilə əlaqədar sökülməsi həqiqət olsa belə, formalaşmış işgüzar praktikaya görə, Bakı şəhəri ərazisində tikinti aparan müəssisələr tərəfindən sökülən mənzilin əvəzinə inşa edilən binada mülkiyyətçilərə daha geniş sahəyə malik yeni mənzil verilir, həmçinin tikintinin aparıldığı müddətdə mülkiyyətçinin müvəqqəti yaşaması üçün ona aylıq kirayə haqqı ödənilir.

61. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qeyd edilən dəlil cavabdehin mülkiyyətində olan mənzildən onun istifadə edə bilməməsi və bununla da, onun iddiaçıların mülkiyyətində olan yaşayış sahəsindən istifadə etməsinə ehtiyacın aradan qalxmadığı kimi qiymətləndirilə bilməz.

62. Eyni zamanda kollegiya hesab edir ki, cavabdehin mübahisəli ünvanda istifadə hüququna xitam verilməsi nəticəsində onun həmin yaşayış sahəsi ilə hər hansı hüquqi bağlılığı qalmadığından, ona məxsus cehiz əşyalarının bu ünvanda qalmasının da hər hansı hüquqi əsası mövcud deyildir. Əksinə, həmin əşyaların orada qalması əmlakın mülkiyyətçilərinin bu əmlakdan sərbəst istifadəsinə mane olmaqla, onların qanunla qorunan mənafelərini pozur.

63. Bu səbəbdən cavabdehə məxsus cehiz əşyaların mübahisəli ünvandan çıxarılmasına dair iddianı da kollegiya əsaslı hesab edir.

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməmiş və nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə yanlış nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə əsaslı sayılmaqla qətnamə həmin hissədə ləğv olunmalı, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası təmin edilməlidir.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.4-cü maddələrinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

66. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(010)- 63/2021 saylı qətnaməsi qismən, ilkin və üçüncü şəxslərin iddialarının təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı kompensasiya verilmədən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının həmin evdən çıxarılması tələbinə dair ilkin iddiası, habelə müstəqil tələb irəli sürən üçüncü şəxslər X6, X7 və X8 Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair iddiaları təmin edilsin. Cavabdeh Nəzərova (Tahirova) Xuraman Zakir qızının ünvan 1 ünvandakı evindən istifadə hüququna kompensasiya verilmədən xitam verilsin və ona məxsus olan əşyalar - 1 dəst yataq dəsti (1 ədəd çarpayı, 1 ədəd paltar şkafı), 1 ədəd qorka bufeti, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 1 ədəd 3 metr x 5 metr ölçüdə xalça (adi), 5 ədəd 3 metr x 2 metr ölçüdə pərdə (adi), 3 ədəd çilçıraq (sadə), 1 ədəd 40 kv.m-lik super max markalı kondisioner Nəzərova (Tahirova) Xuraman Zakir qızının vəsaiti hesabına çıxarılsın. Qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar