Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4234/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(004)-1738/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DOST İş Mərkəzinin xx.xx.2021-ci il tarixli işdən çıxarılma əmrinin ləğv edilməsi, onunla cavabdeh arasındakı əmək müqaviləsinin müddətsiz hesab olunmaqla DOST X3 Departamentinin Mühasibat uçotu və hesabatlar Şöbəsinə baş mütəxəssis vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının və əmək haqqına əlavələrin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla DOST İş Mərkəzi arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Mərkəzin Maliyyə Departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinə böyük mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə həmin şöbədə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. Əmək məzuniyyətindən qayıtdığı günün səhəri - xx.xx.2021-ci il tarixdə əvvəlcədən xəbərdarlıq edilmədən əmək müqaviləsinin müddətinin bitdiyi əsas gətirilərək Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”b” bəndinə əsasən müqaviləyə xitam verilmişdir. DOST İş Mərkəzində işlədiyi müddətdə nə töhmət, nə də xəbərdarlıq almış, işçilərin biliklərinin yoxlanılması məqsədilə keçirilən imtahanda şöbə üzrə yüksək bal yığmışdır. Əmək müqaviləsinə xitam verildiyi şifahi olaraq ona bildirilsə də, işdən çıxarılma əmri ona təqdim olunmamışdır. Bundan sonra öyrənmişdir ki, onunla DOST İş Mərkəzi arasındakı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi 3 ay müddətinə bağlanılmış və Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq hər dəfə eyni müddətə uzadılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(004)- 1738/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq İddiaçı əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanmasının əmək qanunvericiliyinə zidd olmaqla uydurma əqd olmasını, əmək müqaviləsinin müddət müəyyən edilmədən bağlanmalı olduğunu nəzərə almamış, maddi hüquq normalarını pozmuş, işin faktiki hallarını tam araşdırmamışdır. Apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 11 mart 2020-ci il tarixdən tərəflərin qarşılıqlı razılığı ilə Cavabdeh MMC-nin Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. xx.xx.2020-ci il tarixli əmrə əsasən İddiaçı Cavabdeh MMC-nin Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixli əmrə əsasən həmin MMCnin Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixli **********3 nömrəli əmrə əsasən müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Cavabdeh MMC-nin Maliyyə departamentinin Mühasibat uçotu və hesabatlar şöbəsinin baş mütəxəssis vəzifəsində çalışan İddiaçı ilə 11 mart 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndi və 73-cü maddəsinin 2-ci bəndi rəhbər tutularaq əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən 5 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən işçi (İddiaçı) haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək huququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə gorə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsində qeyd edilmişdir ki,
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndində qeyd edilmişdir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73.1-ci və 73.2-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli 602 saylı Sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda “DOST” mərkəzləri çərçivəsində məşğulluq xidmətləri ilə bağlı müasir standartlara uyğun yeni xidmət modelinin tətbiqi nəzərdə tutulmuşdur. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) Cavabdeh tərəfindən “İşsizin Dostu” proqramı çərçivəsində işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə müxtəlif layihələr həyata keçirilir. “İşsizin Dostu” proqramı layihə xarakterli olduğuna görə əmək müqavilələrinin müddətli bağlanılması anlaşılandır. İş materiallarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi 3 ay müddətinə bağlanmış, müddət qurtardıqdan sonra əmək münasibətləri davam etdirildiyinə və tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyinə görə əmək müqaviləsinin müddəti avtomatik olaraq uzadılmışdır. Əmək Məcəlləcinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti qurtardığına görə əmək müqaviləsinə xitam verilməsində hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçı bağlanmış əmək müqaviləsinin müddətli olmasından məlumatsız olması barədə apellyasiya şikayətində göstərilənlər əsassız olmaqla iş materialları ilə təsdiq olunmur. Əmək müqaviləsindən görünür ki, müqavilə İddiaçı tərəfindən imzalanmışdır. Bundan əlavə, “İşsizin Dostu” proqramı barədə internet portallarında yerləşdirilmiş məlumatlardan da görünür ki, həmin proqram çərçivəsində əmək müqavilələri müddətli bağlanır. Bundan əlavə, İddiaçı əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olması onunla əmək müqaviləsinin mütləq qaydada müddətsiz bağlanmasını ehtiva etmir. Yuxarıda qeyd edildiyi kimi, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsində müəyyən istisnalar nəzərdə tutulmuşdur ki, bu istisnalardan biri də tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasıdır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(004)- 1738/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.