Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4230/2024 17.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Ağarza oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı 120.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü mövcud olan məzənnə üzrə manatla və 30 manat məbləğində dövlət rüsumunun X4 xeyrinə tutulması qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəmələrində mübahisələndirilmiş, yekun olaraq məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X5 cavabdehlər "xxxx" MMC, İddiaçı və X1 qarşı “pul” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, "xxxx" MMC-nin X6 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddianın təmin edilməsi və "xxxx" MMC ilə X8 arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddiaçı X5 cavabdehlər "xxxx" MMC, İddiaçı və X2 qarşı “pul” tələbinə dair ilkin iddiasının təmin edilməsi, cavabdehlərdən 186000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, qarşılıqlı iddianın təmin edilməsi və "xxxx" MMC ilə X8 arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər "xxxx" MMC və İddiaçı 20000 ABŞ dolları məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh oğluna ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər "xxxx" MMC və İddiaçı 240000 ABŞ dolları məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh oğluna ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı və "xxxx" MMC-ninapellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, cavabdeh İddiaçı 1003,30 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 120.000 ABŞ dolları məbləğində pul vəsaitinin və 494,50 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəl dostluq münasibətlərdə olduğu iş üzrə cavabdeh 2017-ci ilin aprel-may aylarında Bakı şəhəri, H.Cavid prospektində "Ministerium” adlı restoranı icarəyə götürmüşdür. Cavabdeh həmin restoranın təmirinə görə onun dostu Natik Sadıqov adlı şəxsdən 120.000 ABŞ dolları borc götürməsini xahiş etmişdir. Bu səbəbdən cavabdeh xahiş etdi ki, “gəl səni dostum Natiqlə tanış edim və sən güya həmin pul vəsaitini "xxxx" MMC-nin fəaliyyəti üçün istəyirsən və mən həmin pul vəsaitini gəlirlərlə birlikdə Natiq Sadıqova ödəyəcəyəm”. Cavabdeh dönə-dönə xahiş etmişdir ki, “Ministerium" adlı restoran və onun təmiri barədə onun dostu Natiq Sadıqova heç nə deməsin. O, cavabdehin təklifinə və sözünə inanaraq onunla razılaşdı və sonra cavabdeh onu Natik Sadıqovla tanış etmişdir. Natik Sadıqov cavabdehi dinlədikdən sonra, ona bildirmişdir ki, onun 120.000 ABŞ dolları məbləğində pul vəsaitinin olmadığı üçün 100.000 ABŞ dolları əvəzinə ona məxsus Bakı şəhəri, İnşaatçılar prospektində yerləşən yeni tikili binada 2 otaqlı mənzili və əlavə olaraq 20.000 ABŞ dollarını verə biləcəyini təklif etdi. Cavabdeh onun adından həmin təklifi qəbul edərək Natiq Sadıqovdan 20.000 ABŞ dollarını alıb guya çatdırmaq əvəzinə, həmin pul vəsaitini özünə götürmüş və eyni ilə də həmin mənzilin satışından əldə edilmiş 135.000 manatı Bakı şəhəri, Hüseyn Cavid prospektində olan “Ministerium" adlı restoranın təmirinə xərcləmişdir. Cavabdeh yenə də onu ümid etdi ki, "narahat olma bütün pulları mən sənin adından Natiq Sadıqova qaytaracam". Lakin, sonunda, cavabdeh həmin pulları Natiq Sadıqova qaytarmamış və bütün məsuliyyəti onun üstünə atmaqla, yoxa çıxmışdır. Bu səbəbdən Natiq Sadıqov məhkəmə qaydasında həmin pulu ondan tələb etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarı ilə Nərimanov rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmaqla, iddia ərizəsi qismən təmin edilərək ondan 120.000 ABŞ Dolları məbləğində dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla ödənilmiş 30 manat məbləğində dövlət rüsumu X4 xeyrinə tutulması və iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh 2017-ci ilin noyabr ayının 18-dən həmin restoranın açılışını həyata keçirtməklə 2018-ci ilin aprel ayı daxil olmaqla həmin restoranı işlətmişdir. Lakin, buna baxmayaraq, onun adından götürdüyü pul vəsaitini nə ona, nə də Natiq Sadıqova qaytarmamışdır. Bu halı yuxarıda qeyd edilən məhkəmə qərarı təsdiq edir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Babazadə, iş № 2(004)-2129/24) iddia rədd edilmişdir.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı hazırda Cavabdeh 120000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq ödənilməsini tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, yəni məhkəmə tərəfindən bu hal öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən tələb olunan pul vəsaitinin Cavabdeh oğlu tərəfindən götürülməsi təqdim olunan qərarlarda və digər iş materiallarında öz təsdiqini tapmamışdır. Həmçinin, şahid qismində məhkəmədə çıxış edən şəxslərin ifadələrində də 120 000 ABŞ dolları pulun Natiq adlı şəxsdən iddiaçı tərəfindən götürülən pulun cavabdehə verilməsinə dair hallar barədə məlumatlar olmadığından və müəyyən ziddiyyətlər mövcud olduğundan, şahid ifadələri iddia ərizəsindəki halları təsdiq etmədiyindən, eyni zamanda şahidlərin iddiaçı ilə yaxın münasibətlərinin olmasını nəzərə alaraq həmin ifadələr mötəbər sübut kimi qiymətləndirilməməli, iddia tələbi əsassız hesab edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 442, 443.1, 448, 739.1, 740, 1091-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin, onunla əsaslandırılmışdır ki, həmin pul vəsaitindən 20.000 ABŞ dollarını Cavabdeh tərəfindən götürülməsini Natiq Sadıqov yuxarıda qeyd edildiyi kimi məhkəmə prosesində özü təsdiq etmişdir. Lakin, nədənsə, birinci instansiyası məhkəməsi bu halları nəzərə almadan əsassız olaraq iddia ərizəsini rədd etmişdir. Qətnamə çıxarılan zaman məhkəmə nə şahid ifadələrini, nə də iş materiallarında olan məhkəmə qərarlarını ümümiyyətlə nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qətnamədə həmin maddi hüquq normasına istinad etsə də, işə baxılan zaman Mülki Məcəllənin 21, 1091-ci maddələrini İddiaçı münasibətdə düzgün tətbiq etməmişdir. Çünki, iddia edilən pul vəsaiti Cavabdeh tərəfindən xərclənməklə geri qaytarılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Hazırkı iş üzrə iddiaçı 120.000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh verdiyini, sonuncunun isə həmin pulu qaytarmadığını iddia edir.
19. İddiaçı tələbini təsdiq edən sübutlar qismində məhkəməyə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 3716/2019 saylı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-539/2022 saylı., Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(005)-1148/2021 saylı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-4467/2020 saylı qətnamələrini, 24 aprel 2019cu il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərarını və şahid ifadələri təqdim etmişdir.
20. İddiaçı həmin qərarlara və şahid ifadələrinə istinadən iddiaçının cavabdehə 120000 ABŞ dolları pul verdiyi faktının təsdiq olunduğunu bildirir.
21. Halbuki, məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər (iddiaçının xalası oğlu, anası, tanışı) pulun cavabdeh tərəfindən götürülməsini bildirsələr də hadisənin birbaşa şahidi olmamış, yalnız iddiaçının sözlərinə əsasən ailədaxili söhbətlərdən bu məsələdən xəbərdar olmalarını bildirmişlər.
22. Bundan əlavə, İddiaçı tərəfindən tələb olunan pul vəsaitinin Cavabdeh oğlu tərəfindən götürülməsi təqdim olunan qərarlarda və digər iş materiallarında da öz təsdiqini tapmamış, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddianı etiraf etməmişdir.
23. Kollegiya Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
25. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
26. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
28. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
29. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
32. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.