Məhkəmə qərarları › İş №2(103)-4238/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4238/2023

24.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4238/2023 24.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı, Cavabdeh MTK-nın İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin ötürülməsinin üzrsüz hesab olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı “Jalə Biznes 1" MTK-yə qarşı “MTK-nın ləğv edilməsi, binadan çıxarılması və binanın idarəetməsindən kənarlaşdırılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə ilkin, Cavabdeh MTK-nın İddiaçı qarşı “pulun tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli qərardadından “Jalə Biznes 1" MTK-nın nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı Cavabdeh MTK tərəfindən idarə edilən binada iki mənzilin sahibidir. Həmin bina "xxxx" MMC tərəfindən inşa edilmiş və binadaki tikinti işləri başa çatdıqdan sonra binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tam həcmdə ödəməsinin təmin edilməsi məqsədi ilə yaradılmış Cavabdeh Mənzil-Tikinti Kooperativinə təhvil verilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

2. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Cavabdeh ləğv olunması, MTK-nın ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, maddi zərərin əvəzi olaraq 3765 manatın, habelə həmin məbləğə hesablanmış 779,77 manat faizin, mənəvi zərərin əvəzi olaraq 3300 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manatın Cavabdehndən tutulub ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Cavabdeh MTK isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdimedərək, ünvan 2 ünvanında yerləşən ümumi istifadədə olan sahələrə 2019-2022-ci ilin mart ayınadək göstərilən kommunal xidmətlərə görə cəmi 5791,50 manatın ümumi paylı mülkiyyətindəki 330 kv.metr payına mütənasib olaraq, habelə 78 manat dövlət rüsumunun İddiaçı tutulub MTK-nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

5. Həmin qətnamədən Cavabdeh MTK-nın nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətinin geri qaytarılması üçün mülki işin məhkəməyə göndərilməsi qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinə Əlavə 2-də göstərilən formaya riayət edilmədən verilmişdir.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

8. Cavabdeh MTK-nın nümayəndəsi xx.xx.2022-ci il tarixdə yenidən apellyasiya şikayətini məhkəməyə təqdim etmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətin geri qaytarılması üçün mülki işin məhkəməyə göndərilməsi qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti ötürmüşdür.

11. Cavabdeh MTK Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. 11 fevral 2023-cü il tarixdə Cavabdeh MTK-nın nümayəndəsi xx.xx.2022-ci il tarixli qətnamədən yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda müddətin bərpasına dair ərizə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

13. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin olunması, xx.xx.2022-ci il tarixli qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin "xxxx" MTK üçün bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

14. İddiaçı nümayəndəsinin (vəkilinin) həmin qərardaddan verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixli qərardad ləğv olunaraq Cavabdeh MTK-nın nümayəndəsinin prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

15. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, qanunla müəyyən edilmiş prosessual müddət işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa olunur. ...Hüquqi şəxslərə münasibətdə isə üzrlü səbəb kimi göstərilən hallar daha ciddi əsaslara söykənməli və mötəbər sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki işin halları baxımından cavabdeh tərəf müddətin üzrlü səbəblərdən ötürüldüyünü təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MTK-nın ərizəsi təmin edilməklə qanunsuz olaraq buraxılmış müddətin bərpa edilməsi iş üzrə digər tərəfin hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb olar.

17. Qərardaddan Cavabdeh MTK-nın nümayəndəsi tərəfindən verilən şikayət məhkəmənin 01 iyun 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

18. Şikayət aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “İş materiallarından görünür ki, müəyən olunmuş müddətdə qətnamədən apellyasiya şikayəti verilmiş, lakin AR MPM-nin 2 saylı əlavəsində göstərilən formada verilmədiyinə görə geri qaytarılmış, Ali Məhkəmənin qərarında müddətin bərpası barədə ərizə ilə birlikdə yenidən apellyasiya şikayəti verilməsi istisna edilməmişdir. Məhkəmə ilkin olaraq müddətin buraxılmasını üzürlü hesab edərək bərpa etmiş sonradan isə iddiaçının mülahizələrinə inanaraq öz qərardadını ləğv etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən qanunda nəzərdə tutulmuş müddətdə elektron məhkəmə sistemi vasitəsilə şikayət verilsə də, məhkəmə əsassız olaraq, həmin şikayətin yuxarı instansiya məhkəməsində baxılmasını təmin etməmişdir. Məhkəmələrə əlçatanlığın təmin edilməsi və müraciət imkanlarının daha da genişləndirilməsi həm də sahibkarların hüquqlarının etibarlı müdafiəsi üçün zəruridir. Məhkəmə əlçatanlığı prinsipi ədalətli və qanuna uyğun həyata keçirilməli olan ədalət mühakiməsi konsepsiyasının əsasını təşkil etməklə hər kəsin məhkəmə müdafiəsi hüququndan istifadəsini məhdudlaşdıran və ya istisna edən maneələrin aradan qaldırılmasına yönələn dövlət siyasətinin elementlərinin məcmusu kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar). Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X3rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir. Göründüyü kimi qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını MTK- nın müdafiə etmək hüquqları olsa da, məhkəmə cavabdehin hüquq və azadlıqlarını pozaraq, ilkin verdiyi qərardadın əksinə olaraq qərardad çıxartmışdır. Məhkəmə prosessual müddətin bərpasına dair ərizəyə məhkəmə iclasında baxarkən tərəflərin iştirakı ilə bütün faktiki halları araşdırmış və prosessual müddətin buraxılmasını üzürlü hesab etmişdir. Sonradan iş materiallarında göstərilən sənədlərin əksinə olaraq, tərəflərə məlumat vermədən prosessual müddətin bərpasına dair cavabdehin verdiyi ərizəyə baxmışdır. Məhkəmə AR MPM-nin tələblərini pozaraq, tərəflərin iştirakını təmin etməyərək, iddiaçının yalan məlumatlarına əsas tutub öz qanuni və əsaslı qərardadını ləğv etmişdir. Halbuki qərardada baxarkən tərəflərin iştirakı məcburi sayılmasa da, prosessual müddətin bərpasına dair cavabdehin verdiyi ərizəni araşdırarkən mütləq cavabdehin iştirakı təmin etməliydi. Məhkəmə iddiaçının qərardaddan verdiyi şikayətdə müddətlə bağlı göstərdikləri mülahizələri araşdırmamışdır. İş materiallarından görünür ki, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən geri qaytarılandan sonra qanunda nəzərdə tutulmuş müddətdə ondan kassasiya şikayəti verilmiş və sonuncu məhkəmə qərarı elektron məhkəmə sisteminə yerləşdirilən kimi iş materiallarının birinci instansiya məhkəməsinə qaytarılmasını gözləmədən prossesual müddətin ötürülməsinin üzürlü hesab edərək bərpa edilməsi xahiş edilmişdir. Məhkəmə həmin dəlillərə əsas tutaraq ərizəni təmin etməli olduğu halda iştirakımızı təmin etmədən buraxılmış müddəti qanunsuz və əsassız olaraq üzürlü hesab etməmişdir. Apellyasiya şikayəti müəyyən edilmiş müddətdə verilmiş, lakin AR MPM-də nəzərdə tutulmuş qaydada verilmədiyinə görə geri qaytarılması müddətin ötürülməsi kimi qiymətləndirilməsi yolverilməzdir”.

Apellyasiya baxışı

19. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

21. Maddə 10-1.5. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

22. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Maddə 135.6. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

26. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

27. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Apellyasiya baxışının həddi

28. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

29. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə Cavabdeh MTK-nın elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2022-ci il tarixdə MTK-nın apellyasiya şikayəti müvafiq sistemə yüklənmişdir.

30. Yuxarıda qeyd olunduğu kimi, həmin şikayət üzrə apellyasiya qeyri-mümkün hesab olunaraq geri qaytarılmış, MTK-nın nümayəndəsinin növbəti dəfə apellyasiya şikayətini verdiyi xx.xx.2022-ci il tarixdə isə prosessual müddət ötürülmüş olmuşdur.

31. Bu hal aşkar olduğu halda MTK-nın nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə razılaşmayaraq ondan kassasiya şikayəti vermiş, nəticədə müddətin ötürülmə dövrünün daha da uzanmasına yol açmışdır.

32. Üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.

33. Peşəkar hüquqşünaslarla təmsil edilmə imkanı olan bir hüquqi şəxsin ötürdüyü prosessual müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzürlü hesab edilən hallar, o cümlədən şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir.

34. Həmçinin qeyd olunmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının çıxarılmasından uzun müddət keçəndən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.

35. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2500/2022 saylı iş üzrə 22 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar