Məhkəmə qərarları › İş №2(103)-4230/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4230/2023

21.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4230/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X3 qarşı “mənzildən çıxarılma” tələbinə dair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(011)-7106/2021 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 92, 38 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(011)-7106/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 92, 38 saylı mənzildən çıxarılması qət olunmuşdur. Həmin qətnamədən cavabdehlərdən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3434/2022 nömrəli qətnaməsi ilə təmin olunmamış, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. Hazırda cavabdeh X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarından görünür ki, rayon məhkəməsinin qətnaməsi 25 oktyabr 2021-ci il tarixli reyestrlə cavabdehlərin ünvanına göndərilmiş, qətnamədən şikayət verilmədiyindən 10 dekabr 2021-ci il tarixdə icra vərəqəsi verilmiş, xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında icra məmuru tərəfindən qərar qəbul olunmuşdur. Cavabdeh3 isə uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsini almadığını və qətnamənin ona rəsmi qaydada təqdim olunmasını xahiş etmiş, xx.xx.2023-cü il tarixdə qəbzi imzalamaqla qətnaməni almış, xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Halbuki, Cavabdeh3 apellyasiya şikayətində rəsmi yazışmaların aparılmasını xahiş etdiyi ünvan (Bakı şəh., Xətai ray., ünvan 1 ünvanla eynilik təşkil etməkdədir (i.v. İ cild s.26 və s.73). MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnaməni cavabdehin məlum olan ünvanına göndərmiş, işdə ünvan dəyişikliyi ilə bağlı məlumat olmamış, cavabdeh bu istiqamətdə məhkəməyə hər hansı məlumat verməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin prosessual müddətlə bağlı məsələni tam və ətraflı yoxlamadan, sadəcə qətnamənin sonradan, yəni xx.xx.2023-cü il tarixdə alınması barədə qəbzə əsaslanması qanunvericiliyin tələblərinə uyğun olmamaqla, əsaslı sayıla bilməz. Bununla yanaşı, məhkəmə qətnamənin uzun müddət əvvəl icraya yönəlməsini də nəzərə almamış, cavabdehin ən azından icra icraatından hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). Tərəf məhz müəyyən olunmuş müddət ərzində qanunla müəyyən olunmuş formada və qaydada şikayət verməyə haqlıdır, əks halda buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilməlidir. Apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi isə MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyrimümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd edilən qərardadında bu nəticəyə gəlmişdir ki;

1. Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

3. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyrimümkün hesab edilməlidir.

4. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Göründüyü kimi, məhkəmə aktlarının bir tərəfin apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Yuxarıda da qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsindən daha əvvəl Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətin dəlilləri apellyasiya qaydasında yoxlanılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. Birinci instansiya məhkəməsi isə analoji dəlillər irəli sürmüş digər cavabdeh X2 apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» 14 oktyabr 2020-ci il tarixli qərardadına münasibətdə yoxlamamış, buna əsaslandırılmış qərardadla münasibət bildirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətlərin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X3 qarşı “mənzildən çıxarılma tələbinə dair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(011)-7106/2021 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar