Məhkəmə qərarları › İş №2(103)-4222/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4222/2024

22.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4222/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “ X7” QSC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (əmrin ləğv edilməsi və cərimə) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədov Murad Akif oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğvi və cərimə tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-903/2024 saylı işi üzrə 03 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı - cavabdeh "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə qarşı 04 oktyabr 2023-cü il tarixli əmrin ləğv edilməsi, AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndinin 4-cü abzası ilə əvəz olunması və son haqq-hesabın ödənişinin gecikdirildiyinə görə cərimənin tutulması barədə iddiası Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-903/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, 897 manat məbləğində pul vəsaiti cavabdeh "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən iddiaçı X2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 50 manat mediasiya xərcinin 25 manat hissəsi cavabdehdən iddiaçının xeyrin tutulması qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2, 45.1, 68, 69.3, 74.1, 83.2, 172.4,172.5, 296; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işçi işdən azad olunması üçün işəgötürənə müraciət edərkən, ərizəsinə qeyd etmişdir ki, ona birinci dərəcəli əlillik təqdim olunmuşdur. Bu səbəbdən əmək qabiliyyətini itirdiyi üçün yaranmış vəziyyətlə əlaqədar işdən azad olunmasını xahiş etmişdir. İş materiallarında olan iddiaçının məlumat vərəqəsinin surətindən görünür ki, ona müddətsiz olaraq birinci dərəcəli əlillik verilmişdir. İşəgötürən isə işçi ilə əmək müqaviləsini ləğv edərkən, iddiaçının əlilliyə görə pensiyaya çıxdığı əsası ilə əmək müqaviləsinə xitam vermişdir. Halbuki qanunvericiliyin də tələbindən göründüyü kimi iddiaçı əmək qabiliyyətini fasiləsiz olaraq altı aydan çox müddətə tam itirərsə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74.1-ci maddəsinin "c” bəndinə əsasən xitam verilməlidir. Cavabdehin iddiaçının iddia müddətini ötürməklə bağlı ərizəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı "əmrin ləğvi” barədə tələblə məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə (nümayəndəsinə əmək kitabçası və əmrin surəti təqdim olunduğu gün) hüquqlarının pozulmasını aşkar etməsinə baxmayaraq, hüquqlarının müdafiəsi haqqında mediasiya şurasına xx.xx.2024-cü il tarixdə, hazırkı iddia ərizəsi ilə isə məhkəməyə məhz xx.xx.2024-cü il tarixdə müraciət etmiş və bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür. İddia tələbinin "cavabdehin son haqq-hesab ödənişini gecikdirdiyinə görə cərimə edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan X5 Xidmətinin iddiaçıya ünvanlanmış 09 yanvar 2024-cü il tarixli məktubunda qeyd olunur ki, tərəflərindən təqdim olunan sənədlərdən işəgötürən tərəfindən son haqq-hesabınızın AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənildiyi müəyyən edilmişdir. Bununla bağlı tərəfimizdən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC X8 Donanmasının vəzifəli şəxsi barəsində AR İXM- nin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, xx.xx.2023- cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda iş materiallarında olan iddiaçının əmək haqqı barəsində bank hesabının çıxarışın surətindən görünür ki, onun hesabına 2990,71 manat məbləğində son haqq-hesab xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. İşçi 04 oktyabr 2023-cü il tarixdə işdən azad olunmasına baxmayaraq, son haqq-hesab ona həmin tarixdən 01 təqvim ayı keçdikdən sonra 04 noyabr 2023-cü il tarixdə ödənilmişdir. Belə olan halda qanunvericiliyin tələbinə uyğun olaraq hər gecikdirilmiş gün üçün işəgötürəndən işçinin əmək haqqısının bir faizi məbləğində ödənc işəgötürəndən işçininin xeyrinə tutulmalıdır. İddiaçının bank hesabından çıxarışın surətindən görünür ki, iddiaçıya ödənilməli olan son əmək haqqı məbləği 2990,71 manat civarında olmuşdur və həmin məbləğ 04 noyabr 2023-cü il tarixdə ödənilmişdir. Beləliklə, həmin məbləğin hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc hesablanmaqla (2990,71 manat əmək haqqının 30 gün gecikdirilmiş müddət üçün 1 faizi 29,90 manat x 30 gün = 897 manat) 897 manat məbləğində cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.Cavabdehin iddiaçının iddia müddətini ötürməklə bağlı ərizəsinə tələbin hazırki hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı "cavabdehdən son haqq-hesabın gecikdirilməsinə görə cərimə tutulması” barədə tələblə iddia müddətini ötürməməklə məhkəməyə müraciət etmişdir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Məhkəmə iclasında müəyyən edildi ki, X3 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də TYG "Yarenga” gəmisinin 2-ci mexaniki vəzifəsində çalışmışdır. İddiaçı 29 sentyabr 2023-cü il tarixdə əmək qabiliyyətini itirdiyi üçün yaranmış vəziyyətlə əlaqədar 04 oktyabr 2023-cü il tarixdən işdən azad olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü bəndinə əsasən (əlilliyə görə təqaüdə çıxma əsası ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir;-"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC X8 Donanmasının vəzifəli şəxsi barəsində AR İXM- nin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, xx.xx.2023- cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, , Səbail rayon məhkəməsinin 2(009)-903/2024 saylı xx.xx.2024 - cü il tarixli qətnaməsinin qismən təmin edilmiş hissədə ləğv edilməsini və iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4, 172.5; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlıləsinin 77-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işəgötürən X8 Donanması tərəfindən arayış verilmiş və arayışa əsasən müəyyən olunur ki, Sap proqramının yenilənməsi və yaranan texniki problem səbəbindən son haqq-hesab ödənişi xx.xx.2023 - cü il tarixdə icra edilmişdir. Lakin Səbail Rayon Məhkəməsi son haqq- hesab ödənişinin ödənilməsi hissəsi ilə bağlı araşdırma aparmamış və işəgötürənin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Cavabdeh QSC X8 Donanmasının vəzifəli şəxsi barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 - cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023 - cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli inzibati protokol tərtib edilərək,xx.xx.2023 - cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən bu xüsusat nəzərə alınmamış,işəgötürən barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi halda yenidən cərimə tətbiq edilmişdir.Halbuki,eyni əmələ görə iki dəfə cəzanın tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulamışdır Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, belə ki, X5 tərəfindən cavabdeh cərimələnsə də həmin cərimə məbləğinin dövlətin hesabına ödənildiyini, lakin bunun işçiyə heç bir aidiyyatının olmadığını və işçinin müvafiq ödənişləri almaq hüququnun olduğunu bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 6.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 7.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 69. 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69.4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.69.6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 172.6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. 296.1 Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296.5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 9.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki: ”Əmək Məcəlləsinin 296-cı maddəsinin 6cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Müraciət edənin qənaətinə görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində fərdi əmək mübahisələrinə baxan orqan dedikdə, yalnız fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanlar başa düşülür. Lakin Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həlli qaydalarını tənzimləyən və həmin Məcəllənin qırx beşinci fəslində yerləşən normalarının təhlilindən müəyyən olunur ki, qanunverici bütün hallarda fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanla məhkəmələri bir-birindən fərqləndirmişdir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.” 10.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372- 384, 560, Əmək Məcəlləsinin 10, 68-76, 172, 296, Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 88, 106.2, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, işəgötürən barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi və cərimə tətbiq edilməsi təyinatı fərqli olan mülki qanunvericiliyə əsasən mülki məsuliyyəti istisna edən hal olaraq eyni əmələ görə iki dəfə cəzanın tətbiq edilməsi kimi qiymətləndirilə bilməz və bu normanın tətbiqi cavabdeh tərəfindən işçinin pozulmuş əmək hüquqlarına müvafiq mülki məsuliyyətə cəlb edilməsini şərtləndirir. 11.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 12.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q ə t e t d i: Cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-903/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar