Məhkəmə qərarları › İş №2(103)-4223/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4223/2021

15.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4223/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(009)-842/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs kimi göstərildiyi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizə məhkəməyə müraciət edərək xx xxxxxx 1996-cı il tarixli Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi "Köhnə bağlar” ərazisində bağın sənədləşdirilməsi barədə 2514 nömrəli sərəncamına əsasən X2 ilə Ərizəçi eyni şəxs olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(009)-842/2021 saylı qərardadı ilə Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs kimi göstərildiyi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Hazırda Ərizəçi məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadından şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(009)- 842/2021 saylı qərardadının ləğv edilməsini və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(009)-842/2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişin göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Kollegiya hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, xx xxxxxx 1996-cı il tarixli Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi "Köhnə bağlar” ərazisində bağın sənədləşdirilməsi barədə 2514 nömrəli sərəncamına əsasən X2 ilə Ərizəçi eyni şəxs olması faktının müəyyən edilməsi xüsusi məhkəmə icraatı qaydasında deyil, həmin sənədi vermiş orqan - Səbail rayon İcra Hakimiyyətinə müraciət etməklə həll edilə bilər. Ona görə də, X1 ərizəsinə məhkəmə qaydasında (xüsusi məhkəmə icraatı qaydasında) baxılmalı olmadığından, tələbin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndində göstərilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 6.2-ci bəndində göstərilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Bundan əlavə ərizəçi hazırki ərizəsində göstərdiyi məsələnin həlli ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə, ərizəsində qeyd etdiyi mübahisənin həllindən narazı qaldığı halda, həmin inzibati orqanın hərəkətləri ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməkdə haqlı olmuşdur. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(009)-842/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar