Məhkəmə qərarları › İş №2(103)-4199/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4199/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4199/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Rasimə Hüseynovanın iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehin əməkdaşları tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən, iddiaçıya aid olan qeydiyyatsız tikilidə (abonent kodu: **********Q0006) elektrik enerjisindən istifadə ilə bağlı tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 028031 nömrəli akt etibarsız hesab olunsun, aktdan irəli gələn bütün hüquqi nəticələr ləğv edilsin, zərərin əvəzi kimi hesablanmış 1.594,95 manat borc silinsin. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, həmin akt etibarsız hesab olunsun, akta əsasən hesablanmış 1.591,26 manat borc silinsin, iddianın qalan hissəsi təmin edilməsin, ekspertiza tədqiqatının dəyəri olan 64 manat cavabdehdən tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Rasimə Hüseynova apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı məişət abonenti, cavabdeh isə enerjitəchizatı müəssisəsidir. Onların arasındakı mübahisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən, iddiaçıya aid olan qeydiyyatsız tikilidə (abonent kodu: **********Q0006) elektrik enerjisindən istifadə ilə ilə bağlıdır. Cavabehin əməkdaşları həmin ünvan üzrə xx.xx.2022-ci il tarixli NDM 028031 nömrəli akt tərtib ediblər. Aktda qeyd olunub ki, sayğaca baxış keçirilərkən məlum oldu ki, sayğacın giriş xətləri fərdi yaşayış evinin çöl divarındakı ağlay daşın daxilindən keçirilərək elektrik sayğacına daxil olur. Belə ki, ağlay daşın alt hissəsindən giriş bir faza xəttindən və “0” xəttindən kənar xətt götürülərək kənar xətdən istifadə olunur. İddiaçı bildirir ki, ağlay daşın altından elektrik xətti keçsə də, bu xətt sayğacdankənar çəkilməyib, evdə sayğacdankənar xətt mövcud olmayıb. Elektrik şəbəkəsinə sayğacdankənar qoşulmanın olub-olmadığının müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində icraat zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-trasoloji ekspertizası keçirilmişdir. Həmin Mərkəzin verdiyi xx.xx.2023-cü il tarixli 3/05 nömrəli ekspert rəyinə görə, tədqiqata təqdim edilən elektrik sayğacının və naqilin üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Rəydə daha sonra qeyd olunub ki, elektrik sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Ekspert rəyi kifayət qədər əsaslandırılıb, təkrar və ya əlavə ekspertiza keçirilməsi üçün əsas yoxdur. Göründüyü kimi, elektrik enerjisindən istifadə qaydalarının pozulduğu, yəni elektrik enerjisindən sayğacdankənar istifadə edildiyi müəyyən olunmur. Ona görə də məhkəmə Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın və Mülki Məcəllənin 14-cü maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar