Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4206/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Böyükağa oğlunun Cavabdeh Böyükağa qızına qarşı “daşınmaz əmlakın inşa edilməsi faktının müəyyən edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 mart 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “daşınmaz əmlakın inşa edilməsi faktının müəyyən edilməsi və sair tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 28.10.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 03.03.2021-ci il tarixli qərardad ilə apellyasiya şikayətini qaytarmışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 29.03.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və 28.10.2020-ci il tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qəbulu məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayətini, prosessual müddətinin buraxılması əsası ilə qaytaran Rayon Məhkəməsi o hala əsaslanmışdır ki, iş üzrə 28.10.2020-ci il tarixdə qəbul olunmuş və iddiaçının rəsmi yaşayış yeri üzrə ünvanına göndərilmiş qətnamə 03.12.2020-ci il tarixdə onun tərəfindən alınmışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 134.1-ci maddəsinin mənasına görə, məhkəmə, məhkəmə sənədlərini, o cümlədən məhkəmə aktlarını (qərarlarını) işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. MPM-nin 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-nin 135.3-ci maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə qeyd edir ki, iş üzrə 28.10.2020-ci il tarixdə qəbul olunmuş və iddiaçının ünvanına göndərilmiş qətnamənin 03.12.2020-cı il tarixdə “Abasov” soyadlı şəxsə verilməsi (iş v. 47) qətnamənin iddiaçıya çatdırılması kimi qəbul edilə bilməz. Çünki, “Abasov” soyadlı şəxsin adı, ata adı, onun iddiaçıya münasibətdə kim olması bəlli deyil. Göstərilənlərə əsasən hesab edilməlidir ki, iş üzrə qəbul edilmiş qətnamənin iddiaçıya çatdırılmasını təsdiq edə biləcək sənəd işdə yoxdur. Belə olan halda iddiaçının həmin qətnamənin ona çatdırılmamasını sübut etməyə borclu deyil, bu vəzifə qətnaməni post vasitəsi ilə göndərmiş Rayon Məhkəməsinin üzərinə düşür. Lakin Rayon Məhkəməsi bu məsələni araşdırmamışdır. Odur ki, göstərilənlərə və MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq Məhkəmə MPM-nin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Böyükağa oğlunun şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin və İddiaçı Böyükağa oğlunun verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4206/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4206/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver