Məhkəmə qərarları › İş №2(103)-4192/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4192/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4192/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: overdraft, bank hesabı müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2025-ci tarixli, e-2(006)-822/2025 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış hesab və ödəniş kartına dair 06 sentyabr 2021-ci il tarixli müqavilədən görünür ki, bank müştəriyə bank hesabı açmağı, həmin hesaba bağlı ödəniş kartı təqdim etməyi, qanunvericilikdə və müqavilədə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib, hesab üzrə, habelə kart vasitəsilə əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə ona göstərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürür. 3.8-ci bənddə qeyd edilmişdir ki, hesabında texniki overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda, müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. Yaranmış borc müəyyən edilmiş müddətdə qaytarılmadıqda bank müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra və/və ya yaranmış borcun müştərinin bankda (mümkün olduqda habelə digər banklarda) mövcud olan hesablarından akseptsiz qaydada silinməklə ödənilməsini təmin edə bilər. 3.9-cu bənddə kartın son istifadə tarixinin xx.xx.2024-cü il olması göstərilmişdir. 3.10-cu bənddə istifadə edilə biləcək maksimum məbləğin həddi kimi 15.000 manat müəyyən edilmişdir.

2. Balansdankənar 10 sentyabr 2021-ci il tarixli, 208 №-li məxaric orderindən görünür ki, 523915******0695 nömrəli 1 ədəd kart Kapital Bank» ASC tərəfindən Cavabdeh təhvil verilmişdir.

3. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 18 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, ona texniki overdraft borcunun 5 təqvim günü ərzində ödənilməsi, əks təqdirdə həmin vəsaitin qaytarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

4. Tərəflər arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli birkart miles müqaviləsi (3.3-3.4 və 8.2.4-cü bəndlər overdraft barədədir) və ödəniş kartı üzrə hesabdan çıxarış (mövcud balans: “-5.684,43 manat” kimi qeyd edilmişdir) əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh 5684,43 manat pul vəsaitinin və 76,84 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 19 mart–28 mart.2023 tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları aparmış, həmçinin, kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə Cavabdeh banka cəmi 5684,43 manat ziyan vurmuşdur. Tərəflər arasında bağlanmış “Birkart Mile” müqaviləsinin 3.3-cü maddəsinə əsasən hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Tərəflər arasında bağlanmış “Birkart Mile” müqaviləsinin 8.2.4-cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. Kart hesabından çıxarışın sonuna nəzər yetirilsə, oradan da xüsusi bilik tələb olunmadan müəyyən edilir ki, müştərinin kartına 4181,87 manat mədaxil edilib, 18522,70 manat isə məxaric edilmişdir. İlkin qalıq da 8656,40 manat olduğundan, buradan tam aydın olur ki, cavabdeh banka 5684,43 manat ziyan vurmuşdur. Pulun qaytarılması barədə bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kart müqaviləsi, kart üzrə çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Cavabdeh “Texniki Overdraft” yaranması nəticəsində banka məxsus pul vəsaitindən istifadə etmiş, buna görə də o, qanunsuz əldə etdiyi pul vəsaitini bankın tələbi ilə ona geri qaytarmalıdır. “Texniki Overdraft” bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borсudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Cavabdehin əldə etdiklərinin bankın tələbi ilə geri qaytarılması mülki qanunvericiliyin əsas prinsiplərindən olan “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsipindən qaynaqlanır. Cavabdeh bankın əmlakını heç bir əsas olmadan əldə etməklə, əldə etdiklərini məhrum olana onun tələbi ilə qaytarmadığı halda, sonuncunun mülkiyyət hüquqlarını pozmuş olur. Bu isə həm dövlətdaxili hüquqi aktlar, həm də beynəlxalq konvensiyalarla qadağan olunur. Cavabdeh hüquqazidd yolla əldə etdiklərindən məhrum olmalı, onlardan əsassız olaraq məhrum olmuş bank isə itirdiklərini əldə etmiş olmalı və qanunçuluq bərpa edilməlidir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2025-ci il tarixli, 9/111 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, X1 məxsus 523915******0695 №-li Birkart Miles kartı üzrə olan borc qalığı 5684,43 manat məbləğində müəyyən edilir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2025-ci tarixli, e-2(006)- 822/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq Cavabdeh 5684,43 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməsi qət edilmişdir.

9. Qətnamənin əsaslarına görə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, müddəti 3 il 24 gün olan 523915******0695 nömrəli plastik kart iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmişdir. Baş vermiş texniki overdraft nəticəsində xx.xx.2023-cü il tarixdən başlayaraq kartın balansında mənfi qalıq yaranmışdır. Belə ki, cavabdeh özünə məxsus olmayan, yəni bankın vəsaiti olan 5684,43 manat məbləğində puldan istifadə etmiş, lakin həmin məbləği müqavilə ilə müəyyənləşdirilmiş 30 iş günü müddətində banka qaytarmamışdır. Məsələ ilə əlaqədar xx.xx.2024-cü ildə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin xəbərdarlığın müsbət nəticəsi olmamışdır. Hazırda iddiaçı cavabdehin onun hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 5684,43 manat məbləğində pulun və məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini; cavabdeh isə plastik kartda texniki overdraftın yaranmasının sübut edilmədiyini əsas gətirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə araşdırmaları dövründə cavabdeh sadəcə banka məxsus plastik kartın istifadəçisi olduğundan, banka borcunun olmasının mümkün olmadığını, texniki overdraftın yaranmadığını bildirmişdir. Bu səbəbdən iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsində müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 5.684,43 manat məbləğində texniki overdraft borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində ekspert rəyi ilə də müəyyən edilmişdir ki, cavabdehin özünə məxsus olmayan vəsaitdən istifadə etməsi nəticəsində iddiaçı ona məxsus olan pul vəsaitindən məhrum olmuş, cavabdeh isə həmin məbləğ həddində əsassız varlanmışdır. Cavabdeh etirazının heç bir dəlilini (plastik debet kartda overdraft yarana bilməz, istifadə olunan pul özümə məxsus idi, kartda overdraft yaranmayıb) sübuta yetirməmiş, həmin dəlillər formal şifahi mülahizələrdən ibarət olmuşdur. Halbuki, iddia tələblərinin və ya etirazının əsaslandığı halları sübut etmək vəzifəsi məhz bu halların mövcudluğunu iddia edən və ya mübahisələndirən tərəfin üzərindədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin dəlilləri sübuta yetirilmədiyindən, iddianın təmin edilməməsi (və ya qismən təmin edilməsi) üçün əsas təşkil etmir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 954, 960, 1091-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Şikayətin dəlillərinə görə, Bakı şəhər Nəsimi rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən əqd iştirakçılarının iradə ifadəsini tərəflərin müqaviləni imzalaması faktı əsasında müəyyən etmişdir. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2024-cü il tarixli il qərardadı ilə iş üzrə aparılmış 5393/2024 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyinə istinad edərək məhkəmə bildirmişdir ki, 5684,43 manatməbləğində İddiaçıya texniki overdraft borcu yaranmışdır və qətetmişdir ki, bu hal əsassız varlanmaya gətirib çıxarmışdır. Aşağıdakılara əsasən məlum olur ki, məhkəmə ekspertizanın doğruluğuna qiymət verərkən onun həqiqi məzmununu araşdırmamış və obyektiv qərar qəbul etməmişdir. İddiaçı ilk olaraq ona qarşı irəli sürmüş olduğu pul tələbi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia qaldırılması ilə bağlı məlumat almamışdan 2 gün öncə o, iddiaçıdan borcun ödənilməsinə dair məktub almışdır. Həmin məktubda qeyd edilirdi ki, 5 gün ərzində borcu ödəməlidir. Baş verən problem nəticəsində 29 mart 2023-cü il tarixdən başlayaraq kartın balansında mənfi qalıq yaranmışdır. Bunu aşkar edən zaman dərhal İddiaçı ASC ilə əlaqə saxlamış və aşkar etdiyi hal barədə məlumat vermiş, iddiaçının əməkdaşı ilə olan qeydə alınan bütün danışıqlar zamanı onun verdiyi məlumata görə texniki xəta üzündən kartında mənfi qalıq görünürdü. Lakin sonradan onun digər kartlarından vəsaitlər çıxıldığından yenidən əlaqə saxlayıb bildirdi ki, texniki xəta hər nədirsə, onu dərhal həll etmək lazımdır, bu halın nəticəsi olaraq digər kartlardan istifadəni də dayandırdı. Qeydə alınan telefon danışıqları sübut qismində çıxış edir, iddiaçı tərəfindən isə həmin sübutlar təmin edilmir və məhkəmə tərəfindən obyektiv qərar vermək üçün həmin dəlillərə baxılmalıdır. Belə ki, məhkəmə tam, obyektiv və hərtərəfli araşdırma aparmadan iş üzrə yekun qərar vermişdir. Göstərilən faktlar Nəsimi rayon məhkəməsi tərəfindən araşdırılmamış və nəticədə əsaslandırılmamış qətnamə qəbul edilmişdir. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində araşdırma zamanı məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün əsas qismində əsassız varlanma hüquq münasibətləri, yəni onun iddiaçının vəsaiti hesabına əsassız varlanmağı halı meydana gəlmişdir. Onunla İddiaçı ASC arasında mövcud olmuş münasibətlər tam tədqiq edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək təmin olunmamasını məhkəmədən xahiş etdi.

15. Cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmışdır. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Maddə 960. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Maddə 1091, 1092.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

20. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh kart hesabının balansında mənfi qalıq yaranması ilə bağlı bank əməkdaşı ilə aparılan danışıqların səs yazısının götürülməsi barədə vəsatətin təmin olunmadığına istinad edir. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə həmin səs yazıları məzmunundan asılı olmayaraq overdraft nəticəsində artıq pul vəsaitinin balansa köçürülməməsini təsdiq edə bilməz. Çünki bu xüsusat iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış və ekspert rəyi ilə təsdiqini tapır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmiş, şikayətin dəlilləri isə yanlız formal mülahizələrə əsaslanmışdır.

22. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır, əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür

23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2025-ci tarixli, e-2(006)-822/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2025-ci tarixli, e-2(006)-822/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar