Məhkəmə qərarları › İş №2(103)-4232/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4232/2021

29.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4232/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair” 2(001)-948/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli qətnaməsindən cavabdehlərin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanına istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 onun qohumudur və 30 il bundan əvvəl ailə quraraq başqa ünvana köçərək orada yaşayır. O zaman Cavabdeh3 iki övladı Cavabdeh1 və Cavabdeh2 olmuş və onlar mübahisəli evdə yaşamışlar. Lakin 30 il bundan əvvəl Cavabdeh3 qeydiyyatı formal olaraq ünvan 1 ünvanında olmuşdur. Onun yaşadığı evdə əvvəllər iddiaçının valideynləri yaşamış, lakin sonradan həmin ev yararsız hala düşdüyündən o və digər ailə üzvləri həmin evdən başqa yaşayış sahəsinə köçmüşdür. Onun valideynlərinə məxsus yaşayış evi heç vaxt xüsusi mülkiyyət kimi Reyestr Xidmətində qeydiyyata alınmamışdır. 1984-cü ildə tərtib edilmiş evin köhnə texniki pasportu olsa da, ev özbaşına tikili olmuşdur. Evin tikintisi köhnə və yararsız daşlardan tikildiyindən, müəyyən müddətdən sonra ev aşınmaya məruz qaldığından yararsız hala düşmüşdür. Evdə yaşamaq təhlükəli olmuşdur. Sonradan o, 06 oktyabr 2009-cu il tarixdə X18 ilə ailə qurmuş və ilk vaxtlarda başqa bir ev tutaraq kirayə qalmışlar. Birgə nikahlarından 26 iyun 2011-ci il təvəllüdlü övladları anadan olmuşdur. Həmin vaxtı onların kirayədə yaşaması maddi cəhətdən çox çətinliklər yaratmışdır. Ona görə də qayınatası onlara bildirmişdir ki, o, valideynlərindən qalmış və uçulub dağılmış yaşayış evini təmir etdirməyə vəsait verə bilər. Onlar o zaman qayınatasının təklifi ilə razılaşmışlar və qayınatasının vəsaiti hesabına onlar evi yenidən yeni eskizlə təmir etdirmişlər. Belə ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 2018-ci il tarixində yenidən inşa edilmiş evin eskizi, planı tərtib edilmişdir. Bu faktlar 06 aprel 2011-ci ildə tərtib etdiyi aktla və Biləcəri qəsəbə sakinləri X8 və X6 təsdiq etdikləri aktla təsdiq olunur. Eyni zaman da Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının Biləcəri qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi İ.İ.Mustafayevin 16 iyul 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 4, ev 4 ünvanında fərdi yaşayış evi 2009-cu il tarixə kimi mövcud vəziyyəti olduqca təmirsiz və yararsız vəziyyətdə olmuşdur. 2009-cu il tarixdən etibarən İddiaçı və X9 yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 4, ev 4 ünvanında fərdi yaşayış evində aparılan təmir işləri qonşuları tərəfindən tərtib edilmiş akta əsasən X9 atası X3 vəsaiti hesabına aparılmışdır”. Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər isə sonradan onun qayınatası tərəfindən təmir edilərək onların ailəsinin istifadəsində olan evdən qanunla müəyyən edilmiş qaydada istifadə etməyinə maneəçilik yaradır və həmin evin sənədləşdirilməsində süni çətinliklər yaradırlar. Cavabdehlərin onun öz mülkiyyətindən istifadə etməyinə yaradılan maneə qanunla qadağan edilən haldır. Əlavə olaraq Cavabdeh3 hətta 2006-cı il tarixdə vəfat edən anasının yəni öz bacısının yas mərasimində də iştirak etməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli, 2(001)-948/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, qeydiyyatda olduğu ünvan 2 ünvanındakı yaşayış evi torpaq sahəsi ilə birlikdə ana babası X27 şəxsi mülkiyyətində olmuşdur. X41 vəfat etdikdən sonra həmin yaşayış evi vərəsəlik yolu ilə X12nın mülkiyyətinə keçmişdir. Anası 21 yanvar 1980-ci ildə vəfat etmişdir. Bundan sonra valideynlərinə məxsus şəxsi mülkiyyət hüququ əsasında olan həmin yaşayış evində X7, o, və başqa övladları yaşamışlar. X7 25 aprel 2006-cı ildə vəfat etmişdir. Onlar hamısı həmin yaşayış evində qeydiyyatda olmuşlar. Yaşayış evinin həyətyanı sahəsi ilə birlikdə X27 şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olmasını təsdiq edən fevral 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərinin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 4 saylı pasport” da mövcuddur. Ailə qurduqdan sonra da həmin yaşayış evində yaşamışlar, qeyd olunan yaşayış evi vərəsəlik qaydasında onların şəxsi mülkiyyətlərindədir. Ailə qurduqdan sonra həmin evdə 19 fevral 1988-ci ildə oğlu Cavabdeh1 və 06 iyul 1989-cu ildə oğlu Cavabdeh2 anadan olmuşdur. Onlar hər üçü də anasından vərəsəlik yolu ilə qalmış həmin yaşayış evində qeydiyyatdadırlar. Həmin yaşayış evində eyni zamanda mərhum bacısı X22 oğlu İddiaçı da qeydiyyatdadır. İddiaçı 06 oktyabr 2009-cu ildə X18 ilə nikaha daxil olmuş, bu səbəbdən də X18 onlara məxsus həmin yaşayış evində qeydə alınmışdır. Yaşayış evi rəsmi olaraq onun valideynlərinə məxsus olduğundan qanunvericiliyə əsasən mülkiyyətə sahiblik hüququ onlara məxsusdur. X12 vəfat etdikdən sonra mənzilə qanun üzrə vərəsəlik ona və bacısı X2. Arzu İbatova 25 aprel 2006-cı il vəfat etdikdən sonra qanun üzrə vərəsə o, olmuşdur. Odur ki, mənzil vərəsəlik qaydasında ona məxsusdur və onun o evdə yaşayıb yaşamamasından asılı olmayaraq mənzilə onun mülkiyyət, sahiblik və istifadə hüququ vardır. Bu hüquqları məhdudlaşdırıla bilməz. Məhkəmə isə bunları nəzərə almamış və onun mülkiyyət hüquqlarını pozmuşdur. Bacısı oğlu İddiaçı evləndikdən sonra ev kiçik olduğundan və gənc ailənin mənafeyi naminə oğlanları və ailəsi ilə birlikdə kirayədə yaşasalar da, daim həmin evə gedib gəlmişlər. Onlar həmin evdən kirayəyə çıxanda ev yaşamağa tam yararlı idi. Onlar da daim mülkiyyətlərinə sahib çıxıb evlərinə mütəmadi olaraq baş çəkmişlər. Onların mülkiyyətlərində başqa heç bir yaşayış evi yoxdur. Məhkəmə iddiaçının evi təmir etdirməsini əsas götürərək onu vərəsəlik yolu ilə mülkiyyətindən istifadə hüququnu məhdudlaşdırmışdır. İddiaçı qeyrirəsmi nikahdan doğulmuş uşaq olmuşdur. Onun və qardaşının razılığı əsasında mübahisəli evə qeydiyyata düşmüşdür. İndi isə vərəsəlik qaydasında mülkiyyətində olan evdən istifadə hüququna manelər yaradır. Məhkəmə isə qanunsuz qətnamə qəbul edərək iddiaçının iddiasını təmin edərək mülkiyyətindən istifadə hüququnu məhdudlaşdırır. Həmçinin Cavabdeh1 başqa yerdə qeydiyyatda olması ilə bağlı bildirir ki, oğlu hərbiçidir və Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq edir və qeydiyyatsız qala bilməz. Ona görə də Samux rayonu, Ziyadlı kəndində qeydiyyata alınmışdır. Məhkəmədə şahid qismində dindirilən qonşular yalançı şahidlik edənlər şəxslərdir. Hər biri yalan ifadə vermişdirlər. Şahidlərin yaşadığı ərazi heç mübahisəli evin ərazisində deyildir. Orada ifadə vermiş usta da əvvəlcədən öyrədilmiş şəxs olmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi işin tədqiq edilmiş halları əsasında müəyyən etmişdir ki, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun və ev sahibliyi kartoçkasının surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 4, 4 saylı evin sahibi X41 qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X35, X32 və İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadırlar. X4 və X13 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktın surətinə əsasən, İddiaçı ünvan 1 ünvanında doğulmuş və hal-hazırda ailə həyatı quraraq orada yaşayır. Yaşadıqları ünvanda hal-hazırda İddiaçı xalası İbatova Ədilə və onun iki oğlu Cavabdeh1 və Cavabdeh2 pasport qeydiyyatındadırlar. Həmin ünvanda yararsız evin tam əsaslı təmirinin İddiaçı qaynatası X10 tərəfindən aparılmasının şahididirlər. İbatova Ədilə həmin evin təmir xərclərində heç bir əməyi olmamış, 30 ildən çoxdur ki, bu ünvanda yaşamır. X5, X21, X16, X14 və X17 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktın surətinə əsasən, İddiaçı ünvan 1 ünvanında doğulmuş və hal-hazırda ailə həyatı quraraq orada yaşayır. Yaşadıqları ünvanda hal-hazırda İddiaçı xalası İbatova Ədilə və onun iki oğlu Cavabdeh1 və Cavabdeh2 pasport qeydiyyatındadırlar. Həmin ünvanda yararsız evin tam əsaslı təmirinin İddiaçı tərəfindən aparılmasının şahididirlər. Prezidentin sərəncamına əsasən sənədsiz evlərin sənədləşdirilməsi ilə əlaqədar Ədilə İbatova, İddiaçı yaşadığı evi öz adına sənədləşdirməsinə etiraz edir. Həmin evin təmir xərclərində İbatova Ədilənin heç bir əməyi olmamışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 16 iyul 2020-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 fərdi yaşayış evinin 2009-cu il tarixə kimi mövcud texniki vəziyyəti olduqca təmirsiz və yararsız vəziyyətdə olmuşdur. 2009-cu ildən etibarən İddiaçı və X11 yaşadığı həmin evdə aparılan təmir işləri qonşular tərəfindən tərtib edilmiş akta əsasən X11 atası X3 vəsaiti hesabına aparılmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsinə olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin iventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 4, 4 saylı ev 43875 manat məbləğində qiymətləndirilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(001)- 6822/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X11 iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanına istifadə hüquqlarının olmadığı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(103)-6870/2019 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri təmin olunmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(001)- 6822/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Belə ki, qeyd olunan qətnaməyə əsasən iddiaçı X11 hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli, 2(102)-8097/2019 saylı qərarına əsasən iddiaçı X1 şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(103)- 6870/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı 25.05.2021-ci il tarixli, **********02 saylı məktubunda göstərilmişdir ki, , ünvan 1 ünvanında yerləşən hər hansı tikilinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 146.2-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 178.1-cı maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsaəsn, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən hər hansı tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və bu səbəbdən cavabdehlərin həmin ünvana istifadə hüququları mövcud olmadığına görə həmin hüququnun itirilməsi barədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli, 2(001)-948/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin ünvan 1 ünvanına istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar