Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4234/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 may 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olmuş və Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev № 19-da yerləşən, onun tərəfindən cavabdeh MMC-yə sökülməsi üçün təhvil verdiyi 47 saylı mənzilin əvəzində MTK-nın həmin ərazidə inşa etdiyi binanın 1-ci blokunun 15-ci mərtəbəsində yerləşən 95 kv.m təmirsiz mənzilin MTK tərəfindən ona təhvil verilməsi, mənzil təhvil verilən günə qədər ödənilməmiş aylıq kirayə pullarının, müqavilədə nəzərdə tutulmuş digər ödənişlərin ödənilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı “iddia tələbinin həcminin dəyişdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə xx.xx.2022-ci il tarixdə edilmiş "xxxx"-ə əsasən MTK tərəfindən ona verilməli olan sahənin (95 kv.m) tam (faktiki ölçülərlə) verilməsinin təmin edilməsi və ya fərqin bugünkü qiymətlə ödənilməsi barədə qərar qəbul edilməsi, əlavə kv.m. verilərsə, əlavənin bugünkü qiymətlə pulunun onun tərəfindən ödənilməsi, köhnə mənzilə təmirə çəkilən xərci ümumi xərcdən çıxmaq şərti ilə və ya ona verilən müqavilədə göstərilən əksik kv.m. sahənin dəyərini bugünkü qiymətlə ödənilməsinin təmin edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MTK (əvvəlki adı "xxxx" MMC) arasında, xx.xx.2018-ci il tarixdə bağlanmış nömrəsiz müqavilə əsasən, iddiaçı mülkiyyətində olan və Nəsimi rayonu, S.Zeynalov küçəsi, ev 19, mənzil 47 ünvanında yerləşən 75 kv.m-dən ibarət mənzilini sökülməsi üçün MTK-ya təhvil verməsi, MTK isə bunun əvəzində iddiaçıya yeni tikiləcək binada 86,5 kv.m təmirli mənzil sahəsi, 4.000 manat pul və aylıq 450 manat kirayə pulu ödənilməsi və 24 ay ərzində təmirli mənzil verilməsi barədə razılığa gəlmişdir. İddiaçı üzərinə götürdüyü öhdəliyi icra edib, mənzili MTK-ya təhvil versə də, MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməmiş, 24 ay ərzində binanın inşa edib yekunlaşdırmamışdır. xx.xx.2022-ci il tarixdə iddiaçıya, onunla MTK arasında bağlanmış müqaviləyə "xxxx" imzalanmaq təklif olunmuşdur. Həmin əlavə ilə iddiaçıya verilməsi nəzərdə tutulmuş 86,5 kv.m. təmirli mənzil sahəsinin əvəzinə həmin ərazidə inşa edilən yeni binanın 1-ci blok, 15-ci mərtəbəsində 95 kv.m. təmirsiz mənzil verilməsi və qalan 0,15 kv.m. sahənin dəyəri olan 260 manat pul ödənilməsi şərtləri ilə əlavə imzalamışdır. Lakin, bu günə qədər müqavilə və müqaviləyə əlavənin şərtləri yerinə yetirilməmiş, mənzil ona təhvil verilməmiş, hər hansı ödəniş edilməmiş, hətta 2023-cü ilin əvvəlindən bu günə qədər kirayə haqqı belə ödənilməmişdir. Birincisi, müqavilə ilə ona verilməsi nəzərdə tutulmuş 95 kv.m təmirsiz mənzil MTK tərəfindən başqa şəxsə satılmış və mənzil hazırda həmin şəxsin faktiki sahibliyindədir. İkincisi, həmin mənzilin ümumi sahəsi 95 kv.m yox, cəmi 86,06 kv.m-dir. İddiaçı tərəfindən “X1” müraciət edilmiş, həmin mərkəz tərəfindən verilmiş 80 saylı, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzun müddət yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. b) tərəflərin məhkəmə iclasında iştirakı və verilmiş izahat barədə məlumat
4. İddiaçı izahatında bildirmişdir ki, MTK tərəfindən ona verilməli olan 95 kv.m. mənzil təqdim olunanda mənzil sahəsinin əskik olduğu məlum olmuşdur. xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il taraixlərində 3 dəfə aparılmış ekspertiza əsasında təsdiq olunmuşdur ki, ona verilmiş mənzil sahəsi 95 kv.m deyil, 83,41 kv.m-dir. İddiaçı 2024-cü ilin oktyabr ayında aldığı mənzildə təmirə başlamışdır. Ancaq MTK yenidən ekspertiza tələb etmiş və məsələnin həlli uzadılmışdır. Məhkəmə işinin nəticəsi iddiaçıya məlum olmadığına görə təmiri dayandırmışdır. Kirayə pulunun məhkəmə qərarı gününədək hesablanmasını tələb edir. MTK hal-hazıradək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
5. Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Buna görə də, Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh MTK tərəfindən xx.xx.2022-ci il tarixli müqaviləyə 01 əlavədə göstərilən şərtlərə uyğun ölçüdə təmirsiz verilməli (95 kv.m) mənzilin iddiaçıya faktiki təmirsiz verilmiş (83,41 kv.m) mənzillə ölçülərində yaranan nisbət fərqinin (11,59 kv.m) müqaviləyə əlavə bağlandığı anda (xx.xx.2022-ci il) mövcud olan qiymətlərə uyğun pul şəklində iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı təmirli mənzilinin əvəzinə daha artıq kv.m olan təmirsiz mənzilin ona verilməsi şərti ilə mülkiyyətində olan mənzilinin sökülməsinə razılıq vermişdir. Cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq razılaşdırılmış ölçüdə mənzili iddiaçıya təhvil verməmişdir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə 95 kv.m iddiaçıya verilməsi razılaşdırıldıqdan sonra, həmin ilin noyabr ayından yaşayış binası istismara qəbul edilmiş, eləcə də iddiaçı kvadrat metri müqavilədə göstərilmiş ölçüdə olmasa da, mənzilini təhvil almış, mənzildə müəyyən işlər aparmışdır. Odur ki, hazırki iddia ilə mənzillərin ölçüsündə olan fərqin iddiaçıya ödənilməsi hissəsində iddia təmin edildiyindən “95 kv.m mənzil təhvil verilən günə qədər kirayə haqqının ödənilməsi” hissədə iddia tələbi öz aktuallığını itirilmiş hesab edilir. Rayon Məhkəməsi iddianın ölçülər arasında “fərqin bugünkü qiymətlə ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə müqaviləyə 01 saylı əlavədə iddiaçıya verilməsi nəzərdə tutulmuş 86,5 kv.m. təmirli mənzil sahəsinin əvəzinə ünvan 1 ünvanında yerləşən binanın yerində inşa edilən yeni binanın 1ci blok, 15-ci mərtəbəsində 95 kv.m. təmirsiz mənzil verilməsi və qalan 0,15 kv.m. sahənin dəyəri olan 260 manat pul ödənilməsi şərtləri razılaşdırıldığından, hazırda ölçülər arasında müəyyən edilmiş fərq müqaviləyə əlavə bağlandığı anda (xx.xx.2022-ci il) mövcud olan qiymətlərə uyğun ödənilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Əsasları iddia ərizəsinin əsaslarına uyğun olan apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iddiaçı, iddia tələbi üzrə məhkəməyə ciddi və mübahisəsiz sübutlar təqdim etsə də, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, ziddiyyətli qətnamə qəbul edərək əsassız və qanunsuz şəkildə iddia tələbini qismən təmin etmişdir. Rayon Məhkəməsi tərəflər arasında bağlanmış 024/01 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 95 kv.m təmirsiz mənzili və qalan 0,15 kv.m sahənin dəyərini müqavilə üzrə 260 manat məbləğdən hesablamaqla səhv nəticəyə gəlmişdir. Buna səbəbi ondan ibarətdir ki, qeyd olunan müqavilə 2022-ci il tarixdə bağlandığı zaman həmin ünvanda yerləşən mənzillərin bazar dəyəri 2025-ci il tarixə kəskin dəyişmiş, bağlanmış müqavilə əhəmiyyətli dərəcədə dəyişərək öz əhəmiyyətini itirmiş, hal-hazırda həmin ünvanda yerləşən binanın 1 kv.m sahəsi bazar qiyməti ilə 3.500 manat məbləğində müəyyən olunmaqdadır. Odur ki, bu kimi hallara münasibətdə qətnamə ləğv olunmalı, iddia tələbi tam təmin olunmaqla cavabdeh MTK-dan xx.xx.2022-ci il tarixdə tərəflər arasında bağlanmış müqavilə və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş təmirsiz verilməli (95 kv.m) mənzilin əvəzinə verilmiş faktiki təmirsiz verilmiş (83,41 kv.m) mənzilin ölçülərində yaranan nisbət fərqi olan 11,59 kv.m mövcud olan sahənin qiymətinin müqavilə bağlandığı xx.xx.2022-ci il tarixdən deyil, 2025-ci il tarixə müəyyən edilmiş bazar qiymətinə uyğun olan 3.500 manat məbləğində verilməsi və mənzil təhvil verilən günə qədər ödənilməmiş aylıq kirayə məbləğinin cavabdeh tərəfindən ödənilməsi barədə yeni qanuni və əsaslı qətnamə qəbul olunmalıdır. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
10. Apellyasiya baxışında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
11. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş cavabdeh MTK-nın nümayəndəsi şikayətə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
12. Cavabdeh MTK-nın nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın növbəti iclaslarının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxışı iclaslarına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
13. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
14. Belə ki, qeyd edilən maddənin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
16. Belə ki, “Pilot-1" MMC (hazırda: cavabdeh MTK) ilə iddiaçı arasında xx.xx.2018ci il tarixdə bağlanmış müqavilədən görünür ki, “Əmlak mülkiyyətçisi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarının 1.3-ci maddəsinin tələblərinin və müqavilənin icrası ilə əlaqədar olaraq ÖM seriyalı, 161263 №-li, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №li, qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən faktiki 75 kv.metrdən ibarət yaşayış sahəsini sökülmək üçün “Pilot-1" MMC-yə təhvil verməyi, "xxxx" isə mənzilləri qəbul etməyi və Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa ediləcək çoxmənzilli binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. "xxxx" söküləcək mənzilin faktiki 75 kv.m olan sahəsindən 2.7 kv.m sahənin əvəzinə 4000 manat ödənildikdən sonra qalan 72.3 kv.m sahəyə isə nəzərdə tutulmuş 20 faiz əlavə ediləcək 86.5 kv.m təşkil edir.
17. Həmin Müqavilənin 2.2.4-cü maddəsinə görə “Əmlak mülkiyyətçisi”nə veriləcək sahə, layihəyə uyğun ölçüdən az olduğu təqdirdə yaranan nisbətin pul şəklində “Əmlak mülkiyyətçisi”nə ödəmək "xxxx"nin hüquq və vəzifələrinə aid edilmişdir.
18. Cavabdeh MTK ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 024/01 müqaviləyə 01 saylı əlavədən görünür ki, “Əmlak mülkiyyətçisi” ilə xx.xx.2018-ci il tarixli 024 saylı bağlanmış müqavilədə qeyd olunan şərtlərə əlavələr edilməklə, "xxxx" tərəfindən “Əmlak mülkiyyətçisi”nə veriləcək 86,5 kv.m təmirli sahəsinə təmir xərcinin əvəzinə 8,5 kv.m sahə əlavə olunaraq, inşa etdiyi binanın 1-ci blok 15-ci mərtəbəsində 95 kv.m təmirsiz mənzili və qalan 0,15 kv.m sahənin dəyərini 260 manatı “Əmlak mülkiyyətçisinin” mülkiyyətinə verməsi müəyyən edilmişdir.
19. İş materiallarında olan “Qeydiyyat vəsiqəsindən” görünür ki, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi 42 kv.m olan daşınmaz əmlak xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi iddiaçının adına xx.xx.2003-cü il tarixdə qeydiyyatdan keçmişdir.
20. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh MTK-ya ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı, kirayə haqqının və çatışmayan sahənin əvəzinin 10 gün müddətində ona ödənilməyi MTK-dan tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə MTK-ya xəbərdarlıq etmişdir.
21. “X2” MMC-nin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi 42 kv.m olan daşınmaz əmlakın ümumi sahəsi 86,06 kv.m təşkil edir.
22. İşdə olan xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, cavabdeh MTK-nın məsul əməkdaşı tərəfindən sakin iddiaçı ilə dəfələrlə əlaqə saxlanılmaqla xx.xx.2022-ci il tarixindən ona məxsus mənzilin təhvil alınması təklif edilmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın 1-ci blokunda yerləşən mənzilin ümumi tikinti sahəsinin 95 kv.m, faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) isə 88,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
24. Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli iclasında xx.xx.2024-cü il tarixdə verilmiş rəydəki uyğunsuzluqların araşdırılmasında iştirak etmiş Məhkəmə Ekspertiza Mərkəzinin eksperti İsa Eyvazzadə bildirmişdir ki, rəydə göstərilən ölçülərlə faktiki ölçülər arasındakı fərq baxışdan sonra arakəsmələrin inşa edilməsi ilə bağlı olmuşdur, bunu əlavə tədqiqatla aradan qaldırmaq olar
25. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində cavabdeh MTK tərəfindən inşa edilmiş hündür mərtəbəli binanın 1-ci blokunun 15-ci mərtəbəsində yerləşən mənzilin mövcud ümumi tikinti sahəsinin 95 kv.m, faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 83,41 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın 1-ci bloküpun 15-ci mərtəbəsində yerləşən mənzilin ümumi sahəsinin 79,53 kv.m təşkil etdiyi müəyyən edilmişdir. İlk ekspertiza ilə əlavə ekspertiza nəticələri arasında yaranmış fərqin səbəbi, tədqiq olunan mənzilin daxilində tikinti təmir işlərinin (arakəsmə divarların inşa edilməsi, divarların suvaq məhlulu ilə suvanması) aparılması ilə izah olunur.
26. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində cavabdeh MTK tərəfindən olaraq inşa etdiyi binanın 1-ci blok 15-ci mərtəbəsində mənzilə dair verilmiş ilkin və əlavə ekspertiza arasında mənzilin faktiki sahəsinə dair ölçülərdə aşkar edilmiş fərq həmin mənzilin daxilində ilkin ekspertiza zamanı keçirilmiş baxışdan sonra tikinti-təmir işlərinin (arakəsmə divarların inşa edilməsi, divarların suvaq məhlulu ilə suvanması) aparılması ilə izah olunur. Belə ki, ilkin ekspertiza baxışından sonra sözügedən mənzildə arakəsmə divarlar inşa edilmiş, mənzilin daxili divarlarına suvaq vurulmuşdur. Bunun nəticəsində (əlavə divarların inşası və suvaq vurulması nəticəsində divarların qalınlığının artması) mənzilin ilkin ekspertiza zamanı müəyyən edilmiş 88,5 kv.m sahəsinin 5,09 kv.m hissəsi divarların altında qalmaqla mənzilin faktiki sahəsi 83,41 kv.m müəyyən olunmuşdur.
27. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən ona razılaşdırılmış həcmdə mənzil təhvil verilməsi müqabilində üzərinə düşən öhdəlikləri tam icra etmiş, cavabdehin təhvil verdiyi mənzili qəbul etdikdə müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini aşkar etmiş, icranın qüsuru barəsində pretenziya etmişdir.
28. İddiaçı ilə "xxxx" MMC (hazırda: cavabdeh MTK) arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanılarkən faktiki 75 kv.m təmirli əvəzinə 86,5 kv.m təmirli mənzilin verilməsi nəzərdə tutulmuş, xx.xx.2022-ci il tarixli müqaviləyə əlavədə isə qarşılıqlı razılıqla 86,5 kv.m təmirli mənzilin əvəzinə 95 kv.m təmirsiz mənzilin verilməsinin razılaşdırılması işin mübahisəsiz halıdır.
29. İddiaçılarla bağlanan sonuncu müqavilənin tərəfi olan cavabdeh MTK olduğundan öhdəliyin icrasını tələb etmək hüququ sonuncuya keçmişdir. Odur ki, iddiaçı hazırkı tələbi MTK-ya qarşı yönəltməkdə haqlıdır.
30. Tərəflər arasında olan münasibətlərin mübahisələndirilən halı isə müqavilə üzrə qəbul edilmiş sahə əvəzinə verilməsi razılaşdırılmış sahənin reallıqda azlıq təşkil etməsi təşkil edir.
31. Tərəflər arasında yaranan münasibətlərə tətbiq oluna biləcək maddi hüquq normalarını araşdırarkən, müəyyən olunur ki, tərəflər arasında ilk olaraq dəyişdirmə münasibətləri formalaşmışdır. Qanunvericilkdə bu münasibətlərə alğı-satqıya aid göstərişlərin tətbiq edilməsinin imperativliyi mövcuddur.
32. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür (maddə 662.1.) Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (maddə 662.2.). Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır (maddə 662.3.). Dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir (maddə 664.). Əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir (maddə 665.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.).
33. Məhkəmə qeyd edir ki, təhvil verilən mənzilin sahəsinin müqavilədə müəyyən edilən razılaşmaya uyğun olmaması halı iş üzrə təyin edilmiş 3 ekspertiza tədqiqatının nəticəsi ilə sübut edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin sonuncu rəyində iddiaçı tərəfindən təhvil alınmış mənzilin faktiki sahəsinin 83,41 kv.m olması müəyyən edilmişdir.
34. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Məhkəmə hesab edir ki, iddiaçı təmirli mənzilinin əvəzinə daha artıq kv.m olan təmirsiz mənzilin ona verilməsi şərti ilə mülkiyyətində olan mənzilinin sökülməsinə razılıq vermişdir. Cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq razılaşdırılmış ölçüdə mənzili iddiaçıya təhvil verməmişdir.
36. Odur ki, iddiaçıya veriləcək olan sahəsi 95 kv.m. yaşayış sahəsinin faktiki olaraq 83,41 kv.m. olması müəyyən edildiyindən həmin fərqin cavabdehdən tutulmaqla iddiaçının xeyrinə ödənilməli olması ilə bağlı Rayon Məhkəməsinin qənaəti düzgündür.
37. Rayon Məhkəməsi iddianın ölçülər arasında “fərqin bugünkü qiymətlə ödənilməsi” hissəsinə münasibətdə belə qənaətə gəlmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə müqaviləyə 01 saylı əlavədə iddiaçıya verilməsi nəzərdə tutulmuş 86,5 kv.m. təmirli mənzil sahəsinin əvəzinə ünvan 1 ünvanında yerləşən binanın yerində inşa edilən yeni binanın 1-ci blok, 15-ci mərtəbəsində 95 kv.m. təmirsiz mənzil verilməsi və qalan 0,15 kv.m. sahənin dəyəri olan 260 manat pul ödənilməsi şərtləri razılaşdırıldığından, hazırda ölçülər arasında müəyyən edilmiş fərq müqaviləyə əlavə bağlandığı anda (xx.xx.2022-ci il) mövcud olan qiymətlərə uyğun ödənilməlidir.
38. Lakin Rayon Məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı fərqin 2022ci il üzrə qiymətini müəyyən etməmişdir.
39. Apellyasiya icraatı zamanı iddiaçı vəsatətlə Məhkəməyə müraciət edərək, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
40. Tərəflər arasında mübahisə predmeti olan fərq yaratmış mənzil sahəsinin (11,59 kv.m) dəyərinin müəyyən edilməsinin hazırkı mübahisənin həlli üçün zəruri olmasını nəzərə almış Məhkəmə iş üzrə əmlakın qiymətləndirilməsinin həyata keçirilməsini qərara almış və əmlakın qiymətləndirilməsinin aparılmasını “X3” LTD ("xxxx") Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə etmişdir.
41. “X3” LTD ("xxxx") MMC-nin MB 18/1460 nömrəli xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi ünvanında yerləşən mənzillərin cari il və 2022-ci il üzrə 1 kvadratmetrinin 2022-ci il üzrə bazar dəyəri 1834 manat, 2025-ci il üzrə bazar dəyəri 3.100 manat müəyyən edilmişdir.
42. Belə olan halda iş üzrə tərəflər arasında mübahisə predmeti olan fərq yaratmış 11,59 mənzil sahəsinin 2022-ci ilə mövcud olan qiymətinin (11,59 x 1.834 manat =) 21.256,06 manat olduğu müəyyən edilir ki, həmin vəsait cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməlidir.
43. Rayon Məhkəməsi iddiaçının kirayə haqqının ödənilməsi tələbi ilə bağlı isə düzgün nəticəyə gələrək göstərmişdir ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə 95 kv.m iddiaçıya verilməsi razılaşdırıldıqdan sonra, həmin ilin noyabr ayından yaşayış binası istismara qəbul edilmiş, eləcə də iddiaçı kvadrat metri müqavilədə göstərilmiş ölçüdə olmasa da, mənzilini təhvil almış, mənzildə müəyyən işlər aparmışdır. Odur ki, hazırki iddia ilə mənzillərin ölçüsündə olan fərqin iddiaçıya ödənilməsi hissəsində iddia təmin edildiyindən “95 kv.m mənzil təhvil verilən günə qədər kirayə haqqının ödənilməsi” hissədə iddia tələbi öz aktuallığını itirilmiş hesab edilir. g) apellyasiya baxışının nəticəsi
44. Odur ki, qeyd edilənləri, MPM-in 385-ci maddəsinin tələblərini və MPM-in 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, yəni cavabdeh MTK tərəfindən iddiaçının xeyrinə mənzil ölçülərində yaranmış fərqin ödənilməsi barədə iddia tələbinin həll edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, həmin iddia qismən təmin edilməli, 21.256,06 manat cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə həmçinin qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən apellyasiya baxışı zamanı yaranmış məhkəmə xərcləri MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən bərabər şəkildə tərəflərə aid edilməlidir. Bu məqsədlə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməli, əmlakın qiymətləndirilməsinin dəyəri olaraq 150 manat iddiaçıdan və 150 manat cavabdeh MTK-dan tutularaq “X3” LTD ("xxxx") MMC-nin hesabına köçürülməlidir.
46. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 may 2025-ci il tarixli qətnamə qismən, yəni Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı xeyrinə mənzil ölçülərində yaranmış fərqin ödənilməsi barədə iddia tələbinin həll edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin iddia qismən təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən xx.xx.2022-ci il tarixli müqaviləyə 01 əlavədə göstərilən şərtlərə uyğun ölçüdə təmirsiz verilməli (95 kv.m) mənzilin İddiaçı faktiki təmirsiz verilmiş (83,41 kv.m) mənzilin ölçülərində yaranan nisbət fərqin (11,59 kv.m) ödənilməsi məqsədilə 21.256 (iyirmi bir min iki yüz əlli altı) manat 06 (altı) qəpik məbləğində pul Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 may 2025-ci il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı yaranmış məhkəmə xərcləri bərabər şəkildə tərəflərə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. İş üzrə əmlakın qiymətləndirilməsinin dəyəri olaraq 150 (yüz əlli) manat məbləğin pul İddiaçı, 150 (yüz əlli) manat məbləğin pul Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq “X3” LTD ("xxxx") Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.