Məhkəmə qərarları › İş №2(103)-4191/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4191/2024

09.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4191/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4191/2024 (Açar sözlər: istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması tələbi) Bakı şəhəri 09 sentyabr 2024-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X3, Cavabdeh1 Cavabdeh7 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01 fevral 2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi "xxxx" KB ASCnin adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 2086 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. 05 iyul 2022-ci il tarixli 19 saylı 2 nömrəli forma üzrə arayışdan görünür ki, cavabdehlər və onların yetkinlik yaşına çatmamış ailə üzvləri iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olmaqla, orada yaşayırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid 2 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh7, X20, X9, X10, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X11, X16, X12, X18 və Cavabdeh6 oğlunun istifadə hüquqlarına xitam verilməsi; onların həmin fərdi yaşayış evindən çıxarılmaqla həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Zeynəb Həmidli (2009-cu il təvəllüdlü), Zaur Həmidli (2007-ci il təvəllüdlü), Leyla Həmidli (2010-cu il təvəllüdlü) və Zaur Həmidli (2021-ci il təvəllüdlü) yetkinlik yaşına çatmadıqlarından onların adları cavabdehlər siyahısından çıxarılmışdır.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evini almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 2086 nömrəli vərəqində qeydiyyat aparılmışdır, eləcə də, RX seriyalı ******* saylı çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixdə «Elektron notariat» X1 əldə etdikləri çıxarışa (2 saylı forma) əsasən iddiaçı "xxxx" KB ASCnin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, həmçinin X12 və X18 qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun. Lakin qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh1 və onun ailə üzvlərinin həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən, keçmiş mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvlərinin ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evində qeydiyyatda olması və orada yaşamaları qeyriqanunidir. Həmin fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsi ilə satılmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3, 59.4-cü maddələrinə, Mülki Məcəllənin 157.2, 157.4, 152.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə istinad edən iddiaçı daha sonra bildirmişdir ki, hal-hazırda ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər.

6. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh7, X20, X9, X10, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X11, X16, X12, X18 və Cavabdeh6 oğlunun yetkinlik yaşına çatmamış ailə üzvləri ilə birlikdə iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evi hərrac vasitəsi ilə əldə olunmuş, iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Dövlət tərəfindən hər kəsin, o cümlədən iddiaçının mülkiyyət hüququna təminat verilmişdir. Hazırda iddiaçının təminat altında olan hüquqları cavabdehlər tərəfindən pozulur. Belə ki, fərdi yaşayış evinin hərracda iddiaçıya satılmasına baxmayaraq, cavabdehlər həmin evi tərk etmir və qeydiyyatdan çıxmırlar. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, iddia əsaslı olmaqla, təmin edilməlidir

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 33, 60-cı maddələri, Mülki Məcəlləsinin 152, 152.5, 157.2-ci maddələri, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 217.4, 216-220, 227, 233, 360cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. . Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-11/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməsi 11 nəfər şəxsin evsiz qalması deməkdir. Mübahisəli mənzil onların yeganə yaşayış sahəsidir. Mübahisəli ev ipoteka ilə yüklü edilərkən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməmiş, evdə yaşayan şəxslərin hamısının razılığı alınmamışdır. Məhkəmə araşdırması zamanı da həmin hallar aydınlaşdırlmamışdır. Həmçinin iddiaçı iddia tələbində onların mübahisəli evə ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsini də xahiş etmişdir. İddiaçının öz tələbindən də görünür ki, onun və ailə üzvlərinin həmin mənzilə istifadə hüquqları vardır. Mübahisəli ev ipoteka ilə yüklü edilərkən və hərrac vasitəsi ilə satılarkən İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ondan razılıq alınmamışdır. Hazırda isə onun istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları tam əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4cü maddəsinin tələblərinə görə də yaşayış evinin mülkiyyətçisinin dəyişməsi evdən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. İddiaçı təşkilat onun və aiə üzvlərinin mübahisəli mənzildən çıxarılmaqla evin boşaldılmasını tələb etsə də, onların uzun müddət həmin mənzildə yaşamağını, başqa yaşayış yerinin olmamasını nəzərə almamışdır. Eyni zamanda mənzil ipotekaya qoyularkən ailə üzvü kimi razılığı alınmamışdır. Bütün bunlar məhkəmədə tam araşdırılmamış və onun qanunla qorunan hüquqları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, mənzilin boşaldılması ilə bağlı iddiası olub, qətnamə qanuni qüvvəsini alıb, icraya yönləndirilib.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 çıxış edərək bildirir ki, həyətdə başqa böyük tikililəri var. Qiymətə onlar daxil olmayıb. Oradan çıxsalar tikililəri pulsuz əllərindən çıxmış olacaq.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 çıxış edərək bildirir ki, bankla əvvəl razılıq olmuşdu, sonra mübahisə yarandı, alınmadı. Mənzili satışa qoyublar.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnanəsi ilə iddia tələbləri təmin edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda cavabdehlərin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. İddiaçı hazırkı iddiasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid 2 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh7, X20, X9, X10, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X11, X16, X12, X18 və Cavabdeh6 oğlunun istifadə hüquqlarına xitam verilməsi; onların həmin fərdi yaşayış evindən çıxarılmaqla həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş edir.

24. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir.

25. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 tərəfindən apellyasiya şikayəti verilmişdir.

26. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh7, X19 və X8 müştərək qaydada Bankın xeyrinə xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 62929,47 ABŞ dolların əsas borcun, 10162,39 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 73391,86 ABŞ dolları (ödənildiyi zaman olan manat məzənnəsi ilə) və 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 60 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan X4 mülkiyyətindəki Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən 39 saylı evin, 33 saylı mənzilinə və Cavabdeh1 Saratsan oğlunun mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən 39 saylı evin, 33 saylı mənzilinə tutma yönəldikdən və mənzil satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X13, Babayeva Hicran Sahratxan qızı və X2 çıxarılması, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldikdən sonra və ev satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, X15, X20, Cavabdeh3, X9 və Babayeva Hicran Sahratxan qızının çıxarılması və yaranmış borc ödənildikdən sonra mənzilin və evin satışından artıq qalan məbləğin cavabdehlər X6 və Cavabdeh1 qaytarılması qət edilmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli, 2(002)-775/2016 saylı qətnaməsi-ipoteka predmetlərinin açıq hərracda ilkin satış qiymətinin müəyyən edilməməsi hissədə dəyişdirilməsi, ipoteka predmetləri olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 60000 (altmış min) manat və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən 39 savh evin, 33 saylı mənzilinin açıq hərracda ilkin satış qiyməti 55000 (əlli beş min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh7 apellyasiya şikayəti təmin edilməyərək ekspertiza xərci 120 manatın 60 (altmış) manatın "xxxx" KB ASC-dən, 60 (altmış) manatın Cavabdeh7 tutularaq "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4191/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən – cavabdehlər Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh7, X20, X9, Cavabdeh3 mübahisə predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid 2 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evindən çıxarılmaqla evin boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

29. Məhkəmə kollegiyası Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qalan hissədə razılaşır.

30. Belə ki, işin halları müəyyən edilir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli qətnaməsi icraya yönəldilmiş, icra məmurunun sifarişi əsasında mübahisə predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid 2 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evlə bağlı açıq hərrac keçirilmişdir. Açıq hərracın nəticəsi olaraq fərdi yaşayış evinin "xxxx" KB ASC-nin mülkiyyətinə verilməsi ilə bağlı alğı-satqı müqaviləsi imzalanmışdır. Fərdi yaşayış evi ilə bağlı "xxxx" KB ASC-nin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 31.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mübahisə predmeti olan mənzildə qeydiyyatı və yaşaması əsassız olduğundan işə baxan məhkəmə iddia tələbini təmin etməklə düzgün qənaətə gəlmişdir.

32. Cavabdehlərin şikayətinin digər dəlili odur ki, cavabdehlərin qalmağa başqa yaşayış yeri yoxdur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin şikayətin dəlili olaraq qeyd etdiyi hallar iddiaçının qanunvericiliklə müəyyən edilmiş mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olmamalıdır.

34. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar