Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4222/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 aprel 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və cavabdeh Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia barədə məlumat İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun əvvəlki iş yerinə - Ağdam Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə cavabdeh tərəfindən ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Ağdam Rayon Təhsil Şöbəsi arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “Əmək müqaviləsinə” əsasən iddiaçı həmin Şöbəyə məsləhətçi ştatına işə qəbul edilmişdir. Müqavilə 3 ay müddətinə bağlansa da, iddiaçı xx.xx.2020-ci il tarixə kimi həmin vəzifədə fasiləsiz olaraq işləmişdir. xx.xx.2020-ci il tarixdə isə “Əmək müqaviləsinə”, müqavilənin müddətinin qurtarması əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada xitam verilmişdir. İddiaçı həmin əmrlə razılaşmayaraq “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbi barədə” iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. İddianın təmin edilməsi barədə qətnamə qüvvəyə mindikdən sonra iddiaçı işə bərpa edilmiş, onunla yeni “Əmək müqaviləsi” bağlanmış və 6 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə sonuncu müqaviləyə də, müqavilənin müddətinin qurtarması əsası ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. İddiaçı bununla razılaşmır, çünki o, xx.xx.2012-ci il tarixdən fasiləsiz olaraq işlədiyindən onunla bağlanmış “Əmək müqaviləsi” müddətsiz hesab edilir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. Apellyasiya şikayəti ilə bağlı məlumat İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi işin hallarına səhv qiymət vermiş, onları düzgün araşdırmamış və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi İddiaçı apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh Nazirliyinin nümayəndəsi apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, iddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə əmrdə əmək müqaviləsinin müddətinin bitməsi əsası göstərilib. Müqavilədə bu kimi müddət göstərilməsə də, müqavilədə qeyd edilib ki, iddiaçı dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanında iştirak etməli və imtahandan keçməsi ilə bağlı müvafiq sertifikatı “Əmək müqaviləsində” nəzərdə tutulmuş 6 ay müddətində işəgötürənə təqdim etməlidir. Lakin o, həmin müddət ərzində imtahandan keçməmiş və müvafiq sertifikatı təqdim etməmişdir. Buna görə də, hesab edilməlidir ki, iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə” xitam verilməsi barədə əmr qanunidir, iddiaçının iddia tələbi və bu tələbin rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən verdiyi apellyasiya şikayəti isə əsassızdır. Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı ilə Ağdam Rayon Təhsil Şöbəsi arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “Əmək müqaviləsinə” əsasən iddiaçının həmin Şöbəyə məsləhətçi ştatına işə qəbul edilməsi, müqavilə 3 ay müddətinə bağlansa da, iddiaçının xx.xx.2020-ci il tarixə kimi həmin vəzifədə fasiləsiz olaraq işləməsi, xx.xx.2020-ci il tarixdə “Əmək müqaviləsinə”, müqavilənin müddətinin qurtarması əsası ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada xitam verilməsi, iddiaçının həmin əmrlə razılaşmayaraq “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbi barədə” iddia ilə məhkəməyə müraciət etməsi, iddianın təmin edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qüvvəyə mindikdən sonra iddiaçının xx.xx.2021-ci il tarixli, K-872 saylı əmrlə işə bərpa edilməsi, iddiaçı ilə cavabdeh Nazirlik arasında xx.xx.2021-ci il tarixdə yeni “Əmək müqaviləsinin” bağlanması, xx.xx.2022-ci il tarixdə sonuncu müqaviləyə də, Nazirlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K-41 saylı əmrlə müqavilənin müddətinin qurtarması əsası ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilməsi işin mübahisəsiz halıdır. İş üzrə tərəflər arasında mübahisə doğuran hal iddiaçı ilə cavabdeh Nazirlik arasında olan əmək münasibətlərinin müddətli və ya müddətsiz olmasıdır. İddiaçı hesab edir ki, o, xx.xx.2012-ci il tarixdən fasiləsiz olaraq işlədiyindən onunla bağlanmış “Əmək müqaviləsi” müddətsiz hesab edilir. Cavabdeh Nazirlik isə hesab edir ki, iddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış “Əmək müqaviləsində” müqavilənin qüvvədə olma müddət göstərilməsə də, müqavilədə qeyd edilib ki, iddiaçı dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanında iştirak etməli və imtahandan keçməsi ilə bağlı müvafiq sertifikatı “Əmək müqaviləsində” nəzərdə tutulmuş 6 ay müddətində işəgötürənə təqdim etməlidir. Lakin o, həmin müddət ərzində imtahandan keçməmiş və müvafiq sertifikatı təqdim etməmişdir. Buna görə də, iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə” xitam verilməsi barədə əmr qanunidir. İşə baxmış Rayon Məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrinə istinad edərək iddianın təmin edilməməsi barədə nəticəyə gəlmiş və bu nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə xx.xx.2021-ci il tarixdə “Əmək müqaviləsi” – “sertifikatı 6 ay müddətinə işəgötürənə təqdim etmədikdə əmək müqaviləsinə xitam edilə bilər” - şərti ilə bağlanmış, iddiaçı, həmin sertifikatı işəgötürənə təqdim etməmiş, bu səbəbdən cavabdeh Nazirlik onunla iddiaçı arasında bağlanmış “Əmək müqaviləsinə” müqavilənin müddətinin keçməsi əsası ilə xitam verməkdə haqlı olmuşdur. Məhkəmə Rayon Məhkəməsi mövqeyi ilə iki əsasa görə razılaşmır. Birinci əsas: yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı ilə cavabdeh arasındakı əmək münasibətləri xx.xx.2012-ci il tarixdə “Əmək müqaviləsinin” bağlanması ilə başlanmış və həmin müqavilə 3 ay müddətinə bağlansa da, əmək münasibətləri xx.xx.2020-ci il tarixə kimi davam etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (maddə 3, hissə 5). Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (maddə 42, hissə 1). Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir (maddə 45, hissə 1 və 2). Əmək Məcəlləsinin tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, iddiaçı ilə bağlanmış xx.xx.2012-ci il tarixli “Əmək müqaviləsi” müddətsiz olmuşdur. İddiaçı ilə bağlanmış xx.xx.2012-ci il tarixli “Əmək müqaviləsinə” xx.xx.2020-ci il tarixli əmrlə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilmiş, iddiaçı cavabdehin bu mövqeyi ilə razılaşmayaraq “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbi barədə” iddia ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən (İş № 2(005)-3361/2020) görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə də iddiaçı) İddiaçı iddiası əsaslı hesab edilərək təmin edilmişdir. Həmin qətnamədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(103)-2822/2021) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsini, İddiaçı Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə bərpa edilməsini və məcburi iş buraxmaya görə ona əmək haqqının ödənilməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə bağlanmış xx.xx.2012-ci il tarixli “Əmək müqaviləsi” müddətsiz olmuşdur. Buna görə də, həmin müqaviləyə “müqavilənin müddətinin bitməsi” əsası ilə xitam verilə bilməz. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, bununla bağlı xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. Bundan sonra cavabdeh Nazirlik ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixdə yeni “Əmək müqaviləsi” bağlanmışdır. Nazirlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, K-872 saylı əmrdən görünür ki, bu əmrlə Nazirlik aşağıda göstərilənləri qərara almışdır: - Təhsil Nazirliyinin “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, K-367 nömrəli əmrin 1-ci bəndi ləğv edilsin; - İddiaçı ilə 22 iyul 2021-ci il tarixdən Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsində əmək müqaviləsi bağlanılsın; - İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı hesablanıb ödənilsin; - İnsan resursları şöbəsi və Ağdam Rayon Təhsil Şöbəsi bu əmrdən irəli gələn məsələləri həll etsin (və sair). Göründüyü kimi, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(103)-2822/2021) ilə əvvəlki işinə (vəzifəsinə) bərpa edilməsi qət edilsə də, bu prosedur İddiaçı sanki ilk dəfə olaraq işə qəbul edilməsi kimi həyata keçirilmişdir. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsi məhkəmə qətnaməsi ilə işə bərpa edilmiş şəxsin işə bərpa edilməsi üçün yeni “Əmək müqaviləsinin” bağlanmasını nəzərdə tutmamışdır. Bunu nəzərə alan Məhkəmə iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli yeni “Əmək müqaviləsini” əhəmiyyətsiz əqd kimi qiymətləndirir. xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsi” əhəmiyyətsiz əqd olduğundan bu müqavilənin xitamı ilə bağlı cavabdeh Nazirlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K- 41 saylı əmrin “iddiaçı ilə yeni “Əmək müqaviləsinin” bağlanması barədə” hissəsi də əhəmiyyətsizdir. Əmr qeyd edilən hissədə əhəmiyyətsiz hesab edildiyindən Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı əvvəlki işinə bərpa edilməsini tələb etməkdə haqlıdır. İkinci əsas: xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsi” əhəmiyyətsiz hesab edilməsə belə, nəzərə alınmalıdır ki, bu “Əmək müqaviləsində” müqavilənin müddəti göstərilməmişdir. Müqavilədə nəzərdə tutulmuş və cavabdeh tərəfin istinad etdiyi 9.5.6-cı bəndinə görə, dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı 6 ay müddətində işəgötürənə təqdim etmədikdə əmək müqaviləsinə xitam verilir. Məhkəmə bildirir ki, qeyd edilən həmin bəndə göstərilən 6 ay müddət “Əmək müqaviləsinin” müddəti deyil, işçi olan iddiaçının işəgötürən olan cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsinin müddətini nəzərdə tutur. Həmin müddətin başa çatması müqavilənin müddətinin bitməsi kimi qəbul edilə bilməz. Lakin iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə cavabdeh Nazirlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmr, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (müqavilə müddətinin qurtarması) ilə əsaslandırılmışdır. Bunları nəzərə alan Məhkəmə belə nəticəyə gəlir ki, iddianın “işə bərpa edilməsi” barədə hissəsi əsaslıdır. İddia tələbinin “işə bərpa” barədə hissəsi əsaslı olduğundan Məhkəmə hesab edir ki, iddianın “məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” barədə hissəsi də əsaslıdır. Çünki Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi bərədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Apellyasiya instansiyası məhkəməsinin nəticəsi Göründüyü kimi, Rayon Məhkəməsinin iddianın təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil, Rayon Məhkəməsi iş işin mühüm və faktiki hallarını aydınlaşdırmamışdır. MPM-nin 385.1-ci maddəsinə görə isə, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 aprel 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbi barədə” iddiası təmin edilsin İddiaçı Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4222/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4222/2022
17.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver