Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4190/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı hüquqi varisi X1 (X2 və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: “əmək haqqının ödənilməsi, iddia müddəti”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-403/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin direktoru (icra orqanın rəhbəri) vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə isə öz təşəbbüsü ilə həmin əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir.
2. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin «e-sosial» internet informasiya ehtiyatında yerləşdirilən məlumata əsasən İddiaçı əmək haqqı 2021-ci ilin aprel-dekabr ayları üzrə hər ay üçün 1340 manat, 2022-ci ilin yanvar-iyul ayları üzrə 1355 manat, avqust ayı üzrə isə 2512 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10.642 manat ödənilməmiş əmək haqqı, 37.779,1 manat əmək haqqının gecikdirilməsinə görə ödənc, 1956,96 manat istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi və 55 manat mediasiya xərcləri olmaqla, ümumilikdə 50.434,06 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, əmək müqaviləsinin xitam verilməsinin rəsmiləşdirilməsinə və əmək kitabçasının iddiaçıya təqdim edilməsinə baxmayaraq onunla son haqq-hesab aparılmamış və həmin günə qədər ödənilməli olan əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, habelə digər ödənişlər həyata keçirilməmişdir. İddiaçı ilə əmək münasibətləri dövründə əmək haqqı Əmək Məcəlləsinin 172-ci maddəsinə və əmək müqaviləsi ilə şərtləşməyə uyğun olaraq ayda bir dəfə ödənilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq cavabdeh-işəgötürən hər ay ödənilməli olan əmək haqqı yalnız sonuncu dəfə 2022-ci ilin yanvar ayı üçün (net:1200 manat) həyata keçirilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verildiyindən həmin günə qədər ödənilməli olan əmək haqqı sözügedən tarixdə ödənilməli idi. Belə ki, hesablanmış məcburi dövlət sosial sığorta haqları barədə fərdi şəxsi hesabında olan və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin «e-sosial» internet informasiya ehtiyatında yerləşdirilən məlumatlardan görünür ki, 2021-ci ili aprel-dekabr ayları üzrə hər ay üçün 1340 manat, 2022-ci ilin yanvar-iyul ayları üzrə 1355 manat, avqust ayı üzrə isə 2512 manat əmək haqqı dövlət sosial sığortasına cəlb edilmişdir. Beləliklə, sonuncu əmək haqqının 2022-ci ilin yanvar ayı üçün ödənildiyini nəzərə alaraq 2022-ci il üzrə fevralavqust ayları üçün məcburi dövlət sosial sığorta haqqına cəlb edilmiş əmək haqqına münasibətdə 10.642 manat məbləğində əmək haqqı sonuncu iş günü cavabdeh tərəfindən ödənilməli idi. Əmək qanunvericiliyində adıçəkilən ödənişin sonuncu iş günü ödənilməsi qeyd-şərtsiz cavabdeh-işəgötürənin vəzifəsi kimi təsbit edilmişdir. Cavabdehlə əmək münasibətində olduğu dövrdə işlərin çoxluğu, iş ahənginin qorunması və vəzifələrinin məsuliyyətliliyi ilə əlaqədar əmək məzuniyyətindən istifadə edə bilməmişdir. Lakin əmək müqaviləsinə xitam verilən gün əsas hüquqlarının sırasında təsbit edilməsinə baxmayaraq, istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə iddiaçıya pul əvəzi ödənilməmişdir. Əmək Məcəlləsinin 140-cı maddəsinin 3-cü hissəsi ilə məzuniyyət günlərinin əmək haqqı müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta ayın əmək haqqının məğləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu haqda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Hesablanmış məcburi dövlət sosial sığorta haqları barədə fərdi şəxsi hesabda olan və «esosial» internet informasiya ehtiyatında yerləşdirilən məlumatlardan görünür ki, 2021-ci ilin aprel-dekabr ayları üzrə hər ay üçün 1340 manat, 2022-ci ilin yanvar-iyul ayları üzrə 1355 manat (bu fakt əmək müqaviləsinə bildirişdə də öz əksini tapır), avqust ayı üzrə isə 2512 manat təşkil etmişdir. İddiaçı ilə əmək münasibətləri xx.xx.2021-xx.xx.2022-ci il üzrə dövrü əhatə etdiyindən istifadə edilməyən məzuniyyət günlərinin sayı 2021-2022-ci iş ili üçün 30, 2022- 2023-cü iş ili üçün isə 11,3 təqvim günü olmaqla ümumilikdə 41,3 təqvim günü təşkil edir. Beləliklə, hesablanmış əmək haqlarına münasibətdə təxmini 1 günə münasibətdə məzuniyyət üçün orta əmək haqqı 44,58 manat olmaqla istifadə edilməyən 41,13 təqvim gününə görə məzuniyyət pulu ümumilikdə 1956,96 manat miqdarında müəyyən edilir. Nəzərə alınmalıdır ki, sözügedən ödənişin işçi ilə əmək müqaviləsinə xitam verilən gün ödənilməsi əmək qanunvericiliyində cavabdeh-işəgötürənin qeyd-şərtsiz vəzifəsi kimi təsbit edilmişdir. Məlum olduğu üzrə əmək müqaviləsinə xitam verilən gün iddiaçı ilə son haqq hesab aparılmamış və ona həmin günə qədər ödənilməli olan 10.642 manat məbləğində əmək haqqı bank hesabına köçürülməmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilən gün ona ödənilməli olan əmək haqqı 10.642 manat məbləğində olduğundan hər gecikdirilmiş günə görə 106,42 manat ödənc təşkil edir. Bu baxımdan mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyi günə qədər 355 gün olduğundan ümumilikdə əmək haqqın gecikdirilməsinə görə ödəniləcək məbləği 37.779,1 manat təşkil edir. Xüsusilə vurğulanır ki, əmək qanunvericiliyində sözügedən ödənişin iddiaçı-işçi tərəfindən tələb edilməsi hüququ cavabdeh-işəgötürənə onun ödənilməsi ilə bağlı vəzifə formalaşdırır. Məlum olduğu kimi fərdi əmək mübahisələri üzrə iddia müddətləri Əmək Məcəlləsinin 296cı maddəsi ilə tənzimlənir. Həmin maddənin 4-cü hissəsi ilə pul tələbləri ilə əlaqədar əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilməsi müəyyən edilmişdir. Hazırki mübahisə ödənilməmiş əmək haqqının, onun vaxtında ödənilməməsinə görə hesablanmış faizlərin və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və bununla əlaqədar məcburi mediasiya ilə bağlı xərclər olduğundan özündə işəgötürənə qarşı pul tələbi ilə bağlı mübahisəni ehtiva edir. Hazırki fərdi əmək mübahisəsinin mediasiya qaydasında nizama salınması ilə bağlı iddia müddətinin axımı ərzində, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Sözügedən təklifə qanunvericilikdə müəyyən edilmiş müddətdə cavabdeh tərəfindən münasibət bildirilmədiyindən xx.xx.2023-cü il tarixdə 6 saylı mediasiya təşkilatına mediasiya üçün müraciət edilmişdir. Fərdi əmək mübahisəsinin mediasiya qaydasında həll edilməsi mümkün olmadığına görə mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq «İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi» ilə bağlı arayış alınmış və mübahisənin məhkəmədə nizama salınmasına zərurət yaranmışdır. Bununla əlaqədar hazırki mübahisə predmeti üzrə məsələnin nizama salınması üçün məhkəməyə müraciət edilməsinə məcbur qalınmışdır. Məlum olduğu kimi ilkin mediasiya prosesindən keçmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada mediasiya xərcləri ödənilməlidir. Hazırki fərdi əmək mübahisəsi üzrə mediasiya xərcləri 55 manat (50 manat mediasiya təşkilatına ödənilən haqq, 5 manat isə mediasiya təşkilatının çəkdiyi xərclər) təşkil etmişdir. Bu baxımdan sözügedən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-403/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin təmin edilərək Cavabdehndən 10.642 (on min altı yüz qırx iki) manat ödənilməmiş əmək haqqı, 37.779,1 (otuz yeddi min yeddi yüz yetmiş manat, on qəpik) manat əmək haqqının gecikdirilməsinə görə ödənc, 1956,96 (bir min doqquz yüz əlli altı manat, doxsan altı qəpik) manat istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi, həmçinin 55 (əlli beş) manat mediasiya xərcləri, ümumilikdə 50.434,06 manat vəsaitin tutularaq İddiaçı hüquqi varisi X1 xeyrinə ödənilməsi; Cavabdehndən dövlət rüsumu kimi 185,13 (bir yüz səksən beş manat, on üç qəpik) manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdeh-işəgötürən hər ay ödənilməli olan əmək haqqı yalnız sonuncu dəfə 2022-ci ilin yanvar ayı üçün həyata keçirmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyindən həmin günə qədər ödənilməli olan əmək haqqı sözügedən tarixdə ödənilməli idi. Belə ki, hesablanmış məcburi dövlət sosial sığorta haqları barədə fərdi şəxsi hesabında olan və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin «e-sosial» internet informasiya ehtiyatında yerləşdirilən məlumatlardan görünür ki, 2021-ci ili aprel-dekabr ayları üzrə hər ay üçün 1340 manat, 2022-ci ilin yanvar-iyul ayları üzrə 1355 manat, avqust ayı üzrə isə 2512 manat əmək haqqı dövlət sosial sığortasına cəlb edilmişdir. Beləliklə, sonuncu əmək haqqının 2022-ci ilin yanvar ayı üçün ödənildiyini nəzərə alaraq 2022-ci il üzrə fevralavqust ayları üçün məcburi dövlət sosial sığorta haqqına cəlb edilmiş əmək haqqına münasibətdə 10.642 manat məbləğində əmək haqqı sonuncu iş günü cavabdeh tərəfindən ödənilməli idi. Hesbalanma qaydasına gəldikdə isə məhkəmə qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin «e-sosial» internet informasiya ehtiyatında yerləşdirilən məlumatlarına əsasən 2022-ci ilin fevral ayıda daxil olmaqla 6 aylıq hesablama üzrə 1355x6 ay= 8130 manat və yalnız geriyə qalan avqust ayı üzrə isə 2512 manat, ümumilikdə 10642 manat təşkil etmişdir (sosial sığortaya cəlb edilmə ilə birlikdə hesablanmaqla). Lakin bunlara baxmayaraq cavabdeh tərəf qeyd edilən əmək haqqını ödəməmiş, ödənilməsi barədə isə sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, iddia tələbi 10.642 manat ödənilməmiş əmək haqqının ödənilməsi hissəsi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin əmək haqqının gecikdirilməsinə görə 37.779,1 manat ödəncin verilməsi hissəsi üzrə qeyd edib ki, həmin hissəsində də iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Əmək müqaviləsinə xitam verilən gün iddiaçı ilə son haqq hesab aparılmamış və ona həmin günə qədər ödənilməli olan 10.642 manat məbləğində əmək haqqı ödənilməmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilən gün ona ödənilməli olan əmək haqqı 10.642 manat məbləğində olduğundan (abzas 32-dəki hüquqi mövqeyə əsasən) hər gecikdirilmiş günə görə 106,42 manat ödənc təşkil edir. Bu baxımdan mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyi günə qədər 355 gün olduğundan ümumilikdə əmək haqqın gecikdirilməsinə görə ödəniləcək məbləğ 37.779,1 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi 37.779,1 manat əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin istifadə edilməmiş məzuniyyət günlərinə görə 1956,96 manat pul əvəzinin ödənilməsi hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Qeyd edilən Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 140-cı maddəsinin 1-ci bəndinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Göstərilən Məcəllənin 140-cı maddəsinin 3-cü bəndinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Mülki işin materiallarında olan hesablanmış məcburi dövlət sosial sığorta haqları barədə fərdi şəxsi hesabda olan və «esosial» internet informasiya ehtiyatınlan yerləşdirilən məlumatlardan görünür ki, 2021-ci ilin aprel-dekabr ayları üzrə hər ay üçün 1340 manat, 2022-ci ilin yanvar-iyul ayları üzrə 1355 manat (bu fakt əmək müqaviləsinə bildirişdə də öz əksini tapır), avqust ayı üzrə isə 2512 manat təşkil etmişdir. İddiaçı ilə əmək münasibətləri 01.04.-xx.xx.2022-ci il üzrə dövrü əhatə etdiyindən istifadə edilməyən məzuniyyət günlərinin sayı 2021-2022-ci iş ili üçün 30, 2022-2023-cü iş ili üçün isə 11,3 təqvim günü olmaqla ümumilikdə 41,3 təqvim günü təşkil etmişdir. Beləliklə, hesablanmış əmək haqlarına münasibətdə təxmini 1 günə münasibətdə məzuniyyət üçün orta əmək haqqı 44,58 manat olmaqla istifadə edilməyən 41,13 təqvim gününə görə məzuniyyət pulu ümumilikdə 1956,96 manat miqdarında müəyyən edilmişdir. İddia tələbi 1956,96 manat istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin verilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı işdən azad olunduğu xx.xx.2022-ci il tarixdən sonra məhkəməyə müraciət etməzdən əvvəl qanunun yeni qəbul edilmiş müddəasına uyğun mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmişdir. Belə ki, iddiaçı ilkin olaraq əmək mübahisəsinin həll edilməsinə dair mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə işəgötürənə göndərmiş (bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim olunan qəbzlə təsdiq olunur), mediasiya prosesi xx.xx.2023-cü ildə bitmiş, bununla əlaqədar ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə həmin tarixdə arayış tərtib edilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia müddətinin axımı xx.xx.2022- ci ildən (əmək müqaviləsinə xitam verilməsi barədə əmrin tarixi) xx.xx.2023-cü ilədək ( mediasiya təklifi barədə müraciətin tarixi ) müddətdə iddiaçının 11 təqvim günü qalmış, daha sonra axım davam etdirilməklə xx.xx.2023-cü ildən (mediasiya barədə arayışın tarixi) xx.xx.2023-cü ilədək (məhkəməyə müraciət tarixindən) 11 günü tamamlanmamaqla hüququn verilmiş olduğu müddət daxilində müraciət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh MMC (nümayəndəsi və vəkili Nümayəndə1) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia müddətini tətbiq edilərək iddianın rədd edilməsini xahiş edib şikayətində qeyd edir ki, iddiaçı məhkəmənin təyin etdiyi heç bir hazırlıq iclasında iştirak etməmişdir. Cavabdehin vəkili və nümayəndəsi bütün hazırlıq iclaslarında iştirak etmək üçün iclas zalına yaxınlaşmış, işin hərtərəfli və obyektiv məhkəmə baxışına hazırlanması üçün müvafiq hərəkətləri etmişdir. Lakin iddiaçının hazırlıq iclaslarına gəlməməsi və bir halda işə baxan hakimin ümumiyyətlə zala gəlməməsi nəticəsində yekunda iş tam hazırlanmamış məhkəmə baxışına təyin edilmişdir. Hazırılıq iclası zamanı cavabdeh (vəkil) tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə məhkəməyə təqdim edilmişdir. İş baxış iclasına təyin edildikdən sonra iddiaçı ilk məhkəmə baxış iclasında da iştirak etməmişdir. Məhkəmə baxış iclasında iştirak etməməklə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir ərizə daxil olmamışdır. Lakin iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə iddiaçının xx.xx.2024-cü il tarixli yazılı etirazının sonunda qeyd edilmişdir ki, “iddia müddətinin tətbiqi barədə ərizənin əsassız olduğu üçün təmin edilməməsini və işə mahiyyəti üzrə baxılması xahiş edirəm”. Qeyd edilən cümləni əsas görürərək məhkəmə ərizəni işə iddiaçının iştirakı olmadan baxmağı xahiş etmə kimi qəbul etdiyini bildirdi. Halbuki, ərizədə iştirak edilməmə ilə bağlı heç bir məlumat verilməmiş və heç bir xahiş edilməmişdir. Daha sonra hakim cavabdehin son anda məhkəmə iclas katibinin telefonuna SMS göndərdiyini və guya cavabdehin və nümayədəsinin xəstə olduğunu bildirərək məhkəmə baxış iclasını təxirə salınmasını xahiş etdiyini bildirdi. Nəticədə baxış iclası təxir edilmiş, məhkəmə tərəfindən prossesual normalara riayət edilməməsi faktları yaranmışdır və bunun nəticəsində cavabdehin hüquqları pozulmuş hesab edilməlidir. Nəhayət, tərəflərin hər birinin iştirak etdiyi ilk və son baxış iclası xx.xx.2024 tarixində baş tutmuşdur. İlk olaraq məhkəmə tərəfindən iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibət bildirilməsi üçün tərəflər dinlənildi. İddia tələbinin tətbiqi barədə ərizə aşağıdakı kimi əsaslandırılmışdır: Belə ki, iddia ərizəsindən və işə əlavə edilmiş sənədlərdən də görüldüyü kimi iddiaçı xx.xx.2021 tarixində işə qəbul edilmiş, xx.xx.2022 il tarixində isə müvafiq əsasla cavabdehlə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi aidiyyəti əmrlə rəsmiləşdirilmişdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən bir ilərzində məhkəməyə müraciət edə bilər. İndiki halda əmək müqaviləsi üzrə əmək haqqı hər ay verilməsi nəzərdə tutulduğu halda iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2824/2022 saylı qərarında məhkəmənin mövqeyi belə olmuşdur ki, “qanunda əmək haqqının hər ay üzrə ödənilməsinə dair qayda, ay tamam olduqda əmək haqqı almayan işçinin həmin dövr üzrə almalı olduğu ödəncə münasibətdə hüququnun pozulduğunu bilməsinə dəlalət edir. Başqa sözlə işçinin əmək haqqı tələbinə iddia müddəti vəsaitin ödənilmədiyi məlum olduğu vaxtdan hər ay üzrə ayrıca hesablanır”. Digər tərəfdən iddiaçı özünün əmək müqaviləsinə xitam verilməsi xx.xx.2022 tarixində əmrləşdirilmiş, lakin İMS üçün təklifin göndərildiyi tarix təklif məktubunda xx.xx.2023 tarixində qeyd edilsə də, təklifin göndərilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. xx.xx.2023 tarixində isə mediasiya üçün mediasiya təşkilatına müraciət edilmişdir. Hər bir halda İMS-dən sonra prossesin davam etdirilməməsi ilə bağlı arayış xx.xx.2023 tarixində verilmiş, iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü ildə daxil olmuşdur. Arayışla iddia ərizəsi arasındakı 14 gün fərqi təklifin göndərildiyi iddia edilən günün üzərinə gəlinsə yenə iddia müddəti ötürülmüşdür (xx.xx.2023+ 14 gün=xx.xx.2023; iddia ərizəsinin məhkəməyə verildiyi tarix isə xx.xx.2023). Görüldüyü kimi, iddia müddətinin ötürülməsinə dair kifayət qədər tutarlı əsaslar mövcud olmuşdur. İddiaçı iddia müddətinin tətbiqi barədə ərizəyə sonuncu hazırlıq iclasından sonra ərizə ilə etiraz etmiş, İMS üçün təklif ərizəsinin və iddia ərizəsinin məhkəməyə təqdim edilməsini təsdiq edən “qəbz”ləri baxış iclası gününədək ərizəyə əlavə etmişdir. Məhkəmə baxış iclası zamanı iddiaçı sonra da e-məhkəmə portalına yerləşdirdiyi “qəbz”lərə əsaslanaraq iddia müddətinin keçmədiyini iddia müddətinin daxilində iddia ərizəsinin məhkəməyə daxil olduğunu bildirdi. Tərəfindən iddiaçının təqdim etdiyi qəbzlərin saxta olduğu, qəbzdə nə sənədləri təhvil alan şəxsin, nə göndərənin, nə də ki, çatdırılmanı təsdiq edən şəxsin imzasının olmadığı məhkəməyə bildirilmişdir. İddiaçı öz növbəsində sənədləri onlayn surətdə göndərdiyini bildirərək absurd bir cavab verdi. İşin bu halında hakim iddiaçını yanına çağıraraq iddiaçının telefonunda sübutlar axtarmağa başladılar. Onların öz aralarındakı söhbətdən eşitməyə çalışdığı qədəri ilə belə başa düşdü ki, iddiaçı hansısa nömrəyə “whatsapp”la sifariş göndərdiyini əsaslandırır, lakin artıq telefondan silindiyini bildirir. Sonda məhkəmə etiraza öz münasibətini bildirmədən qətnamə qəbul etmək üçün müşavirəyə getmək istədiyini bildirdi və tərəflər də etiraz etmədilər. Bu hal təbii ki, məndə rahatçılıq yaratmışdır, çünki iddia müddətinin keçirilməsi tam aydın görülürdü. İmzasız qəbzlər, tələb edilən pul məbləği ilə bağlı heç bir araşdırmanın getməməsi və hakimin bu mövzulara toxunmaması iddianın rədd ediləcəyi təsirini bağışlayırdı. Lakin məhkəmə müşavirədən geri dönüb qətnaməni elan edərək iddiaçının iddia tələbini tam təmin etdiyini elan etdi. Göründüyü kimi saxta sübutlar əsas götürülmüş və pul tələbi barədə heç bir hesablama aparılmamış, suallar verilməməmiş, cavabdehin münasibəti bildirilməmiş əsassız bir qətnamə çıxarılmışdır. Elandan sonra məhkəmə sualına cavab verərək iddia müddətinin son günündə iddiaçının iddia ərizəsnin poçta təqdim etdiyini bildirdi. Lakin hakimin istinad etdiyi sübutlar aşağıdakı səbəbdən əsassız hesab edilməli və iddia müddəti bu işə tətbiq edilməlidir. Belə ki, iddia müddətinin tətbiqi ilə bağlı Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2824/2022 saylı qərarında əksinin tapan məhkəmənin mövqeyi Nəsimi rayon məhkəməsi tərəfindən qəbul edilmədi və məhkəmə tərəfindən bu xahişə qətnamənin heç bir hissəsində toxunulmadı, izah verilmədi. İddia müddətinin tətbiqi ilə bağlı ərizədən sonra işdə iddiaçı kimi çıxış edən tərəfin nüməyəndəsi yazılı olaraq ərizəyə etiraz etdi və sübut kimi “AzeriExpress” poçt xidmətindən məktubların göndərilməsi barədə qəbz təqdim etdi. Sözügedən “AzeriExpress” poçt xidmətinin təqdim etdiyi qəbz əsassızdır, çünki saxta olduğu açığ aşkar görünür. “AzeriExpress” poçt xidməti tərəfindən 2 qəbz təqdim olunub ki, 1-cisi Mediasiyaya təklif ərizəsinin göndərilməsi ilə bağlıdır. Həmin qəbzdə poçt tərəfindən məktubun təhvil alınma tarixi xx.xx.2023-cü il saat 23:07 kimi, cavabdeh tərəfə çatdırılma tarixi isə həmin gün, yəni xx.xx.2023-cü il saat 11:18 kimi qeyd olunmuşdur. Bu hal isə absurtdur, həmin günü gecə təhvil alınıb və həmin günü səhər çatdırılmışdır. Qəbzdə yazılanlara inansa belə çıxır ki, məktub əvvəlcə cavabdehə çatdırılıb daha sonra çatdırılmaq üçün “AzeriExpress” poçt xidməti tərəfindən təhvil alınıb. Bu hal özü-özlüyünə fizika qanunlarına ziddir və belə “sehirli” poçt xidmətinin baş verməsi mümkün deyil. Qəbzin tərtib edilməsidə tam yanlışdır, üzərində sadacə məlumatlar və “AzeriExpress” poçtun möhürü vardır. Kim tərəfindən hazırlanması qeyd edilməyib və həmin şəxsin imzası yoxdur. Digər tərəfdən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinin təsdiq edən 2-ci poçt məlumatları ilə bağlı qəbzdə həmin nöqsanlar mövcüddur. Qəbzdə imza yoxdur və kim tərəfindən hazırlandığı qeyd olunmayıb, 2-ci qəbzdə məktubun poçt tərəfindən alınması tarixi xx.xx.2023-cü il saat 12:20 kimi göstərilib, çatdırılma tarixi isə xx.xx.2023-cü ilsaat 14:56-dır. Ümumi məlumatlar hissəsində isə qeyd olunub ki, göndərən tərəf “Qızıl” Prioritet (sürətli çatdırılma) xidmətindən istifadə edib. “AzeriExpress” poçt xidmətinin rəsmi sayıtında qeyd olunub ki, “Qızıl” prioritet xidmətindən istifadə etdikdə məktub şəhər içi 3 saat ərzində çatdırılır yəni ki, saat 12:20 də götürülmüş məktub dərhal çatdırılmalı idi, lakin 3 gün sonra, özüdə günorta çatdırılıb. (Rəsmi internet səhifəsindəki yazılanların surəti ərizəyə əlavə edildi.) Bu hal onu sübut edir ki, sənədlər poçt xidmətinə xx.xx.2023-cü ildə təqdim edilməyib, sadəcə cavabdehin nümayəndəsinin şəxsi münasibətləri sayəsində poçt xidməti ona sonradan belə bir qeyri-normal, saxta sənəd tərtib etmişlər. Çünki xx.xx.2023 tarixli iddaçının məhkəməyə müracitə edə biləcəyi sonuncu gün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2824/2022 saylı qərarı nəzərə alınmazsa, hətta İMS təklifi üçün poçt qəbzinin saxta olması faktını görməzdən gəlsə belə, iddiaçı üçün ən yaxşı halda xx.xx.2023 tarixi iddia müddətinin ötürülmədiyi sonuncu gündür. Yuxarıda qeyd etdiklərindən görünür ki, iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət edib, yəni prosesual müddəti 3 gün gecikdirib. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində qeyd olunur ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bu maddədən görünür ki, işçi 1 il ərzində müraciət edə bilər deyilir, lakin yuxarıda qeyd etdiyi sübutlara əsasən 1 il rəsmi şəkildə ötürülmüşdür. Düşünür ki, iddiaçının tələb etdiyi məbləğin doğruluğu da şübhəlidir və məhəkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirilməsi zəruri idi. Hesab edir ki, tələb edilən pul məbləği ilə bağlı iclas zamanı müzakirələrin və çəkişmənin aparılmaması, saxta sənədlərin sübut kimi götürülməsi cavabdehin hüquqlarını pozmuşdur. Sübutlar şübhəli olan yerdə tələb edilən pul məbləğinin hesablanması üçün ən azı bir mütəxəssis, ekspert rəyi alınmalı idi. İşin bütün hallarında məhkəmə tərəfsiz olmalı olduğu halda iddiaçıya güzəştlər etdiyi açıq-aşkar görülməkdədir. Bu maddədə göstərilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Lakin indiki halda iddiaçının təqdim etdiyi poç qəbzləri sübut kimi qəbul edilə bilməz. Belə ki, 1) qəbzdə sənədlərin çatdırılma üçün qəbul edilməsini təsdiq edən və çatdırılmasını təşkil edən poçt əməkdaşının imzası yoxdur, 2) çatdırılan sənədi alanın imzası və ya təsdiqi yoxdur, 3) İMS üzrə təklifin poçta təqdim etmə tarixi sənədlərin cavabdehə təqdim edilmə tarixindən sonradır, 4) qəbzə əsasən iddia ərizəsi “AzeriExpress” poçt şirkətinə sürətəli çatdırılma (proritet-qızıl) növü ilə saat 12:20 də təqdim edilsə də məhkəməyə 3 günə çatdırılmışdır (halbuki, poçt şikrətinin rəsmi səhifəsindəki elana əsasən sənədlər 3 saata çatdırılır). Göründüyü kimi iddia müddətinin axımı ilkin mediasiya sessiyasının üçün təklif göndərildiyi andan (xx.xx.2023) dayanmış, İMS barədə arayışın verilmə tarixində bərpa edilmiş hesab edilərsə (baxmayaraq ki, İMS qəbzidə saxtadır) iddia müddətinin son günü xx.xx.2023 hesab edilir. Lakin xx.xx.2023 tarixdə iddia ərizəsinin poçta verilməsi yuxarıda qeyd edilən səbəblərdən öz təsdiqini tapmır. Digər tərəfdən isə Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2824/202 saylı qərarında məhkəmənin mövqeyi belə olmuşdur ki, qanunda əmək haqqının hər ay üzrə ödənilməsinə dair qayda, ay tamam olduqda əmək haqqı almayan işçinin həmin dövr üzrə almalı olduğu ödəncə münasibətdə hüququnun pozulduğunu bilməsinə dəlalət edir. Başqa sözlə işçinin əmək haqqı tələbinə iddia müddəti vəsaitin ödənilmədiyi məlum olduğu vaxtdan hər ay üzrə ayrıca hesablanır” Qətnamə işin faktiki hallarına uyğun gəlmir. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, tam baxdıqdan sonra həmin sübutlara müvafiq qiymət verməlidir. Lakin iş materiallarından göründüyü kimi, məhkəmə tərəfindən işin hallarına obyektiv qiymət verilməmiş və işin faktiki hallarını əks etdirməyən və cavabdehin prossesual hüquqları pozularaq qətnamə qəbul edilmişdir. Belə ki, iş üzrə iddiaçının təqdim etdiyi, sübutların (poçt qəbzlərinin) saxta olduğu açıq aydın görülsə də, qəbzlərin qeyri ənənəvi formada olması, imzaların olmaması, tarixlərin uyğun gəlməməsi və yuxarıda qeyd edilmiş bütün hallar sübutlara obyektiv və qərəzsiz baxılmadığını özündə əks etdirir. Digər tərəfdən məhkəmə cavabdehə münasibətdə çəkişmə prinsipinə riayət etmədən, pul tələbi (məbləğ) üzrə məsələlər müzakirə edilmədən, iş üzrə sübutların bir qisminin baxış iclasında telefon vasitəsi ilə təqdim edilməklə və cavabdehə eşitdirilmədən müzakirə aparılaraq qətnamə qəbul etmişdir. Bunun nəticəsində işin hallarına, əmək haqqının gecikdirilməsinə görə uyğun olmayan, açıq-aşkar şişirdilmiş ödəncin alınması barədə qətnamə qəbul edilmişdir. Digər tərəfdən iddiaçı ilkin təyin edilmiş məhkəmə baxışında iştirak etməsə də, işə onun iştirakı olmadan baxmağı xahiş etməmişdir. İddiaçı iddia müddətinin tətbiqi barədə ərizəyə etirazında işə mahiyyəti üzrə baxılmanı xahiş etsədə iddiaçının məhkəməyə gəlməməsi səbəbindən deyil iddia müddətinin tətbiqi barədə ərizənin əsassız olduğunu hesab etdiyi üçün belə bir xahiş etmişdir. Lakin məhkəməyə gəlməyəcəyi barədə məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmamış saxlanılmasına əsas verməli idi.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin olunaraq iddianın rədd olunmasını xahiş etdi.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının hüquqi varisi X3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X4 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 135.(2-ci hissə). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 139(1-ci hissə). Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Maddə 139(2-ci hissə). Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 140(3-cü hissə). Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Maddə 143(2-ci hissə). İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Maddə 144(2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddə 154(hissə1). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 154(hissə2). Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 155(hissə1). İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 156(hissə1). Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə 157(hissə1). İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Maddə 172(hissə 1). Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 172(hissə5).Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296(hissə 4). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarında qeyd edilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki hallar Mülki Məcəllənin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə qismən uzlaşdığından və cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qismən qalxdığından iddia qismən haqlı sayılır.
21. Belə ki, iddia tələbi üç hissədən ibarət olmuşdur. Bu tələblər ödənilməmiş əmək haqqı, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməməiş əmək haqqının 1(bir) faizi məbləğində ödənc və iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda qeyd olunan qaydada həll etmişdir. Cavabdeh qətnamədən narazıdır və buna görə də apellyasiya şikayəti verərək dəlillərini göstərib. Ona görə də tələbin hər üç hissəsi üzrə hüquqi dəyərləndirmə aparılmaqla apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməsi zəruridir.
22. Əvvəla cavabdeh tərəf də iddiaçının işlədiyi dövrdə hər ay üzrə hansı məbləğdə əmək haqqı aldığını, hansı aylar üzrə almadığını və bu məbləğlərin həqiqiliyini şikayətində xüsusi olaraq mübahisələndirmir. Düzdü şikayətində məhkəmə tərəfindən bu istiqamətdə araşdırma aparılmadığını, məbləğlərin həqiqiliyinin müəyyən edilməsi üçün ekspert yaxud mütəxəssis rəyi alınmadığını göstərib. Ancaq nəqədərki, bu məbləğlər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin «e-sosial» internet informasiya ehtiyatında yerləşdirilən məlumatlardan götürülüb, demək ki, onların həqiqiliyi də şübhə doğurmamalı və buna görə də bu istiqamətdə əlavə dəyərləndirmə aparılmasına da əsas və zərurət yoxdur.
23. Məhkəmə tərkibi də razılaşır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verildiyindən həmin günə qədər ödənilməli olan əmək haqqı sözügedən tarixdə ödənilməli idi. Belə ki, hesablanmış məcburi dövlət sosial sığorta haqları barədə fərdi şəxsi hesabında olan və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin «e-sosial» internet informasiya ehtiyatında yerləşdirilən məlumatlardan bəlli olur ki, 2021ci ili aprel-dekabr ayları üzrə hər ay üçün 1340 manat, 2022-ci ilin yanvar-iyul ayları üzrə 1355 manat, avqust ayı üzrə isə 2512 manat əmək haqqı dövlət sosial sığortasına cəlb edilmişdir. Yəni sonuncu əmək haqqının 2022-ci ilin yanvar ayı üçün ödənildiyi nəzərə alınsa 2022-ci il üzrə fevral-avqust ayları üçün məcburi dövlət sosial sığorta haqqına cəlb edilmiş əmək haqqına münasibətdə cəmi 10.642 manat məbləğində əmək haqqı sonuncu iş günü cavabdeh tərəfindən ödənilməli idi. Ancaq cavabdeh qeyd olunan məbləği ödəməsinə dair məhkəməyə sübut təqdim etməmiş, ödənildiyini də hansısa formada iddia etmir.
24. Birinci instansiya məhkəməsi isə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə almayaraq və bununla əlaqədar hansısa dəyərləndirmə aparmayaraq iddia tələbinin birinci hissəsi üzrə yəni 10.642 manat ödənilməmiş əmək haqqının ödənilməsi hissəsini əsaslı hesab edib tam təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia müddətini sonuncu ay üzrə ödənilməmiş əmək haqqı məbləği istisna olmaqla, əvvəlki aylar üzrə tətbiq etməməsi barədə qənaəti ilə razılaşmır. Belə ki, məhkəmənin yanaşmasına görə iddia müddətinin axımı xx.xx.2022ci ildən (əmək müqaviləsinə xitam verilməsi barədə əmrin tarixi) xx.xx.2023-cü ilədək ( mediasiya təklifi barədə müraciətin tarixi ) müddətdə iddiaçının 11 təqvim günü qalmış, daha sonra axım davam etdirilməklə xx.xx.2023-cü ildən (mediasiya barədə arayışın tarixi) xx.xx.2023-cü ilədək (məhkəməyə müraciət tarixindən) 11 günü tamamlanmamaqla hüququn verilmiş olduğu müddət daxilində müraciət edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia ərizəsinin iddia müddətinin sonuncu günü verildiyini nəzərə alaraq hər ay ödənilməli olan əmək haqqına münasibətdə, yəni ödənilməmiş əvvəlki ayların əmək haqqının tutulmasını da qət etməklə maddi hüquq normasını pozmuş, yəni qanunu səhv təfsir etmişdir.
25. Belə ki, hazırkı iş üzrə iddia müddətinin əvvəli işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır və bu müddət bir il nəzərdə tutulub. Hazırkı işdə iddiaçının istinad etdiyi hüquq pozuntusu 2022-ci ilin fevral ayından avqust ayına kimi aylıq əmək haqqının ödənilməməsi barədədir. Əmək qanunvericiliyinin tələbinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir (§ 10).Demək ki, qanunda əmək haqqının hər ay üzrə ödənilməsinə dair qayda, ay tamam olduqda əmək haqqı almayan işçinin həmin dövr üzrə almalı olduğu ödəncə münasibətdə hüququnun pozulduğunu bilməsinə dəlalət edir. Başqa sözlə, işçinin əmək haqqı tələbinə iddia müddəti vəsaitin ödənilmədiyi məlum olduğu vaxtdan hər ay üzrə ayrıca hesablanır. Bu cür vəziyyətdə əgər işçinin almadığı əmək haqqı və digər ödənclər varsa, onları bir il keçmədən tələb etdikdə iddia müddəti ötürülmüş sayılmır. Lakin iddiaçı məhkəməyə müraciət etdiyi gündən əvvəlki bir ildən də qabaqkı dövrün ödənclərini tələb etdiyinə, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyinə görə, məhkəmə son bir il istisna olmaqla, əvvəlki dövrlər üçün iddia müddətinin keçdiyinə görə iddianı rədd etməli idi. Ancaq birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən bu qaydalara əməl olunmamış, iddia müddətinə dair maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
26. Göründüyü kimi, birinci instansiya məhkəməsi yalnız 2022-ci ilin avqust ayı üzrə 2512 manat əmək haqqı tələbi hissəsində iddianı təmin etməli olduğu halda bu hissədə tələbi tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də tələbin birinci hissəsi üzrə iddia qismən, yəni 2512 manat hissəsində təmin edilməlidir. Şikayətdə göstərilən iddiaçının təqdim etdiyi sübutların (poçt qəbzlərinin) saxta olduğu, qəbzlərin qeyri ənənəvi formada olması, imzaların olmaması, tarixlərin uyğun gəlməməsi və digər dəlillərin həqiqi olması barədə cavabdeh tərəfindən mötəbər sübut təqdim edilməmişdir. Poçt qəbzlərindəki tarix və vaxtın uyğun gəlməməsi də bu hissədə iddianın tam rədd edilməsi üçün əsas ola bilməz. Bununla yanaşı, cavabdeh hesab edirsə ki, iddiaçı tərəflə poçt yaxud kuryer xidməti arasında hansısa formada qanunsuz əməllərə yol verilməsi baş vermişdir, bununla bağlı cinayət mühakimə icraatı qaydasında araşdırma aparılması üçün hüquq mühafizə orqanlarına müraciət edə bilər.
27. Məhkəmə tərkibi iddia tələbinin ikinci hissəsi, yəni əmək haqqının gecikdirilməsinə görə 37.779,1 manat ödəncin verilməsi hissəsi üzrə bağlı qeyd edir ki, tələbin bu hissəsi əmək haqqının məbləğinə tabedir. Başqa sözlə bu cür ödənc ödənilməmiş əmək haqqının gecikdirildiyi gündən hesablanır. Ona görə də, nəqədərki, tələbin birinci hissəsi 2512 manat hissəsində təmin olunur, bir faiz ödənc də 2512 manatın ödənilməsinin gecikdirildiyi gündən başlanılmalı və buna uyğun hesablanmalıdır. Bu qayda cavabdehi əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur edir, eyni zamanda iddiaçının pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Bu cür ödənc verilməsində birinci şərt əmək haqqının gecikdirilməsidir, hansı ki, bu işin mübahisəsiz halına çevrilib. Digər şərt isə gecikdirmə cavabdehin təqsiri üzündən baş verməlidir. Cavabdeh tərəf təqsirinin olmadığını ümumiyyətlə mübahisələndirmir. Yalnız hüquqi müdafiə vasitəsi kimi iddia müddətinin tətbiqi institutunun verdiyi hüquqi imkanlardan istifadə etməyə çalışıb. Beləliklə, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023- cü il tarixli Plenumunun Qərarındakı hüquqi mövqeyi də bu hissədə iddianı əsaslı edir. Ona görə də Cavabdehndən xx.xx.2022-ci ildən başlayaraq ödənilməmiş 2512 (iki min beş yüz on iki) manat əmək haqqı ödənilənədək (qətnamə icra edilənədək) Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməmiş əmək haqqının 1(bir) faizi məbləğində ödənc tutularaq İddiaçı hüquqi varisi X1 xeyrinə ödənilməli idi.
28. Tələbin üçüncü hissəsi, yəni istifadə edilməmiş məzuniyyət günlərinə görə 1956,96 manat pul əvəzinin ödənilməsi hissəsi üzrə də aşağıdakılar qeyd olunur. Belə ki, birinci instansiya məhkəməsi bu hissədə hesablanmış məcburi dövlət sosial sığorta haqları barədə fərdi şəxsi hesabda olan və «esosial» internet informasiya ehtiyatında yerləşdirilən məlumatlara istinad edərək müəyyən etmişdir ki, iddiaçının 2021-ci ilin aprel-dekabr ayları üzrə hər ay üçün 1340 manat, 2022-ci ilin yanvar-iyul ayları üzrə 1355 manat (bu fakt əmək müqaviləsinə bildirişdə də öz əksini tapır), avqust ayı üzrə isə 2512 manat təşkil etmişdir. İddiaçı ilə əmək münasibətləri xx.xx.2021-xx.xx.2022-ci il üzrə dövrü əhatə etdiyindən istifadə edilməyən məzuniyyət günlərinin sayı 2021-2022-ci iş ili üçün 30, 2022- 2023-cü iş ili üçün isə 11,3 təqvim günü olmaqla ümumilikdə 41,3 təqvim günü təşkil etmişdir. Beləliklə, hesablanmış əmək haqlarına münasibətdə təxmini 1 gün məzuniyyət üçün orta əmək haqqı 44,58 manat olmaqla istifadə edilməyən 41,13 təqvim gününə görə məzuniyyət pulu ümumilikdə 1956,96 manat miqdarında müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi 2021-2022-ci iş ili üçün 30, 2022-2023-cü iş ili üçün isə 11,3 təqvim günü olmaqla ümumilikdə 41,3 təqvim günü təşkil etdiyini və 1 gün məzuniyyət üçün orta əmək haqqı 44,58 manat olmaqla istifadə edilməyən 41,13 təqvim gününə görə məzuniyyət pulunun ümumilikdə 1956,96 manat təşkil etdiyini əsas götürüb həmin məbləği təmin etmişdir. Lakin məhkəmə tərkibi 2021-2022-ci iş ili üçün 30 məzuniyyət gününə münasibətdə iddianın təmin edilən hissəsi üzrə yuxarıda qeyd olunan, yəni sonuncu bir ildən əvvəlki dövr üçün əmək haqqı tələbinə iddia müddətinin tətbiq edilməsini nəzərə alaraq hesab edir ki, iddia müddətinin tətbiqi barədə ərizə 2021-2022-ci iş ili üçün istifadə edilməmiş məzuniyyət pulu əvəzininə də tətbiq edilməli və həmin hissədə iddia rədd olunmalıdır. Ancaq 2022-2023-cü iş ili üçün məzuniyyət günlərinin 11,3 təqvim günü təşkil etdiyini və 1 gün məzuniyyət üçün orta əmək haqqı 44,58 manat olmaqla (11,3x44,58=503,75) cəmi 503,75 manat hissəsində iddia təmin olunmalıdır. Çünki 2022- 2023-cü iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməsi üçün iddia müddəti ötürülməmişdir. Ona görə də iddia bu hissədə də qismən əsaslı olduğundan 2022-2023-cü illər üçün istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi 503,75 (beş yüz üç manat, yetmiş beş qəpik) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
29. Şərh olunanlara əsasən, Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-403/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; Cavabdehndən 2512 (iki min beş yüz on iki) manat ödənilməmiş əmək haqqı, 2022- 2023-cü illər üçün istifadə edilməmiş məzuniyyət günlərinə görə 503,75 (beş yüz üç manat, yetmiş beş qəpik) manat pul əvəzi tutularaq İddiaçı hüquqi varisi X1 xeyrinə ödənilməli; Cavabdehndən xx.xx.2022-ci ildən başlayaraq ödənilməmiş 2512 (iki min beş yüz on iki) manat əmək haqqı ödənilənədək (qətnamə icra edilənədək) Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməmiş əmək haqqının 1(bir) faizi məbləğində ödənc tutularaq İddiaçı hüquqi varisi X1 xeyrinə ödənilməlidir.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-403/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdehndən 2512 (iki min beş yüz on iki) manat ödənilməmiş əmək haqqı, 2022- 2023-cü illər üçün istifadə edilməmiş məzuniyyət günlərinə görə 503,75 (beş yüz üç manat, yetmiş beş qəpik) manat pul əvəzi tutularaq İddiaçı hüquqi varisi X1 xeyrinə ödənilsin. Cavabdehndən xx.xx.2022-ci ildən başlayaraq ödənilməmiş 2512 (iki min beş yüz on iki) manat əmək haqqı ödənilənədək (qətnamə icra edilənədək) Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməmiş əmək haqqının 1(bir) faizi məbləğində ödənc tutularaq İddiaçı hüquqi varisi X1 xeyrinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.