Məhkəmə qərarları › İş №2(103)-4192/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4192/2024

16.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4192/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa və pul”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1069/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X2rşı əmrin ləğv edilməsi, işə bərpa və pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsili Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli 356K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-ci maddəsinin 1-ci hissəsinə əsaslanaraq elə həmin tarixdən qanunsuz olaraq xitam verilmişdir. 05 sentyabr 2023-cü il tarixli məktubla da müqavilənin xitam veriləcəyinə dair xəbərdarlıq məktubu yazılmış və iddiaçıya poçt vasitəsi ilə göndərilmişdir. İddiaçı əmrin surətini poçt vasitəsi ilə aldıqdan sonra 18 saylı Bakı Mediasiya təşkilatına müracət etmişdir. Mediasiya prosesində cavabdehin nümayəndəsinə hüquqlarının pozulmasını bildirsə də, cavabdehin nümayəndəsi haqlı olduqlarını və qərarlarının dəyişilməz olduğunu bildirdi. Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsili Mərkəzinin əsası 2018-ci ildə Koreya Respublikasının “KT Konsorsium” şirkəti arasında imzalanan saziş əsasında qoyulub. Mərkəz üçün yeni bir ədəd inzibati, iki ədəd tədris emalatxanaları və həmçinin iki ədəd yataqxana tikildi. Təhsilin keyfiyyətinin ən yaxşı səviyyədə olması üçün onların iştirakı ilə mərkəz ən son avadanlıqlarla təchiz olunmaqla yanaşı, seçilmiş rəhbər və 24 nəfər müəllim heyyəti 6 aylıq xüsusi təlimlərə cəlb olundu ki, bu təlimlərin də 3 ayı Koreyanın nüfuzlu mərkəzlərində həyata keçirilmişdir. Layihə çərçivəsində təlimləri bitirmiş 24 nəfər mərkəzə metodist/təlimçi olaraq işə qəbul olunmuşlar. Bu illər ərzində Peşə təhsilinə çox töhfələr vermişlər. Peşə təhsil mərkəzlərinə işə yeni götürülən müəllimlərin bilik və bacarıqlarının yoxlanması, yeni modul və kurikulumların yazılması, test suallarının hazırlanmasında birbaşa iştirak etmişlər. Qısa bir müddət ərzində peşə təhsilinin keyfiyyətini artıqmağa, köhnə tədris materiallarını, dərs vəsaitlərini müasir və yeniləri ilə əvəz etməyə nail olmuşlar. Hazırladıqları dərs planları ölkənin bir çox peşə məktəblərində tətbiq olunmağa başlamışdır. Onlar müəllimlər olaraq ixtisaslar üzrə bu sahədə fəaliyyət göstərən şirkətlərlə əlaqələr qurur və onların tələblərini, kadr ehtiyaclarını nəzərə alaraq tədris prosesini formalaşdırmışlar. Qeyd olunanlardan və onların yetişdirilməkləri üçün sərf olunan sərmayədən aydın olur ki, onların işlə təmin olunmaqları və təminatları daimi fəaliyyəti üçün nəzərdə tutulmuşdur. İddiaçı bu vaxtadək işi ilə əlaqədar hər hansı səhlənkarlığa, məsuliyyətsizliyə yol verməmişdir. Əksinə, hər tədbirdə öndə olmuş, daim Mərkəzi təmsil etmişdir. Bu illər ərzindəki fəaliyyətini nəzərə alaraq, iddiaçı işinə xitam verilməsinin ədalətli olmadığını düşünür. 5 illik əmək fəaliyyətinin tamamında Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsili Mərkəzi tərəfindən əmək münasibətlərinə birtərəfli qaydada xitam verilməsi qanunsuz və qərəzlidir. Qanunsuzdur ona görə ki, əmək funksiyalarının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. Aralarında müddət müəyyən edilmədən əmək müqaviləsi bağlanılmalı idi. Bağlanılmamağına səbəb kimi isə, həmişə ikili maliyyələşmə və əmək haqqların ikili ödənişli göstərilib. Onlara VÖEN açdırılıb və əmək haqqının bir hissəsi xidmət haqqı kimi ödənilib. Bütün bunların səbəbi kimi isə, Mərkəzin yeni yaranması və maliyyələşmənin bir hissəsinin Koreya dövləti tərəfindən edildiyi bildirilib. İddiaçı ilə əmək müqaviləsi 2019-cu ilin sentyabr ayında bağlansa da, cavabdehlə əmək münasibətləri 2018-ci ilin sentyabr ayından yaranmışdır. Sadəcə, Mərkəzin fəaliyyətinin gec qurulması müqavilənin bağlanmasını gecikdirmişdir. Həmin dövrdə müəllimlər təlimlərdə, Mərkəzin təchizatında iştirak etmiş, sıfırdan dərs proqramları və materialları hazırlamışlar. Yeni tədris ili başlayanda isə onlarla müqavilə bağlanıldı və onlar dərslərə başladılar. Qərəzlidir ona görə ki, iddiaçı işdən çıxarılmağından 1 ay öncə Mərkəzdə baş verən qanun pozuntuları və təlimçilərə olan qərəzli münasibətlə bağlı bir qrup təlimçi ilə bərabər Təhsil Nazirliyinə müraciət etmiş, həmin şikayətin yazılmasında iddiaçını təşkilatçı hesab etdikləri üçün işdən azad ediblər. Qeyd olunanlara əsasən iddiaçı Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsili Mərkəzinin 05 sentyabr 2023cü il tarixli 356K nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bundan sonra xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək tələbinin həcmini artırmış və ərizəsində göstərmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş əmrlərin surətindən göründüyü kimi, iddiaçı metodist vəzifəsindən aldığı aylıq maaşdan başqa (əmək müqaviləsi üzrə metodist vəzifəsinə görə aylıq 460 manat əmək haqqı), əlavə keçdiyi dərslərə görə ona haqq hesablanmışdır. Onlar işlədikləri müddətdə həmin dərsləri mütəmadi olaraq keçmişlər. Lakin, həmin əvəzetmələrin pulu hesablanıb ona ödənilməyib. Həmin əmrlər üzrə dərslərin sayı ümumi olaraq 1958 saat edir. Həmin dərs saatlarının bir saatının dəyəri 6,5 manatdır. Bu da ümumilikdə 12727 manat təşkil edir. Onun işdən çıxarıldığı zaman həmin dərs saatları da hesablanmalı və ona ödənilməli idi. Lakin, heç bir ödəniş edilməmişdir. Əslində işdən azad olunmağının səbəblərindən biri də, həmin ödənişləri tələb etməyi olmuşdur. İş yoldaşlarından əldə etdiyi həftəlik dərs cədvəllərindən görünür ki, iddiaçı həftə ərzində özünə yazılan dərslərə və vakant olaraq əlavə dərslərə cəlb olunmuşdur. Yəni, iddiaçı əmək haqqı üzrə metodist vəzifəsinə görə aylıq 460 manat vəzifə maaşı, müəllim olaraq ona ayrılan qruplara illik 420 saatın əvəzi olaraq aylıq 715 manat almışdır. Lakin, həmin cədvəllərdə və əmrlərdə görsənən vakant əvəzetmələrə görə hesablanmış məbləği almamışdır. İddiaçının kart hesabından çıxarışdan görünür ki, 2019-cu ilin 11-ci ayından iddiaçıya hər ay iki dəfə ödənişlər edilib (“nəğdsiz ödəniş" adı ilə). Hər ayın ikinci ödənişi onlara 2018-ci ildən qalan borcların bağlanması üçün ödənilib. Qeyd olunanlara əsasən iddiaçı Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsili Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli 356K nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunmağı barədə, o cümlədən işə bərpa olunacağı tarixə qədər aylıq 1175 manat olmaqla əmək haqqının hesablanaraq ona ödənilməsi və əvəzetmələr üzrə dərs saatlarına görə mənə ödənilməmiş 12727 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1069/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia ərizəsi rədd edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya verərək qeyd etmişdir ki, faktiki olaraq 5 il müddətinə əmək fəaliyyətinə cəlb olunmuşdur. Lakin, onunla müddətsiz əmək müqaviləsi bağlanılmaq əvəzinə işdən azad ediblər. Onun əmək funksiyalarının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. Aralarında müddət müəyyən edilmədən əmək müqaviləsi bağlanılmalı idi. Bağlanılmamağına səbəb kimi isə, həmişə ikili maliyyələşmə və əmək haqqıların ikili ödənişli olması olub. Onlara VÖEN açdırılıb və əmək haqqının bir hissəsi xidmət haqqı kimi ödənilib. Bütün bunların səbəbi kimi isə, Mərkəzin yeni yaranması və maliyyələşmənin bir hissəsinin Koreya dövləti tərəfindən edildiyi bildirilib. Onunla əmək müqaviləsi 2019-cu ilin sentyabr ayında bağlanılsa da, cavabdehlə aralarında əmək münasibətləri 2018-ci ilin sentyabrından yaranmışdır. Sadəcə, Mərkəzin fəaliyyətinin gec qurulması müqavilənin bağlanılmasını gecikdirmişdir. Həmin dövrdə müəllimlər təlimlərdə, Mərkəzin təchizatında iştirak etmişlər, sıfırdan dərs proqramları və materialları hazırlamışlar. Yeni tədris ili başlayanda isə, onlarla müqavilə bağlanıldı. Bundan əlavə onun işdən azad olunması ona qarşı qərəzdən irəli gəlir. Çünki, işdən çıxarılmağından 1 ay öncə Mərkəzdə baş verən qanun pozuntuları və təlimçilərə olan qərəzli münasibətlə bağlı bir qrup təlimçi ilə bərabər Təhsil Nazirliyinə müraciət edilmişdi. Həmin şikayətin yazılmasında onu təşkilatçı hesab ediblər və cəzalandırıblar. Birinci instansiya məhkəməsində bütün bu hallara aydınlıq gətirildi. Lakin, Məhkəmə öz qararında bunların heç birinə münasibət bildirməyib. Onun 2019-cu ildən Mərkəzin işinə cəlb edilmədi barədə işin faktiki hallarına münasibət bildirməyib. Yalnız qarşı tərəfin təqdim etdiyi əmək müqaviləsinə və formal tərtib olunmuş arayışa əsaslanaraq qərar qəbul edilmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı ilə xx.xx.2019-cu ildə iki illik müddətli əmək müqaviləsi bağlanılmış, sonradan tərəflərin iradəsinə əsasən- yəni müqavilədən çıxmaqla bağlı istəkləri olmadığından həmin müqavilə daha iki il müddətinə qüvvədə olmuş, xx.xx.2023-cü il tarixində bu müddət başa çatmış və müddətin keçməsi əsası ilə də əmək müqaviləsinə xitam verilmişdir. Bu zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Nümayəndə iddiaçının pul tələbi ilə bağlı isə bildirdi ki, bu xüsusat rayon məhkəməsi tərəfindən tam əsaslı və hərtərəfli araşdırılmış, cavabdehdən bütün maliyyə sənədləri tələb edilərək yoxlanılmış, iddiaçının həmin tələbinin də əsassız olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

7. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin ərizə göndərərək səhhətində olan problem ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini, ona görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

8. Bununla belə iddiaçı ərizəsində istinad etdiyi hallara dair sübutlar təqdim etmədiyindən Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

9. xx.xx.2019-cu il tarixli Əmək müqaviləsindən görünür ki, həmin müqavilə Sənaye və İnnovasiyalar Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə İddiaçı arasında xx.xx.2021-ci ilədək bağlanmış və əmək haqqı 460 manat göstərilmişdir.

10. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili X5 Sənaye və İnnovasiyalar Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 01/32 saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən iki il müddətinə metodist vəzifəsinə qəbul edilmişdir.

11. xx.xx.2023-cü il tarixli, 356K saylı əmrdən görünür ki, həmin tarixdə X1 ilə bağlanmış əmək müqaviləsi müddəti qurtarması əsası ilə xx.xx.2023-cü il tarixdən ləğv edilmiş o, tutduğu metodist vəzifəsindən azad edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

12. 42-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

13. 43-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

14. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

15. 47-ci maddəsinin "f" bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

16. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər.

17. 73-cü maddəsinə əsasən isə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında göstərilmişdir ki, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə bağlı göstərilməlidir ki, Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. ... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. ... müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. ... Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə və 35ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilməlidir”. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

29. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

31. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, cavabdehlə aralarında əslində müddət müəyyən edilmədən əmək müqaviləsi bağlanılmalı idi.

35. Bununla belə, tərəflər arasında xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsi xx.xx.2021-ci il tarixədək olmaqla bağlanmış, sonradan həmin müddət tərəflərin iradəsinə uyğun olaraq daha iki il müddətinə (həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə) uzadılmış, bu müddət xx.xx.2023-cü il tarixdə bitmiş, cavabdeh təşkilat isə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçı ilə olan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə xitam vermişdir.

36. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

37. Bundan başqa, qeyd edilməlidir ki, müddətli əmək müqaviləsi hər iki tərəfin razılığı ilə bağlanmışdır. İddiaçı əmək müqaviləsi bağlanan zaman aralarında bağlanan əmək müqaviləsinin müddətli olduğunu bilirdi və müqavilə tərəflərin qarşılıqlı razılığı ilə imzalanmışdır. Əmək müqaviləsinin müddətli olmasını iddiaçı heç vaxt mübahisələndirməmiş, əmək müqaviləsi bağlanan zaman əmək müqaviləsinin müddətli olmasına heç bir narazılıq bildirməmişdir.

38. Bundan başqa, iddiaçı cavabdeh tərəfindən qərəzli olaraq əmək müqaviləsinə xitam verilməsini qeyd etsə də, aparılmış məhkəmə araşdırmaları ilə cavabdeh tərəfindən iddiaçıya hər hansı qərəzin nümayiş etdirilməsi müəyyən edilməmiş, həmçinin iddiaçı tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir.

39. Göründüyü kimi, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanılmış və müddət bitdikdən sonra əmək müqaviləsinə xitam verilmiş və bu zaman əmək qanunvericiliyin tələblərinin pozulması müəyyən edilməmişdir.

40. Bundan başqa, birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, əvəzetmə saatları ilə ödənişlər sistemsiz və bəzi aylar üzrə ziddiyyətli olmuş, lakin nəticə etibarı ilə iddiaçıya ödənilməli olan məbləğlərin tam olaraq ona ödənildiyi müəyyən edilir.

41. İddiaçı özü əlavə ödənilən məbləğlərin əvəzetmələrə görə ödənilmədiyini iddia etsə də, qeyd olunan xüsusat iş materiallarında öz əksini tapmır və hüquqi şəxsin məhkəməyə təqdim edilmiş mühasibatlıq sənədləri ilə təkzib edilir. Belə ki, iddiaçının aldığı əmək haqqı sabit olmuş və cavabdehin əmək müqaviləsinin müddəalarından çıxış edilərsə, ona hər hansı əlavələrin ödənilməsi kimi öhdəliyi olmamış və həmin əlavə ödənişlərin təyinatı müəyyən edilmədən, sırf iddiaçının "ödənişlərin əvəzetmələrə aidiyyəti yoxdur" dəlilinə əsaslanaraq 7000 manata yaxın pulun cavabdehdən tutularaq ona ödənilməsi aşkar əsassız olardı.

42. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğunundan təmin edilməməlidir. Nəticə:

43. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1069/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar