Məhkəmə qərarları › İş №2(103)-4225/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4225/2023

15.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4225/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv edilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh AR Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-975/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət qarşı əmrin ləğv edilməsi və hüquqi yardıma görə ödənilmiş pulun tutulması tələbi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin İddiaçı barəsində olan “intizam tənbehinin verilməsi haqqında” SOCAR**********00040020A00477 saylı, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və həmin əmrin mübahisələndirilməsinə görə vəkillə bağlanmış müqavilə üzrə onun tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş 700 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin tabeçiliyində olan Mədəngeofizika idarəsində mühasib vəzifəsində işə qəbul olunmuş və 2009-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi İqtisadiyyat va X1 uçotu va hesabatı şöbəsinin aparıcı mühasibi vəzifəsində işləyir. İş fəaliyyəti dövrü, yəni 15 il ərzində barəsində hər hansı bir intizam tənbeh tədbiri görülməmiş, həmişə nümunəvi davranışı və işə olan məsuliyyəti ilə fərqlənmiş, iş fəaliyyəti, həmçinin şəxsi keyfiyyəti ilə bağlı rəhbərlik tərəfindən hər hansı bir irad və narazılıqla qarşılaşmamışdır. Habelə öz əmək funksiyalarını hər zaman vicdan və dəqiqliklə yerinə yetirmişdir. xx.xx.2022-ci il tarixdə idarənin İqtisadiyyat va X1 uçotu va hesabatı şöbəsinin rəisi Arzu Əhmədova ilə aralarında məzuniyyətin növbəliliyi məsələlərində tez-tez mübahisələri olmuş, Arzu Əhmədova tərəfindən haqsız hərəkətlərə yol verilsə də onun barəsində rəhbərliyə şikayət etməmişdir. X4 olan mübahisədən sonra rəhbərliyə ondan şikayət etdi və barəsində təqdimat yazdı. Bundan sonra rəhbərlik tərəfindən ondan olanlarla bağlı izahat yazmaq tələb olunmuş, bundan sonra isə xx.xx.2022-ci il tarixdə onun barəsində töhmət intizam tənbehi tədbirinin tətbiq edildiyi bildirildiyindən, o, idarə rəisinin otağına yaxınlaşdı və ona katibə tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi haqqında” SOCAR**********00040020A00477 saylı, xx.xx.2022-ci il tarixli əmri təqdim edildi. Hesab edir ki, həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-975/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddia ərizəsi təmin edilməmişdir.

4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla, eyni zamanda işin faktiki halları nəzərə alınmadan qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə hazırki işə baxarkən mübahisləndirilmiş əmr verilən zaman, həmçinin onun cavadeh orqanda 15 illik iş fəaliyyəti dövrü ərzində onun daima əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməyinə, müəssisədaxili intizam qaydalarını pozmağı halının isə mövcud olmamasına əhəmiyyət verməmiş, iddiası əsassız olaraq rədd etmişdir. Belə ki, məhkəmə iddianı rədd edərkən HİK sədri Kamal Ağayev, insan resursları şöbəsinin rəisi Həqiqət Nağıyeva və Hüquq Şöbəsinin böyük məsləhətçisi Nümayəndə imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akta istinad edilmişdir. Həmin aktda qeyd olunur ki, qeyd olunan hadisə ilə əlaqədar Geofizika və geologiya idarəsinin Həmkarlar ittifaqı Komitəsinin sədri K.Ağayevin və insan resursları şöbəsinin rəisi H.Nağıyevanı iştirakı ilə aparlan araşdırma zamanı İddiaçı tərəfindən Daxili intizam qaydalarının və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri üzrə tələblərini pozduğu müəyyən olunmuşdur”. Bununla bağlı qeyd edir ki, Arzu Əhmədova ilə onun arasında xx.xx.2022-ci il tarixində baş vermiş insidentlə bağlı məsələnin araşdırılması Hüquq Şöbəsinə həvalə edilmişdisə, o zaman idarə rəisinin əmri ilə komissiya yaradılmalı və orada həm hadisənin şahidi olmuş şəxslərin izahatları alınmaqla araşdırma aparılmalı idi. Lakin belə bir komissiya yaradılmadan bunun əvəzinə Hüquq Şöbəsinin böyük məsləhətçisi Nümayəndə tərəfindən akt tərtib edilmiş, həmin akt HİK sədri Kamal Ağayev və insan resursları şöbəsinin rəisi Həqiqət Nağıyevaya imzalatdırılmışdır. Halbuki, qeyd etdiyi şəxslərin akt imzalamaq səlahiyyəti olmamışdır. Bundan başqa aktı tərtib etmiş və imzalamış şəxslər mübahisənin ümumiyyətlə şahidi olmamış, yalnız Arzu Əhmədovanın xidməti yazısının mətnini köçürərək aktı tərtib etmiş və imzalamışlar. Aktı tərtib edən şəxslər səlahiyyətli şəxslər olmuş və aktı tərtib etməkdə məqsəd yalnız mübahisələndiridiyi əmrə guya qanuni forma vermək məqsədi daşımışdır. Məhkəmə isə bütün bu halları nəzərə almadan işəgötürənin onu intizam məsuliyyətinə cəlb etməsində haqqlı olması qənaətinə gəlmişdir. Məhkəmə işə baxarkən onun barəsində cavabdeh tərəfindən verilmiş xx.xx.2022ci il tarixli SOCAR**********00040020A00477 saylı əmrinə yalnız Arzu Əhmədovanın izahatının mətninin köçürülməsinə, onun hansı etik normalardan kənar davranışa yol verdiyini, hansı kobud və nəlayiq ifadələr işlətdiyini, hansı ifadələrdən istifadə edərək təhqir etdiyini və həmçinin qanunvericiliyin tələblərinə tam əməl olunmadan tərtib olunmasını və nəticədə barəsində qərəzli olaraq töhmət intizam tədbirinin verilməsini araşdırmadan iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə həmçinin həmin əmrdə istinad edilən “İş vaxtı Davranış Qaydaları.Tabeçilik” bəndində davranış qaydaları və tabeçiliklə bağlı heç bir ifadə mövcud olmamasına əhəmiyyət verməmiş və əsassız olaraq iddianın hər iki hissəsinin rədd olunması barədə məhkəmə qərarı çıxarmışdır. Göstərilənləri nəzərə alaraq qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi, onun məzmununa uyğun izahat verərək bildirdi ki, problem məhz məzuniyyət qrafiki ilə bağlı yaranıb, belə ki, işçilər onlar üçün uyğun olan məzuniyyət vaxtı yazsalar da, sonradan həmin tarixlər üstündən xətt çəkilərək dəyişdirilmişdi, iddiaçıdan savayı xidməti otaqda 3 nəfər əməkdaş var və Arzu xanım tərəfindən yeni qrafik veriləndə həmin əməkdaşlar da otaqda idi. İddiaçı etiraz olaraq bildirib ki, “biz yazırıq siz isə istədiyiniz kimi dəyişdirirsiz”, o isə bunun qarşılığından kobud cavab verib və deyib ki, elə yazın ki, düzəltməsinlər, iddiaçı çölə çıxanda isə arxasınca kobud ifadə işlədib, halbuki iddiaçı Arzu adlı xanıma belə etməsi üçün əsas verməyib, yaşca böyük və xanım olmasını da nəzərə alaraq cavab qaytarmayıb. Eyni zamanda, iddiaçı ona yenidən töhmət verilməsini təsdiq edərək bununla bağlı bildirdi ki, həqiqətən müəssisənin əməkdaşı Dadaş Mahmudovun otağına iş vaxtı işlə bağlı getmiş, orada mübahisə yaranmış, lakin təqsir onda olmamışdır.

7. Məhkəmə kollegiyasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi H.Mirzəyev apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, eyni zamanda bildirdi ki, əvvəla hazırda mübahisələndirilən töhmət barədə əmr qəbul edilməsindən 6 aylıq müddət keçdiyinə görə qüvvədən düşmüşdür, hazırda iddiaçıya yeni bir intizam tənbeh tədbiri də verilmişdir, buna səbəb isə iddiaçının müəssisənin digər bir əməkdaşı olan Dadaş Mahmudovun otağına iş vaxtı gedərək, onunla əlbəyaxa dava etməsi olmuşdur. İddiaçı kollektiv arasında aqressiv davranışı ilə seçilir. Cavabdehin nümayəndəsi bu halları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi:

9. Mülki iş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin tabeçiliyində mühasibat üçotu və hesabat şöbəsinə aparıcı mühasib vəzifəsinə təyin edilmişdir.

10. HİK sədri Kamal Ağayev, insan resursları şöbəsinin rəisi Həqiqət Nağıyeva və Hüquq Şöbəsinin böyük məsləhətçisi Nümayəndə imzaları ilə təsdiq edilmiş xx.xx.2022ci il tarixli aktda qeyd olunur ki, Geofizika və geologiya idarəsinin iqtisadiyyat və Uçot Departamentinin Mühasibat uçotu və nesabatı şöbəsinin rəisi Arzu Əhmədova xx.xx.2022-ci il tarixli xidməti yazı ilə idarə rəisinə müraciət edərək xx.xx.2022-ci il tarixində 2023-cü il üçün əmək məzuniyyətinin növbəlilik cədvəli tərtib edilən zaman, məzuniyyətə çıxaçağı ayları müəyyən etməsi üçün məzuniyyət cədvəlini həmin şöbənin aparıcı mühasibi İddiaçı iş masası üzərinə qoyduğunu, İddiaçı isə məzuniyyət cədvəlində ayları qeyd etməyərək etik normalardan kənar davranışı ilə onun ünvanına kobud və nalayiq ifadələr işlədərək təhqir- etdiyini.İddiaçı bu cür hərəkətlərinin birinci dəfə olmadığını bildirilmiş və barəsində müvafiq tədbirin görülməsini xahiş etmişdir.Bununla bağlı idarə rəhbərliyi hadisənin araşdırılmasını Hüquq şöbəsinə tapşırmışdır. Qeyd olunan hadisə ilə əlaqədar Geofizika və geologiya idarəsinin Həmkarlar ittifaqı Komitəsinin sədri K.Ağayevin və insan resursları şöbəsinin rəisi H.Nağıyevanı iştirakı ilə aparlan araşdırma zamanı İddiaçı tərəfindən Daxili intizam qaydalarının və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10 -cu maddəsi ə müəyyən edilmiş Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri üzrə tələblərini pozduğu müəyyən olunmuşdur.

11. Mühasibat uçotu və hesabatı şöbəsinin rəisi Arzu Əhmədova tərəfindən Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinova ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatda qeyd olunur ki : “Yazıb, Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Mühasibat uçotu və hesabatı şöbəsinin 2023-cü ilin əmək məzuniyyətinin növbəlilik cədvəli tərtib edilən zaman , məzuniyyətə çıxacağı ayları müəyyən etməsi üçün məzuniyyət cədvəlini 24 oktyabr tarixində aparıcı mühasib İddiaçı masasının üzərinə qoydum. Qeyd etmək istəyirəm ki, Orxan: "Yenə məzuniyyət ayları bizim yazmağımızdan asılı olmayaraq dəyişdiriləcək?" deyə sual verdi. Mən cavab olaraq bildirdim : Elə yazmaq lazımdır ki, dəyişdirilməsin." Bu sözdən xoşlanmayan İddiaçı dəhlizə çıxıb, geri qayıtdıqdan sonra özünün etik normalarından kənar davranışı ilə mənə kobud və nalayiq sözlər deyərək təhqir etdi və bildirdi ki, o bu cədvəli gördüyü zaman əsəbləşir. Nəzərinizə çatdırmaq istəyirəm ki, Orxanın mənimlə kobud davranışları birinci hal deyildir, belə hallar dəfələrlə baş vermişdir. Mən valideyinləri ilə dəfələrlə əlaqə yaradaraq məsələyə aydınlıq gətirməyə çalışmışam və hörmət xatirinə məsələni böyütməməyə cəhd göstərmişəm Lakin bu vəziyyətdən İddiaçı bir nəticə çıxarmadığının şahidi olduğum üçün məcbur qalıb Sizə müraciət etməli oldum”.

12. İddiaçı tərəfindən Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinova ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatda qeyd olunur ki : Mən Quliyev X3 uçotu və hesabatı şöbəsində 15-ci dərəcəli aparıcı mühasib vəzifəsində işləyirəm. Yazıb Sizə bildirmək istəyirəm ki, Arzu Əhmədovanın 2023-cü il üçün əmək məzuniyyətinin növbəlilik cədvəlini məzuniyyətə cıxacağım ayları müəyyən etmək üçün masamın üzərinə qoydu. Mən isə, Arzu xanıma “Məzuniyyət aylarını biz qeyd etsək belə yenədə dəyişdirilir” dedim. Arzu Əhmədova isə cox kobud şəkildə cavab olaraq “Elə yaz ki , dəyişməsinlər” deyə cavab verdi. Bundan sonra aramızda mübahisə oldu. Mən otaqdan çıxarkən arxamca nalayiq söz deyərək məni təhqir etdi və sonra aramızda mübahisə dahada böyüdü. Qeyd etmək istəyirəm ki, keçən il üçün məzuniyyət qrafikləri tərtib edilən zaman Arzu Əhmədova qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq mənə yenilənmiş qrafiki təqdim etməmiş Kadrlar şöbəsinə təqdim edilmişdir. Mən də öz növbəmdə məcbur olub xəbərsiz olduğum və mənə tam uyğun olmayan zaman məzuniyyətə çıxmalı oldum. Arzu Əhmədovanın qeyd etdiyi kimi, belə mübahisələr dəfələrlə baş vermiş, lakin, onun xanım olduğu üçün hər dəfə hörmətlə yanaşıb şikayət etməmişəm. Qeyd edilənləri nəzərə alıb qanuna müvafiq tədbir görməyinizi sizdən xahiş edirəm”.

13. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR” idarəsinin rəisi X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SOCAR**********00040020A00477 saylı əmrdə qeyd olunur ki, Geofizika və geologiya idarəsinin İqtisadiyyat və X2 uçotıı və hesabatı şöbəsinin rəisi Arzu Əhmədova xx.xx.2022-ci il tarixli xidməti yazı ilə idarə rəisinə müraciət edərək 24,10.2022-ci il tarixində 2023-cü i! üçün əmək məzuniyyətinin növbəlilik cədvəli tərtib edilən zaman, məzuniyyətə çıxaçağı ayları müəyyən etməsi üçün məzuniyyət cədvəlini həmin şöbənin aparıcı mühasibi İddiaçı iş masası üzərinə qoyduğunu, İddiaçı isə məzuniyyət cədvəlindən ayları qeyd etməyərək etik normalardan kənar davranışı ilə onun ünvanına kobud və nalayiq ifadələr işlədərək təhqir etdiyini,İddiaçı bu cür hərəkətlərinin birinci dəfə olmadığını bildirilmiş və barəsində müvafiq tədbirin görülməsini xahiş etmişdir. “Qeyd olunanlarla bağlı Mühasibat uçotu və hesabatı şöbəsinin aparıcı mühasibi İddiaçı izahat alınmışdır.İddiaçı bu hərəkətləri ilə 14 iyul 2021-ci il tarixli SOCAR**********00040020A00090 nömrəli əmr ilə təsdiq edilmiş Daxili intizam Qaydalarının 5-ci bəndi'ilə müəyyən edilmiş "İş vaxtı davranış qaydaları.Tabeçilik” bəndinin tələblərini pozmuşdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci 'hissəsinin “a” bəndini rəhbər tutaraq İqtisadiyyat və X2 uçotu və hesabatı şöbəsinin aparıcı mühasibi İddiaçı əmək və icra intizamını, müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilsin və nəzərinə çatdırılsın ki, əmək və icra intizamını bir daha pozarsa, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi kimi intizam məsuliyyəti də daxil olmaqla daha ciddi məsuliyyətə cəlb olunacaqdır.

14. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR”-a ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətindən aydın olur ki, İddiaçı onun barəsində verilən intizam tənbehvermə haqqında əmrin idarənin hüquq şöbəsinin rəisi tərəfindən razılaşdırılmaması və onun vizasının olmamasına baxmayaraq verilməsini qanunsuz hesab etdiyini bildirmiş və işə düzgün qiymət verilməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR” tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubunda İddiaçı onun barəsində verilən intizam tənbehvermə haqqında əmrin idarənin hüquq şöbəsinin rəisi tərəfindən razılaşdırılmaması və onun vizasının olmamasına baxmayaraq verilməsi ilə bağlı qeyd olunur ki, əmrin elektron sistemə hüquq məsləhətçisi tərəfindən yüklənməsi halı razılıq kimi nəzərə alına bilər. İntizam tənbehinin tətbiq edilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:

16. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər..

17. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

18. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

29. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, AR ƏM-in 186-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

33. Bundan başqa, həmin maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət verə bilər.

34. Kollegiya apellyasiya şikayətinin iddiaçının 15 illik iş fəaliyyəti dövrü ərzində daima əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməsi, müəssisədaxili intizam qaydalarını pozmağı halının isə mövcud olmaması barədə dəlili üzrə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında cavabehin nümyaəndəsi iddiaçının kollektivdə aqressivliyi ilə seçildiyini qeyd etmiş, həmçinin onun iş vaxtı müəssisənin başqa əməkdaşı D.Mahmudovun otağına gedərək əlbəyaxa dava etməsi səbəbindən ona yenidən töhmət verildiyini bildirmiş, iddiaçı da bu faktı təsdiq etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

35. Kollegiya apellyasiya şikayətinin baş vermiş insidentlə bağlı məsələnin araşdırılması üçün komissiya yaradılması və orada həmin hadisənin şahidi olmuş şəxslərin izahatları alınmaqla araşdırma aparılmalı olması dəlili üzrə qeyd edir ki, qanunvericiliklə işəgötürənin üzərinə işçi tərəfindən yol verilmiş pozuntu ilə bağlı daxili araşdırma aparılması üçün komissiya yaradılması öhdəliyi qoyulmadığından, onun bu dəlili əsassızdır.

36. Apellyasiya şikayətinin digər dəlili baş vermiş hadisə ilə bağlı aktı tərtib etmiş və imzalamış şəxslərin mübahisənin, ümumiyyətlə, şahidi olmaması, yalnız A.Əhmədovanın xidməti yazısının mətnini köçürərək akt tərtib etməsi və imzalaması ilə bağlıdır.

37. Kollegiya bununla bağlı bildirir ki, iddiaçıya töhmət verilməsi barədə xx.xx.2022ci il tarixli SOCAR**********00040020A00477 saylı əmrdən görünür ki, həmin əmrin verilməsinə əsas kimi şöbə rəisi A.Əhmədovanın xidməti yazısı və işçinin izahatı qeyd edilmişdir (i/v 55). Göründüyü kimi, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi aktın ona intizam tənbehi verilməsinə hər hansı bir təsiri olmadığından, onun həmin dəlili də əsassızdır.

38. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, rayon məhkəməsi əmrdə istinad edilən “İş vaxtı davranış qaydaları. Tabeçilik” bəndində davranış qaydaları və tabeçiliklə bağlı heç bir ifadə mövcud olmamasına əhəmiyyət verməmişdir.

39. Kollegiya bununla bağlı qeyd edir ki, mülki iş materiallarında olan “Geofizika və geologiya idarəsinin Daxili İntizam qaydaları”nın “İş vaxtı davranış qaydaları.Tabeçilik” adlanan 5-ci bəndinin 1-ci hissəsində qeyd edilmişdir ki, işçi vəzifə borclarını yerinə yetirərkən iş yoldaşları, rəhbərləri və tabeçilikdəki şəxslərlə mədəni, mehriban və nəzakətlə davranmalı, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə icra etməlidir (i/v 14).

40. Göründüyü kimi, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

41. Beləliklə də, Kollegiya bildirir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

42. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə:

43. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-975/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar