Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4236/2024 08.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4199/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X4 ilə X3 arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 39-da yerləşən evə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4199/2024 saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina olunmuş və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılaraq ərizəçiyə izah edilmişdir ki, daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmasının hüquqi əhəmiyyəti olan fakt kimi tanınması yolverilməzdir. Ərizəçi qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi mərhum X4 ilə xx.xx.1998-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan uşaqları yoxdur. Həyat yoldaşı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 11-sıra, ev 39-da yerləşən evi mərhum əri 1988-ci il tarixdə erməni milliyyətindən olan X2 11000 (on bir min) rubla almış və həmin evə xx.xx.1988-ci il tarixdə pasport qeydiyyatına düşmüşdür. O da sonra həmin evə qeydiyyata düşmüşdür. İndi həmin evdə pasport qeydiyyatındadır. Hazırda həmin evdə 34 ildir ki, yaşayırlar və hazırda da yaşayır. Mərhum həyat yoldaşı, nümayəndəlikdə olan ev kitabına əsasən ilk pasport qeydiyyatına alınan şəxsdir (1988). O, həyat yoldaşı rəhmətə getdikdən sonra vərəsəliyi qəbul etmək üçün 5 saylı Notariat Ofisina müraciət etmiş və onun vərsəsi kimi tanınmışdır. O, hazırda tək vərəsə kimi evin sənəd üzərində mülkiyyətçisi olmaq istəyir. Buna görə də mənzilə çıxarış almaq üçün müraciət etmiş, lakin onlar evə dair hər hansı bir sənəd olmadığını əsas gətirərək imtina etdilər. O, bununla bağlı Bakı inzibati Məhkəməsinə müraciət etsə də ona əri ilə erməni arasında bağlanmış alq-satqı müqaviləsini istədilər. Lakin 1988-ci il tarixdə məlum hadisələrlə bağlı həyat yoldaşı evin pulun erməniyə versə də notariat ofisinə gedə bilməmişlər. Ona görə ki, mövcud vəziyyətlə bağlı olaraq erməni pulu alıb ailəsi ilə birlikdə Bakı şəhərini tərk etmişdir. Ona görə də məcbur olub, hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılmasına dair mövqeyi əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair hüquqi faktın məhkəmə tərəfindən müəyyən edilməsi konkret olaraq göstərilməmişdir. İkincisi, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktları o zaman müəyyən edə bilər ki, həmin faktların qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmasın. Lakin, mülki qanunvericilikdə daşınmaz əmlakın alqı-satqı müqavilələrinin notariat qaydasında təsdiqlənməsi nəzərdə tutulduğundan, ərizəçinin xahişinə əsasən daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmasının hüquqi əhəmiyyəti olan fakt kimi tanınması yolverilməzdir. Məhkəmə kollegiyasının qənaətinə görə şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4199/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4236/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4236/2024
08.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver