Məhkəmə qərarları › İş №2(103)-4236/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4236/2022

30.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4236/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə İddiaçı X2in, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə İddiaçı X2in Cavabdeh1 X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 X7 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı X2 Cavabdeh1 X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (Qanuni təmsilçi Ali Yıldız) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, cavabdeh təşkilatda direktor vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Ukrayna Respublikasının vətəndaşıdır, 2017-ci ilin sentyabr ayında Cavabdeh1 Fərdi MMC-nin rəhbərliyinin (Baş ofisi) təklifi ilə Cəmiyyətin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləmək üçün Bakıya gəlmişdir. Onunla Nümayəndəliyin rəhbərliyi arasında xx.xx.2017-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, “texniki direktor” vəzifəsinə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli “1 saylı əlavə”yə əsasən o, “Direktor” vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələrin icrasını təmin etmiş, əmək funksiyalarının pozulması hallarına yol verməmişdir. Nümayəndəliyin və Baş Ofisin (Cəmiyyətin) funksiyalarının pozulması hallarına yol verməmişdir. Nümayəndəliyin və Baş Ofisin (Cəmiyyətin) rəhbərliyi tərəfindən işçi kimi onun fəaliyyətinə dair hər hansı irad, xəbərdarlıq bildirilməmişdir. Məhz üzərinə düşən əmək funksiyalarını vicdanla yerinə yetirdiyinə görə onunla müddətsiz olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə əlavə (dəyişiklik) edilərək Nümayəndəliyin direktoru vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə Bakıda hüquqi xidmətlər göstərən "xxxx" şirkətinin ofisinə (işgüzar görüş adı ilə) dəvət edilərək ona direktor Ali Yıldızın imzası ilə “əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq” təqdim edilmiş və tutduğu vəzifədən azad edildiyi elan olunmuşdur. Həmin gün Nümayəndəliyin ofisində işçi kimi istifadəsində olan avadanlıqlar təhvil alınmış, əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunduğu qeyd edilərək ona verilmişdir. Ona işdən azad olunmasına dair əsaslandırılmış əmr verilməmişdir. Göstərilən qaydada işdən azad olunmasını qanunsuz hesab edərək nümayəndəliyin yeni rəhbəri təyin olunmuş (ona xx.xx.2021-ci ildə bu təyinat məlum olmuşdur) Ali Yıldıza və baş ofisin əməkdaşlarına elektron qaydada müraciət edərək aralarında yaranmış mübahisənin qarşılıqlı müzakirəsini və öz aralarında qanunauyğun həllini təklif etmişdir, lakin onun hər hansı qanuni, əsaslı və ağlabatan izah təklifinə cavab verilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq pozulmuş əmək hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesinin tətbiqi barədə işəgötürənə müraciət etmişdir. Müraciətini elektron qaydada (işəgötürənə və baş ofisin aidiyyəti əməkdaşlarına) və yazılı poçt vasitəsilə göndərdikdən sonra, təklif etdiyi mediatorun (X6) vasitəçiliyilə mübahisənin həllinə dair danışıqlar aparmaq barədə işəgötürən razılığını bildirmişdir. Qarşılıqlı razılıq ilə mediator F.Mehdiyevin vasitəsilə könüllü mediasiya prosesində mübahisənin həllinə dair tərəfindən təkliflər verilmişdir, qarşı tərəf təkliflərin müzakirəsi üçün vaxt istəmiş, lakin növbəti təyin olunan mediasiya prosesinə gəlmədiyinə görə mediator tərəfindən mediasiya prosesinin xitamına dair protokol verilmişdir. Onunla bağlanmış müddətsiz əmək müqaviləsi çərçivəsində üzərinə düşən vəzifələr və öhdəlikləri yerinə yetirmişdir. xx.xx.2017-ci ildən daşıdığı texniki direktor vəzifəsində nümunəvi fəaliyyət göstərmişdir, məhz bu fəaliyyəti nəzərə alınaraq, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi kimi bağlanmış “Əlavə” əsasında Nümayəndəliyin direktoru vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə hər hansı qanuni əsas olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsini əmək hüquqlarının kobud pozulması kimi qiymətləndirir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-581/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, iddiaçı tərəfindən məhkəməyə müraciət müddəti ötürüldüyü üçün Səbail Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(009)-581/2022 saylı qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar tərəfindən iddia ərizəsinə etiraz olaraq iddiaçının cavabdehə maddi ziyan vurduğuna dair əsas kimi cavabdeh tərəfindən məhkəməyə 2 sənəd təqdim edilmişdir: 1) Müstəqil Audit rəyi; 2) Daxili Audit rəyi. İddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. AR ƏM-nin 296.2-ci maddəsinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə görə məhkəməyə şikayət müddətinin son tarixi xx.xx.2021-ci il olmuşdur. Bu müddət ərzində iddiaçı mediasiya prosesindən keçməli, qarşılıqlı razılıq əldə edilmədiyi təqdirdə isə bu barədə arayışla birlikdə məhkəməyə müraciət edə bilərdi. İddiaçı tərəf iddia edir ki, 10 dekabr 2021-ci il tarixində mediasiya bildirişi göndərmişdir (halbuki, məhkəməyə təqdim edilmiş xəbərnamənin özü də ziddiyyətlidir, çünki 10 dekabr 2021-ci il tarixinə aid möhür yoxdur). Hətta bu hal öz təsdiqini tapsa belə, iddiaçı tərəf 25-ci gündə mediasiya prosesini başlatmış olur. Mediasiya prosesi isə 25 yanvar 2022-ci il tarixdə bitmişdir. Buna görə də, iddiaçı tərəf məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 5 gün vaxtı qalmış olur. 29 yanvar 2022-ci il tarixində iddiaçı tərəf məhkəməyə elektron qaydada iddia ərizəsi ilə müraciət etsə də, iddiaçı hissəsində Malinovski Mixaylo deyil, vəkilin adı qeyd edilmişdir. İddiaçı tərəf bunu guya ki, elektron sistemin səhvi, yəni iddiaçının xarici vətəndaş olduğu üçün iddiaçı qismində göstərilməsinin mümkün olmadığı ilə əlaqələndirsə də, Səbail Rayon Məhkəməsinə təqdim edilmiş “screenshoot”lardan da göründüyü kimi, əslində xarici vətəndaşın da iddiaçı qismində qeyd edilməsi mümkündür. Göründüyü kimi, iddiaçı tərəf sırf özünün təqsiri ucbatından iddia ərizəsini düzgün qaydada tərtib etməmiş və qanunverciliyin tələbləri çərçivəsində məhkəməyə müraciət edə bilməmişdir. Buna görə də iddiaçının vəkili ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Buna əsasən də Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-562/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmçinin, AR Ali Məhkəməsi Plenumunun qərarının 9-cu bəndinə görə “müəyyən edilmiş qaydada iddianın qaldırılması ilə iddia müddətinin axımı kəsilir. Qaldırılmış, lakin baxılmamış iddia müddətin axımını kəsmir”. Beləliklə, iddia ərizəsi geri götürüldüyü üçün 2(009)-581/2022 saylı iş üzrə iddia müddəti bitmiş hesab edilməlidir. Səbail Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(009)-581/2022 saylı qətnaməsində məhkəmə iddia müddətinin ötürülmüş hesab edilməsinə əsas kimi AR ƏM-nin 296.6-ci bəndini göstərmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində yenidən məhkəməyə iddia ərizəsi təqdim edərkən ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təqdim edilməmişdir. Cavabdeh tərəfindən ünvan 1 ünvanlanmışdır. Vəsasətlərin verilməsində əsas məqsəd AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müvafiq sorğular göndərilməsi, lakin sorğular üzrə cavab məktublarının cavabdehə təqdim edilməməsi olmuşdur. Bunun üçün cavabdeh məhkəmə tərəfindən həmin sorğuların göndərilməsini, hətta uyğun görüləcəyi təqdirdə həmin dövlət orqanlarının 3-cü şəxs qismində məhkəmə iclasına dəvət edilməsini xahiş etmişdir. Lakin sözügedən vəsatətlərin cavabdeh tərəfindən əsaslandırılmasına baxmayaraq, Səbail Rayon Məhkəməsi bu vəsatətləri rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş üzrə Malynovskyi Mykhailonun əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin texniki direktoru vəzifəsinə, xx.xx.2021-ci il tarixdə isə direktor vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 (ç) maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş üzrə Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Malynovskyi Mykhailo arasında bağlanılmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Malynovskyi Mykhailo Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin texniki direktor vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətsiz bağlanmış, hər il 70.000 Avro məbləğində illik vəzifə hesablanmış əmək haqqı təyin edilmişdir. İş üzrə Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Malynovskyi Mykhailo arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavənin surətindən görünür ki, tərəflər arasında imzalanan xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin 1.2-ci və 3.1-ci maddələrində dəyişikliklərin edilməsi, M.Malynovskynin direktor vəzifəsinə təyin edilməsi, ölkədə Qrupu xüsusən müştəriyə (müştərilərə) münasibətdə təmsil etməsi; Dövlət sifarişçiləri ilə, habelə fərdi sektorun müştəriləri ilə qarşılıqlı münasibətləri idarə etməsi; müştərilərin məmnunluğunu təmin etməsi və ilkin təklifdən dəstəyə qədər əlverişli münasibətləri qaydasına salınması üçün imkan yaratması; digər ölkələrə ixrac məqsədilə Bölmələri üçün ölğkədə milli hökümətin razılığını və dəstəyini alması; Dövlət sifarişçiləri və fərdi sektorun müştəriləri ilə satışlar üzrə məqsədlərinə çatmaq üçün ölkədə Bölməyə yardım göstərməsi; Qrupun siyasətini yerli səviyyədə yerinə yetirməsi və qüvvədə olan qanunvericiliyə əməl olunmasını təmin etməsi, ölkədə gəlir və pul axınının Bölmələr vasitəsilə iqtisadi cəhətdən stimullaşdırılması üçün əlverişli şəraitin yaradılması yerli strukturları təkmilləşdirməsi (Bölmələrə, ümumi xidmətlərə uyğun olaraq saytların təkmiləşdirilməsi və sair); müştərilərin tələblərini daha yaxşı təmin etmək üçün Bölmələrin ölkədə işini stimullaşdırması müəyyən edilmişdir. İş üzrə Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Malynovskyi Mykhailo arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli 2 saylı Əlavənin surətindən görünür ki, tərəflər arasında imzalanan xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin 4.1-ci və 4.4-cü maddələrində dəyişikliklərin edilmiş, M.Malynovskyiyə 12,624,71 manat məbləğində aylıq əmək haqqı təyin edilmiş; məqsədli dəyişənlərin payı 15%, mənzil müavinəti illik 15.000,00 avro, məktəb haqqı illik 8.000,00 avro, ailə üzvlərinin sağlamlıq sığortası, ailə üzvləri üçün ildə bir dəfə gediş-gəliş biletləri müəyyən edilmişdir. İş üzrə Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlığın notarial qaydada təsdiq olunmuş kserosurətindən görünür ki, Cavabdeh1 X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Malynovskyi Mykhailo aralarında bağlanmış xx.xx.2017-ci il tarixli Əmək Müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70(ç) (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixindən etibarən xitam veriləcəkdir. M.Malynovskyi ilə Əmək Müqaviləsinə xitam verilməsi barədə müvafiq məlumatı əks etdirən xitam əmrinin surəti təqdim ediləcəkdir. İş üzrə "xxxx" MMC-nin hüquqşünası X5 və Cavabdeh1 X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Mykhailo Malynovskyi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əşyaların təhvil-təslim aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nümayəndəliyə məxsus H029821 dövlət qeydiyyat nömrəli avtomobili və avtomobilin açarı, AC No 353735 dövlət qeydiyyat nömrəli avtomobilin texniki pasportu, Nümayəndəliyə məxsus kompyuter, Nümayəndəliyə məxsus seyf, seyfin açarı, seyfin kodu və parolu, Nümayəndəliyə məxsus giriş kartı, Mykhailo Malynovskyiyə məxsus əmək kitabçası Mykhailo Malynovskyi tərəfindən X3 təhvil verilmişdir. Bu aktı tərəflər bir-birilərinə qarşı heç bir iddialarının və öhdəliklərinin olmadığını təsdiqləmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən "xxxx" fərdi MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru Mykhailo Malynovskyiyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Mykhailo Malynovskyinin nümayəndəliyin sabiq direktoru Mehmet Sahanın qanunsuz əmməlləri barədə xx.xx.2021-ci il tarixdə daxil olmuş müraciəti üzrə araşdırma aparılaraq xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 308.2-ci və 179.4-cü maddələri ilə cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə həvalə edilmişdir. İş üzrə mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə xx.xx.2021-ci il üçtərəfli müqaviləsinin surətindən görünür ki, X2, Cavabdeh1 X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin etibarnamə üzrə nümayəndəsi X5 və Mediasiya xidməti göstərən şəxs X6 işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarılmasından irəli gələn mübahisəni mediasiya prosesi vasitəsi ilə həll etməyə dair razılığa gəlmişlər. İş üzrə mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, MŞİH- 12421/01G22 nömrəli protokoldan görünür ki, X2 və Cavabdeh1 X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin iştirakı ilə əmək müqaviləsinə xitam verilməsindən yaranmış mübahisə ilə əlaqədar xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə mediasiya prosesi həyata keçirilmiş, tərəflər danışıqlar aparmış, müxtəlif təkliflər irəli sürülmüş, lakin tərəflər hər hansı razılığa gələ bilməmiş və mübahisəni məhkəmədə davam etmək qərarına gəlmişlər. Bununla əlaqdar olaraq “Mediasiya haqqında” Qanunun 32.1.2-ci maddəsinə əsasən (mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildikdə) mediasiya prosesinə xitam verilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən M.Malynovskyi ilə xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu, lakin son haqq-hesabın ödənildiyi məlum olmuşdur. Yol verilmiş nöqsanla bağlı Cavabdeh1 X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Nəzərinə çatdırırlar ki, M.Malynovskinin işə bərpa olunması ilə bağlı Cavabdeh1 X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərliyinə **********8 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Qeyd olunanlarla razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə “X10 and Consulting” MMC tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli audit rəyindən görünür ki, auditora təqdim olunmuş sənədlərdən aydın oldu ki: 1. Cavabdeh1 Fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyin direktoru Sahan Mehmet ilə işçi Mykhailo Malynovski arasında bağlanan xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin 4.1-ci bəndinə görə işçinin əmək haqqı 70.000 (140.000 manat) məbləğində müəyyən edilmişdir. Müqavilənin 4.3-cü maddəsinə görə ilin nəticələrinə görə aylıq əmək haqqının 15% məbləğində hər ilin sonunda pul mükafatı ödənilir. Həmçinin müqavilənin 4.4-cü bəndinə görə məqsədi dəyişənlərin payı 15%, mənzil haqqı 15.000 avro, məktəb haqqı 8000 manat avro, ailə üzrlərinin sağlamlıq sığortası və ailə üzlərinin ildə bir dəfə gediş dönüş biletləri əlavə ödənişə daxildir. 2. Lakin əmək münasibətləri elektron informasiya sisteminə işçinin əmək haqqı aylıq 4000 manat olaraq qeyd edilmişdir. 3. xx.xx.2019-cu il tarixli xxxxxxx000201 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində Mykhailo Malynovskinin aylıq 4000 manat göstərilən əmək haqqı məbləğinin 4120 manat olaraq dəyişdirildiyi qeyd edilmişdir. 4. Cavabdeh1 Fərdi MMC-nin xx.xx.2021-ci il tarixli qərarına əsasən Mehmet Sahan Nümayəndəliyin Direktoru vəzifəsindən azad edilərək Mykhailo Malynovskyi Nümayəndəliyin Direktoru vəzifəsinə təyin edilmişdir. 5. xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə edilən 1 saylı əlavə ilə Mykhailo Malynovski Nümayəndəliyinin direktoru vəzifəsinə təyin edilmiş və əmək haqqısı aylıq 12624,71 manat olaraq müəyyənləşdirilmişdir. 6. xx.xx.2021-ci il tarixli xxxxxxxo000203 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində Mykhailo Malynovskinin aylıq 4120 manat göstərilən əmək haqqı məbləğinin 12624,71 manat olaraq dəyişdirildiyi qeyd edilmişdir. 7. xx.xx.2021-ci il tarixli T 001 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən Mykhailo Malynovski ilə bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2021-ci il tarixli Mykhailo Malynovskinin əməllərinin araşdırılması üçün yaradılmış komissiyanın iclasının yekun protokolunda 2017-2021-ci illərdə Mykhailo Malynovskinin əmək haqqının illik 70.000 Avro olduğu, lakin həmin məbləğin bir hissəsi, yəni aylıq 4000 manatlıq (xx.xx.2019-cu il tarixdən etibarən 4120 manat) hissəsi rəsmiləşdirildiyi və bu səbəblə əmək haqqının qalan hissəsi məcburi dövlət sosial sığorta haqqını ödəməkdən və vergidən yayınmaq məqsədilə nağd şəkildə aldığı qeyd edilmişdir. Sənədlərdən müəyyən edilmişdir ki, 2017-ci ildə 37.577,74 manat, 2018-ci ildə 96.323,41 manat, 2019-cu ildə 109.361,54 manat, 2020-ci ildə 118.928,06 manat, 2021-ci ildə 17.611,82 manat olmaq üzrə cəmdə 379.802,57 manat məbləğində Mykhailo Malynovskiyə ödənilməli olan əmək haqqı rəsmiləşdirilməmişdir. Əmək haqqının məbləğinin (379.802,57 manatın) rəsmiləşdirilməsi halında həmin məbləğdən tutulmalı olan vergi və məcburi dövlət sosial ödənişlər 2017-ci ildə 25.163,71 manat, 2018-ci ildə 68.706,24 manat, 2019-cu ildə 47.962,56 manat, 2020-ci ildə 53.016,68 manat, 2021-ci ildə 8.046,31 manat olmaq üzrə, cəmi 202.895,50 manat təşkil edir. Həmin məbləğin cəriməsi 81.158,20 manat (40%) və gecikdirilmiş günlər üçün dəbbə pulu 74.056,86 manat təşkil edir. Nəticə olaraq, Mykhailo Malynovskinin əmək haqqının rəsmiləşdirməyən hissəsi (379.802,57 manat əmək haqqı) üçün Nümayəndəlik vergi və məcburi dövlət sosial sığorta haqqı olaraq 358.110,56 manat məbləğində dövlət büdcəsinə ödəmə həyata keçirilməlidir. İş üzrə "xxxx" MMC-nin direktoru tərəfindən tərtib edilmiş Mixail Malinovsky ilə bağlı daxili audit zamanı aşkarlanmış ciddi pozuntu sayılan informasiyanın icmalından görünür ki, milliyyətcə ukraynalı olan, 1976-cı il təvəllüdlü X9 Romanets tərəfindən cənab Sahana təqdim edilmiş, cənab Sahan isə onu xx.xx.2017-ci il tarixdə nəqliyyat layihələri üzrə “texniki direktor” vəzifəsinə işə götürmüşdür. Yerli qanunvericiliyə uyğun olaraq onun əmək müqaviləsində ilk olaraq illik 70.000 avro xalis əmək haqqı (təqribən 140.000 manat), eləcə də malik olduğu iyerarxik səviyyəyə (LR 10) müvafiq şəkildə 15 faiz civarında dəyişən qazanc hissəsi nəzərdə tutulurdu (KAM ekvivalenti). Əmək haqqının ardıcıl artırılması aşağıdakı formadıdır (brutto manatla): 2017-ci ildə - 48.246 manat, 2018-ci ildə - 144.200 manat + 8.446 manat (dəyişkən qazanc), 2019-cu ildə - 136.809 manat + 20.354 manat (dəyişkən qazanc), 2020-ci ildə 142.354 + 26.826 manat (dəyişkən qazanc), 2021-ci ildə - 2021-ci ilin birinci yarısında aylıq baza əmək haqqı (xx.xx.2021-ci il tarixinə 2021-ci ildə illik artımlar) 12.580 manat. Konsteksti nəzərə almaqla, dəyişkən qazancın köçürülməsi müvəqqəti dayandırılıb. Cənab Malinovski o cümlədən aylıq 2450 manat məbləğində mənzil icarəsi və təhsil xərclərinin kompensasiyası qismində müavinət alır. Onun üçün ofis tərəfindən avtomobil xidməti təşkil edilir. Audit yoxlaması zamanı aşkar edilib ki, müqavilədə nəzərdə tutulan əməyin ödənilməsi şərtləri ilə faktiki ödənişlər arasında uyğunsuzluq mövcuddur. X13 WECO tərəfindən yerli banklardakı hesablara ödənilən vəsaitlərdən cənab Malinovskinin qeyri-qanuni əmək haqqı və qazanclarının bir hissəsini nağd şəkildə ödəmək məqsədi ilə istifadə edirdi. İşə alındığı tarixdən etibarən cənab Malinovskiyə əsasən nağd ödənişlər edilirdi: o, rəsmi əmək haqqının təqribən 35 faizini manatla bank hesabına köçürülən vəsaitdən əldə edirdi; əmək haqqının və səfər xərclərinin (orta hesabla 2450 manat – mənzil icarəsi və təhsil xərcləri) yerdə qalan hissəsinə uyğun gələn təxminən 65% hissəsi cənab Sahan tərəfindən manat və Amerika dolları ilə nağd ödənilirdi. Bu sxem üzrə cənab Malinovski təqribən 7,5%, yəni orta hesabla aylıq 2.252 manat (1.100 avro) məbləğində artıq kompensasiya alıb. Yerli administrasiya ilə əlaqədar könüllü düzəliş bəyannaməsi davam etməkdədir. İş üzrə "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışından görünür ki, Cavabdeh1 X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Mykhailo Malynovskyinin hesabına xx.xx.2021-ci il tarixdən sonra avans, əmək haqqı və sair ödənişlər kart vasitəsilə həyata keçirilmişdir. Birinci intansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin nümayəndəsidir. Təmsil edən şirkət Cavabdeh1 Fərdi MMC ilə əvvəl etibarnamə əsasında, sonra isə 2021-ci ilin iyun ayında müqavilə bağlayaraq şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə və hüquqi xidmətləri ilə bağlı məsələlərə köməklik göstərmişdir. Daxili audit nəticəsində iddiaçının əmək haqqının bir hissəsini nağd şəklində alması, bununla da şirkətə ziyan vurması aşkara çıxarılmışdır. Birinci instansiya məhkəməsində işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və iddiaçı Cavabdeh1 X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə texniki direktor vəzifəsinə işə qəbul edilmiş, illik əmək haqqı 70.000 Avro təşkil etmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə edilən 1 saylı Əlavə ilə iddiaçı Nümayəndəliyin direktoru vəzifəsinə təyin edilmiş və xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə edilən 2 saylı Əlavə ilə iddiaçının aylıq əmək haqqı 12.624,71 manat təşkil etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İşə götürən iddiaçının işdən azad edilməsi ilə bağlı qərarını sonuncu tərəfindən əmək müqaviləsi ilə ona təyin edilmiş əmək haqqının bir hissəsini nağd şəkildə almaqla, əmək haqqının həmin hissəsini vergidən və məcburi dövlət sosial ödənişlərdən yayındırması, bununla da işə götürənə külli miqdarda ziyan vurması ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 12-ci maddəsinin “b”bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, “x” bəndinə əsasən bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri kimi müəyyən edilmişdir. Həmçinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Həmin qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, habelə bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifələri kimi müəyyən edilmişdir. Həmin qanunun 11-ci maddəsinə əsasən onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək və sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək sığortaolunanların hüquqları kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına müvafiq olaraq işçi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin, müəyyən edilir ki, idiaçının əmək haqqından zəruri tutmaların (məcburi sosial ödənişlərin və s.) uçotunun aparılmasını və bu barədə hesabatların verilməsini, habelə ona ödənilən əmək haqqının “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək vəzifəsini iddiaçı (işçi) deyil, cavabdeh (işəgötürən) daşımışdır. Cavabdeh təşkilat tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçı aylıq əmək haqqının təxminən 8.000 manat hissəsini nağd şəklində aldığı üçün həmin məbləğdən vergi və məcburi dövlət sosial ödənişlər həyata keçirilməmiş, bununla da müəssisəyə ziyan vurulmuşdur. Cavabdeh tərəfinin məhkəməyə təqdim etdiyi audit rəyində bu məbləğin 358.110,56 manat olması qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilata direktor vəzifəsinə təyin olunanadək, həqiqətən də, aldığı əmək haqqının bir hissəsini kartla, bir hissəsini isə nağd şəkildə əldə etmişdir. Həmçinin müəyyən edilmişdir ki, aparılmış daxili yoxlama nəticəsində şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Sahan Mehmet tərəfindən müəssisəyə külli miqdarda maddi ziyan vurulması halı aşkar edildiyi üçün, o, işdən kənarlaşdırılmış, hüquq-mühafizə orqanlarına bununla bağlı müraciət edilmiş, onun barəsində cinayət işi bağlanılaraq istintaqı aparılmaqdadır. Beləliklə, baxılan iş üzrə cavabdeh tərəfindən iddiaçının işdən azad olunması zamanı istinad edilmiş faktlar və sənədlər əsasında işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə işəgötürənin qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyinə dair qənaətə gəlmək mümkün deyildir. Tərəflərin izahatları və işdə olan sənədlər əsasında mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktor vəzifəsinə təyin olunduqdan sonra aldığı əmək haqqı və digər ödənişlər kart vasitəsi ilə həyata keçirilmişdir. Nəzərə alınmalıdır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq, əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, işçinin əmək fəaliyyəti zamanı ona qarşı ən sərt tənbeh tədbirinin tətbiqinə əsas verən kobud pozuntulara yol verdiyini, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirdiyini mötəbər və birmənalı sübutlarla təsdiq etmək yükü işəgötürənin üzərinə düşür. Lakin baxılan iş üzrə cavabdeh tərəfindən belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin vurğulayır ki, işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən işəgötürənin əsas vəzifəsi kimi müəyyən edilmişdir. “Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri”ni müəyyən edən Əmək Məcəlləsinin 10-cu maddəsində əmək haqqının ödənilməsinə nəzarət və ya cavabdehlik kimi bir vəzifə nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə digər direktorun fəaliyyəti müddətində iddiaçıya əmək haqqı kimi nağdsız ödənişlərin həyata keçirilməsi ilə əlaqədar müəssisəyə vurulmuş ziyana görə işçinin – iddiaçının məsuliyyət daşıması barədə gəldiyi nəticəni və bunun əsasında onun işdən azad olunmasını əsassız hesab edir. Hazırkı mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçı işdən azad olunduğu xx.xx.2021-ci il tarixdən sonra məhkəməyə müraciət etməzdən əvvəl qanunun yeni qəbul edilmiş müddəasına uyğun mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmişdir. Belə ki, iddiaçı ilkin olaraq əmək mübahisəsinin həll edilməsinə dair mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2021-ci il tarixdə işəgötürənə göndərmiş (bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim olunan qəbzlərlə təsdiq olunur), mediasiya prosesi xx.xx.2022-ci ildə bitmiş, bununla əlaqədar mediasiya prosesinə xitam verilməsi barədə həmin tarixdə protokol tərtib edilmişdir. İddiaçının işdən azad olunduğu tarixdən və mediasiya prosesi başa çatdığı vaxtdan – xx.xx.2022-ci il tarixdən onun məhkəməyə müraciət etmək üçün 5 günü qalmışdır. İddiaçı elektron məhkəmə sistemi vasitəsi ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri xx.xx.2022-ci il tarixdə, yəni qanunda nəzərdə tutulmuş 1 aylıq müddət ötürülmədən məhkəməyə göndərmişdir. Lakin elektron qaydada göndərilən iddia ərizəsində iddiaçı kimi M.L.Malynovskyi göstərilməsinə baxmayaraq, esistem həmin şəxsin xarici vətəndaş olduğu üçün texniki yanlışlıq ucbatından iddiaçı və nümayəndə kimi M.L.Malynovskyinin vəkilini qeydə almışdır. Bu da həmin iş üzrə icraat zamanı bütün sənədlərdə M.L.Malynovskyinin deyil, onun vəkilinin adının göstərilməsi ilə nəticələnməli idi. Bu hal məhkəmə icraatına elektron sistem vasitəsi ilə göndərilən iddia ərizəsi daxil olduqdan sonra aşkara çıxarılmış, iddiaçının vəkili məcburiyyət qarşısında qalıb ərizəni kağız daşıyıcılarda məhkəməyə təqdim etmək üçün geri götürmüş və həmin tarixdə də ərizəni məhkəməyə kağız daşıyıcıda təqdim etmişdir. Yəni ikinci dəfə məhkəmə icraatına daxil olan iddiaçının ərizəsi 3 gün müddət ötürülməklə verilmiş görüntüsü yaratmışdır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və vəkilinin həmin müddətin üzrsüz səbəbdən ötürülmə əsası ilə iddianın rədd edilməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçının işə bərpa olunma barədə ərizə verməkdə iradə ifadəsi olmuş, ilkin olaraq məhkəməyə müraciət vaxtında edilmiş, texniki səhv səbəbindən yanlışlıq baş verdiyi üçün iddia ərizəsinin elektron deyil, kağız daşıyıcıda məhkəməyə müraciət etmək zərurəti yaranmış və bununla bağlı ikinci müraciət 3 gün müddət ötürülməklə edilmişdir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. AR “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə doğru nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 X7 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-581/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar