Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4207/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-379/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, məhəllə 2347/48 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 2 otaqlı, 107,9 kv.m. olan 172- saylı mənzilin (bundan sonra - Mənzil) təmirinə xərclədiyi 44000 manat pulun cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2015-ci ildə “xxxxxxxxxx” MMC ilə iddiaçı arasında Xocalı küçəsi 2347/48 məhəllədə yerləşən çoxmərtəbəli binanın 172 saylı mənzilinə dair mənzil-tikintisi barədə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə görə sahəsi 107,9 kv. metr olan mənzilin dəyəri 77.000 manat müəyyən olunmuş, payçı müqavilə üzrə həmin məbləği müqavilə bağlandığı gündən 5 gün müddətində qabaqcadan ödəməyi, “xxxxxxxxxx” MMC isə mənzili payçıya təhvil verməyi, payçı isə mənzili təhvil almağı öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq tərəflər arasında müqavilə öhdəlikləri yerinə yetirilməklə, iddiaçı xx xxxxxx 2015-ci ildə Mənzilin dəyərini, 77.000 manatı tam ödəməklə təmirsiz təhvil almış, cəmiyyətə heç bir borcu qalmamışdır. Mənzil sahibi kimi də elektrik, su və qaz sayqaclarının qurlaşdırılması üçün 1300 manat məbləğində əlavə vəsait ödənmişdir. Arayış “xxxxxxxxxx” MMC-nin direktoru A.Həsənov tərəfindən möhürlə təsdiq olunmuşdur. Mənzili təhvil aldıqdan sonra öz vəsaiti hesabına mənzil təmir olunmuş və 44 000 (qırx dörd min) manat məbləğində təmirə vəsait sərf olunmuş, 2015-ci ildə mənzilə köçərək ailəsi ilə birlikdə orada yaşayırlar. Mənzilə də pasport qeydiyyatına düşmüş, hazırki vəziyyətdə də yaşayış yeri həmin mənzilin yerləşdiyi ünvandır. xx.xx.2016-cı ildə Cavabdehlər “xxxxxxxxxxxxx” MTK-ya, “xxxxxxxxxx” MMC-yə, İddiaçı və qeyrilərinə qarşı iddia qaldıraraq “xxxxxxxxxx” MMC ilə onun arasında bağlanılmış Mənzilin alqı-satqısına dair xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız sayılması, onun ailəsi ilə birlikdə həmin mənzildən çıxarılmasına dair məhkəmə qərarının qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə ilk iddia – Cavabdeh iddiası təmin olunmuş, “xxxxxxxxxx” MMC ilə onun arasında bağlanılmış Mənzilə dair xx xxxxxx 2015-ci il tarixli müqavilə etibarsız sayılmış, İddiaçı həmin mənzildən ailəsi ilə birlikdə çıxarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi onun tərəfindən verilmiş apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyidirmədən öz qüvvəsində saxlamışdır. Qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(102)-4857/2017 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qeyd olunan qətnaməsini ləğv etmiş, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10282/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)10894/2017 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, “xxxxxxxxxx” MMC-dən 77.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hazırki mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-379/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, təmir xərclərinə görə 31205 (otuz bir min iki yüz beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin qismən təmin edilərək ondan iddiaçının xeyrinə 24000 manat tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə ondan tutulacaq pulu hesablayarkən iddiaçının mənzil təmir olunandan indiki dövrədək həmin mənzildə yaşadığını, təmirin keyfiyyətinin aşağı düşməsini, köhnəlmə əmsalının reallığa uyğun olmamasını nəzərə almamışdır. O, iddia tələbini 24 000 manat hissəsində qəbul edir, həmçinin qeyd edir ki, iddiaçı mənzilin təmirinə həmin məbləğdən daha çox xərclədiyi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələblərini nəzərə almaqla, gəlməyən proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırkı apellyasiya baxışı iddianın qismən təmin edilərək cavabdehdən 31205 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi üzrə qətnamənin qanuniliyini və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçı ümumiyyətlə qətnaməni mübahisələndirməyərək, əksinə qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunmayan hissəsi mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Məhkəmə kollegiyası bu kontekstdə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamənin mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxx” MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli mənzil tikintisi müqaviləsindən görünür ki, Mənzil payçı İddiaçı tərəfindən 77 000 manat ödənilməklə alınmışdır. Eyni zamanda, iş materiallarına əlavə edilmiş arayışlardan görünür ki, iddiaçı “xxxxxxxxxx” MMC-dən həqiqətən də Mənzili almış və dəyərini tam ödəmişdir, onun Cəmiyyətə heç bir borcu qalmamışdır. İddiaçı qeyd olunan Mənzildə qeydiyyatda olaraq yaşayır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-10894/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, “xxxxxxxxxx” MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, iddiaçının Mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-10282/2017 saylı qətnaməsindən görünür ki, iddiaçının Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-10894/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmiş, “xxxxxxxxxx” MMC-dən 77.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Habelə, iş materiallarına əlavə edilmiş “X2” İctimai Birliyi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 46/08-19/M-01 saylı mütəxəssis rəyindən görünür ki, Mənzilin təmir işlərinə çəkilən xərc xx.xx.2019-cu il tarixi üçün 39.774 (otuz doqquz min yeddi yüz yetmiş dörd) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 21536 saylı rəyindən görünür ki, Mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 30725,0 manat məbləğdə olduğu müəyyən edilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən edilmiş hallarından aydın olur ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, məhəllə 2347/48 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 2 otaqlı, 107,9 kv.m. olan 172 saylı mənzil X. Zeynalov tərəfindən satın alındığı zaman tam təmirsiz vəziyyətdə olmuş və sonradan əsaslı təmir edilmişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə, sözügedən mənzildə müxtəlif növ tikinti-təmir və yenidənqurma işlərinin yerinə yetirildiyi və bu işlərin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 30725 manat olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh sonradan etibarsız hesab edilmiş alqı-satqı müqaviləsinin bağlanmasından sonra mənzilin təmir edilmiş olduğunu mübahisələndirməmişdir. Mülki Məcəllənin 157.7-ci maddəsinə görə isə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. İşin müəyyən olunmuş hallarına əsasən, iddiaçı Xəqanı Zeynalovun xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxx” MMCdən aldığı və təmir işləri apardığı Mənzil qanuni qüvvəsini alan məhkəmə aktına əsasən Cavabdeh təhvil verilmiş, vicdanlı sahib olan iddiaçı isə mənzildə olan əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını aparmış, ayrılması mümkün olmayan yaxşılaşdırmaların, yəni mənzildə apardığı təmirə görə sərf etdiyi xərci cavabdehdən tələb etsə də, sonuncu iddiaçıya təmirə görə çəkdiyi məsrəflərin əvəzinin ödəməkdən imtina etmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı mübahisəli mənzilin təmirinə çəkdiyi xərcləri cavabdehdən tələb etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi həm bu tələbi qismən təmin edərkən, qeyd etmişdir ki, iddiaçının sifarişi ilə keçirilən “X2” İctimai Birliyi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 46/08-19/M-01 saylı mütəxəssis rəyinin 12-ci bölməsində elektrik, qaz, istilik və santexnika işlərinə çəkilən xərc cəmi 2984 manat olduğu halda, 4964 manat olduğu göstərilmişdir. Məhkəmə həmçinin, iş materiallarını tədqiq edərkən müəyyən edilmişdir ki, Mənzildə 6 ədəd istilik radiatorları olduğu halda, onların dəyəri ekspert rəyində göstərilməmiş, “X2” İctimai Birliyi tərəfindən təqdim edilmiş mütəxəssis rəyində radiatorların 480 manat olması qeyd edilmişdir. Mənzildə radiatorların olması cavabdeh tərəfindən təkzib edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi təmir xərclərinin məbləğini rəyə istinadla müəyyənləşdirmişdir. Mənzilə daha az xərc çəkilməsi ilə bağlı apellyasiya şikayətində irəli sürülən mülahizələrlə bağlı kollegiya qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir. Bu qənaətə gələrkən kollegiya həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən cavabdehə mənzilin təmirinə çəkilmiş xərc sonralar aradan qalxmış əsasa söykəndiyi üçün, Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən sonuncu, əsassız varlanmış şəxs kimi hər bir halda əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmağa borcludur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-379/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4207/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4207/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver