Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4218/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əsassız hesablanmış borcun silinməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1070/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edimiş ******* №-li və ******* №-li aktların ləğv edilməsi, həmin aktlardan irəli gələn 1702.30 manat məbləğin onun hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1070/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçının abonent hesabına (abonent kodu **********00190) 396 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.. Apellyasiya şikayətinin dəlilləri:
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, dəlilləri isə bundan ibarət olmuşdur ki, onun tərəfindən nə sayğaca, nə də küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, qazpaylayıcı qutu küçədə yerləşdiyindən hər bir qonşu həmin qutudan, küçə boyu rezin borunu gizlədərək təbii qazdan qeyri-qanuni istifadə edə bilər. Cavabdeh İB-nin əməkdaşları rezin borunun çıxışını aşkar etsələr də, girişini aşkar etməmişlər və ya aşkar etmək istəməmişlər. Çünki, 2017-ci ildə yazılmış borca görə aktlar 2021-ci il tarixdə tərtib edilmişdir. Məhkəməyə təqdim olunmuş 2 ədəd – ******* № li və ******* № li aktdan görünür ki, həmin aklar birtərəfli qaydada tərtib edilmiş və iddiaçı həmin aktları imzalamamışdır. İddiaçı tərəfindən imzalanmamış həmin aktlar əhəmiyyətli sübutsayılmır və əhəmiyyətli sübutsayılmadığı təqdirdə iddia tələbi təmin edilməli, qanunsuz tərtib edilmiş aktlar ləğv edilməli və əsassız hesablanmış borc silinməlidir.
4. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən elektrik sayğacına müdaxilə olunduğu aşkar edilmiş, müvafiq akt tərtib edilmişdir, imza üçün iddiaçıya təqdim edilmiş, onun imzalamaqdan imtina etməsi aktın qanunsuz olmasına əsas deyil, sayğaca müdaxilə olunduğu fotoşəkillərdən də görünür. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçı öz apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfim apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, onun aktların yazılmasından məlumatı olmayıb, heç bir qanunsuz əməl törətməməsnə baxmayaraq ona cərimə yazılmışdır. Onun yaşadığı həyətdə 3 ev var, qaz xəttinə qanunsuz müdaxilə məhz həmin evlərin sahibləri tərəfindən edilsə də, onların sayöacı olmadığına, iddiaçının sayğacı olduğuna görə cərimə də məhz ona yazılıb, bu səbəbdən iddia tələbinin tam təmin edilməsini və silinməyən borc məbləğinin də silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
8. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.
9. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.
10. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat məbləğində zərər hesablanmışdır. Tətbiq edilən maddi hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür
15. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
16. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
17. Maddə 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması sui-istifadə hesab olunur.
18. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu
19. Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.
20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu
21. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
23. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
24. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
25. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
26. 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.
27. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
28. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
29. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
37. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
38. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
41. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
44. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı v\ cavabdehin apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Belə ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə bildirir ki, iş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat məbləğində zərər hesablanmışdır.
47. Buna baxmayaraq işin hallarından görünür ki, iddiaçı tərəfindən sonrakı tarixdə qaz xəttinə qanunsuz qoşulma halı aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış və dəymiş zərərin ödənilməsi iddiaçıdan tələb edilməmiş, əksinə qeyd olunan halla bağlı növbəti ay da müvafiq akt tərtib edilərək dəymiş ziyan hesablanmışdır.
48. Məhkəmə kollegiyası bu halda rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, növbəti ay ərzində qazdan qanunsuz istifadə cavabdehin təqsiri üzündən olmuş, buna görə də, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında iddiaçının abunə koduna hesablanmış 396 manat məbləğində borc silinməli, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1188 manat maddi zərər isə iddiaçıdıdan tutulmalıdır.
49. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə dair isə bildirir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında məlum olur ki, iddiaçı tərəfindən qazdan qanunsuz istifadə cavabdehə (onun səlahiyyətli nümayəndələrinə) 29 yanvar 2021-ci il tarixdə məlum olmuşdur, buna baxmayaraq bunun qarşısını almamış və növbəti ayda da eyni şəkildə qazdan qanunsuz istifadəyə və dolayısı ilə iddiaçının cərimə miqdarının artmasına şərait yaratmışlar.
50. Məhkəmə kollegiyası hesab edir ki, bu səbəbdən iddiaçı tərəfindən qazdan qanunsuz istifadə halı müəyyən olunduğundan rayon məhkəməsi xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə cərimə məbləğinin iddiaçıdan tutulması, xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə isə borcun silinməsində haqlı olmuşdur.
51. Belə ki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
56. MPM-in 402.1-ci maddəsinə əsasən, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı və Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1070/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov