Məhkəmə qərarları › İş №2(103)-4202/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4202/2022

08.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4202/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, onun 4 övladı ilə birlikdə cavabdehlərin yaşadıqları Xəzər rayonu Buzovna qəsəbəsi sahə 2-1644 saylı torpaq sahəsində olan evə köçürülmələri, evin üç ayrıca otağına yerləşdirilmələrinə, bu üç otağın və onlardan sərbəst istifadə üçün həyətyanı torpaq sahəsinin ayrılması və naturada bölünməsi, cavabdehlərlə aralarında daş hasarın çəkilməsi və küçəyə ayrıca çıxışın açılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə, iş № 2(003)-173/22) iddia qismən təmin edilərək iddiaçının azyaşlı uşaqları ilə birlikdə cavabdehlərin yaşadıqları Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 2-1644 torpaq sahəsində yerləşən evə (tikiliyə) köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1la 04 noyabr 2013-cü il tarixdə nikaha daxil olub ailə qurmuş, mübahisəli evə gəlin köçmüşdür. Birgə nikahlarından 4 övladları olmuşdur. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar onunla saxlanılmış və cavabdehdən uşaqların saxlanması üçün bütün qazancının yarısı miqdarında aliment tutulub ona ödənilməsi qət olunmuşdur. Bir müddət birgə yaşadıqdan sonra Ramilin və onun valideyinlərinin ona qarşı münasibəti pisləşmiş, döymüş və söyüb təhqir etmiş, evdən qovmuşlar. Uşaqlarını zorla ondan almışlar. Bu barədə polisə məlumat vermiş və Xəzər rayonunun 2 saylı Polis Bölməsində araşdırma aparılmışdır. Araşdırma zamanı döyülməyi öz təsdiqini tapmış və uşaqları ona qaytarılmışdır. Lerik rayonunun Rəzqov kəndində yaşayan anası ilə birlikdə yaşayan qardaşının evinə sığınmışdır. Evdə normal şərait yoxdur və ev çox kiçikdir, dağ kəndidir, yaşayış çətindir və burada uşaqlarının normal böyüməsi və təhsili üçün heç bir şarait yoxdur. Uşaqlar Binə qəsəbəsində anadan olduqlarına görə oranın şəraitinə öyrəşmişlər. Mübahisəli ev onun və övladlarının daimi yaşayış yeridir. Bu evin heç bir sənədi yoxdur və ev özbaşına tikilidir. 8 ildən çoxdur ki, bu evdə yaşayır, bura daimi yaşayış yeriləridir, bütün cehiz əmlakı bu evdədir, onun və övladlarının bu evdən başqa yaşayış yerləri yoxdur. Birinci instansiya məhkəməsində cavabdehlər iddiaçının uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsinə etiraz etməmiş, iddianı digər hissələrdə qəbul etməmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ayrıca otaqlar və çıxış ayrılmadan evdə yaşamaqları mümkün deyildir. Lakin məhkəmə bu halları nəzərə almayıb. Torpaq sahəsindən istifadə etməsi təmin olunmayacağı təqdirdə mübahisəli evdə yaşamağı da mümkün deyildir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirilmişdir. Qətnamədən cavabdehlər şikayət verməmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmayan hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçınıın nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 04.11.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra iddiaçı mübahisəli evə gəlin köçmüş və daimi olaraq orada yaşamışdır. Həmin nikahdan 4 uşaqları olmuşdur: 10 may 2014-cü il təvəllüdlü Sadıq, 08 iyun 2015-ci il təvəllüdlü Zakir, 12 dekabr 2016-cı il təvəllüdlü Amin və 03 noyabr 2018-cu il təvəllüdlü Zamin. Uşaqlar həmin evdə doğulmuşdur. Nikah Şərur Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra uşaqlar ananın yanında saxlanılmış və uşaqların saxlanılması üçün Cavabdeh1 qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulmuşdur. Ailə mübahisəsi ilə əlaqədar iddiaçı mübahisəli evi tərk etmiş, keçmiş qaynatası X1 barəsində polisə şikayət etmiş, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin 30.01.2021-ci il tarixli qərarı ilə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi 0,12 ha-dan ibarət olmaqla Cavabdeh2 mülkiyyətindədir. Mübahisəli ev isə rəsmi reyestrdə qeydiyyata alınmamışdır, özbaşına tikilidir. İddiaçının tələbi uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi və evin üç ayrıca otağına yerləşdirilmələrinə, bu üç otağın və onlardan sərbəst istifadə üçün həyətyanı torpaq sahəsinin ayrılması və naturada bölünməsi, cavabdehlərlə aralarında daş hasarın çəkilməsi və küçəyə ayrıca çıxışın açılması barədədir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin olunaraq iddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə evə köçürülmüş, qalan hissədə iddia təmin olunmamışdır. Məhkəmə iddianı evə köçürülmə hissəsində təmin edərkən cavabdehlərin iddiaçının uşaqlarla birlikdə evə köçürülməsinə etiraz etmədiklərini nəzərə almışdır. İddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində, yəni evin üç ayrıca otağına yerləşdirilmələrinə, bu üç otağın və onlardan sərbəst istifadə üçün həyətyanı torpaq sahəsinin ayrılması və naturada bölünməsi, cavabdehlərlə aralarında daş hasarın çəkilməsi və küçəyə ayrıca çıxışın açılması hissəsində mübahisələndirir. Hazırda apellyasiya baxışının predmeti iddianın təmin olunmayan hissəsidir. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli evə (tikiliyə) və həmin evin yerləşdiyi torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçı köçürülmək istədiyi evin üç ayrıca otağına yerləşdirilməsi, bu üç otağın və onlardan sərbəst istifadə üçün həyətyanı torpaq sahəsinin ayrılması və naturada bölünməsi, cavabdehlərlə aralarında daş hasarın çəkilməsi və küçəyə ayrıca çıxışın açılması tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməlidir. Belə ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən həmin evə dair mülkiyyət hüququ məhkəmə tərəfindən Cavabdeh2 üçün tanına bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (maddə 178.1). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180). Sadalanan maddi hüquq normalarının mənasına görə özbaşına tikiliyə hər hansı şəxsin mülkiyyət hüququ, o cümlədən istifadə və sərəncam hüquqları yarana bilməz, belə tikililər daşınmaz əmlak kimi alqı-satqının və özgəninkiləşdirmənin, habelə bölgünün predmeti ola bilməz. Halbuki baxılan iş üzrə iddiaçı özbaşına tikiliyə istifadə qaydalarının müəyyən edilməsini, özünə məxsus hissənin naturada ayrılmasını xahiş edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar