Məhkəmə qərarları › İş №2(103)-4221/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4221/2021

07.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4221/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçı X4, iddiaçı X4 vəkili Vəkil, Cavabdeh nümayəndəsi vəkil X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏƏSMN yanında X13 Xidmətinin nümayəndəsi X14 iştirakları ilə, iddiaçı X4 Cavabdeh MMC-yə qarşı ƏƏSMN yanında X13 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-563/2021 saylı işi üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X12 Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsaslanan 07.12.2020-ci il tarixli əmrinin əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının 4700 manatdan hesablanaraq verilməsi, ona vurduğu 30000 manat mənəvi ziyanın əvəzinin və onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi, iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: "Cavabdeh” MMC ilə Kandemir Ahmet arasında bağlanmış 17 saylı 03.02.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, Kandemir Ahmet həmin MMC-nin icraçı direktor vəzifəsinə işə qəbul edilmişdir (səh.66); "Cavabdeh” MMC-nin direktoru Əhəd Əsgərov tərəfindən imzalanmış 07.12.2020-ci il tarixli 202/k saylı "əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrə əsasən, "İcraçı direktor” ştatı ixtisar olunması barədə qərar verildiyindən X12 ilə 03.02.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xitam verilmişdir (səh.65); "xxxx” MMCnin nəzdində "Köhnə Günəşli” Tibb Mərkəzinin 54 nömrəli, 03 dekabr 2020-ci il tarixli arayışla Kandemir Ahmet 03.12.2020-ci il tarixdə mərkəzdə müayinələrdən keçmişdir və ona kəskin işialqiya, lyumbaqo diaqnozu qoyulmuşdur. Xəstənin səhhəti nəzərə alınaraq 01.01.2021 -ci il tarixinə qədər ambulator ev şəraitində müalicə təyin edilmişdir (səh.95); "xxxx” MMC beynəlxalq pul köçürmələri barədə məlumatına əsasən, Ahmet Kandemir adından 11.02.2020-ci il tarixdə 1000 ABŞ dolları, 12.02.2020-ci il tarixdə 1000 ABŞ dolları, 10.06.2020-ci il tarixdə 1000 ABŞ dolları, 11.06.2020-ci il tarixdə 500 ABŞ dolları,20.07.2020-ci il tarixdə 1000 ABŞ dolları, 22.07.2020-ci il tarixdə 1000 ABŞ dolları,23.07.2020-ci il tarixdə 1000 ABŞ dolları, 27.07.2020-ci il tarixdə 800 ABŞ dolları,05.09.2020-ci il tarixdə 1000 ABŞ dolları,08.09.2020-ci il tarixdə 1000 ABŞ dolları,06.10.2020-ci il tarixdə 1000 ABŞ dolları, 08.10.2020-ci il tarixdə 1000 ABŞ dolları, ümumilikdə 11300 ABŞ dolları Türkiyə Respublikasına göndərilmişdir (səh.35-48); “xxxx” ASC tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışa əsasən, 07.12.2020-ci il tarixdə son haqq hesab 2026.67 manat Ahmet Kandemirin hesabına ödəniş edilmişdir (səh.73); xxxx tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışa əsasən, 07.12.2020-ci il tarixdə əmək haqqı 909 manat Ahmet Kandemirin hesabına ödəniş edilmişdir (səh.74); "Music Gallery” X6 tərəfindən (Elektron ünvan ) 28.04.2020-ci il tarixdə Kandemir Ahmete göndərilmiş əmək haqqı cədvəlinə əsasən, 03.02.2020-ci il tarixdə Kandemir Ahmet icraçı direktor vəzifəsinə danışılan əmək haqqı 5500, rəsmi əmək haqqı 1000 manat olmuşdur (səh.37); "Cavabdeh” MMC tərəfindən X7 ünvanlanmış xəbərdarlığa əsasən, cəmiyyətin strukturunda müvafiq dəyişikliklər həyata keçirildiyindən 04.11.2020-ci il tarixdən icraçı direktor vəzifəsi ixtisar ediləcəkdir və onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən xitam veriləcəkdir (səh.75). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-563/2021 saylı işi üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "Cavabdeh” MMC 07.12.2020-ci il tarixli 202/k nömrəli əmri ləğv edilməsi, X12 məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, "Cavabdeh” MMC-yə icraçı direktor vəzifəsinə işə bərpa edilməsi, cavabdeh "Cavabdeh” MMC-dən 500 manat mənəvi ziyan tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70-ci maddəsinin “b" bəndinə, 73, 77, 296, 300; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14, 77, 119, 217-ci maddələrinə; Mülki Məcəllənin 390-cı maddəsinin 1-ci bəndinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarına; "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə istinadən qeyd edilmişdir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Belə ki, iş materiallarından əmrin verilməsinə səbəb X4 vəzifəsinin ixtisar edilməsi olsa da iddiaçı bu qərar və ya əmr ilə tanış olmamış, həmçinin əmrin verilməsinə əsas olan (qərar və ya əmr) məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilməmiş, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə X12 azı bir iş günü əmək funksiyasının icrasından azad edilməli idi. Əmək haqqının 4700 manat məbləğində olması ilə bağlı tələbin bu hissəsində də "Cavabdeh” MMC tərəfindən Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, vergi ödəyiciləri tərəfindən işçilərə əmək haqqının verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmədikdə, bu işçilərin sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir. İş materiallarında olan əmək haqqı cədvəlindən görünür ki, əmək haqqı yüksək olduğu halda müqavilədə əmək haqqının məbləği az qeyd edilmişdir. X12 qanunsuz olaraq işdən azad edildiyi üçün müddətli əmək müqaviləsinin müddəti uzadılaraq icraçı direktor vəzifəsinə bərpa edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərdən açıq-aşkar göründüyü kimi iddiaçının iddiası qismən əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-563/2021 nömrəli, 12.02.2021-ci il tarixli qətnaməsini ləğv edərək, iddiaçı X4 Cavabdehnə qarşı ‘‘işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 11, 42, 70-ci maddəsinin “b” bəndinə, 71, 77, 292; Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 14, 88, 372-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarına əlavə olunmuş 04 noyabr 2020-ci il tarixli xəbərdarlıqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.1 -ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh tərəfindən X7 xəbərdarlıq edilmiş və həmin xəbərdarlıq iddiaçıya 05 noyabr 2020-ci il tarixində poçt vasitəsilə təqdim olunmuşdur. 07 dekabr 2020-ci il tarixli əmrə əsasən X12 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və son haqq-hesab və müvafiq məbləğli əmək haqqı işçinin əmək haqqı hesabına köçürülmüşdür. İddiaçının qeyd etdiyi bütün sözlər həqiqətə uyğun deyildir. Belə ki, onunla imzalanmış əmək müqaviləsinə əsasən işçinin əmək haqqı 1000 manat olmuşdur. Son-haqq hesab da onun əmək haqqı nəzərə alınmaqla qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanmış və ödənilmişdir. İddiaçı X12 öz iddia tələbini onunla əsaslandırır ki, guya müddətli əmək müqaviləsinin ləğvi ilə bağlı qanunvericilikdə göstərilmiş tələblərə cavabdeh "Cavabdeh" MMC tərəfindən riayət olunmamış və bununla da Ahmet Kandemirin qanunla mühafizə olunan mənafeyinə zərər dəymişdir. Halbuki, X4 əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi əmək müqaviləsinin müddətli və ya müddətsiz olması amilindən asılı edilməyib və bu səbəbdən də imperativ norma cavabdeh tərəfindən Azərbaycan Respublikası ƏM-in 77.1-ci maddəsi ilə əlaqəli şəkildə düzgün tətbiq olunmuş və X12 xəbərdarlıq müddətində yazılı etiraz bildirməmişdir. İşə əlavə edilmiş 07.12.2020-ci il tarixli poçt xəbərnamələrindən görünür ki, iddiaçı X7 həmin tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair 07.12.2020-ci il tarixli Cavabdeh MMC-nin direktorunun əmri və əmək kitabçasının əsli cavabdeh tərəfindən sürətli poçt vasitəsilə göndərilmiş, lakin iddiaçı tərəfindən məktubların qəbulundan imtina olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC tərəfindən X7 ünvanlanmış 04.11.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cəmiyyətin strukturunda müvafiq dəyişikliklər həyata keçirildiyindən 04.11.2020-ci il tarixdən icraçı direktor vəzifəsi ixtisar ediləcəkdir. Bununla əlaqədar, bu xəbərdarlıq aldığı gündən 4 (dörd) təqvim həftəsindən sonra onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən xitam veriləcəkdir. Xəbərdarlıq müddəti ərzində ixtisasına (peşəsinə) uyğun vakant ştat vahidləri müəyyən edilərsə, bu barədə ona məlumat veriləcəkdir. Eyni zamanda qeyd olunmuşdur ki, onun yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırki, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli miqdarında bir dəfəlik ödəniş edilməklə və orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında işdənçıxarma müvaniəti ödənilməklə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilər. Həmin xəbərdarlıq iddiaçıya 05 noyabr 2020-ci il tarixində poçt vasitəsilə təqdim olunmuşdur. Bundan sonra Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmış 07.12.2020-ci il tarixli 202/k saylı “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrə əsasən “İcraçı direktor” ştatı ixtisar olunması barədə qərar verildiyindən X12 ilə 03.02.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bununla bağlı olaraq bildirilir ki, X12 ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri nəzərə alınmaqla xitam verilmişdir. Birinci instansiya məhkəməsi araşdırma zamanı belə qənaətə gəlmişdir ki, əmrin verilməsinə səbəb X4 vəzifəsinin ixtisar edilməsi olsa da iddiaçı bu qərar və ya əmr ilə tanış olmamış, həmçinin əmrin verilməsinə əsas olan (qərar və ya əmr) məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı olaraq bildirir ki, müəssisə öz strukturunu və ştat tərkibini müstəqil sürətdə özü müəyyən edir.Yəni konkret müəssisədə işçilərin say və ştat tərkibini müəyyənləşdirmək hüququ məhz işəgötürənə məxsusdur. Bu barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsində birbaşa göstəriş vardır. Orada deyilir ki, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də bu məcəllənin və digər normativ aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququdur. Buna görədə ştat cədvəli tez-tez dəyişə bilər, işçilərin sayı və ya ştatının ixtisarı ilə əlaqədar tədbirlər həyata keçirildikdə əmək müqaviləsi ləğv edilməli olan işçiləri-namizədləri işəgötürən müəyyən edir. Yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edirik ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. İşin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə cəmiyyətin strukturunda müvafiq dəyişikliklər həyata keçirildiyindən icraçı direktor vəzifəsi ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə X12 azı bir iş günü əmək funksiyasının icrasından azad edilməli idi. X7 xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılmış, bu hüquqlarının həyata keçirlməsi işəgötürən tərəfindən heç bir zaman məhdudiyyət qoyulmamış və işəgötürən tərəfindən bu hüququnun məhdudlaşdırılması ilə bağlı iddia tələbində göstərməmişdir. Yəni, iddiaçının yeni iş axtarmaq üçün kifayət qədər vaxtı olmuş və bununla bağlı şərait yaradılmışdır. Bundan əlavə, xəbəradrlıq müddəti ərzində iddiaçının ixtisasına (peşəsinə) uyğun olan vakant ştat vahidləri müəyyən edilərsə, bu barədə ona əlavə məlumat veriləcəyi bildirilmişdir. Bundan əlavə, əmək haqqının 4700 manat məbləğində olması ilə bağlı məhkəmə hesab edir ki, tələbin bu hissəsində də Cavabdeh MMC tərəfindən Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, vergi ödəyiciləri tərəfindən işçilərə əmək haqqının verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmədikdə, bu işçilərin sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir. İş materiallarına əlavə olunmuş 03.02.2020-ci il tarixli, 17 nömrəli əmək müqaviləsinə əsasən işçi X12 icraçı direktor vəzifəsinə işə qəbul edilmiş və əmək haqqı üzrə içşiyə 1000 azn məbləğdə əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinin 4.3-cü bəndinə əsasən Əmək haqqı:-ayda bir dəfə ay yekunlaşdıqdan sonra növbəti ayın ilk 5 iş günündə ödənilir;-əmək haqqı və digər ödənclər işçinin Şirkət tərəfindən açılmış Bank hesabına köçürülür; Həmçinin, 4.4-cü bəndinə əsasən tərəflərin əmək haqqının ödənilməsi barədə razılığa gəldikləri digər şərtlər müəyyən edilməmişdir. Göründüyü kimi, işçi ilə işəgötürən arasında əmək münasibətləri əmək müqaviəsi üzrə müəyyən edilmişdir. İddiaçının 4700 manat məbləğində əmək haqqı alması həqiqəti əks etdirmir. Bundan əlavə, iddiaçının ailəsi üçün müəyyən vaxtlarda Türkiyədə yaşayan ailəsinə 11300 ABŞ dolları vəsaitin göndərilməsini sübut kimi qəbul edərək, Cavabdeh MMC tərəfindən ona 4700 manat əmək haqqı alması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru deyil və iddiaçının bu dəlliləri üzrə göstərdiyi sübutları məhkəmə mötəbər sübut kimi qiymətləndirilə bilməz. “xxxx" ASC tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışdan görünür ki, 07.12.2020-ci il tarixdə əmək haqqı 909 manat Ahmet Kandemirin hesabına ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışından görünür ki, 07.12.2020-ci il tarixdə son haqq hesab 2026.67 manat Ahmet Kandemirin hesabına ödəniş edilmişdir. Hesab edir ki, məhkəmə öz mülahizələrinə əsaslanaraq bu cür qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC tərəfindən X7 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cəmiyyətin strukturunda müvafiq dəyişikliklər həyata keçirildiyindən 04.11.2020-ci il tarixdən icraçı direktor vəzifəsinin ixtisar ediləcəyi və onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilməsi barədə məlumat verilmişdir. Lakin, iddiaçı buna heç bir etiraz etməmişdir. İddiaçının Şirkət rəhbərliyi ilə ziddiyyətli münasibətdə olması ilə bağlı işdən azad olunması barədə irəli sürdüyü dəlillər öz təsdiqini tapmır. Belə ki, iddiaçı qeyd edir ki, işə gəldikdən sonra onun girişinin qadağan olunduğunu, kompyuterdən istifadə edə bilməyəcəyini görmüşdür. Həmçinin iddiasında bildirir ki, o, 05 noyabr 2020-ci il tarixdə olanlardan özünü pis hiss etdiyi üçün Medera hospitalına müraciət etmiş, bir müddət müalicə olunduqdan sonra 12 noyabr 2020-ci il tarixdə təkrar işə çıxmışdır. Lakin, onun tərəfindən 05.11.2020-ci ildən 12.11.2020-ci il tarixədək Medera hospitalında müalicə almasını təsdiq edən tibbi arayışı iş yerinə təqdim etməmişdir. Göründüyü kimi, işçi həmin günlərdə işə çıxmamışdır. Əgər ona qarşı hər hansı qərəzli münasibət göstərilmiş olsaydı, onun barəsində Əmək Məcəlləsində nəzərdə tutulmuş intizam tənbeh tədbirinin verilməsi barədə qərar qəbul edilə bilərdi. Bundan başqa, iddiaçının hüquqları pozulduğunu halda, Azərbaycan Respublikasının ƏƏSM yanında X9 şikayət ilə müraciət edə bilərdi. Bundan əlavə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-563/2021 nömrəli 12.02. 2021-ci il tarixli qətanməsi ilə “Cavabdeh MMC 07.12.2020-ci il tarixli 202/k nömrəli əmri ləğv edilsin, X12 məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh MMC-yə icraçı direktor vəzifəsinə işə bərpa edilsin” qərara almışdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçının iddia etdiyi İcraçı direktor vəzifəsi 04.11.2020-ci il tarixli əmrlə ləğv edilmiş və ştatın ləğvi barədə iddiaçıya məlumat verilmişdir. Bu Əmr iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Qeyd olunduğu kimi, iddiaçı ilə əmək müqaviləsinə məhz ştatın ixtisarı ilə bağlı xitam verilmişdir. Həmin əmr ləğv edilmədən və ştat bərpa edilmədən işə götürənin üzərinə işçinin işə bərpa olunmasını doğru hesab etmir. Halbuki, Əmək müqaviləsinin müddəti 03 fevral 2021-ci il tarixdə qurtardığından cavabdehin üzərinə həmin tarixdən sonra məcburi iş buraxmağa görə əmək haqqı ödəmək öhdəliyi qoyula bilməz. Halbuki, işə görtürən Cavabdeh MMC ilə işçi X12 arasında bağlanmış 03.02.2020-ci il tarixli əmək müqaviləsin 03.02.2021-ci il tarixədək, yəni 1 (bir) il müddətində bağlanmışdır. Yəni əmək müqaviləsinin müddəti bitmişdir. Belə olan halda, məhkəmə əmək müqaviləsinin müddətinin bitməsini nəzərə almadan işçini bərpa edə bilməz. Müddətli əmək müqaviləsinin bağlanması halları Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulub. Müddətli əmək müqaviləsinin ləğv olunması və uzadılmasında maraqlı və xüsusi hallar mövcuddur. Müddətli əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Bu maddənin 1 -ci hissəsində göstərilib ki, müddətli əmək müqaviləsinə müqavilənin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bundan əlavə, iddiaçının əcnəbi vətəndaş olması, onunla əmək müqaviləsi bağlanarkən onun üçün cavabdeh tərəfindən bir il müddətinə fərdi iş icazəsi (iş №0049106) alındığını, həmin iş icazəsinin müddətinin 14 yanvar 2021-ci il tarixdə başa çatmasını məhkəmə nəzərə almamışdır. Halbuki, Miqrasiya Məcəlləsinin 63.5-ci maddəsinə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar; iş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. Baxmayaraq ki, iddiaçının müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti 14 yanvar 2021-ci il tarixdə başa çatmışdır, o işə məhkəmədə baxıldığı vaxt iclaslarda iştirak etmişdir. Halbuki, Miqrasiya Məcəlləsinin 71.2-ci maddəsinə əsasən əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və əməkçi miqrantın Azərbaycan Respublikasında qalması üçün başqa əsas olmadıqda, o, 10 iş günü müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir. Belə ki, iddiaçı ilə əmək müqaviləsi qanunun tələblərinə uyğun xitam verildiyindən və digər halları da nəzərə alaraq qeyd edirik ki, birinci birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın tutulması hissəsində səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfindən göstərilənlər formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən maddi hüquq normalarını pozmuş, tətbiq etməli olduğu qanun normasını tətbiq etməmiş, onun gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları dəqiq aydınlaşdırılmamış, sübutlara düzgün qiymət verməmiş həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Ona görə qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X8 apellyasiya şikayətini müdafiə edərək, tərəflər arasında müddətli əmək müqaviləsinin bağlandığını, müqavilənin müddətinin 03.02.2021-ci il tarixdə bitdiyini, məhkəmənin düzgün nəticəyə gəlmədiyini, iddiaçının kifayət qədər vaxtı olduğu üçün arayışı ala bildiyini, iddiaçının xəbərdarlığı 05.11.2020-ci il tarixdə aldığını, İştirakçıların ümumi yığıncağının 02/2020 saylı protokolunu təqdim edərək icraçı direktorun bir nəfər olduğunu və onu da ixtisar etdiklərini, zərurət olmadığı üçün müəssisənin bağlanmadığını, müəssisənin işlədiyini, iddiaçı ilə barışıq əldə edə bilmədiklərini, iddiaçı ilə əvvəllər danışıqlar aparıldığını, ona başqa iş təklif edildiyini, lakin iddiaçının qəbul etmədiyini, münasibətlərin artıq dəyişdiyini, hal-hazırda iddiaçının başqa yerdə işlədiyini, işçini işdən ixtisar etmək səlahiyyətinin işəgötürənin hüququ olduğunu, Cavabdeh MMC-nin yeni yaranmış şirkət olduğunu, iddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı barədə sübutun saxta olduğunu, exceldə yazıldığını, sübut kimi qiymətləndirilməməli olduğunu, iddiaçının 14 gün işə gəlmədiyini, Kandemir işdən çıxarılarkən əmrlər kitabını heç kimə təhvil vermədiyini və ona görə əmrlər kitabını məhkəməyə təqdim edə bilmədiklərini bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X12 apellyasiya şikayətini qəbul etməyərək, aralarında əmək müqaviləsi olsa da, noyabrın 4-ü təsisçinin ona zəng vurduğunu, onunla işləmək istəmədiyini, ərizəni yaz dediyini, elə həmin gündən ofisə buraxılmadığını, 05.11.2020-ci il tarixində isə xəbərdarlıq məktubu aldığını, heyətin bütün işlərini özünün gördüyünü, 7 mağazanın bütün proseslərinə özünün nəzarət etdiyini, şirkətdə 180 nəfər işlədiyini, 110 min manatlıq büdcə daxilində fəaliyyət göstərdiyini, əgər onun əmək haqqı 1000 manat idisə, onu ixtisar etməklə şirkətin vəziyyətinin necə düzəlməsini, ona həmçinin başqa iş təklif edilmədiyini, 10 aya yaxın müddətdə işlədiyini, ona heç bir töhmət verilmədiyini, işini hər zaman gördüyünü, şəxsi eqoya görə işdən azad edildiyini, 03.11.2020-ci il tarixdə belində ağrı olduğu üçün maillə rəhbərliyə məlumat verdiyini, 1 həftə işə çıxmadığını, həmçinin onun əmrlə tanış edilmədiyini, onun adına əmr verilməsi ilə bağlı heç bir qeydin jurnala daxil olmamasını bildirildiyini, cavabdeh tərəfindən verilən protokolun saxta olduğunu, həmin sənədin araşdırılması üçün Prokurorluğa göndərilməsini xahiş etdiyini, işə onu buraxmadıqları üçün şirkətin vəkilinə müraciət etdiyini, vəkilin də onun gəlmədiyi günlərin hesaba alınmadığını söylədiyini bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının 1000 manat verilməli idisə, Türkiyə Respublikasında qalan ailəsini necə dolandırması cavabdehdən məlumat almaq istədiyini, əmək müqaviləsində 1000 manat göstərilsə də əslində 4700 manat maaş aldığını, 02/2020 saylı, 02.11.2020-ci il tarixli Cavabdeh MMCnin iştirakçılarının ümumi yığıncağının protokolunun sübut qismində qəbul edilməsinə etiraz etdiyini, sənədin qeyd edilən tarixdə deyil, indiki dövrdə tərtib edilərək məhkəməyə təqdim edildiyini, qeydiyyat kıtabın olmadığını, şirkət tərəfindən verilmiş əmrin nəyə əsaslanmasının göstərilmədiyini, həmçinin əcnəbinin 1000 manat məbləğində əmək haqqı müqablində gəlib Bakı şəhərində işləməsi və ailəsini saxlaya bilməsinin inandırıcı olmadığını, sübutların saxtalaşdırıldığını, məhkəmənin sorğularına cavab verilmədiyini, bu gün isə həmin sənədin təqdim edildiyini, cavabdehin ƏM-nin 70-77-ci maddələrini pozduğunu, protokolun yazıldığını, lakin onun keçirilməsi ilə bağlı əsasın olmadığını, Əmək müfəttişliyinə müraciət etdiklərini, Müfəttişliyin araşdırmadan işə xitam verdiyini bildirmiş və şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏƏSMN yanında X13 Xidmətinin nümayəndəsi X17 iddiaçının ərizəsinin Əmək Müfəttişliyi Xidmətinə daxil olduğunu, lakin iş məhkəmədə olduğundan araşdırılma aparılmadığını, yəni məzmunlu məktubla iddiaçı və nümayəndəsinə məktub göndərildiyini, işçinin əmək müqailəsi üzrə müddət bitmədən əmək müqaviləsinə xitam verildiyi üçün işçinin hüquqlarının bərpa edilməli olduğu, həmçinin əmək kitabçası üzrə sənədləşdirilmə aparılmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X1 Cavabdeh MMC-də İnsan Resursları üzrə baş mütəxəssis işlədiyini, onun işlədiyi vaxt rəhbərə tabe olduğunu, o vaxt kitab olmadığı üçün əmrlər kitabını tərtib etdiyini, əsasən müəssisənin ümumi fəaliyyətinə aid təşkilati əmrləri həmin qeydiyyat kitabına daxil etdiyini, lakin iddiaçı A.Kandemirin əmrini qeydiyyata almadığını, işçilərin işə qəbul və azad olma barədə əmrlərini kitaba daxil etmədiyini, sonralar öz xahişi ilə işdən azad edildiyini, təhvil-təslim aktı üzrə şəxsi işlərini təhvil verib getdiyini, iddiaçı barədə 04.11.2021-ci il tarixdə qərar qəbul edildiyini, daha bir də iddiaçını işdə görmədiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında icraat zamanı müəyyən olunur: ƏƏSMN yanında X13 Xidmətinin 01.06.2021-ci il tarixli məktubuna əsasən, iddiaçı X7 ünvanlanmış 01.06.2021-ci il tarixli məktub ilə müraciət edərək, Kandemir Ahmetin Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhər Səbail rayon məhkəməsi tərəfindən baxılaraq 12.02.2021-ci il tarixli qətnamə qəbul edilmiş və müraciəti 10.03.2021-ci il tarixli **********6 nömrəli məktubla müvafiq qaydada cavablandırılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən X13 Xidməti bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz (səh.170); Cavabdeh MMC tərəfindən verilmiş 02.11.2020-ci il tarixli İştirakçıların ümumi yığıncağının 02/2020 saylı protokoluna əsasən, Cavabdeh MMC-nin ştat cədvəlində “icraçı direktor” ştatının ixtisar edilməsi qərara alınmışdır (səh.151); 27.05.2021-ci il tarixli akta əsasən, Cavabdeh MMCnin direktoru Əhəd Əsgərov, Cavabdeh MMC-nin baş mühasibi Nərgiz Səidova təsdiq edirlər ki, Cavabdeh MMC-dəicraçı direktor vəzifəsində işləmiş X12 işdən çıxarılarkən əmrlər kitabını heç kimə təhvil verməmişdir və ona görə də Bakı Apellyasiya Məhkəməsinin sorğusu əsasında əmrlər kitabını məhkəməyə təqdim eəd bilmirlər (səh.158). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 9-15, 68, 70, 76-86, 287-300, 308; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-ci maddələrinə istinadən hesab edir ki, məhkəmə qanunla işəgötürənin iradəsinə aid səlahiyyətlərə müdaxilə edərək (əmək haqqının 4700 manat məbləğində olması ilə bağlı əsaslandırma dəlilləri yürüdüb) müddətli əmək müqaviləsinin müddətini uzadıb iddiaçını icraçı direktor vəzifəsinə bərpa etməklə, təkzibedilməz sübutlarla təsdiq edilməyən və yalnız iddiaçının dəlillərinə müvafiq əsassız məhkəmə aktı qəbul etmişdir. Qeyd edilməlidir ki, iddianın əsası ixtisar aparma ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsi olmuşdur ki, bunlar da öz təsdiqini tapmamışdır. Burada müvafiq müddət tələblərinə riayət etməklə işçiyə xəbərdarlıq edilməsi və bu müddət ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinın azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsidir ki, bunlara riayət edilməməsi sübuta yetirilməmişdir. Əksinə, iddiaçı özü xəbərdarlığın edilməsini təsdiq etmiş və ümumiyyətlə işə buraxılmamasını qeyd etmişdir. İşə buraxılmama qarşı tərəfdən etirafı və ya sübutlarla təsdiq edilməsə də, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi tələblərinə riayət edilməməsini sübuta yetirmir. Diqqətə çatdırılmalıdır ki, iddiaçı özü icraçı direktor olmaqla səlahiyyətli şəxs olmuş və onun iş rejiminə nəzarətin mövcudluğu belə sübuta yetirilməmişdir. Əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərin göstərilməməsi və əsaslandırılması üzrə qanunvericiliyin tələblərinə riayət edilməməsinə dair qeyd edilməlidir ki, əmrdə əsaslar qeyd edilmiş və bu əsas apellyasiya icraatı zamanı təqdim edilmişdir. Sənədlərin uçotu və qeydiyyatına dair pozuntuların olması barədə iddiaçı tərəfindən irəli sürülmüş dəlillər müvafiq icra hakimiyyəti orqanların səlahiyyətlərinə aid olduğundan hazırki iddianın araşdırma predmeti ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunverciliyinin tətbiqinin məhkəmə təcrübəsi” haqqında 23.12.1993-cü il tarixli 5 nömrəli qərarının 31-ci bəndinə əsasən, işə bərpa haqqında mübahisəni həll edərkən məhkəmə işdən çıxarmaya əsas vermiş faktik halları əsas götürərək işdən çıxarma səbəbinin ifadəsini qüvvədə olan əmək qanunverciliyinə uyğunlaşdıra bilər. Hazırki halda uyğunlaşdırılması üçün zərurət olmasa da əmrdə göstərilmiş ifadələrin işəgötürənin iradə ifadəsi (hüququ) baxımından təfsir edilməsini kollegiya qanuni hesab edir. Belə ki, Əmək Məcəlləsinin 11 /1- ə) və 2/ –ci maddəsinin tələblərinə əsasən: Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək kimi işəgötürənin hüquqları vardır; İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi əsası ilə təmin edilən hissədə ləğv edilməli, həmin hissədə təmin edilməməklə apellyasiya şikayəti təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-563/2021 saylı işi üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi qismən (təmin edilən hissədə) ləğv edilsin. İddiaçı X4 Cavabdehnə qarşı "Cavabdeh” MMC-nin 07.12.2020-ci il tarixli 202/k nömrəli əmrin ləğv edilməsi, X4 məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, "Cavabdeh” MMC-yə icraçı direktor vəzifəsinə işə bərpa edilməsi, cavabdeh "Cavabdeh” MMC-dən 500 manat mənəvi ziyan tutularaq iddiaçıya ödənilməsi (iddianın təmin edilən) hissəsində iddia təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar