Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4203/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh «xxxx» Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(009)-243/2021 saylı qətnaməsindən cavabdeh «xxxx» Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş hüquqlarının bərpası, ona təqdim edilmiş mənzilin dəyişdirilməsi, bu mümkün olmadıqda isə mənzilin hazırki bazar qiyməti dəyərində, yəni 180000 manat məbləğində kompensasiya məbləğinin «xxxx» MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03 dekabr 2020-ci il tarixdə İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, pozulmuş hüquqlarının bərpası, ona təqdim edilmiş mənzilin dəyişdirilərək ona 64,32 kv.metr sahəsi olan mənzil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tələblərini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Cavabdeh “xxxx” MTK tərəfindən ona məxsus olan mənzil sökülərək onunla MTK arasında 24.01.2017-ci il tarixli 26 №-li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kooperativ onun təhvil verdiyi və Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 27, mənzil 30 ünvanında yerləşən 53.6 kv.metr mənzilin əvəzində tikiləcək yaşayış kompleksində ona 56.52 kv.metr olan tam təmirli mənzil verməlidir. Halbuki ona verilməli olan mənzilin sahəsi 64,23 kv.metr olmalı idi. Lakin müqavilədən kənar olaraq ona kooperativdən vəd edilmişdi ki, ona 3 otaqlı, tam təmirli, onun mənzilinin yerləşdiyi yerdə və mərtəbədə, yəni 5-ci mərtəbədə və dəniz panoramalı mənzil veriləcək və bundan əlavə kompleksin yeraltı avtodayanacağında ona avtomobil üçün yer verilməli idi. Hətta kooperativin nümayəndələri ona verdikləri vədləri kooperativin sədri də, təsdiqləyərək nə vəd edilirsə hamısının yerinə yetiriləcəyəni bildirdi. O, isə, onların sözlərinə inandığı üçün müqaviləni imzaladı və heç bir etiraz etmədi. Lakin tikinti başa çatdıqdan sonra mənzil ona təhvil verilərkən, mənzilin vəd edilənlərin tam əksi olduğunu, aşağı mərtəbədə, keyfiyyətsiz təmirli və ən önəmlisi isə mənzil sahəsinin qanunlara uyğun olmadığını gördü. Dəfələrlə kooperativin baş ofisinə problemin həlli ilə bağlı müraciət etsə də, müraciətlərinə baxan olmamışdır. Ona görə də, iddia tələbinin təmin edilməsi, ona təqdim edilmiş mənzilin dəyişdirilərək cavabdeh tərəfindən ona 64,32 kv.metr sahəsi olan mənzil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(009)-243/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə cavabdeh «xxxx» MTK arasında bağlanmış 24.01.2017-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 27 saylı evdə sahəsi 56,52 kv.m olan mənzillə təmin edilməsinin cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinə tapşırılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apelyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 02 avqust 2016-cı il tarixli,257\1-ə saylı ekspert rəyi ilə həmin banadakı mənzillərin hər kv.metrinin bazar dəyəri 800 manat müəyyən edilmişdir. Buna baxmayaraq istismar müddəti keçmiş, qəzalı, köhnə mənzil əvəzinə iddiaçıya hər kv.metrinin dəyəri təxminən 3 dəfə artıq olan yeni, təmirli, yardımçı sahə ilə birlikdə, əvəzləşdirmə müqaviləsində göstərilən 56.52 kv metrdəndə artıq, sahəsi 59.4 kv.metr olan abad mənzil verilmişdir. Əvəzləşdirmə müqaviləsi yazılarkən və imzalanarkən iddiaçıya heç bir təzyiq göstərilməmiş, əlavə vəd verilməmiş, ona izah edilmişdir ki, MTK-nin təsdiq olunmuş layihələrində yardımçı sahələrlə birlikdə olan ölçülər nəzərə alınır və əsas götürülür. Respublika üzrə bu qayda tətbiq olunur. Layihə-smeta sənədlərində Reestr xidmətinin gələcəkdə əsas götürəcəyi meyarlarla deyil material sərf olunan işin ölçüləri əsas götürülür. Bunun məhkəməyə təqdim edilməsini arayış da təstiq edir. Reyestr xidməti isə Şəhərsalma məcəlləsinə əsaslanaraq yardımçı sahələri, balkonu nəzərə almır. İddiaçı yuxarıda göstərdikləri bu fikirlərlə razılaşmış, sahəsi 59.4 kv.metr olan mənzildə balkon qarışıq ölçülərək ona təhfil verilmiş, çox da razı qalmışdır. Bunu sənədlərə öz xətti ilə etdiyi düzəlişlər də təsdiq edir. Məhkəmədə onu da bildirmişlər ki, MTK dövlət təşkilatı deyil. Balkon və digər yardımçı sahələrə material işlədir, inşaasına, işçi qüvvəsinə, materiala pul xərcləyir. Təhvil verilən mənzil əvəzləşdirmə müqaviləsinə artıqlaması ilə əməl edilməsini təstiq edir. Məhkəməyə müraciət edilənə kimi ötən 3 il 10 aydan artıq müddətində tərəflər müqaviləni mübahisələndirməmişlər. Nə qədər ki, 12 saylı mənzilə iddiaçının mülkiyyət hüququ ləğv edilməyib və müqavilələr qüvvəsindədir iddia tələbi təmin edilə bilməzdi. Cavabdeh «xxxx» Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(009)-243/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı oglu apelyasiya şikayətinə etiraz təqdim edərək, etirazın dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(009)-243/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəyə görə cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl olunmayaraq, iddiaçıya müqavilədə şərtləşdirilmiş ölçüdə deyil, daha az ölçüdə mənzil təhvil verildiyindən, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mənzil üzrə tərtib edilmiş 25.03.2019-cu il tarixli texniki pasportda mənzilin ümumi sahəsi 54,9 kv.m təşkil edir. Mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən 11.03.2019-cu il tarixli ********** saylı çıxarışda isə mənzilin ümumi sahəsi 52,8 kv.m göstərilmişdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 425.1, 385.1, 389.1 və 442-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və maddi hüquq normalarının tələblərini səhv təfsir etmişdir ki, bu da qətnamənin ləğvi üçün əsas yaratmışdır. (MPM-nin 384, 385, 386, 387, 390-cı maddələri) Belə ki, iş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, 20.08.2016-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 27 saylı evin, ümumi sahəsi 53,6 kv.m. 30 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxx” Mənzil Tikin Koperativi (“Kooperativ”) ilə İddiaçı (“Mülkiyyətçi”) arasında bağlanmış 26 saylı, 24 yanvar 2017-ci il tarixli müqavilədən görünür ki, “Kooperativ” Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 42 nömrəli, 28 mart 2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 01/02006 saylı, 29.02.2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 27 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni “Park Bayıl” yaşayış kompleksinin tikintisini həyata keçirir. “Mülkiyyətçi” mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 27 ünvanında yerləşən, ümumi sahəsi 53.6 kv.metr, İddiaçı məxsus 30 saylı mənzili yaşayış kompleksinin tikintisi məqsədilə “Kooperativ”ə təhvil verir. “Kooperativ” isə həmin mənzilin əvəzində həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 56.52 kv.metr olan, 3-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqdan ibarət, təmirli 1F №-li mənzili “Mülkiyyətçi”-yə təhvil verir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, 11.03.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, ev 27, giriş-2, ümumi sahəsi 52,8 kv.m. olan 12 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxx” MTK (“Kooperativ”) ilə İddiaçı (“Mülkiyyətçi”) arasında tərtib olunmuş 16 iyul 2019-cu il tarixli Təhvil-Təslim Aktından görünür ki, “Kooperativ” ilə “Mülkiyyətçi” arasında bağlanmış 24 yanvar 2017-ci il tarixli, 26 nömrəli “Əvəzləşdirmə Müqaviləsi”nə əsasən “Kooperativ” Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 27 ünvanında yerləşən “Park Bayıl” çoxmərtəbəli yaşayış kompleksində 2-ci Giriş, 3-cü mərtəbə, ümumi brut sahəsi 59,4 kv.m olan 1 (bir) otaqdan ibarət 12 nömrəli təmirli mənzili həmin müqavilədə nəzərdə tutulmuş öhdəliklərini icra edərək, “Mülkiyyətçi”nin sahibliyinə təhvil verdi, “Mülkiyyətçi” isə mənzilə dair heç bir iddiası (tələbi, etirazı, narazılığı) olmadan təhvil aldı. Təhvil-təslim zamanı “Mülkiyyətçi” mənzilə aid Çıxarışın əslini, Texniki pasportun əslini və mənzilin açarlarını almışdır. Aktın doğruluğunu “Kooperativ”in sədri E.T.Cəfərov və “Mülkiyyətçi” İddiaçı imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan notariat kontoruna təqdim edilməsi üçün verilmiş “xxxx” MTKnın 03 iyul 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı məxsus olan X2 küçəsi 27 ünvanında 30 saylı mənzilin əvəzinə 24.01.2017-ci il tarixli 26 nömrəli Əvəzləşmə müqaviləsinə əsasən söküntü işləri ilə əlaqədar olaraq yeni qaydalara əsasən “xxxx” MTKnın tərəfindən inşa etdiyi çoxmərtəbəli binanın 2-ci girişin, 3-cü mərtəbəsində yerləşən 12 №-li mənzil ona verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 02 avqust 2016-cı il tarixli, 257/1-Ə saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 27, mənzil 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binada daşınmaz əmlakın 1 (bir) kv.metrinin bazar qiyməti 800 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016cı il tarixli, 086 №-li qərarından görünür ki, Bakı şəhərinin Səbail rayon və digər rayon İcra Hakimiyyətlərinə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Kollegiya qeyd edilən işdə olan sübutlarla müəyyən etdi ki, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 27 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsü və bu sahədə yeni “Park Bayıl” yaşayış kompleksinin tikintisi ilə əlaqədar “xxxx” Mənzil Tikin Koperativi ilə İddiaçı arasında bağlanmış 26 saylı, 24 yanvar 2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, 27 ünvanında yerləşən, ümumi sahəsi 53.6 kv.metr olan 30 saylı mənzilini yaşayış kompleksinin tikintisi məqsədilə MTK-ya təhvil verməyi, MTK isə həmin mənzilin əvəzində həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 56.52 kv.metr olan, 3-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqdan ibarət, təmirli 1F №-li mənzili İddiaçı təhvil verməy öhdəliyini üzərinə götürmüşdür. Yuxarıda qeyd edilən sübutlarla həmçinin müəyyən edildi ki, cavabdeh öhdəliyi yerinə yetirərək, müqavilədə şərtləşdirilmiş mənzili müəyyən edilmiş müddətdə tikib başa çatdıraraq, istismara hazır vəziyyətdə tərəflər arasında tərtib edilmiş 16 iyul 2019-cu il tarixli aktla iddiaçıya təhvil vermişdir. Həmçinin həmin aktla müəyyən olunur ki, iddiaçı ona verilmiş mənzilin çıxarışını və texniki pasportunu da qəbul etmiş və həmin vaxt cavabdehə qarşı hər hansı bir iradı, tələbi, narazılığı olduğunu bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisənin həllinə tətbiq edən kollegiya hesab edir ki, cavabdeh öhdəliyini vaxtında icra edərək, müqavilədə nəzərdə tutulan mənzili vaxtında istismara yararlı vəziyyətdə cavabdehə bütün hüquqmüəyyənedici sənədlərlə birlikdə aktla təhvil vermiş, iddiaçı həmin mənzili qəbul etmiş və cavabdehə qarşı hər hansı bir iradı olmamış, narazılıq bildirməmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdeh öhdəliyini yerinə yetirmişdir. Kollegiya hesab edir ki, iddiaçının iddia tələbində cavabdehlə müqavilədən kənar şifahi razılaşmaları olması isə ona 64,32 kv.m sahəsi olan mənzil verilməli olması və bu səbəbdən də mənzilin 64,32 kv.m sahəsi olan mənzilə dəyişdirilməsi barədə dəlilləri hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən, əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh bu barədə öz izahatından başqa hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya həmçinin iddiaçının ona verilən mənzilin hüquqmüəyyənedici sənədlərdə sahəsinin müqavilədə nəzərdə tutulan mənzil sahəsindən az olması, bu səbəbdən də müqavilə öhdəliyinin pozulması barədə dəlili ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh verdiyi apelyasiya şikayətində iddiaçının həmin dəlili ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 02 avqust 2016-cı il tarixli,257\1-ə saylı ekspert rəyi ilə həmin banadakı mənzillərin hər kv.metrinin bazar dəyəri 800 manat müəyyən edilmişdir. Buna baxmayaraq istismar müddəti keçmiş, qəzalı, köhnə mənzil əvəzinə iddiaçıya hər kv.metrinin dəyəri təxminən 3 dəfə artıq olan yeni, təmirli, yardımçı sahə ilə birlikdə, əvəzləşdirmə müqaviləsində göstərilən 56.52 kv metrdəndə artıq, sahəsi 59.4 kv.metr olan abad mənzil verilmişdir. Əvəzləşdirmə müqaviləsi yazılarkən və imzalanarkən iddiaçıya heç bir təzyiq göstərilməmiş, əlavə vəd verilməmiş, ona izah edilmişdir ki, MTK-nin təsdiq olunmuş layihələrində yardımçı sahələrlə birlikdə olan ölçülər nəzərə alınır və əsas götürülür. Respublika üzrə bu qayda tətbiq olunur. Layihə-smeta sənədlərində Reestr xidmətinin gələcəkdə əsas götürəcəyi meyarlarla deyil material sərf olunan işin ölçüləri əsas götürülür. Bunun məhkəməyə təqdim edilməsini arayış da təstiq edir. Reestr xidməti isə Şəhərsalma məcəlləsinə əsaslanaraq yardımçı sahələri, balkonu nəzərə almır. İddiaçı yuxarıda göstərdikləri bu fikirlərlə razılaşmış, sahəsi 59.4 kv.metr olan mənzildə balkon qarışıq ölçülərək ona təhfil verilmiş, çox da razı qalmışdır. Bunu sənədlərə öz xətti ilə etdiyi düzəlişlər də təsdiq edir. Məhkəmədə onu da bildirmişlər ki, MTK dövlət təşkilatı deyil. Balkon və digər yardımçı sahələrə material işlədir, inşaasına, işçi qüvvəsinə, materiala pul xərcləyir. Təhvil verilən mənzil əvəzləşdirmə müqaviləsinə artıqlaması ilə əməl edilməsini təstiq edir. Məhkəməyə müraciət edilənə kimi ötən 3 il 10 aydan artıq müddətində tərəflər müqaviləni mübahisələndirməmişlər. Nə qədər ki, 12 saylı mənzilə iddiaçının mülkiyyət hüququ ləğv edilməyib və müqavilələr qüvvəsindədir iddia tələbi təmin edilə bilməzdi. Kollegiya apelyasiya şikayətinin qeyd edilən dəlillərini, apelyatorun apelyasiya məhkəməsində verdiyi eyni məzmunlu izahatlarını qiymətləndirib, həmin dəlilləri əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Qeyd edilən prosessual normaların məzmununa uyğun olaraq kollegiya cavabdehin izahatını sübut kimi qəbul edir və hesab edir ki, iddiaçının hazırki iddia tələbinin təmin edilməsinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh «xxxx» Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(009)-243/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh «xxxx» Mənzil-Tikinti Kooperativinə qarşı pozulmuş hüquqlarının bərpası, ona təqdim edilmiş mənzilin dəyişdirilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4203/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4203/2021
18.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver