Məhkəmə qərarları › İş №2(103)-4212/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4212/2021

09.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4212/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Cavabdeh2” İB-nin nümayəndələri X5 və X17 oğlunun iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1198/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh “Cavabdeh2” İstehsalat Birliyinə qarşı “əmrin ləğvi və işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh2" X7 X10 idarəsi ilə aralarında bağlanmış 20.02.2015-ci il tarixli 255 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair 09.04.2019-cıı il tarixli 27/k əmrin ləğv olunması və 20.02.2015-ci il tarixli 255 nömrəli əmək müqaviləsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1198/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli araşdırmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri T.Hacıyev və R.Xəlilov şikayətlə razılaşmayaraq qeyd etdilər ki, iddiaçı ilə bağlanan əmək müqaviləsi müddətli olaraq 20.02.2015-ci il tarixdən 20.02.2016-cı il tarixədək bağlanmış, Əmək Məcəlləsinin 73 maddəsinin 1-ci hissəsinə əsasən həmin müqavilənin müddəti 20.02.2019-cu il tarixədək uzadılmışdır, daha sonra “Cavabdeh2” İB-nin Ağsu X10 İdarəsinin 09.04.2020-ci il tarixli əmri ilə müqaviləyə müddətin bitməsi əsası ilə xitam verilmişdir. Bundan başqa, iddiaçı hazırkı iddia tələbi ilə müraciət etmək üçün müəyyən edilən 1 aylıq müddəti ötürmüşdür. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: “Cavabdeh2” X7 X10 idarəsi ilə İddiaçı arasında bağlanmış 20.02.2015-ci il tarixli 255 nömrəli əmək müqaviləsindən görünür ki, iddiaçı ilə 20.02.2016-cı il tarixinədək müddətli əmək müqaviləsi bağlanmış və o, Ağsu X10 İdarəsinin Kürdəmir rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. Ağsu RQİİ-nin baş mühəndisi E.İbrahimovun 12.07.2018-ci il tarixli “Əmək və icra intizamı haqqında” 236-u nömrəli əmrinin surətindən görünür ki, Kürdəmir XS-nın TQQ və SXnin QAİ və T üzrə çilingərləri X4, X2, X1, X12, X3 və Kürdəmir XS-nin TQQ və SX-nin mühəndisi X6 işlərində səhlənkarlığa yol verdiyi,vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin və onlara həvalə edilmiş işlərin öhdəsindən layiqincə gəlmə bilmədiyi müəyyən edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “b" bəndinə nəzərdə tutulan intizam tənbehi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmək qabiliyyətinin olmaması barədə 222415 və 357081 saylı vərəqələrin surətindən görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar 12.02.2019-cu il tarixdən 08.04.2019cu il tarixədək işləməmişdir. 09.04.2019-cu il tarixli, 27/k saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, Birliyin Ağsu X10 İdarəsinin Kürdəmir rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin 05-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış 20.02.2015-ci tarixli 255 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən 09.04.2019-cu il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə məlumat 09.04.2019-cu il tarixdə sistemə daxil edilmişdir. Ağsu RQİİ-nin Hüquq şöbəsinin rəisi K.K.Mustafayev, Kadrlar şöbəsinin rəisi A.A.Yahyayeva və Kadrlar üzrə mütəxəssis M.M.Kamilov tərəfindən tərtib olunmuş “Əmək kitabçasının təhvil götürülməsindən imtina edilməsi haqqında” 09.04.2019-cu il tarixli aktın surətindən görünür ki, Ağsu RQİİ-nin Kürdəmir rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin başa çatması ilə bağlı idarənin işəgötürəni N.N.Məmmədovun 09.04.2019-cu il tarixli 27/k nömrəli əmrinə müvafiq olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək kitabçasının alması, əmr ilə tanış olması üçün İddiaçı 09.04.2019-cu il tarixdə saat 17°°-da Ağsu RQİİ-yə dəvət olunmuş, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə AR ƏM-in 73-cü maddəsi bir daha izah olunmuş, o əmrin və əmək müqaviləsinin elektron bildirişin surətini götürdü, lakin əmrlə rəsmi tanış olmaqdan və əmək kitabçasını almaqdan imtina etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki işin araşdırılmış materialları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 45ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddianın verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, ƏM-in 296-cı maddəsinin 2-ci hissəsinə əsasən ... fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı 09.04.2019-cu il tarixli 27/k nömrəli əmrinə müvafiq olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək kitabçasının alması, əmr ilə tanış olması üçün İddiaçı 09.04.2019-cu il tarixdə saat 17°°-da Ağsu RQİİ-yə dəvət olunmuş, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ƏM-in 73-cü maddəsi bir daha izah olunmuş, o əmrin və əmək müqaviləsinin elektron bildirişin surətini götürdü lakin əmrlə rəsmi tanış olmaqdan və əmək kitabçasını almaqdan imtina etmişdir. Beləliklə, iddiaçı 09.04.2019-cu il tarixdə artıq cavabdehlə bağlanan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrdən xəbərdar olmuş, lakin məhkəməyə qanunla müəyyən olunmuş 1 aylıq müddəti ötürməklə, 25.11.2020-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olduğundan iddiaçının apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə: Bununla da müəyyən olunur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin qətnaməsi isə qanuni və əsaslıdır, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə riayət etməklə xitam vermiş, buna görə də məhkəmə iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1198/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar