Məhkəmə qərarları › İş №2(103)-419/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-419/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-419/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1, Cavabdeh5 və X2 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh6, X4, Cavabdeh3, Cavabdeh5 Şirağa oğlu və Həsrətova (Adilova) Samirə Şirağa qızına qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh6, X4, Cavabdeh3, Cavabdeh5 Şirağa oğlu və Həsrətova (Adilova) Samirə Şirağa qızına qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(001)- 562/2019 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Həsrətova (Adilova) Samirə Şirağa qızından 18819,28 ABŞ dolları məbləğində əsas borc, 30 aprel 2018-ci il tarixdən 27 avqust 2018-ci il tarixə olan və illik 5 faiz dərəcəsi ilə hesablanmış 205,82 ABŞ dolları faiz borcunun, ümumilikdə 26994,75 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 38 manat məbləğində notariat xərcləri, 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 34a, 21 nömrəli mənzilə yönəldilərək, həmin ipoteka predmetinin 117.000 manata qiymətləndirməklə, açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 34a, 21 nömrəli mənzildə yaşayan cavabdehlər - Cavabdeh1, Cavabdeh6, X1, Cavabdeh3, Cavabdeh5, Həsrətova (Adilova) Samirə Şirağa qızının ipoteka predmetindən əşyaları ilə birlikdə 1 (bir) ay ərzində çıxarılması qət edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 27 mart 2019-ci il tarixli, 2(001)-562/2019 saylı qətnaməsinin qismən, ipoteka predmeti olan əmlakın 117.000 manat qiymətləndirilməsi hissəsində ləğv edilməsini və ipoteka predmeti olan əmlakın tam və obyektiv qiymətləndirilməsi təmin edilməklə, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 apellyasiya şikayəti verərək, ipoteka predmetinin qiymətinin aşağı göstərildiyini, qətnamənin ləğv edilərək, iş üzrə tam həcmdə məhkəmə araşdırması aparılmaqla iddia tələbinin qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər verdikləri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə əsassız hesab olunaraq rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh6, Cavabdeh3 və Həsrətova (Adilova) Samirə Şirağa qızı məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər tərəfindəv verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki iş materiallarında olan: 30 aprel 2014-cü il tarixli 654YHFK nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında illik 19 faiz olmaqla, 48 ay müddətinə 25.000 ABŞ dolları məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. 30 aprel 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 34a, 21 saylı mənzil ipotekaya qoyulmuşdur. 30 aprel 2014-cü il tarixli 654YHFK nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh5 və Cavabdeh4, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. Azərbaycan Respublikasının DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakin dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ümumi sahəsi 69,27 m2, yaşayış sahəsi 46,73 m2, yardımçı sahəsi 22,54 m2 olan 3 otaqdan ibarət, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 34a-da yerləşən 21 nömrəli mənzili Cavabdeh1 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2105 nömrəli reyestr kitabının 191813 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakin dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 34a-da yerləşən 21 nömrəli mənzil İddiaçı ASC-nin “Yeni Heyat” filialının xeyrinə 48 ay müddətinə daşınmaz əmlakın dövlət reyestrində 2105 nömrəli reyestr kitabının 191813 nömrəli vərəqində qeydiyyata alınaraq ipoteka ilə yüklü edilmişdir. 27 avqust 2018-ci il tarixli AB MD-11-01527 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanılmış 30 aprel 2014-cü il tarixli, 654YHFK nömrəli kredit müqaviləsinə əsasən, cavabdehin 27 avqust 2018-ci il tarixinə banka olan əsas borcu 18819,28 ABŞ dolları, 30 aprel 2018-ci il tarixə olan 7969,95 ABŞ dolları faiz borcu, 30 aprel 2018-ci il tarixdən 27 avqust 2018-ci il tarixə illik 5 faizlə hesablanmış faiz borcu 205,82 ABŞ dolları, ümumilikdə 26995 ABŞ dolları təşkil edir. 17 dekabr 2018-ci il tarixli 26385 nömrəli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış 654YHFK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə 30 aprel 2018-ci il tarixinə olan əsas borcu 18817,28 ABŞ dolları, faiz borcu 7969,95 ABŞ dolları, 30 aprel 2018-ci il tarixinə mövcud olan borc məbləği üzrə illik 5 faiz dərəcəsi ilə 27 avqust 2018-ci il tarixinədək olan borcu 205,82 ABŞ dolları olmaqla, cəmi borcu 26,995,05 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. 10 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 34a saylı evin 21 saylı mənzilinin 29 noyabr 2018-ci il tarixinə olan bazar dəyəri 117.000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası izah edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddədə “razılaşma” deyiləndə, ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirirlər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə, tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Hazırki işdə ipoteka müqaviləsi 2014-cü ildə bağlanmış və ötən müddət ərzində iqtisadi vəziyyətin, daşınmaz əmlak bazarında qiymətlərin dəyişməsi səbəbindən, ipoteka predmetinin satış qiymətinin yenidən araşdırılması zərurəti yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin 05 mart 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında hər iki tərəf əmlakın yenidən qiymətləndirilməsini xahiş etmişlər və məhkəmənin 05 mart 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə əmlakın qiymətləndirilməsinə dair ipoteka predmeti olan əmlakların yenidən qiymətləndirilməsi təyin edilmiş və ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin 10 mart 2021-ci il tarixli H/03-PLS saylı hesabatında qeyd olunmuşdur ki, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən 34a saylı evin ümumi sahəsi 69,27 kv.metr, yaşayış sahəsi 46,73 kv.metr, yardımçı sahəsi 22.54 kv.metr olan 3 otaqlı 21 saylı mənzilin bazar qiyməti 120.000 manat, likvid qiyməti isə 95.000 manat təşkil edir. Məhkəmə kollegiyası tərəflərin ipoteka predmetinin ilkin satış qiymətində razılaşmadıqlarını və “xxxx” MMC-nin qiymətləndirmə sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, onun əmlakın dəyəri barədəki hesabatı ilə razılaşır və ipoteka predmetinin ilkin satış qiymətinin hesabatdakı likvid qiymətinə uyğun olaraq 95.000 manat məbləğində müəyyən edilməli olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 01 saylı 20.07.2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Beləliklə iş materiallarını araşdıran məhkəmə kollegiyası qiymətləndirici tərəfindən tətib edilən rəyi iş üzrə mötəbər sübut qismində qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməli, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən 34a saylı evin ümumi sahəsi 69,27 kv.metr, yaşayış sahəsi 46,73 kv.metr, yardımçı sahəsi 22.54 kv.metr olan 3 otaqlı 21 saylı mənzilin likvid dəyəri 95000 manat müəyyən edilməlidir. Belə ki, göstərilən rəy tərtib edilərkən ipoteka predmetnin konstruksiyası, xüsusiyyətləri, təmirliliyi və s. xüsusatları nəzərə alınmış və rəy “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməyən Cavabdeh1 iddiaçıya ödənilməmiş əsas və faiz borcları yarandığından, digər cavabdehlər iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdıqlarından, mənzil kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün ipoteka ilə yüklü edildiyindən, iddiaçının kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üzrə hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ olduğundan, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli olduğundan, mənzilə tutma yönəldildikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduqlarından, birinci instansiya məhkəməsi iddiaçının cavabdehlərə qarşı tələb etmək hüququ və cavabdehlərin də onun qarşısında öhdəliklərinin olması, borc və çəkilmiş xərclər üzrə tələbin mənzilə yönəldilməsi, mənzildən çıxarma barədə qanuni, əsaslı və mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, ipoteka predmetinin ilkin satış qiyməti likvid qiymətinə uyğun olaraq 95.000 manat məbləğində müəyyən edilməli olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(001)- 568/2019 nömrəli qətnaməsi dəyişdirilsin. Bakı şəhəri,Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən 34a saylı evin ümumi sahəsi 69,27 kv.metr, yaşayış sahəsi 46,73 kv.metr, yardımçı sahəsi 22.54 kv.metr olan 3 otaqlı 21 saylı mənzilin ilkin satış qiyməti 95.000 manat müəyyən edilsin. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar