Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4208/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1136/2025 saylı, 21 may 2025-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış massivi döngə 2 ev 5 (ev 33 B, 113 B)-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh İddiaçı və X1 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin (Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış sahəsi, döngə 2, ev 33/B) inşa edilməsinə və təmirinə çəkilmiş xərclərin yarısının və ödənilmiş dövlət rüsumunun faydalanan şəxs İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1136/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə verilmiş Cavabdeh İddiaçı və üçüncü şəxs X1 qarşı “fərdi yaşayış evinin tikilməsinə və təmirinə çəkilmiş xərcin bölünməsi” barədə verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməməsi və geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmədə iddiaçı tərəfindən qaldırılan tələb cavabdehin mənzildən çıxarılması və qarşılıqlı iddia üzrə qaldırılan tələb isə birgə nikah dövründə əldə olunmuş vəsait hesabına əmlakın tikilməsinə və təmirinə çəkilmiş xərcin bölünməsi ilə bağlıdır. Qarşılıqlı iddia ərizəsi ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyindən, qarşılıqlı iddia ərizəsində göstərilən tələblə ilk iddia arasında qarşılıqlı əlaqə mövcud olmadığından və həmin tələbə bir icraatda baxılması mümkün olmadığından qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməməli və cavabdehə müstəqil qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir Həmin qərardaddan narazı qalan Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin irəli sürdüyü tələbin ilk iddia tələbi ilə əlaqədarlığı ondan ibarətdir ki, onu fərdi yaşayış evindən çıxarmaq istəyən iddiaçı həmin əmlakdan faydalanan şəxsdir. Bu əmlakın birgə nikah dövründə tikilməsi mübahisələndirilmir. Bu əmlakdan cavabdeh çıxarılarsa, həmin əmlakdan faydalanan şəxsin əmlakın tikilməsi və təmiri ilə bağlı xərclərinin yarısını faydalanan şəxs iddiaçıdan tələb edir. Bu isə yuxarıda göstərilən qəbul edilənlik şərtləri ilə uyğunluq təşkil edir. Məhkəmənin gəldiyi nəticə onun mülahizələridir, əsası yoxdur, formallıqdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1136/2025 saylı, 2 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Bu Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Bu Məcəllənin 156.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qarşılıqlı iddia icraata qəbul edilir. Mülki Prosessual Məcəllənin sadalanan normalarından göründüyü kimi qarşılıqlı iddianın hüquqi təbiəti bu iddiaya ilkin iddianın baxıldığı yerin məhkəməsində və onunla birgə baxılmasını tələb edir. Qarşılıqlı iddia, Mülki Prosessual Məcəllənin 155-ci maddəsində qeyd edilən qaydalardan başqa 149-153-cü maddələrinə uyğun olaraq verilməli və bu maddələrin müəyyən etdiyi tələblərə uyğun olduqda məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə də öz növbəsində həmin Məcəllənin 151.3-cü maddəsinə əsasən qarşılıqlı iddia ərizəsi məhkəməyə daxil olduqdan 5 gün müddətində onun qaytarılması, yaxud yolverilməzliyinə görə onu qəbul etməkdən imtina olunması və ya ərizənin icraata götürülməsi haqqında məsələni həll etməlidir. Əgər bu müddət ərzində qarşılıqlı iddia ərizəsi qaytarılmamışdırsa və ya onu qəbul etməkdən imtina olunmamışdırsa, o, qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin (o cümlədən qarşılıqlı iddia ərizəsinin) mümkünlüyü, yəni onun məhkəmədə baxılmaq üçün qəbul edilməsi haqqında məsələ hakim tərəfindən, bir qayda olaraq, tərəflərin iştirakı olmadan təkbaşına həll olunur. Bununla belə, zəruri hallarda bu məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Hazırkı mülki işin materiallarına əsasən müəyyən edilir ki, qarşılıqlı iddia tələbləri məzmununa, mübahisəli hüquq münasibətinin xarakterinə, habelə işdə iştirak edən şəxslərin dairəsinə görə ilkin iddia ilə əlaqəlidir və qarşılıqlı iddia Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə uyğun olaraq, ilkin iddia ilə birlikdə baxılmaq üçün bu Məcəllənin 154.1-ci və 155.2-ci maddələrində nəzərdə tutulmuş müddət ərzində verilib. Belə ki, ilkin iddia tələbi cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış massivi döngə 2 ev 5 (ev 33 B, 113 B)-dən çıxarılması ilə bağlı olduğu halda, qarşılıqlı iddia tələbi həmin əmlakın inşa edilməsinə və təmirinə çəkilmiş xərclərin yarısının İddiaçı alınaraq ona ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə hər iki iddia tələbinin bir-biri ilə qarşılıqlı əlaqəsi mövcuddur və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnər. Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sadalanan əsaslarla iddia ərizəsini geri qaytarmaqda haqlı olmamış, məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının ədalət mühakiməsinə çatımlıq hüququnu pozmuş, məhkəmələrin lüzumsuz yüklənməsinə şərait yaratmışdır. Ona görə də həmin qərardad ləğv olunmalı, iş qarşılıqlı iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1136/2025 saylı 21 may 2025-ci il tarixli qərardadı tamamilə ləğv edilsin. Cavabdeh İddiaçı qarşı (X2 üçüncü şəxs qismində cəlb edilmklə) “fərdi yaşayış evinin tikilməsinə və təmirinə çəkilmiş xərcin bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4208/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4208/2025
22.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver