Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4205/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(011)-3298/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də pərakəndə satış departamentində “satıcı (meyvə-tərəvəz)” vəzifəsində işə qəbul edilmişdir.
2. 08 dekabr 2023-cü il tarixli 4647K saylı əmrə əsasən cavabdeh təşkilatda pərakəndə satış departamentində “satıcı (meyvə-tərəvəz)” vəzifəsində çalışan İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə (əmək funksiyasını pozduğuna görə əvvəllər İşəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) uyğun olaraq, Əmək Məcəlləsinin 71.2-ci maddəsi (işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması) səbəbindən xitam verilmişdir. Xitamın əsası olaraq işçinin rəhbərinin xidməti məlumatı, HİK-nin yığıncağına təqdimat, HİKnin yığıncağının protokolu və qərarı, HİK-nin tərtib etdiyi akt göstərilmişdir.
3. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 08 dekabr 2023-cü il tarixli məktubda cavabdeh təşkilat iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə 08 dekabr 2023cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən halda əmək vəzifələrini kobud şəkildə pozduğu üçün) xitam verildiyini bildirmiş və əmək kitabçasını təhvil almaq üçün iddiaçını təşkilatın baş ofisinə dəvət etmişdir.
4. İddiaçı hüquqlarının pozulması ilə əlaqədar X2 Xidməti Bakı şəhər idarəsinə müraciətlər ünvanlamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağına dair Cavabdeh MMC-nin 08 dekabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh MMC-nin Tovuz filialında satıcı vəzifəsində işləyir və onunla bağlanmış müqavilənin müddətinin bitməsinə iki ildən artıq müddət vardır. Mağazanın müdir köməkçisi Cavid Qasımov adlı şəxs onunla şəxsi qərəzlik apararaq, ona işləməyə imkan verməmiş və 08 dekabr 2023-cü il tarixdə onun təşəbbüsü ilə işdən çıxarılmışdır. İşdən çıxarılmağı barədə əmr və əmək kitabçası ona verilməmişdir, əmək kitabçasının verilməsi üçün onu Bakı şəhərinə baş ofisə dəvət etmişlər. Hesab edir ki, işdən çıxarılmağı barədə əmr tamamən qanunsuz verilmiş, işəgötürən tərəfindən heç bir əsas olmadan onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, işdən çıxarılma səbəbi ona izah edilməmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3298/2024 nömrəli 08 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbi təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 08 dekabr 2023-cü il tarixli 4647 K saylı əmrin ləğv edilməsi və İddiaçı Cavabdeh MMC-də tutduğu pərakəndə satış departamentində “satıcı (meyvə-tərəvəz)” vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən məcburi buraxılmış iş günləri üçün əmək haqqı hesablanıb İddiaçı ödənilməsi, Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən azad edilməsi prosesində əmək qanunvericiliyinin təsbit etdiyi müddəalara hərfi mənada riayət edilməmişdir. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün yuxarıda istinad edilən 3 vacib şərtin mövcudluğu yoxlanılmamış, əmr kifayət qədər əsaslandırılmamışdır. Cavabdeh təşkilat iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 08 dekabr 2023-cü il tarixli 4647 K saylı əmrdə iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasını, öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını müqaviləyə xitam verilməsinin səbəbləri olaraq qeyd etsə də, bu pozuntunun araşdırılması zamanı iddiaçıdan izahatın alınması, araşdırılmanın nəticəsi, pozuntunun nədən ibarət olması və əmrdə istinad olunan işəgötürən tərəfindən işçiyə verilmiş intizam tənbehinin nədən ibarət olması və buna dəlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarında mövcud olan əmək müqaviləsinə xitam verilməsi barədə 08 dekabr 2023-cü il tarixli 4647 K saylı əmrdə əmrin əsası olaraq “İşçinin rəhbərinin xidməti məlumatı, HİK-nin yığıncağına təqdimat, HİK-nin yığıncağının protokolu və qərarı, HİK-nin tərtib etdiyi akt” qeyd edilsə də, iş materiallarında həmkarlar ittifaqı təşkilatının rəyinin alınmasına, yığıncağın təşkil edilməsinə, buna dair protokolun mövcud olmasına dəlalət edən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı həmkarlar ittifaqı təşkilatı tərəfindən ona hər hansı məlumatın verilmədiyini və ittifaqın hər hansı iclasına dəvət edilmədiyini bildirmişdir. Əlavə olaraq, məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf heç bir məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəfindən verilmiş sorğuda iddiaçıya məxsus əmək kitabçası və şəxsi işi tələb edilsə də, cavabdeh həmin sənədləri məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 35, Əmək Məcəlləsinin 3.8, 68.2, 70, 71.2, 71.3, 80, 83.2, 87.5, 154, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 124.1-ci maddələrinə, “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyasına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, mediatorun seçilməsi məsələsində cavabdehin hüquqları pozulmuşdur. Belə ki, MMC tərəfindən iddiaçının mediasiya prosesinin tətbiqi barədə təklifinə cavab olaraq Cavabdeh MMC-nin hüquqi ünvanının Bakı şəhəri, Xətai rayonunda olduğu üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Xətai rayonu ərazisində yerləşən Mediasiya təşkilatlarından birinə müraciət edilməli olduğu bildirilmişdir. Lakin iddiaçı bu məsələ barədə cavablarını diqqətə almamış, Mediasiya sessiyasına düzgün əməl etmədən, Tovuz 1 saylı mediasiya təşkilatından ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə formal arayış almaqla məhkəməyə müraciət etmişdir. İddia tələbində iddiaçının məhkəmədən etdiyi xahişin nədən ibarət olması, tələbi konrekt olaraq faktlarla və sübutlarla əsaslandırılmamasına baxmayaraq, hakim özbaşına olaraq iş materiallarından kənara çıxaraq iddia tələbini təmin etmişdir. İddiaçı iddia tələbində əmrin etibarsızlığını tələb etmiş, iş üzrə çıxarılan qətnamədə etibarsız əqdlər, əmrin etibarsızlığı ilə bağlı bir qeyd belə yoxdur. Cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra əsaslandırılmış etirazını 20 gün müddətində məhkəməyə təqdim edə bilər. İddia ərizəsinin surətinin təqdim edilməməsini, elektron sistemdə isə bir səhifəlik ərizənin olduğunu nəzərə alaraq, əsaslandırılmış etirazın məhkəməyə təqdim edilməsininn mümkün olmaması səbəbindən cavabdehin etiraz etmə hüququ pozulmuşdur. Etirazda iddia ərizəsinin Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun formada hazırlanmadığını və məhkəmənin göndərdiyi sorğuya cavab olaraq sənədlər göndərilsə də, Məhkəmə qətnaməsində bu halların əksi göstərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. İddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
15. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
16. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
17. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
18. Maddə 80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
19. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
20. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Göründüyü kimi işəgötürənin xx.xx.2023-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə (əmək funksiyasını pozduğuna görə əvvəllər İşəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) uyğun olaraq, Əmək Məcəlləsinin 71.2-ci maddəsi (işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması) səbəbindən xitam verilmişdir. Xitamın əsası olaraq işçinin rəhbərinin xidməti məlumatı, HİK-nin yığıncağına təqdimat, HİKnin yığıncağının protokolu və qərarı, HİK-nin tərtib etdiyi akt göstərilmişdir.
30. Lakin iş materiallarında əmrin verilməsinə əsas olan sənədlər - işçinin rəhbərinin xidməti məlumatı, HİK-nin yığıncağına təqdimat, HİK-nin yığıncağının protokolu və qərarı, HİK-nin tərtib etdiyi akt mövcud olmadığından birinci instansiya məhkəməsi iddiaçıya məxsus əmək kitabçasının və şəxsi işinin məhkəməyə təqdim edilməsinə dair cavabdeh təşkilata sorğu ünvanlamış, lakin həmin sənədlər cavabdeh tərəfindən təqdim edilməmişdir.
31. Qanunvericiliyin tələbinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndlərində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam verdikdə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almalıdır.
32. Belə olan halda baxılan iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin göstərilən tələbinə riayət edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Çünki bununla bağlı sənədlər nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim edilməmiş, apellyasiya şikayətində qeyd edilmişdir ki, etirazda məhkəmənin göndərdiyi sorğuya cavab olaraq sənədlər göndərilsə də, Məhkəmə qətnaməsində bu halların əksi göstərilmişdir. Lakin iş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən verilmiş etiraza sorğuda tələb edilən sənədlər əlavə edilməmişdir.
33. Digər tərəfdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasını, öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını müqaviləyə xitam verilməsinin səbəbləri olaraq qeyd etsə də, bu pozuntunun araşdırılması zamanı iddiaçıdan izahatın alınması, araşdırılmanın nəticəsi, pozuntunun nədən ibarət olması və əmrdə istinad olunan işəgötürən tərəfindən işçiyə verilmiş intizam tənbehinin nədən ibarət olması və buna dəlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
34. Beləliklə məhkəmə haqlı olaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olduğu qənaətinə gəlmişdir.
35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
36. Apellyasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3298/2024 nömrəli iş üzrə 08 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.