Məhkəmə qərarları › İş №2(103)-4220/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4220/2024

08.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4220/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: evə köçürülmə, istifadə hüququ, özbaşına tikili, qanunun anologiyası) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 may 2022-cü il tarixli qətnaməsi ilə İddiaçı Rafael qızı və Cavabdeh arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində 27 avqust 2011-ci il tarixdə bağlanmış nikahın pozulması, onların birgə nikahlarından doğulmuş 01 iyul 2011-ci il təvəllüdlü X2 və 01 aprel 2014-cü il təvəllüdlü X1 İddiaçı Rafael qızının himayəsində saxlanılması qət edilmişdir.

2. İddiaçı nikaha daxil olduqdan sonra ünvan 1 ünvanında yerləşən yaşayış evinə gəlin köçmüş, təxminən 2021-ci ilə qədər həmin evdə yaşamışdır.

3. ünvan 1 ünvanında yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

4. Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evində pasport qeydiyyatındadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, uşaqları X4 və X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 avqust 2011-ci il tarixdə Cavabdeh Mirzəağa oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin gündən etibarən ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş, həyat yoldaşı ilə birlikdə həmin mənzildə yaşayaraq birgə təsərrüfat aparmışlar. Yaşayış evinin kommunal xərcləri barədə qəbzlər də yoldaşının adına gəlmiş və onlar tərəfindən ödənilmişdir. Cavabdehlə aralarında olan münaqişə nəticəsində xəsarət almış, bundan sonra cavabdeh onu və uşaqlarını məcburi şəkildə atasının müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 may küçəsində yerləşən fərdi yaşayış evinə aparmışdır. Uşaqlarla birlikdə məcbur qalıb həmin balaca evdə yaşamışlar. Uşaqlar Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən məktəbdə təhsil alırlar. Hər gün məktəbə gedibgəlməkləri onlara çətinlik yaradır. Onun və uşaqlarının atasının yanında qalmaları mümkün deyil. Cavabdehə dəfələrlə bu barədə məlumat versə də, cavabdeh həmin yaşayış evinə köçməyə imkan vermir. Hazırda yaşamağa, qalmağa heç bir yeri yoxdur.

7. Cavabdehin nümayəndəsi (vəkili) iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, ev öbaşına tikilir və onun cavabdehə aidiyyatı yoxdur, evlər cavabdehin qardaşına məxsusdur. Hazırda cavabdeh həmin evdə yaşamır. Həmçinin iddiaçının yaşayış yeri olduğu üçün iddia təmin oluna bilməz.

8. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 11.1-ci və 180.1-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, ölkə qanunvericiliyində özbaşına tikilidən istifadə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normasının mövcud olmadığı, bununla belə, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarının və oradan istifadə etmələrinin birbaşa qadağan edilmədiyi nəzərə alınmalıdır. İş materiallarından və izahatlara əsasən müəyyən olunan hallar odur ki, iddiaçı cavabdehlə mübahisəli evdə yaşayaraq birgə təsərrüfat apardığını qeyd etsə də, evin tikilməsində, təmirində hər hansı şəkildə iştirak etməsi, tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ümumiyyətlə sözügedən qanunsuz tikilinin onun həyat yoldaşına məxsus olmasına işarə edən hər hansısa kommunal ödənişlər, vergi ödənişləri də təqdim etməmişdir. Digər tərəfdən də, İddiaçı nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçı artıq iki ildir atasına məxsus evdə yaşayır. Belə olan halda iddiaçının iki il ərzində həmin evə köçürülməsi tələbinin olmaması da onun yaşamağa yerinin olmasına dəlalət etmişdir.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutları düzgün araşdırmadığını, işin hallarına səhv qiymət verdiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, nəticədə əsassız qərar çıxardığını irəli sürmüşdür.

12. Şikayətçi vurğulamışdır ki, məhkəmənin belə nəticəyə gəlməsi tam əsassızdır, əvvəla o həmin evdən xoşluqla deyil, cavabdeh tərəfindən qovularaq çıxarılmış və ağır bədən xəsarətləri almış, aldığı xəsarətlər üzündən hərəkət qabiliyyətini də itirmiş, bununla bağlı məhkəməyə yetərincə sübutlar təqdim etmişdir. Mübahisəli evdə 10 ilə yaxın bir müddətdə yaşamış, uşaqları da bu evdə yaşayan vaxt doğulmuşdur, bu ev onların birgə vəsaiti hesabına tikilmiş, təmir olunmuşdur. Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, "Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.” Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən ona qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə o uşaqları ilə məhrum edildiyi evə köçürülməlidir. Bu konstitusion normada "heç kəs” və "yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Ölkədə özbaşına tikililərin sayı çox olduğundan özbaşına tikilidə yaşayan şəxslərin də sayı çoxdur, bu səbəbdən özbaşına tikililərdə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi faktlarının sayı artır. Halbuki, özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili, ya nikah dövründə əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılacaq (Mülki Məcəllə, maddə 225), yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq (Mülki Məcəllə, maddə 228.5; Mənzil Məcəlləsi, maddə 30), qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaq. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola, özbaşına tikinti aparmış şəxsə (artıq qanunu pozmuş şəxsə) növbəti qanunsuzluqlar etməyə (özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətlər etməyə) əsas yarada bilər.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

14. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinad etməklə, yaşadıqları mənzildən qanunsuz məhrum edildiklərini bildirmişdir. Əvvəla qeyd olunmalıdır ki, cavabdehin mübahisəli tikiliyə köçməsi cavabdehlə rəsmi nikaha girdikləri 27 avqust 2011-ci il tarixdən sonra olmuşdur ki, qüvvədə olan qanunvericiliyə əsasən, həmin vaxt yaranmış mübahisəli hüquq münasibətlərinə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin normalardan da göründüyü kimi, qanunverici yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsi və saxlanılması məsələləri ilə bağlı "yaşayış sahəsinin mülkiyyətçisi” anlayışından istifadə edir. Hazırkı halda iddiaçının istinad etdiyi yaşayış sahəsi isə özbaşına tikilidir və Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Göründüyü kimi, qanunvericiliyə əsasən, hazırkı halda iddiaçının hər hansı istifadə hüququna istinad etməsi istisna olunur. Digər tərəfdən, mübahisə predmeti olan tikili qanuni əsaslarla tikilmiş tikili olsaydı belə, iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verdiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən onun istifadə hüququ saxlanmayacaqdı. Göstərilən əsaslar olmadan, yəni hər hansı istifadə hüququna istinad etmədən, özbaşına tikiliyə köçürülmə tələbinin təmin olunması üçün isə iddiaçı ilk növbədə həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin hazırkı işdə iddiaçı məhkəməyə belə sübutlar təqdim etməmiş, nə də apellyasiya şikayətində bu sübutların mövcudluğunu əsaslandırmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçının konstitusion norma kimi "Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” müddəasına əsaslanması da əsassızdır. Belə ki, əgər belə bir məhrum etmə mövcud olmuşdursa, bunun qanunsuz olduğunu nəticəsinə gəlmək üçün iddiaçı ilk növbədə yuxarıda sadalanan halları, yaşayış sahəsi ilə bağlı hər hansı hüquqlarının olduğunu sübut etməlidir.

15. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11, 139, 180, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, 30.5, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “İddiaçı bildirir ki, əvvəlcə cavabdehin atasının köhnə evində yaşayıblar, nikah bağlanan vaxt ev bir mərtəbədən ibarət olub, sonradan yeni evin tikilməsində iştirak etmişdir, eyni həyətdə üç ədəd iki mərtəbəli ev var, biri də iki mərtəbəli beş otaqlı evdir, cavabdehlə birgə ikinci mərtəbədə yaşamışlar, əşyaları hələ də həmin evdədir, mübahisəli evdə on ilə yaxın bir müddətdə yaşamış, uşaqları da bu evdə yaşayan vaxt doğulmuş, ev onların birgə vəsaiti hesabına tikilmiş, təmir olunmuşdur. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, evin ona aidiyyəti yoxdur, evlər onun qardaşına məxsusdur, hazırda özü orda yaşamır, valideynləri qalır. Məhkəmələr iddianı o əsasla rədd etmişlər ki, mübahisə predmeti olan ev özbaşına tikilidir, iddiaçı həmin evdə yaşayaraq birgə təsərrüfat apardığı, onun tikilməsində, təmirində hər hansı şəkildə iştirak etməsi, tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməsi barədə sübut təqdim etməmişdir, tərəflərin nikahı pozulmuşdur, iddiaçı Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsindən istifadə hüququ qazanmamışdır. Kassasiya məhkəməsi bu mövqeyi işin yekun həlli üçün kifayətedici saymır və hesab edir ki, iddiaçının bildirdiyi halların tam və hərtərəfli aydınlaşdırılması, bu xüsusatlar üzrə tərəflərin dəlillərinə lazımi hüquqi qiymət verilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, əvvəla, mübahisəli evin özbaşına tikili olması onun ərsəyə gəlməsində ailə birliyi çərçivəsində səyi olan şəxslərin bir iqtisadi dəyər kimi həmin tikiliyə münasibətdə əmlak hüquqlarının müəyyən edilməsinə mane deyil. Bu baxımdan iddiaçının nikahdan sonra yaşadıqları evin ikinci mərtəbəsinin cavabdehlə ailə təsərrüfatı apardıqları dövrdə və bu təsərrüfat hesabına inşa və təmir olunması barədə bildirdiklərinin tam və tərtərəfli şəkildə araşdırılması, bu araşdırmanın nəticəsindən asılı olaraq tərəflərin hüquqlarına aydınlıq gətirilməsi, eləcə də mübahisəyə tətbiq olunacaq hüququn tapılması mühüm əhəmiyyət kəsb etmişdir. Məlum olduğu kimi, ər-arvadın ümumi əmlak əldə etməsinə və istifadəsinə dair hüquq münasibətləri ailə qanunvericiliyi ilə tənzimlənir. Qanuna əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Qərarına əsasən, ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. Qərarda o da qeyd edilmişdir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Beləliklə, ailə münasibətləri çərçivəsində ümumi təsərrüfatla ərsəyə gəldiyi sübuta yetirilən tikili daşınmaz əmlakın dövlət reyestrindən keçməsə də, ondan mənzil ehtiyacını qarşılayan iqtisadi dəyər kimi istifadə olunması mümkündür. Ali Məhkəmənin Plenumunun adı çəkilən qərarında vurğulanmışdır ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Göründüyü kimi, Ali Məhkəmənin Plenumu fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər kimi özbaşına tikintinin faydalı xassələrindən hər iki tərəfin istifadə etməsini mümkün saymışdır. Belə olan halda, hazırkı işdə məhkəmələrin evin dövlət qeydiyyatına alınmaması və iddiaçının evə istifadə hüququnun yaranmamasına istinad etmələri mübahisənin düzgün həlli üçün yetərli sayıla bilməz. Bununla yanaşı, iddiaçının mübahisəli evin (və ya onun əhəmiyyətli bir hissəsinin) inşa və təmir olunmasında ailə birliyi içərisində iştirakına dair dəlilləri, eləcə də cavabdehin etirazları, bu xüsusatlara dair tərəflərin istinad etdikləri hallar və təqdim etdikləri sübutlar tam və hərtərəfli yoxlanılmalıdır. Əgər mübahisəli evin ərsəyə gəlməsində iddiaçı iştirak etmişsə onun meydana gətirilmiş iqtisadi dəyər üzərindəki mülki hüquqlarının nədən ibarət olduğu aydınlaşdırılmalı, həmin hüquqlar ədalətli şəkildə kompensasiya edilmədən iddiaçının mübahisəli evdə yaşamaq imkanından məhrum edilməsinin hüquqdan sui-istifadə təşkil edib etməməsinə, mövcud vəziyyətdə iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi üçün əsasların olub-olmadığına yuxarıda göstərilən hüquqi mövqelər, habelə mülki və ailə qanunvericiliyi əsasında yekun hüquqi qiymət verilməlidir”.

Təkrar apellyasiya baxışı, izahat

18. İddiaçının təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.

19. Birinci instansiya məhkəməsində cavabdehin vəkili qismində iştirak etmiş Vəkil2 ərizə ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirməklə prosesin təxirə salınmasını xahiş etsə də, həm işin halları, həm ərizədə qeyd olunan halla bağlı hər hansı sübut təqdim edilmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

“X6 haqqında” Azərbaycan Respublikasının Qanunu

21. Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 4. Əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.

23. Maddə 14.2. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, fiziki və hüquqi şəxslərin digər hərəkətləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

26. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

27. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

28. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

29. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

30. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

31. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

32. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

33. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 81. Qanuna və ya digər X6a əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

41. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

42. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da əsas götürən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə tərəflərin qarşılıqlı münasibətlərinin mahiyyətini səhv qiymətləndirməsi səbəbindən gəlməklə işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

43. Belə ki, ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud olmasa da, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsi şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan da etmir - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.

44. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları).

45. Özbaşına tikililərə köçürülmə tələbi ilə bağlı mübahisələrin həlli üzrə vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

46. Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.

47. Hazırkı işin müəyyən olunan halı odur ki, tərəflər xx.xx.2011-ci il il tarixdə ailə qurmuş, bundan sonra iddiaçı mübahisəsi gedən tikilidə yaşamağa başlamış, uşaqları həmin evdə doğulmuşdur.

48. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan həmin evin yaşayış sahəsi kimi istifadə edildiyi və tərəflərin ailə münasibətlərinin pozulmasına qədər iddiaçının orada yaşadığı da işin mübahisəsiz halıdır.

49. İddiaçı bildirir ki, nikah bağlanan vaxt ev bir mərtəbədən ibarət olub, sonradan yeni evin tikilməsində iştirak etmişdir, eyni həyətdə üç ədəd iki mərtəbəli ev var, biri də iki mərtəbəli beş otaqlı evdir, cavabdehlə birgə ikinci mərtəbədə yaşamışlar, əşyaları hələ də həmin evdədir, ev onların birgə vəsaiti hesabına tikilmiş, təmir olunmuşdur. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, evin ona aidiyyəti yoxdur, evlər onun qardaşına məxsusdur, hazırda özü orda yaşamır, valideynləri qalır.

50. Kollegiyanın qənaətinə görə, mübahisəsi gedən tikilidə 10 il ərzində fasiləsiz yaşamış iddiaçının evin cari təmirində və qorunub saxlanmasında iştirak etmədiyini, evdə təmir işləri həyata keçirilərkən buna istənilən formada köməklik göstərmədiyini (şəxsi əməyi, təmir işlərini həyata keçirən ustalara yemək hazırlaması, təmizlik işləri görməsi və s.) qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh həyətdə sonradan (nikah dövründə) əlavə tikililərin inşa olunduğunu inkar etmir; belə olan halda evin tərkib hissəsinə çevrilən həmin tikililərin inşasında iddiaçının iştirakının olmadığını məhz cavabdeh sübut etməlidir.

51. Qeyd olunmalıdır ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə həmin halı irəli sürən tərəfin üzərinə düşməkdədir.

52. Bu kontekstdə nəzərə alınmalıdır ki, mübahisəsi gedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, əgər evin tərəflərin nikahları dövründə inşa edildiyi, yaxud onun dəyərini əsaslı şəkildə artıran əlavələr tikildiyi müəyyən olunursa, bu hal evin ümumi əmlak hesabına inşa edildiyi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakların əvəzli əldə olunduğu, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında ər-arvadın hər ikisinin iştirak etdiyi qənaətinə gəlməyə əsas yaradır.

53. Bu zaman həm də nəzərə alınmalıdır ki, əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini, yəni şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Bu mənada, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qisminə, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qisminə aid olunur.

54. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.

55. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının hazırda öz övladları ilə birlikdə atasının evində yaşaması, onun və uşaqlarının mübahisəsi gedən evə köçürülmələrinə maneə törədən hal kimi qəbul edilə bilməz.

56. Xüsusilə nəzərə alınmalıdır ki, işin hallarından iddiaçının, həmin evi könüllü deyil, iddiaçı ilə arasında yaranmış ailə münaqişəsi fonunda intihara cəhd etməsindən sonra tərk etdiyi aydın olur.

57. Evin ona deyil, qardaşına məxsus olması barədə cavabdehin arqumenti isə inandırıcı deyildir; belə ki, cavabdehin iddiaçı ilə nikahda olduğu dövrdə həmin evdə yaşadığı işin mübahisəsiz halıdır və cavabdeh hazırkı dövrədək mübahisəsi gedən evdə qeydiyyatda olmaqla, sonradan da başqa yaşayış sahəsinə qeydiyyata alınmamışdır.

58. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, qanunvericilik özbaşına tikiliyə istifadə hüququnun tanınmasını nəzərdə tutmadığı və belə bir yanaşma mülki qanunvericiliyin daşınmaz əmlaka hüquqların yaranmasını tənzimləyən normalarına zidd olduğu üçün, iddiaçının “evə istifadə hüququnun tanınması” tələbi təmin oluna bilməz.

59. Məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

60. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi isə tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır.

61. Kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında ədalətli tarazlıq iddia tələbinin “evə köçürülmə” tələbinin təmin olunması ilə qoruna bilər.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-872/2023 saylı iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsi qismən - İddiaçı “evə köçürülmə” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun və həmin tələb üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbi təmin edilsin. İddiaçı, uşaqları X4 və X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar