Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4226/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və həmin torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh1 qarşılıqlı iddia verərək İddiaçı1, onun ailə üzvləri və digər şəxslərin ona məxsus torpaq sahəsindən və onun üzərindəki tikilidən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-1907/2019 saylı qərardadı ilə iddiaçıların ərizəsinə əsasən işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh1 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar müəyyən hərəkətləri etmək cavabdehə və digər şəxslərə, eyni zamanda cavabdehə həmin ərazidə tikinti işlərinin aparılması qadağan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-51/2022 saylı qətnaməsi ilə ilk iddia rədd; qarşılıqlı iddia qismən təmin edilmiş; Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0992 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin işə bütün instansiya məhkəmələrində baxılıb qurtardıqdan və qətnamə qanuni qüvvəyə mindikdən sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək, təminat tədbirinin ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)- 1907/2019 saylı qərardadı ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş qadağaların götürülməsi qərara alınmış, ərizə qalan hissədə təmin edilməmişdir. İddiaçı1 şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əmlak mübahisəsi hələ də davam etməkdədir. Gələcəkdə Konstitusiya şikayəti qaydasında işin yenidən apellyasiya baxışına qaytarılma ehtimalı vardır. Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (maddə 162.1). İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər (maddə 162.3). Göründüyü kimi, iddia rədd edildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Baxılan iş üzrə iddia rədd edilmiş və yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Belə olan halda mübahisəli əmlak üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi qanunun birbaşa göstərişinə əsasən mümkün olmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyini əsaslı, şikayətin dəlillərini isə əsassız sayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4226/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4226/2023
23.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver