Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4197/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh SOCAR-ın Nəqliyyat İdarəsi və SOCAR-ın Nəqliyyat İdarəsi 6 X7 Departamentinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh SOCAR-ın Nəqliyyat İdarəsi və SOCAR-ın Nəqliyyat İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh SOCAR-ın Nəqliyyat İdarəsi və SOCAR-ın Nəqliyyat İdarəsi 6 X7 Departamentinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-192/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, 26 iyul 2023-cü il tarixində açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı 2006-cı ildən Cavabdeh2 Nəqliyyat İdarəsi 6 X7 Departamentində “sürücü” vəzifəsinə işə qəbul edilərək əmək fəaliyyətinə başlamış və işlədiyi müddət ərzində heç bir intizam tənbehi tədbirinə məruz qalmamışdır. xx.xx.2021-ci ildə Cavabdeh2 Nəqliyyat idarəsi 6 X7 Departamentinin əmrinə əsasən Azərbyacan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh SOCAR-ın Nəqliyyat İdarəsinin nümayəndəsi X4 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə” dair iddia ərizəsi ilə müraciət etmişdir.
3. İddia tələbini onunla əsaslandırılmışdır ki, O, Cavabdeh2 Nəqliyyat idarəsi 6 X7 Departamentinin xx.xx.2021-ci il tarixli əmrini qanusuz və əsassız hesab edir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr və əmək kitabçasının əsli ona bu günə qədər də təqdim olunmamışdır. İddiaçıya Cavabdeh2 Nəqliyyat idarəsi 6 X7 Departamenti tərəfindən xx.xx.2022-ci il tarixli, AƏ12/107 nömrəli məktub göndərilmiş, işinə xitam verildiyini və Cavabdeh2 Nəqliyyat idarəsi 6 X7 Departamentinin Kadrlar şöbəsinə gəlməsi bildirmişdir. xx.xx.2021-ci ildə, saat 19:30 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilərkən ümumilikdə 09 ədəd çətənə (kannabis) bitkisi həyətyanı torpaq sahədən və üzərində saxladığı ümumi təmiz çəkisi 140 qram olan kustarüsullarla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək kökündən çıxarılmaqla götürümüşdür. Bu səbəbdən iddiaçı şübhəli şəxs qismində tutulmuşdur. İşəgötürən Socar” Nəqliyyat idarəsi 6 X7 Departamenti dərhal xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilməsi üçün istinad olunan maddi hüquq norması qətiyyən əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Çünki, maddənin dispozisiyasına baxdıqda aşkar şəkildə görünür ki, qanuni qüvvəyə minmiş hökmün və azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın olması zəruridir. Lakin iddiaçı həmin vaxt ancaq şübhəli şəxs qismində tutulmuşdur. Çünki, maddənin dispozisiyasına baxdıqda aşkar şəkildə görünür ki, qanuni qüvvəyə minmiş hökmün azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın olması zəruridir. Lakin iddiaçı həmin vaxt ancaq şübhəli şəxs qismində tutulmuşdur.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-192/2023 saylı qətnaməsi ilə (hakim Süleymanova Şəhla) iddia tələbi təmin edilmiş, SOCAR-ın Nəqliyyat İdarəsi 6 X7 Departamentinin 06 oktyabr 2021-ci il tarixli 1598/k saylı əmri (əmək müqaviləsinə xitam verilməsi tarixi-23 iyun 2021-ci il) ləğv edilsin, İddiaçı 6 X7 Departamentinin Texnoloji Nəqliyyat sahəsinin 1 saylı avtomobil dəstəsi-avtomobil sürücüsü vəzifəsinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
b) Apelyasiya şikayətinin dəlilləri:
5. Qətnamədən cavabdeh SOCAR-ın Nəqliyyat İdarəsi və SOCAR-ın Nəqliyyat İdarəsi 6 X7 Departamenti tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
6. Apelyasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.3 maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının,vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürəntərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Belə ki, İddiaçı ona aid əmək kitabçasını departamentin kadrlar şöbəsindən götürməsi barədə bildirişi xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Bildirişi qəbul etdiyi andan etibarən İddiaçı öz hüquqlarının pozulması barədə məlumat almış və həmin andan başlayaraq onun məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Lakin İddiaçı Fərdi əmək mübahisələrinin həllində qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxaraq öz hüquqlarının pozulması bildiyi vaxtdan 1 ay keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İddia ərizəsində özüdə etiraf edir ki, o iddia müddətini buraxıb. Bütün bunlara baxmayaraq Səbail rayon məhkəməsi Əsassız qərar qəbul edərək iddianı təmin etmişdir. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrində açıq görünür ki, əmr, Hacıqabul rayon məhkəməsinin hökmü qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2021-ci il tarixdə verilmişdir.
c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı:
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh SOCAR-ın Nəqliyyat İdarəsi və SOCAR-ın Nəqliyyat İdarəsinin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.Əlavə olaraq bildirdi ki, təmsil etdiyi qurum tərəfindən əmrin verilməsi üçün əsas əmək qanunvericiliyinin tələblərinə əsasən şəxsin barəsindən qanuni qüvvəsini almış hökm olmasıdır. Əmr xx.xx.2021-ci tarixdə verilmiş, işdən çıxarılma tarixi xx.xx.2021-ci ildən görtürülmüşdür. Belə ki, həmin tarixdə iddiaçı işə gəlməmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apelyasiya baxışının hədləri.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
12. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
13. Maddə 12. İşəgötürənin əsas vəzifəsi əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır.
14. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
15. Maddə 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndi. İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə xitam verilir.
16. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
17. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi – iddia tələbinin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissələrində dəyişdirilərək, iddiaçıya məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi xx.xx.2021-ci il tarixdən hesablanmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iş materiallarında olan 1230 №-li əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixində Cavabdeh2 Nəqliyyat idarəsi 6 X7 Departamentinə 1 saylı avtomobil dəstəsi, avtomobil sürücüsü vəzifəsinə işə qəbul edilmişdir.
23. İş materiallarında olan Cavabdeh2 Nəqliyyat İdarəsinin 04 oktyabr 2021-ci il tarixli əmrdən görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək əmək məzuniyyəti verilmiş 6 X7 Departamentinin direktoru X5 vəzifə səlahiyyətləri məzuniyyətdə olduğu müddətdə baş mühəndis X1 həvalə edilmişdir.
24. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 1598/k nömrəli əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. (əmrin verilməsi üçün əsas qanuni qüvvəyə minmiş məhkəmə hökmü)
25. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-in 234.1- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ləyin olunmuş azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasan İddiaçı tutulduğu iki gün müddətin hər günü azadlığın məhdudlaşdırılmasına iki gününə bərabər hesablanmaqla üzərində 03 (üç) il 05 (beş) ay 26 (iyrirmi alı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.
26. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin Səbail rayon Məhkəməsinə ünvanladığı 10 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(071)-115/2021 nömrəli hökmü xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır.
27. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin İddiaçı ünvanladığı 28 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq xitam verilmişdir. 28.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq SOCAR-ın Nəqliyyat İdarəsi 6 X7 Departamentinin 06 oktyabr 2021-ci il tarixli, 1598/k saylı əmrinin (əmək müqaviləsinə xitam verilməsi tarixi-23 iyun 2021-ci il) Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməsi və İddiaçı 6 X7 Departamentinin Texnoloji Nəqliyyat sahəsinin 1 saylı avtomobil dəstəsi-avtomobil sürücüsü vəzifəsinə bərpa edilməsi qənaitinə gəlmişdir.
29. Belə ki, qanunvericiliyin tələblərinə əsasən işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə əmək müqaviləsinə xitam verilə bilər. Hazırki halda isə qanuni qüvvəyə minmiş hökmdən göründüyü kimi, əmək qanunvericiliyində nəzərədə tutulan əsas və əlavə cəzalardan hər hansı biri hökmlə iddiaçıya təyin edilməmişdir. Belə olan halda əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçının əmək müqaviləsinə qanunvericiliyin tələbləri (Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin tələbləri) pozulmaqla xitam verilmişdir. Yəni əmr düzgün əsasla verilməmişdir.
30. Kollegiya qətnamənin məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinin hesablanma tarixi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, qətnamə qeyd edilən hissədə dəyişdirilməlidir.
31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 22 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, lakin şübhəli şəxs qismində tutulma müddəti bitdikdən sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə buraxılmışdır. Belə olan halda onun həmin tarixdə işə getməməsi üçün hər hansı səbəb müəyyən edilməmişdir. Lakin həmin vaxtdan sonra işə getməmiş, bu hal cavabdehin nümayəndəsinin verdiyi izahatla da öz təsdiqni tapır. Belə olan halda məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi onun barəsində işəgötürən tərəfindən əmrin verildiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cavabeh qurum sözügedən əmrlə 23 iyun 2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini özündə ehtiva etsə də, həmin tarixlər arasında iddiaçının işə gəlməməsi ilə bağlı işəgötürənin hər hansı təqsiri olmamışdır.
32. Bundan başqa, cavabdeh tərəfin apellyasiya şikayətində iddiaçının iddia müddətini buraxaraq öz hüquqlarının pozulması bildiyi vaxtdan 1 ay keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etməsini bildirməsinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayətində bu halı vurğulasa da, iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsində belə bir ərizə verilməmişdir. Bu hal təsdiq edilmiş olsaydı belə, qanunvericiliyə əsasən iddia müddəti yalnız mübahisə tərəfinin (cavabdehin) məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilə bilərdi.
33. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi – iddia tələbinin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində dəyişdirilərək, iddiaçıya məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi xx.xx.2021-ci il tarixdən hesablanmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-192/2023 saylı qətnaməsi məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində dəyişdirilərək İddiaçı məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi xx.xx.2021-ci il tarixdən hesablansın. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.