Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4235/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi tələbləri barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 aprel 2023-ci il tarixli qətnamədən İddiaçı1 verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun özünün və vəkili (nümayəndəsi) Vəkil2, Cavabdeh3 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. Birgə iddiaçılar iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 19 “A” saylı evin qiymətləndirilməsinə dair Cavabdeh2 MMC (bundan sonra – “Qiymətləndirici” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ES/02 saylı “Hesabatın” ləğv edilməsi, "xxxx" MMC-nin (bundan sonra – “Hərrac Mərkəzi”) keçirdiyi hərracın və bununla bağlı olan bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1lə Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixdə kredit və ipoteka müqavilələri bağlanmış. “Kredit müqaviləsinə” əsasən İddiaçı1 Cavabdeh3 guya 50.000 manat məbləğində borc almışdır. Əslində isə İddiaçı1 Cavabdeh3 heç vaxt tanımamış və ondan borc almamış, bu müqaviləni qohumuna görə imzalamışdır. “İpoteka müqaviləsinə” görə isə İddiaçı1 Cavabdeh3 guya aldığı borcun qaytarılmasına görə, mülkiyyətində olan evi guya Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü etmişdir. Bir müddət keçəndən sonra borc tam qaytarılmadığı üçün notariusun icra qeydi verilmiş, ev hərraca çıxarılmış və bazar dəyərindən qat-qat aşağı qiymətə Cavabdeh3 satılmışdır. Sonradan isə ev Cavabdeh3 mülkiyyətində olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsi (bundan sonra – “İcra Şöbəsi”) tərəfindən icra tədbirləri həyata keçirilmiş və İddiaçı1 ailə üzvləri olan digər iddiaçılar ilə evdən və evin yerləşdiyi torpaq sahəsindən məcburi qaydada çıxarılmışlar. Halbuki, ipotekaya ancaq ev qoyulmuş və torpaqla bağlı heç bir razılaşma olmamışdır. Ev qiymətləndirilərkən, hərrac keçirilərkən və ev Cavabdeh3 satılarkən qanunsuzluğa yol verilmişdir. Nəticədə iddiaçıların hüquqları kobud şəkildə pozulmuş, qanunsuz və əsassız olaraq evləri əllərindən alınmışdır. Evin qiymətləndirilməsi “İcra Şöbəsinin” dəvət etdiyi cavabdeh “Qiymətləndirici” tərəfindən aparılmış və xx.xx.2022-ci il tarixli “Qiymətləndirilmə hesabatı” hazırlanmışdır. Bu “Hesabatda” evin dəyəri cəmi 70.000 manat qiymətləndirilmişdir. Bu isə çox ədalətsiz qiymətdir. Torpaqla bağlı isə heç bir qiymətləndirmə aparılmamışdır. “Qiymətləndiricinin” qoyduğu qiymət ümumiyyətlə çox azdır. Yəqin ki, “Qiymətləndirici” ilə Cavabdeh3 arasında bununla da bağlı qanunsuz razılaşma olmuş və “Qiymətləndirici” Cavabdeh3 sərf edən qiyməti “Hesabata” yazmışdır. Əks təqdirdə bu kimi ədalətsizliyi başqa heç cür başa düşmək olmur. Digər tərəfdən “Qiymətləndirici” öz “Hesabatında” evin sənədlərində əks olunmuş yalnız texniki göstəriciləri qeyd etməklə, istifadə metodlarını sadalamaqla, sonra isə nəticə yazmaqla kifayətlənmişdir. “Qiymətləndirici” evin qiymətinin nə üçün məhz 70.000 manat olması qənaətinə gəlməsinin təhlilini verə bilməmişdir. Eləcə də evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin dəyərini “Hesabatda” ümumiyyətlə qeyd etməmişdir. Eyni zamanda “Qiymətləndirici” tərəfindən “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricinin hazırlanması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 107 saylı qərarının tələbləri pozulmuşdur. Buna görə də ev yenidən qiymətləndirilməlidir. Hərracın keçirilməsi barədə iddiaçılara məlumat verilməmişdir. Evə hərracın keçirilməsi ilə əlaqədar heç bir məlumat daxil olmamış və hərrac iştirakları olmadan keçirilmişdir. İddiaçılara evin ilkin satış qiyməti barədə məlumat verilməmiş və razılıqları alınmamışdır. Bundan başqa onlara təkrar hərraclar barədə də məlumat verilməmiş və hərrac təşkilatı onlara məlumat verməkdə maraqlı olmamışdır. b) cavabdeh tərəfin və üçüncü şəxsin iddia tələbinə dair münasibəti barədə məlumat
3. Cavabdeh3 məhkəmə baxışı zamanı verdiyi izahatda iddia tələbinin əsassız olmasını, mübahisəli evi qanuna müvafiq qaydada əldə etdiyi Rayon Məhkəməsinə bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir.
4. İrəli sürülümüş iddiaya dair digər cavabdehlər və işə baxmış Rayon Məhkəməsi tərəfindən iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş “İcra Şöbəsi” tərəfindən yazılı etiraz daxil olmamışdır. Onların nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişlər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 14 aprel 2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əşyanın real bazar dəyərinin düzgün müəyyən edilməməsi və hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı iddiaçıların dəlilləri öz təsdiqini tapmadığından, o cümlədən hərracın keçirilməsi qaydalarını əks etdirən mövcud qanunvericilik normalarının və İddiaçı1 hüququnun pozulması müəyyən edilmir. Digər iddiaçılara münasibətdə isə qeyd edilməlidir ki, ev İddiaçı1 mülkiyyətində olduğundan onlar cavabdehlərə qarşı bu kimi iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyilllər. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə bütün faktiki halları nəzərə almamış və obyektiv araşdırma aparmamış, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
9. İddiaçı1 və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.
10. Cavabdeh3 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə məzmununa uyğun izahat verdi.
11. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Məhkəmə tərəfindən iş materiallarına əsasən müəyyən edilən və tərəflər arasında mübahisə doğurmayan işin halları ondan ibarətdir ki, 2 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixdə verdiyi “İcra qeydi” əsasında İddiaçı1 50.000 manat məbləğində pulun Cavabdeh3 xeyrinə tutulması, tutmanın İddiaçı1 məxsus ipoteka predmetinə yönəldilməsi və 30 gün ərzində evin boşaldılması müəyyən edilmişdir. Həmin “İcra qeydi” İddiaçı1 tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “İcra qeydi” qanunun tələblərinə uyğun hesab edilərək iddia təmin edilməmişdir. Daha sonra, İddiaçı1, onunla Cavabdeh3 arasında bağlanmış kredit və ipoteka müqavilələrinin etibarsızlığına dair iddia qaldırılmış və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia əsassız hesab edilərək rədd edilmişdir. Notariat Ofisinin verdiyi həmin “İcra qeydi” əsasında icra hərəkətlərini həyata keçirmiş “İcra Şöbəsinin” sifarişi əsasında cavabdeh “Qiymətləndirici” tərəfindən qiymətləndirmə keçirilmiş və fərdi-yaşayış evinin bazar dəyəri 70.000 manat müəyyən edilmişdir. Cavabdeh “Hərrac Mərkəzi” tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac (alıcının olmaması səbəbindən) baş tutmamış və evin qiyməti (70.000 – 15%=) 59.500 manat olmaqla xx.xx.2022-ci il tarixdə ikinci dəfə hərrac keçirilmişdir. Bu hərrac da (alıcının olmaması səbəbindən) baş tutmamış və ev (evin qiyməti daha 25 faiz aşağı salınmaqla) 44.625 manata xx.xx.2022-ci il tarixli “təklif məktubu” ilə tələbkar Cavabdeh3 təklif olunmuş və sonuncu bu təklif ilə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə “Hərrac Mərkəzi” tərəfindən “Hərracın yekunları barədə protokol” tərtib edilmiş, “Hərrac Mərkəzi” ilə Cavabdeh3 arasında bununla bağlı müvafiq müqavilə bağlanmış və sonuncu həmin evi əldə etmişdir.
14. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” qəbul etdiyi xx.xx.2008ci il tarixli qərarında nümayiş etdiyi hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
15. Hazırki iş üzrə mübahisələndirilən evin hərracın yekunlarından əvvəl İddiaçı1 xüsusi mülkiyyətində olmasını, kredit və ipoteka müqavilələrinin İddiaçı1 tərəfindən bağlandığını nəzərə alaraq, evin düzgün qiymətləndirilməməsi, eləcə də keçirilmiş hərraclar barədə məlumatın verilməməsinin mübahisələndirilməsi üçün digər iddiaçıların – İddiaçı2, İddiaçı4 və İddiaçı3 subyektiv hüququnun olmadığı müəyyən edilir.
16. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur.
17. Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş İddiaçı1 bildirir ki, hərrac barədə məlumatlandırılmadığından və ev real dəyərinə uyğun qiymətləndirilmədiyindən qiymətləndirmə hesabatı və hərracın yekunları etibarsız hesab olunmalıdır.
18. Məhkəmə ilk növbədə hərraca çıxarılan əmlakın dəyəri ilə bağlı bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə uyğun olaraq, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Notariusun icra qeydi əsasında ipoteka predmetinə tələb yönəldikdə, müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə uyğun olaraq, ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
19. Göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti real bazar dəyərini deyil, əmlakın likvid dəyərini ehtiva edir.
20. “İcra Şöbəsinin” sifarişi əsasında evin qiymətləndirilməsini həyata keçirmiş “Qiymətləndirici” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Hesabatından” görünür ki, evin bazar dəyəri 70.000 manat təşkil edir.
21. İddiaçı1 evin real dəyərinin yüksək olmasına baxmayaraq, “Qiymətləndirmə hesabatında” evin dəyəri aşağı göstərildiyini bildirdiyi üçün işə baxmış Rayon Məhkəməsi İddiaçı1 bu dəlilinin araşdırılması üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3828-9/7558 saylı “Ekspert rəyi” alınmışdır.
22. Həmin rəydən görünür ki, evinin bazar qiyməti təqribən 71.000 manat, 8% azalma əmsalı tətbiq edilməklə həmin yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri isə təqribən (71.000 - 8%=) 65.400 manat məbləğində müəyyən edilir.
23. “Qiymətləndirici” tərəfindən verilmiş “Qiymətləndirmə hesabatında” əks olunmuş qiymət ilə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydə əks olunmuş qiymətlər müqayisə edilərkən və işin halları nəzərə alınarkən müəyyən edilir ki, mübahisəli ev hərraca (likvid qiymət) 65.400 manat qiymətlə çıxarılmalı olduğu halda, hərraca daha yüksək (real bazar qiymət) 70.00 manata çıxarılmışdır.
24. İşə baxmış Rayon Məhkəməsi də bu halın iddiaçı (borclu) İddiaçı1 deyil, cavabdeh (tələbkar) Cavabdeh3 maraqlarını pozmasını, lakin sonuncunun bu hal ilə razılamasını nəzərə alaraq İddiaçı1 qiymətlə bağlı dəlilinin əsassız olması qənaətinə gəlmişdir.
25. Məhkəmə işin hallarını və yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Rayon Məhkəməsinin bu mövqeyinə dair apellyasiya şikayətinin dəlili əsassızdır.
26. Məhkəmə həmçinin İddiaçı1 qiymətləndirmə həyata keçirilərkən, fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin nəzərə alınmaması dəlili ilə bağlı qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışından görünür ki, mübahisəli ev İddiaçı1 mülkiyyətində olan daşınmaz əmlak kimi reyestrində qeydə alınsa da, evin yerlədiyi torpaq sahəsi onun deyil, dövlətin mülkiyyətindəri.
27. “İpoteka saxlayan” Cavabdeh3 ilə “İpoteka qoyan” İddiaçı1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “İpoteka müqaviləsindən” görünür ki, İddiaçı1 tərəfindən yalnız yaşayış evi Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü edilmişdir.
28. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, ipoteka ilə yüklülük yalnız evlə bağlı reyestrdə qeydə alınmışdır.
29. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi İddiaçı1 mülkiyyətində olmamış, torpaq sahəsi Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü edilməmiş, torpaq sahəsinə tələbin yönəlməmişdir.
30. Buna görə də, qəbul edilməlidir ki, evin qiymətləndirilməsini həyata keçirmiş “Qiymətləndirici” torpaq sahəsinin qiymətini nəzərə almamaqda, işə baxmış Rayon Məhkəməsi isə İddiaçı1 müzakirə edilən bu dəlilini əsassız hesab etməkdə haqlı olmuşlar.
31. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin qeyd edilən mövqeyinə dair apellyasiya şikayətinin dəlili əsassızdır.
32. Məhkəmə İddiaçı1 hərrac barədə məlumatlandırılmaması dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (maddə 415.2.). bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.).
33. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə görə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Qanunun 43.5 və 43.7-ci maddələrinə görə, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
34. Qeyd edilən maddi hüquq normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur.
35. İş üzrə cavabdehlərdən biri olan “Hərrac Mərkəzinin” hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli və xx.xx.2022-ci il tarixli 02 nömrəli “Bildirişlərindən” görünür ki, mübahisəli fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi müvafiq olaraq xx.xx.2022-ci il tarixə saat 11:00-a və xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 70.000 manat, təkrar satış qiyməti 59.500 manat müəyyən edilmişdir.
36. İş materiallarında olan kuryer xidmətləri üçün “Mədaxil qəbzlərindən” (iş v. 71, 73, 75) görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçıların rəsmi yaşayış yeri sayılan mübahisəli evin yerləşdiyi ünvana çatdırılmış, lakin qəbzlər “bu ünvanda belə adlı adam tanımırlar” yazısı ilə “Hərrac Mərkəzinə” geri qaytarılmışdır.
37. İşdə olan sənədlərdən görünür ki, iş üzrə iddiaçılar həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar.
38. İddiaçı1 öz izahatında da (iş v. 207) onları daima ailəsi ilə birlikdə həmin evdə yaşadığını, hətta atasının yataq xəstəsi olduğu üçün heç vaxt o evdən çıxmadığını və ya evi başqa şəxslərə kirayə vermədiklərini bildirmişdir. Belə olan halda bildirişlərin iddiaçıların ünvanı üzrə gönədrildiyi, lakin qəbul etməkdən imtina etdikləri müəyyən edilir.
39. Hərrac barədə bildirişlərin İddiaçı1 çatdırılmamasına baxmayaraq nəzərə alınmalıdır ki, “Birja Yenilikləri” qəzetinin xx.xx.2022 və xx.xx.2022-ci il tarixli buraxılışından görünür ki, həmin hərracların keçirilməsi vaxtı və yeri barədə “Hərrac Mərkəzi” elan vermişdir. Həmin qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışından isə görünür ki, evin təkrar hərracı baş tutmamışdır.
40. Beləliklə də, göstərilənləri və “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə alaraq Məhkəmə qeyd edir ki, hərracın keçirilməsi ilə bağlı elanlar kütləvi informasiya vasitəsi hesab edilən “Birja Yenilikləri” qəzetinin saylarında dərc edildiyindən hesab edilməlidir ki, İddiaçı1 hərrac barədə məlumatlandırılmaması barədə dəlili əsassızdır. Rayon Məhkəməsi də bu dəlili əsassız hesab etməkdə haqlı olmuşdur. g) apelyasiya baxışının nəticəsi
41. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqtəyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 aprel 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.