Məhkəmə qərarları › İş №2(103)-4237/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4237/2022

05.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4237/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(009)-470/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 5 otaqdan ibarət olan evin (mənzilin) giriş-çıxışına, onun bütün otaqlarından və yardımçı sahələrindən, onlardakı məişət əşyalarından, evin həyətyanı sahəsindən istifadəyə yaradılan məhdudiyyətlərin və maneələrin aradan qaldırılması, evin (mənzilin) giriş qapısının və bütün otaqlarının qapılarının açarının bir nüsxəsinin ona verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını, gələcəkdə cavabdehlərə belə məhdudiyyətlərin (maneələrin) yaradılmasının qadağan edilməsini və göstərilən sahələrdən istifadə qaydalarının müəyyən edilməsini, cavabdehlərdən mənəvi ziyanın əvəzi kimi 3000 (üç min) manatın və dövlət rüsumu qismində ödənilmiş 150 manatın onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. Körpəliyindən faktiki olaraq babası X9 və nənəsi X7 ilə birlikdə yaşamışdır. Həmin evdə daimi qeydiyyatda olmuşdur. Anası Quliyeva (Həsənova) Ülviyyə Şahmar qızı atasından ayrılmışdır və xx.xx.2001-ci ildə vəfat etmişdir. Atası da heç vaxt onunla maraqlanmamışdır. O, babasının və nənəsinin himayəsində həmin evdə böyümüşdür. Babası xx.xx.2006-cı ildə vəfat etdiyindən Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 140 saylı sərəncamı ilə nənəsi ona qəyyum təyin edilmişdir. Nənəsi də xx.xx.2021- ci ildə vəfat etmişdir. Onun hazırda 24 yaşı var. X2 və onun ailəsi (arvadı Cavabdeh2, Cavabdeh3, X11) bu ünvanda formal qeydiyyatda olmuşlar. X8 küçəsi, ev 17, mənzil 12 ünvanında yaşamışlar, 2021-ci ildə nənəsinin vəfatından sonra babasının evinə köçmüşlər. Nənəsi rəhmətə gedənədək birlikdə yaşamışlar. Nənəsi sağ ikən ona heç nə deyən yox idi. O, evin hər bir otağından (iki yataq otağı, bir zal (iki otaq birləşdirilib zala çevrilib), bir istirahət otağı, bir mətbəx) və yardımçı sahələrindən (həyətdə 1 mətbəx, 1 sanitar qovşaq) rahatlıqla istifadə edirdi. 12 kv metrlik yataq otağı, istirahət otağı və mətbəx anasından qalan və özünün aldığı daşınar əşyalarla və öz şəxsi əşyaları ilə təchiz edilmişdir. Lakin nənəsi vəfat etdikdən sonra cavabdehlər yaşadıqları Abbasqulu Abbaszadə küçəsi ev 17, mənzil 12 ünvanında onun yaşadığı ünvana köçmüşlər və bundan sonra onun qara günləri başlamışdır. Dayısı və ailəsi nənəsinin həyatda olmamasından istifadə edib ondan evdən çıxıb getməyini tələb edirlər, onu evdən qovurlar, evə girişə-çıxışa, otaqlardan və yardımçı sahələrdən (sanitar qovşağından) istifadə etməyinə məhdudiyyətlər, maneçiliklər yaradırlar, evin iki otağına ümumiyyətlə buraxmırlar, özü sərbəst evə girib-çıxmağı üçün onun ayrıca açarı olmalıdır, lakin özünə açarın nüsxəsini çıxarmaq üçün evin açarını ona vermirlər. O evə gələndə özləri evdə olmayanda o açarı olmadığına görə onlar evə gələnədək evə girə bilmir, soyuqda küçədə qalır. Evdə də ona qarşı psixi və fiziki zorakılıqlar edirlər, rahatlıq vermirlər. Bəzən qapını açmayıb çıx hara gedirsən get deyirlər. Belə edirlər ki, o bezib məcbur olub çıxıb getsin, ayrı yaşasın. Halbuki, o bu evdə anadan olandan yaşayır, cavabdehlər isə 2021-ci ildə köçüblər. Bir neçə dəfə sahə inspektoruna, DİN-nin 102 qaynar xəttinə, Səbail RPİ-nin 8-ci Polis Bölməsinə (xx.xx.2021-ci ildə və xx.xx.2022-ci ildə) müraciətlər etsələr də heç bir nəticəsi yoxdur. Polis heç bir tədbir görmür, deyir ki, onun buna səlahiyyəti çatmır, mülki qaydada məhkəməyə müraciət eləməlisən. Lakin 8-ci polis bölməsi onları münaqişəli ailə kimi qeydiyyata götürmüşdür. (Polis Bölməsinin məktubunun surəti əizəyə əlavə edilir) Onun yaşamaq üçün başqa evi yoxdur, lakin dayısına məxsus başqa evi vardır. Oranı kirayə verib sözü gedən mənzildə yaşayırlar. Valideyn, nənə-baba (vəfat etdikləri üçün) himayəsindən məhrum olmuşdur, tək qalmışdır. Lakin bu da dayısıgilin vicdanını sızdırmır. Bircə dəstəkçiləri xalalarıdır. X1 onu qorumaq, rahat yaşamağı üçün çox vaxt yaşadığı Bilgəh qəsəbəsi Qağayı pioner düşərgəsindən onların evinə gəlir. Xalası Ruhiyyə onu müdafiə edərkən dayısıgil ona da fiziki zorakılıq edirlər, təhqir edirlər. Ona və xalasına müxtəlif hədə-qorxular gəlirlər. Ruhiyyə xalası olmasaydı o çoxdan evdən çıxarılmışdı. Xalasının da 10 qaynar xəttinə, 8-ci polis bölməsinə şifahi və yazılı müraciətləri olubdur. O bütün bunları təsdiq edə bilər. Səbail rayonu, X21 2, mənzil 15-də yaşayan o biri xalası X4 da göstərdiklərini təsdiq edə bilər. Məhkəmədə xalalarının şahid qismində izahatının alınmasını xahiş edir. O evdən, onlardakı əşyalardan rahat şəkildə istifadə etmək, mənzil, yaşayış sahəsindən istifadə hüquqlarını maneəsiz olaraq həyata keçirmək istəyir. Mənzil, yaşayış sahəsindən istifadə hüquqları kobud şəkildə pozulur, pozulmuş hüquqlarının bərpası üçün, yəni evə giriş-çıxışa, evdən, onun bütün otaqlarından, onlardakı məişət və digər əşyalardan, həyətyanı sahəsindən və digər yardımçı sahələrindən istifadə yə yaradılan məhdudiyyətlərin, maneələrin aradan qaldırılması və onlardan istifadə qaydalarının müəyyən edilməsi, evin açarının bir nüsxəsinin ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bütün yuxarıda göstərdiklərindən stress, mənəvi sarsıntı, əsəb, iztirab keçirmişdir və hazırda da keçirir. Bundan başqa cavabdehlər babasının, nənəsinin, anasının və onun sənədlərini, qəyyumluqla bağlı sənədləri gizlətdiklərindən sənədləri yenidən əldə etmək və ya dublikatını almaq üçün müvafiq orqanlara müraciətlər edərkən vaxtları, pulları və əsəbləri gedib. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(009)470/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən yaşayış sahəsindən və evin həyətyanı sahəsindən istifadəsinə maneələrin yaradılması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmiş, şikayəti onunla əsaslandırmışlar ki, məhkəmənin qətnaməsindən görünür ki, iddiaçı özü həmin evdə ünvan 1 ünvanında yaşamasını etiraf etmişdir. Cavabdehlərin həmin evdə yaşamaması barədə onların izahatları ilə və rəsmi məktubla sübut olunmuşdur. Bu hallar sübut kimi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş və gələcəkdə iddiaçının ehtimalla yarana biləcək hüquq pozuntusuna hazırki qətnamə ilə hüquqi qiymət vermişdir. Yaşayış evinin həyətyanı sahəsinin mövcud olması barədə sübutlar mövcud deyildir. Həmin yaşayış sahəsində cavabdehlərin daimi yaşadıqları və qeydiyyatda olduqları evdən iddiaçının qanunsuz hərəkətlərinə görə yaşamamaları səbəbindən yaşayış sahəsindən və evin həyətyanı sahəsindən istifadənin maneələrin yaradılması halı baş verməsi mümkün deyildir. İşin halları ilə tam sübut olunur ki, hazırda iddiaçı xalası Ruhiyyə Kazımova ilə birlikdə həmin evdə yaşayır və cavabdehləri qeyd edilən evə buraxmırlar. Apellyasiya baxışı zamanı Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, o, 29 mart 1998-ci il tarixdə Cavabdeh1lə ailə həyatı qurduqdan sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək ailəsi ilə birlikdə həmin evdə daimi yaşamışdır. Həmin evin 2 otağında onun cehiz əşyaları var, onlardan biri onunla həyat yoldaşının, digəri isə uşaqlarının yataq otağıdır. İddiaçının öz yataq otağı var. Onlar iddiaçıya həmişə öz balaları kimi yanaşıblar, onun həmin evdə yaşamasına heç bir maneə yaratmayıblar və indiyənədək aralarında heç bir problem olmayıbdır. Lakin son vaxtlar ərinin bacısı X3 müdaxilə edərək, iddiaçını onlara qarşı qaldırır. Həyat yoldaşı səhətində yaranmış vəziyyətlə bağlı 2022-ci ilin yanvar ayının 12-də xəstəxanaya yerləşdirilmiş, ərinin dalınca xəstəxanaya getdikdən sonra 13 yanvar 2022-ci il tarixdə evə qayıdan zaman evin çöl qapısının (darvazasının) açarlarının dəyişdirildiyini görmüş, iddiaçı və xalası onu evə buraxmamışlar. Məcbur qalıb uşaqları ilə birlikdə kirayədə yaşamışdır. Məcbur qalıb polis bölməsinə şikayət etdikdən sonra 2022-ci ilin may ayının 2də açarları ala bilmişdir. Bu günə kimi evlərinə köçə bilmirlər. Məhkəmə qətnamə qəbul edən zaman o, kirayədə qaldığı halda necə iddiaçının həmin evdə yaşamasına maneə törədə bilərdi. Əksinə iddiaçı öz xalası ilə birlikdə onun ailəsi ilə birlikdə daimi yaşadığı evdən istifadə etməsinə maneələr yaradır və buna görə də evinə köçə bilmir, kirayə evdə yaşayır. Apellyasiya baxışı zamanı cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş təhqiqat materiallarının surətini təqdim edərək bildirdi ki, İddiaçı Polis Bölməsinə verdiyi xx.xx.2022ci il tarixli izahatında etiraf edir ki, 13 yanvar 2022-ci il tarixdə cavabdehlər mübahisəli evi tərk ediblər. Belə olan təqdirdə cavabdehlərin iddiaçıya mənzildən istifadə etməsinə manə yaratması mümkün deyildir. Əksinə iddiaçı fərdi yaşayış evinin qapısının açarlarını dəyişməklə cavabdehlərin öz evindən istifadə etməsinə maneə törətmişdir. Cavabdeh1 iddiaçıya öz balası kimi münasibət bəslədiyi üçün ona qarşı məhkəmədə iddia qaldırmasa razı olmamışdır. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi və bildirdi ki, 2022-ci ilin yanvar ayının 13-də yaşadığı evə gələn zaman evin darvazasının açıq olduğunu görmüş, polisə müraciət etdikdən sonra yanvar ayının 21 və ya 22-i günü həmin evin darvazanın açarlarını dəyişdirmişdir. Cavabdehlər 2022-ci ilin may ayının 02-də polis vasitəsi ilə həyətə gəlib evin darvazasının açarlarını almışlar. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehlər xx.xx.2022-ci il tarixdən guya mübahisəli evdə yaşamadıqlarını bildirsələrdə, əslində məhkəmə prosesi davam etdiyi üçün və məhkəmənin yekun qərarına təsir etmək üçün evdən çıxmaq görüntüsü yaratmışlar. Əslində onlar evə girib çıxmağa davam edirlər və İddiaçı həmin evdə yaşmasına və evdən istifadə etməsinə müxtəlif şəkildə, o cümlədən daxili otaqların qapılarını qıfıllayıb bağlamaqla, evin bayır qapısının açarlarını dəyişdirməklə, qapının açılmaması üçün qıfılın içini qumla doldurmaqla, şəxsiyyətini təhqir etməklə və döyməklə, evdən çıxması üçün ona hədə-qorxu gəlməklə, kombini söndürməklə və digər üsullarla maneələr yaradırlar. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində ləğv olunmalı, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - iddianın təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən edilmiş halları aşağıdakılardır: İş materiallarında olan 18 dekabr 2021-ci il tarixli, AZ-İİ № 242606 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, vətəndaş X5 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə №309 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Səbail Rayon İcra Hakimiyyəti Başçısının 24 oktyabr 2001-ci il tarixli, 558 saylı sərəncamından görünür ki, xx xxxxxx 1998-ci ildə anadan olmuş İddiaçı babası X9 himayə təyin edilmişdir. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli, AZ-İİ № 209113 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, vətəndaş X9 10 yanvar 2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə №61 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısının 10 may 2007-ci il tarixli, 140 saylı sərəncamından görünür ki, Səbail rayon İcra Hakimiyyətinin 24 oktyabr 2001-ci il tarixli sərəncamı qüvvədən düşmüş hesab edilmiş, vətəndaş A.Quliyeva yetkinlik yaşına çatmayan nəvəsi İddiaçı qəyyum təyin edilmişdir. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli, AZ-İİ № 209114 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, vətəndaş X7 16 noyabr 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə №746 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında 29 mart 1998-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan İddiaçı Səbail RPİ 8-ci PB-nə ərizə ilə müraciət edərək dayısı Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 tərəfindən təhqir olunması və döyülməsini, həmin şəxslər barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. Həmin qərarla cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin Bakı şəhəri “Pro-Bono” Vəkil Bürosuna ünvanlandığı xx.xx.2022-ci il tarixli, № 066 1553-1222 saylı məktubundan görünür ki, ünvan 7 ünvanında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı qeydiyyatdadır. Qeyd olunan ünvanda hal-hazırda İddiaçı xalası ünvan 9 ünvanında qeydiyyatda olan, xx.xx.1976-cı il təvəllüdlü X6 ilə birgə yaşayır. 13 yanvar 2022-ci il tarixdən isə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səbail rayonu Nesterov küçəsi ev o/t 8 ünvanında yaşamırlar. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş təhqiqat materiallarının surətindən görünür ki, İddiaçı Polis Bölməsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatında cavabdehlərin mübahisəli evi 13 yanvar 2022-ci il tarixdə tərk etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı cavabdehlərin onun fərdi yaşayış evindən və həyətyanı sahəsindən istifadə etməsinə maneələr yaratmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan zaman cavabdehlər həmin ünvanda yaşamamışlar. Cavabdeh1 12 yanvar 2020-ci il tarixdə, digər cavabdehlər isə 13 yanvar 2020-ci il tarixdə mübahisəli evi tərk etmişlər, onların iddiaçıya evdən istifadə etməsinə maneə törətmələri iş materialları ilə sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(009)-470/2022 saylı qətnaməsi mübahisələndirilən-iddianın təmin edilmiş hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar