Məhkəmə qərarları › İş №2(103)-4193/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4193/2024

14.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4193/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4193/2024 (Açar sözlər: torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətdə bərpa edilməsi vəzifəsinin qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətdə bərpa edilməsi vəzifəsinin qoyulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-146/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14 avqust 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətdə bərpa edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus əmlak kompleksinin yerləşdiyi, dövlət mülkiyyətində olan 4346.2 kv.m. torpaq sahəsinin bir hissəsində cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı alınmadan özbaşına qeyri-yaşayış obyektinin inşa edildiyi aşkar olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.46-cı yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək; 3.0.36-ci yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Xidmətin vəzifələridir. Beləliklə, qanunvericiliyə əsasən cavabdeh tərəfindən dövlət mülkiyyətində və onun istifadəsində olan torpaq sahəsində müvafiq tikinti işlərinin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınmalı olduğu halda, cavabdeh belə bir razılıq almadan tikinti işlərini aparmışdır ki, bununla da qanunvericiliyin tələblərini pozmuşdur.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4316/2022 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh QSC-yə qarşı “torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-146/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia təmin edilməmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1, 79.2-ci maddəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və s. hüquqlar ancaq qeydiyyat sənədlərinə əsasən müəyyən olunur. Göründüyü kimi şəxsin torpaq sahəsi üzərində inşa edilmiş tikililər üzərində hüquqları o halda tanına bilər ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi üzərində müvafiq hüquqmüəyyənedici sənədlərə malik olsun. Hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış işin halları ilə iddiaçı tərəfindən mübahisə predmeti olan qanunsuz tikili inşa edildiyi zaman tikilinin yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığı, beləliklə, həmin tikilinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq özbaşına tikinti statusu daşıması müəyyən olunduğu, bu səbəbdən ekspert rəyində qeyd olunanların mübahisəli tikilinin Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsinin tələblərinə uyğun inşa edilməsi qənaətinə gəlməyə əsas vermədiyi halda, qeyd olunan maddənin məzmununu düzgün təfsir etmədən yanlış mülahizə əsasında gəldiyi nəticə tamamilə əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir.

12. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası 13.Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

15. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

16. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi

17. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

18. Maddə 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:

19. Maddə 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;

20. Maddə 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 82.3. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

25. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.

33. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbinin kökündə duran məsələ daha öncə bir sıra məhkəmə qərarları ilə cavabdehin leyhinə həll olunaraq yenidən mübahisələndirilməsinə zərurət qalmamışdır.

34. Belə ki, iş materiallarında olan iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)-164/2015 saylı qərarından görünür ki, həmin iş üzrə iddiaçı (hazırki iş üzrə cavabdeh) "xxxx" QSC cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkətinin qanunsuz hesab edilməsi və üzərinə "xxxx" QSC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin qərarla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkəti qanunsuz hesab edilmiş, "xxxx" QSC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi X6 X4 Dövlət Agentliyinə həvalə edilmişdir.

35. Məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabdehin (yəni hazırki iş üzrə iddiaçının) hərəkəti Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnamənin tələblərinə ziddir. Ona görə də cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkəti qanunsuz hesab edilməli və digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi X6 X4 Dövlət Agentliyinin üzərinə isə "xxxx" QSC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsi vəzifəsi qoyulmalıdır.

36. Sözügedən qərar müxtəlif instansiyalarda mübahisələndirilsə də, verilən şikayətlər təmin edilməmiş, xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2016-cı il tarixdə müvafiq icra vərəqəsi verilmişdir.

37. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-1852/2017 saylı qərarına əsasən müəyyən olunur ki, həmin iş üzrə iddiaçı (hazırki iş üzrə cavabdeh) "xxxx" QSC cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi X6 İdarəetməsinin X1rşı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi X6 X4 Dövlət Agentliyinin bildirişlərinin qanunsuz hesab edilməsi və Cavabdeh QSC-nin istifadəsində oan ünvan 2 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin qiymətləndirilməsini, icra sənədi verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin qərarla iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-128/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə yuxarıda göstərilən qərar ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2302/2019 saylı qərarı ilə şikayət təmin edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

38. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-92/2020 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 31 may 2017-ci il tarixli, 2-1(81)-1852/2017 saylı qərarı birinci tələb üzrə dəyişdirilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh QSCnin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin yeni qiymətlərlə təklif edilməsinə dair 23 noyabr 2016-cı il tarixli bildirişi qanunsuz hesab edilmiş; qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

39. Məhkəmə mövqeyini əsaslandırarkən hesab etmişdir ki, iddiaçı "xxxx" QSC-nin Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsini özəlləşdirilməsi (satın alma) hüququ göstərilən məhkəmə qərarının hələ qəbul edilməsinədək yarandığından məhkəmə "xxxx" QSC-nin belə bir hüququnu nəzərə almaqla 30 iyun 2015-ci il tarixdə göstərilən qərarı qəbul etmişdir. Odur ki, "xxxx" QSC-nin satın alma hüququ 30 iyun 2015-ci il tarixədək qüvvədə olan qiymətlə həyata keçirilməlidir. Həmin tarixdən zaman etibarı ilə daha sonra müəyyən edilmiş qiymət "xxxx" QSC-nə tətbiqi onun vəziyyətini (maddi vəziyyətini) pisləşdirdiyindən, ona tətbiq oluna bilməz.

40. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017- ci il tarixli, 2-1(81)-1852/2017 saylı qərarı və Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-92/2020 saylı qərarı qanuni qüvvəsini almış və xx.xx.2021-ci il tarixdə müvafiq icra vərəqəsi verilmişdir.

41. Beləliklə, hazırki iş üzrə iddiaçı öz tələbinin əsaslarından biri kimi mübahisəli tikilinin özbaşına tikinti statusu daşımasını göstərsə də, yuxarıda qeyd edilən məhkəmə qərarlarının məzmunundan da göründüyü kimi həmin tikilinin hazırki iş üzrə cavabdehin xeyrinə özəlləşdirilməli olması və bu vəzifənin də məhz iddiaçının üzərinə qoyulması öz təsbitini qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə tapmışdır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.

43. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, öncəki məhkəmə aktları ilə mübahisəli tikintinin cavabdehin xeyrinə özəlləşdirilməsi və bu vəzifənin iddiaçının üzərinə qoyulması halın preyudisial əhəmiyyət daşıdığını dəlalət edir və bu səbəbdən hazırki mülki iş üzrə icraat çərçivəsində yenidən araşdırıla və mübahisə edilə bilməz.

44. Həmçinin qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hazırki iş üzrə iddiaçı olan ƏMDX-nin üzərinə yuxarıda göstərilən vəzifələr qoyulmuş olsa da, iddiaçı bunu bilərək yenə də həmin tikilinin "xxxx" QSC-yə qanuni əsaslarla məxsus olmamasını bildirirərək hazırki tələbinin əsaslarından biri kimi müəyyənləşdirmişdir. Bu isə iddiaçı tərəfindən qanunvericiliklə ona verilən məhkəmə müdafiəsi hüququndan suiistifadə etməsinə gətirib çıxarmışdır.

45. Belə ki, Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

46. Həmçinin, Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

47. Növbəti olaraq iddiaçı öz ərizəsində və apellyasiya şikayətində qeyd etmişdir ki, dövlət mülkiyyətində və onun istifadəsində olan torpaq sahəsində müvafiq tikinti işlərinin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınmalı olduğu halda, cavabdeh belə bir razılıq almadan tikinti işlərini aparmışdır. Göstərilənə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

48. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6050 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 5 ünvanında yerləşən 4346,2 m2 torpaq sahəsində cavabdeh Kristal Plus QSC tərəfindən C literli ofis binası ilə torpaq sahəsinin sərhəd hasarı arasındakı boşluğun sağ tərəfdən 4,14 metr uzunluğunda, 4,45 metr hündürlüyündə divar ilə hörüldüyü və köməkçi sahənin (yay mətbəxi) yaradıldığı müəyyən edildi. Yaradılmış köməkçi sahənin ümumi sahəsi 39,7 m2-dir (eni 4,34 m və 4,135 m, uzunluğu 9,39 metr). Köməkçi sahənin daxili hündürlüyü 3,6 - 4 metrdir. Yaradılmış sahənin tavanı aluminium konstruksiyalar və şüşə lövhələrlə örtülmüşdür. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Kristal Plus QSC tərəfindən yaradılmış yay mətbəxinin ümumi sahəsinin 39,7 m2, hündürlüyünün isə 3,6-4 metr olduğunu nəzərə alaraq, həmin köməkçi sahənin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin 79.1.1-ci bəndinin tələbində nəzərdə tutulan ölçülər həddində olduğu müəyyən edilmişdir.

49. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci və 79.1.1-ci maddəsinə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur.

50. Həmin Məcəllənin 79.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.

51. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən də göründüyü kimi hazırki iş üzrə iddiaçı müvafiq tikinti işlərinin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınmalı olduğunu bildirsə də, şəhərsalma və tikinti normalarına dair qanunvericilikdə bu cür icazələrin alınmasının məcburi olduğu, eyni zamanda tələb olunmadığı halların siyahısı konkret olaraq göstərilmiş, bunun üçün xüsusi normativlər müəyyən edilmişdir. İş üzrə aparılmış ekspert tədqiqatının nəticəsində də müvafiq tikilinin ölçülərinin məhz müvafiq icazələrin tələb olunmaması üçün müəyyənləşdirilən limit çərçivəsində olması öz təsbitini tapmış, həmin limitin ölçülərin hədlərinin keçilməsi halında belə bunun məlumatlandırma icraatı şamil olunaraq həyata keçirilməsi göstərilmişdir.

52. Buna görə də kollegiya hesab edir ki, hazırki halda iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, sözügedən tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

53. Beləliklə, qeyd olunanlara əsasən kollegiya qanuni qüvvəyə minmiş və icrası məcburi olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)-164/2015 saylı, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-1852/2017 saylı və Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-92/2020 saylı qərarları ilə təsbit olunanları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6050 saylı ekspert rəyində göstərilənləri və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətdə bərpa edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qanuni məhkəmə aktının ləğvinə əsas vermir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

55. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

57. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-146/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar