Məhkəmə qərarları › İş №2(103)-4215/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4215/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4215/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 4000 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat, mənəvi ziyana görə 5000 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev, iş № 2(011)-4782/20) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 2700 manat əsas borc, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 200 manat, cəmi 2900 (iki min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh Ş.Əliyev qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “xxxx” QSC ilə bağladığı 19.02.2015-ci il tarixli kredit müqaviləsi əsasında Bankdan 36 ay müddətinə 16000 (on altı min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Götürdüyü həmin pul məbləğini səhhətində yaranmış problemlə əlaqədar olaraq xaricdə istifadə etməyi nəzərdə tutmuşdur. Həmin bankdan birinci dəfə 2007-ci ilin fevral ayında kredit götürərək vaxtı-vaxtında banka ödəmişdir, qızı Lalənin həkimi olmuş, onunla rəfiqəlik, yaxınlıq edərək sonradan ailələrinin bir üvzünə çevrilən Cavabdeh1 və onun oğlu Cavabdeh2 ilə səmimi münasibətləri olduğu üçün bankdan götürdüyü 16000 (on altı min) ABŞ dolları məbləğindən 6800 manatı qısa müddət ərzində geri qaytarmaq şərti ilə cavabdehlərə qısa müddətə təcili ehtiyacları yarandığı üçün borca vermişdir. Belə ki, 2015-ci ci ilin fevral ayında birinci dəfə 6000 manat pul vermiş, borc pul məbləğini verdikdən sonra mart ayında cavabdeh ona 900 manat qaytarmış, lakin bir müddət keçdikdən sonra cavabdeh yenə 800 manat borc götürmüş, sonrasında 2015-ci ilin oktyabr ayında 300 manat, noyabr ayında 300 manat, dekabr ayında 300 manat, yanvar ayında 300 manat, fevral ayında 250 manat qaytarmış, sonra bir neçə ay ödəniş etməmiş, sonralar isə iyul ayında 250 manat, avqust ayında 250 manat qaytarmış, yenidən bir neçə ay ödəniş etməyi dayandırmış, yenidən noyabr ayında 250 manat, yanvar ayında 200 manat, mart ayında 200 manat və iyun ayında 200 manat olmaqla, cəmi 2800 manatını qaytarmışdır. Cavabdeh1 tərəfindən ona əlavə olaraq 400 manat da verilmişdir, ancaq həmin məbləğ onun nəvəsi xəstə olduğu üçün ona yardım kimi ödənilmişdir, buna görə də verilmiş 400 manatı borc məbləği kimi deyil, yardım kimi qəbul edir və ona görə də borcdan silmir, Svetlana onu inandırmaq üçün pulun ondan borca götürülməsini balaca kağız parçası üzərində qeyd etmiş və imzalayaraq həmin kağızı, həmçinin borc qarantı kimi öz evinə dair mülkiyyət sənədi hesab etdiyi Bakı şəhəri Nizami rayonu X1 təqdim etmişdir. Bir müddət sonra maddi vəziyyəti, səhhətində yaranmış problemlər və Cavabdeh1 borca götürdüyü 6800 manat məbləği qaytarmaması bankın aylıq ödənişlərini ödəməyinə çətinlik yaratmışdır. Bank qarşısında götürdüyü öhdəliklərini vaxtında icra etmədiyi üçün Bank onu məhkəməyə vermişdir. Həmin iddia tələbi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi təfindən 09 iyun 2020-ci il tarixli qətnamə qəbul edilmişdir. Bundan sonra Svetlana ilə münasibətləri pisləşməyə başlamış, o, cavabdehdən borcun geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh borcu qaytarmadığı üçün o, hüquq mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalmışdır. Hüquq mühafizə orqanlarına şikayət etdikdən sonra cavabdeh ödənilməmiş 6800 manat borc məbləğindən 2800 manat ödəniş etmiş, qalıq məbləği gecikdirdiyinə, ödəmədiyinə və onun barəsində qəbul edilmiş məhkəmə qətnaməsinə görə hazırda Bank qarşısında olan öhdəliyini tam yerinə yetirdiyinə görə qalıq 4000 manat pulun cavabdehdən alınaraq ona qaytarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı həmçinin izahatında bildirmişdir ki, onların ailəsi Svetlananı Sevda kimi tanımış, lakin sonradan məlum olmuşdur ki, onun əsil adı belədir, borc barədə danışıqlar Svetlana ilə aparılmışdır, ondan borca görə xahişi də Svetlana etmişdir, lakin pulu onun oğlu Orxan gəlib götürmüşdür, yəni Svetlanaya pul Orxan vasitəçiliyi ilə verilmişdir, çünki, Cavabdeh1 onunla əlaqə saxlamış və hal-hazıra Gürcüstanda olduğunu ona demiş, pulu Orxanın gəlib götürəcəyi bildirmişdir, Svetlana ondan borcu həyat yoldaşı Faiq Hümbətovun müalicəsi məqsədilə almasını bildirmişdir. Bundan başqa, İddiaçı borc məbləği barədə apardığı qeydiyyat kitabçasından çıxarışları məhkəməyə təqdim edərək əlavə olaraq bildirmişdir ki, verdiyi borc, həmçinin borca görə aldığı pullar barədə orada qeydiyyatı şəxsən aparmışdır, qızı Lalənin həmin borca heç bir aidiyyəti yoxdur, borc pul ona məxsusdur, borcun alınması barədə qeyd kağızında onun Lalədən götürüldüyü barədə yazıya fikir verməmişdir, bir daha qeyd edir ki, ilk olaraq 6000 manat borc vermiş, bundan sonra 900 manat qaytarılmış, əlavə olaraq 800 manat borc verilmişdir, hissə-hissə isə 2800 manat qaytarılmışdır, həmin dövrdə nəvəsi xəstə olduğundan onlar xəstəxananın qarşısında olarkən Svetlana tərəfindən uşağa yardım kimi 400 manat verilmişdir, həmin məbləği borca görə ödəniş kimi deyil, yardım kimi qəbul etmişdir, hamin əl yazısı borcun təsdiqi kimi Svetlana tərəfindən sonradan verilmişdir, iş materiallarına təqdim edilmiş cinayət işi üzrə qəbul edilmiş qərarlarda da cavabdehin izahatları üzrə görünür ki, o, Laləyə deyil, Kifayətə borclu olduğunu etiraf edir, digər cavabdeh Orxana münasibətdə isə onu bildirir ki, borc barədə Svetlana xahiş etsə də, həmin pul Svetlananın adından Orxana verildiyindən hər ikisi cavabdeh kimi nəzərdə tutulmuşduir və hesab edir ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçını ümumiyyətlə tanımır və ondan hər hansı məbləğdə borc pul götürməmişdir. Cavabdeh 6800 manat məbləğində pulu Lalə adlı şəxsdən faizə götürmüş, həmin borc məbləğini də Lalənin özünə qaytarmışdır. İddiaçı məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, guya cavabdeh Gürcüstan Respublikasından ona zəng vuraraq borca pul verməsini xahiş etmişdir. Lakin iddiaçı dedikləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh iddiaçı ilə ümumiyyətlə görüşməmişdir. Göründüyü kimi, iddiaçının hər hansı subyektiv hüququ olmadan pul tələbinə dair iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, hansısa bir balaca kağız parçasına əsaslanaraq cavabdehdən 2700 manat əsas borc, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 200 manat olmaqla, cəmi 2900 (iki min doqquz yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarmışdır. Qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı qətnamə yalnız iddianın təmin edilən hissəsində mübahisələndirilmiş, iddia təmin edilməyən hissədə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv olunmalı və iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4000 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat, mənəvi ziyana görə 5000 manat məbləğində vəsaitin tutulması barədədir. İddia tələbinə görə iddiaçı cavabdehlərə ümumilikdə 6800 manat borc vermiş, cavabdehlər isə bu məbləğdən müxtəlif vaxtlarda cəmi 2800 manat qaytarmış, 4000 manat borclu qalmışlar. İddiaçı tələbinin faktiki əsası kimi işin 9-cu vərəqində olan əlyazma qəbzə, hüquqi əsası kimi isə Mülki Məcəllənin 21.1, 739.1, 739.2, 740-cı və s. maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymış və mövqeyini onunla əsaslandırmışdır ki, 29.05.2015-ci il tarixdə tərəflər arasındakı şifahi borc müqaviləsi əsasında cavabdeh S.Namazova İddiaçı ilk öncə 6000 manat, sonra əlavə olaraq 800 manat borc pul almışdır, həmin pulun iddiaçıya yaxın müddətdə qaytarılması barədə razılaşma olmuş, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımı qaydada yerinə yetirməmiş, bu vaxta qədər borc məbləği hissə-hissə olmaqla qismən geri qaytarılmışdır. Məhkəmə habelə nəzərə almışdır ki, İddiaçı hüquqi xidmətlərin göstərilməsinə görə vəkil bürosunun hesabına 200 manat məbləğində pul köçürmüşdür. Məhkəmə həmçinin Cavabdeh2 borc müqaviləsi üzrə öhdəliyinə əsas verən, həmçinin Cavabdeh1 iddiaçıya olan borc öhdəliyinin icrasını istisna edən hallar müəyyən olunmadığını qeyd etmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçının ona qarşı pul tələbinə dair iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması barədədir. Cavabdeh iddiaçını tanımadığını, ondan borca pul almadığını, 6800 manat pulu Lalə adlı şəxsdən faizə götürdüyünü və Lalənin özünə də qaytardığını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsaslı, birinci instansiya məhkəməsinin iddianın təmin olunan hissəsindəki mövqeyini isə əsassız sayaraq qeyd edir ki, 6800 manat borcun alınması barədəki əlyazma qəbzdə Cavabdeh1 pulu Lalədən faizə götürdüyünü göstərmişdir. Cavabdeh izahatında da həmin qəbzin özü tərəfindən imzalandığını etiraf etmiş, lakin pulu Lalədən aldığını və qəbzi də Laləyə verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin borcun verilməsinin təsdiqi kimi istinad etdiyi mötəbər sübutlardan biri də 23 mart 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardır. Həmin qərarda qeyd edilir ki, vət. Cavabdeh1 araşdırma zamanı verdiyi izahatda vət. İddiaçı 7000 manat yox, 6000 manat pul aldığını, həmin pulu həyat yoldaşı Faiq Hümbətovun xəstəliyi ilə əlaqədar borc kimi aldığını və qaytardığını göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin istinadını əsassız sayaraq qeyd edir ki, təhqiqat orqanının həmin qərarında göstərilən bu hal qərara əlavə olunmuş materiallarla ziddiyyət təşkil edir. Belə ki, Cavabdeh1 qərarda istinad edilən izahatının məzmunu əslində qərarda göstərildiyindən fərqlidir. İş materiallarına əlavə edilmiş həmin izahatda (i.v. 92) Cavabdeh1 göstərmişdir ki, həyat yoldaşının xəstəliyi ilə əlaqədar Kifayətin qızı Lalədən 15 faizlə 6000 manat pul almış, birinci ay faizi ödəyə bilməmiş, 800 manat əlavə etmişdir. Göründüyü kimi, iddiaçının tələb etdiyi pul vəsaitinin faktiki olaraq borc şəklində iddiaçı tərəfindən deyil, qızı Lalə tərəfindən cavabdehə verilməsi öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçının həmin pulu borc kimi cavabdehdən tələb etməkdə subyektiv hüququ olmamışdır. İddiaçı tərəfindən cavabdehə pul verilməsinə dair mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı əsl iddiaçı ilə əvəz edilməmiş və məhkəmə verilmiş tələb üzrə işə baxmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən cavabdehin onun qarşısında müqavilə öhdəliyinin olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə iddianın təmin olunan hissəsində ləğv olunmalı və iddia tələbi həmin hissədə də rədd edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi qismən – “Cavabdeh1 2700 manat əsas borc, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 200 manat, cəmi 2900 (iki min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Həmid Həmidov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar