Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4213/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ surətHakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3291/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərardadından iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun təmin edilərək mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ünvan 1 ünvana istifadə hüquqlarının təmin edilərək onların həmin ünvana köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3291/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçıların nümayəndəsi və vəkili Vəkil şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3291/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini belə əsaslandırmışdır ki, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilər. Göstərilən tələblərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi isə iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. İddia ərizəsi MPM-in tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. “Mediasiya haqqında” Qanuna müvafiq olaraq mediasiya prosesində iştirak etmək üçün iddiaçılara Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət etməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3291/2022 saylı, 06 may 2022-ci il tarixli şikayəti təmin etmədiyi qərardadında yenə də qeyd etmişdir ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, cavabdeh İddiaçı1 əri, digər iddiaçıların isə atasıdır. Göründüyü kimi, mübahisənin tərərəfləri ailə üzvləridir. Mübahisə isə ailə üzvləri arasında mənzildən istifadə hüququnun təmin olunması ilə bağlıdır. İddiaçıların vəkili və nümayəndəsi iddia predmetinin ailə münasibətləri ilə bağlı olmadığını qeyd etsə də, məhkəmə bu dəlillə razılaşmayaraq hesab edir ki, iddia tələbi tərəflər arasında “Mediasiya haqqında” Qanunda qeyd edilmiş ailə münasibətlərindən irəli gələn digər mübahisələrə aid olduğundan tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunur. Qanunun adı çəkilən normasında “ailə münasibətlərindən irəli gələn digər mübahisələr” müddəası ailə üzvləri arasında olan bütün mübahisələri, hətta əşya hüququ ilə bağlı mübahisələri də ehtiva edir. Odur ki, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilər. Göstərilən tələblərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi isə iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Çünki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsassdır. Əvvəla, məhkəmə işə yaxud iddia ərizəsinin icraata qəbulu məsələsinə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Çünki, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər (MPM.m.151.2). Başqa sözlə, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddia edənin istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları icraata qəbul etməkdən imtinası isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sesiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək mübahisələrindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Qanunun 28-ci maddəsində isə göstərilir ki, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sesiyasında iştirak etməlidirlər. İddia ərizəsinin məzmununda hazırki mübahisənin ailə münasibətlərindən irəli gələn mübahisə olduğu görünmür. Bu cür vəziyyətdə tərəflər ilkin mediasiya sesiyasında iştirak etməyə məcbur edilə bilməz. Belə ki, iddiaçı İddiaçı1 Cavabdehla 28.09.2000-ci ildə nikah bağladığını və bu nikahdan digər iddiaçıların doğulduğunu, 2022-ci ilin əvvəlinədək mübahisəli mənzildə yaşadıqlarını, sonuncu tarixdən cavabdeh tərəfindən mənzildən qovulduqlarını və buna görə istifadə hüquqları təmin edilməklə mənzilə köçürülmələrinin təmin edilməsini xahiş edir. Məhkəmənin qənaəti “Mediasiya haqqında” Qanunun 26.1 və 26.1.5-ci maddəsində nəzərdə tutulan “ailə münasibətlərindən irəli gələn digər mübahisələr”in həlli mediasiya vasitəsilə həll oluna bilər müddəası ilə bağlıdır. Məzmunundan da göründüyü kimi ailə münasibətlərindən irəli gələn digər mübahisələr dedikdə bu cür mübahisələrin qanuni əsası mütləq ki, ailə münasibətlərini tənzimləyən Ailə Məcəlləsində nəzərdə tutulmalıdır. Ailə Məcəlləsi isə mənzilə köçürülmə yaxud mənzildən istifadə etmək hüququ ilə bağlı münasibətləri bilavasitə tənzimləmədiyindən hazırki iddianın qanuni əsası da bu Məcəllədə nəzərdə tutulmamışdır. Ən azından, tərəflər arasında qeyd olunan mənzillə bağlı mübahisəli hüquq münasibətinin yeni Mənzil Məcəlləsi qüvvəyə minməmişdən əvvəl yarandığı işdən bəlli olur. Çünki, iddiaçılar Mülki Məcəllənin 228-ci madddəsinə əsasən hazırki iddianı irəli sürmüşlər. Birdəki, tərəflərin ər-arvad yaxud keçmiş ər-arvad və ya ailə üzvləri (övlad valideyn) olması o demək deyil ki, onlar arasında yaranan bütün mülki hüquqi mübahisələrin hamısı ailə münasibətlərindən irəli gələn digər mübahisələr kimi qiymətləndirilməlidir. Məsələn, bu kateqoriya şəxslər arasında qanundan əmələ gələn öhdəliklər, o cümlədən zərərvurmadan əmələ gələn mübahisə də ola bilər. Bu cür vəziyyətdə məhkəmənin mövqeyinə görə bu mübahisəni də ailə münasibətlərindən irəli gələn digər mübahisə kimi qiymətləndirilməsi açıq-aşkar həmin “mübahisəli normanın” məzmununun təhrif edilməsi demək olardı. Buna görə də, məhkəmə MPM-in 152.1.6-1-ci maddəsinə əsasən, yəni həmin maddənin tələblərinə riayət edilmədiyinə görə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmamışdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsasdır, beləliklə də şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3291/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçıların nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3291/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4213/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4213/2022
02.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver