Məhkəmə qərarları › İş №2(103)-4240/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4240/2020

03.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4240/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İddiaçı Qaradağlı Hicrət Şəfqət qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Abdullayev Nuran Nizami oğlunun iştirakları ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-405/2020 saylı qətnaməsindən iddiaçı Qaradağlı Hicrət Şəfqət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qaradağlı Hicrət Şəfqət qızı cavabdeh Abdullayev Nuran Nizami oğluna qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abdullayev Nuran Nizami oğlunun və ailə üzvlərinin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, mənzil 15 ünvanına 15.000 (on beş min) manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX 0007507 saylı ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, mənzil 15 ünvanında yerləşən, ümumi sahəsi 65.4 kv.m. olan üç otaqdan ibarət mənzil onun xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyətində olan mənzildə oğlu Abdullayev Nuran Nizami oğlu, onun övladları Abdullayeva Nihan Nuran qızı və Abdullayev Əli Nuran oğlu pasport qeydiyyatında olmaqla onunla yaşayırlar. Bir neçə müddətdir ki, cavabdeh və onun ailə üzvləri ilə birlikdə yaşamaq mümkünsüz hala gəlmişdir. Mülkiyyətində mənzili olduğu halda faktiki olaraq mülkiyyətindən məhrum edilərək qızının evində yaşamaq məcburiyyətində qalmışdır. Cavabdehlər isə Konstitusiya ilə qorunan hüquqlarını pozmaqda davam edirlər. Artıq pozulmuş hüquqlarını başqa vasitələrlə bərpa etmək mümkün olmadığı üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-405/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı Qaradağlı Hicrət Şəfqət qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-405/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətində qeyd olunur ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX ******* saylı ********** qediyyat nömrəli xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 65.4 kv.m. olan üç otaqdan ibarət mənzil xüsusi mülkiyyətindədir. Cavabdeh və ailə üzvləri Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozaraq ona öz mülkiyyətimdən sərbəst surətdə istifadə etməyinə maneəçilik yaratmaqla yanaşı, ona öz evində fiziki təzyiqlər göstərirlər. Məhkəmə haqlı olduğu iddia tələbini rədd etməklə hüquqlarının pozulmasının davamlı olmasına şərait yaradır. İşə baxan birinci instansiya məhkəməsi qərarını əsaslandırmaq üçün qeyd edir ki, “15.000 manat kompensasiya məbləği, həmin mənzildə yaşamış cavabdehə ona oxşar şəraitli başqa yaşayış yeri ilə əvəz etməyə kifayət etməyəcək. Belə olan halda məhkəmə hesab edir ki, təklif olunan kompensasiya məbləği yuxarıda qeyd olunanlar nəzərə alınmaqla daha artıq olmalıdır. Həmçinin məhkəmə AR Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarına istinad edərək qeyd edir ki, məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edir”. Məhkəmə kollegiyasının iclasında iddiaçı Qaradağlı Hicrət Şəfqət qızının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Abdullayev Nuran Nizami oğlu apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-405/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2003-cü il tarixli 000736 saylı orderin surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, mənzil 15 Abdullayev Nizamiyə ailə üzvləri- həyat yoldaşı Qaradağlı Hicrət Şəfqət qızı, oğlu Abdullayev Nuran Nizami oğlu, qızı Abdullayeva Turan Nizami qızı olmaqla Bakı şəhəri Binəqədi rayon icra hakimiyyətinin xx.xx.2003-cü il tarixli 515 saylı sərəncamına əsasən kirayəyə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, 0007507 nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, mənzil 15 xüsusi mülkiyyət hüququ üzrə Qaradağlı Hicrət Şəfqət qızının adına 03 iyul 2012-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri 28 saylı MKİS tərəfindən verilmiş 17 oktyabr 2019-cu il tarixli 852 nömrəli arayışdan (Forma 2) görünür ki, Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, 15 nömrəli mənzilin sahibi Qaradağlı Hicrət Şəfqət qızıdır. Ondan başqa, mənzildə oğlu Abdullayev Nuran Nizami oğlu, nəvələri Abdullayeva Nihan Nuran oğlu və Abdullayev Əli Nuran oğlu qeydiyyatdadırlar. İş materiallarında olan Abdullayev Nuran Nizami oğlu tərəfindən 22 may 2012-ci il tarixdə notarial qaydada yazılmış və reyestrdə 7E-11/7347 nömrə ilə qeyd edilmiş ərizənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Abdullayev Nuran Nizami oğlu qeydiyyatda olduğu Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, 15 nömrəli mənzilin Qaradağlı Hicrət Şəfqət qızının adına özəlləşdirilməsinə, həmin mənzilə dair İddiaçı adına çıxarış və texniki pasportun verilməsinə etiraz etmədiyini və razı olduğunu bildirmişdir. Mülki işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, mənzil 15 iddiaşının həyat yoldaşı və cavabdehin atası Abdullayev Nizamiyə ailə üzvləri ilə birlikdə kirayəyə verlmiş, özəlləşdirmə əsasında 03 iyul 2012-ci il tarixdə Qaradağlı Hicrət Şəfqət qızının adına qeydə alınmışdır. Mənzilin özəlləşdirilməsi zamanı cavabdeh Abdullayev Nuran Nizami oğlu da mənzilin özəlləşdirilməsinə, həmin mənzilə dair İddiaçı adına çıxarış və texniki pasportun verilməsinə etiraz etmədiyini və razı olduğunu bildirmişdir. Hazırda Qaradağlı Hicrət Şəfqət qızı cavabdeh Abdullayev Nuran Nizami oğluna qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin halları və iddiaçının 2006-cı ildən mənzildə qeydiyyata alınması, 2012-ci ildə isə sözügedən mənzilin Qaradağlı Hicrət Şəfqət qızının xüsusi mülkiyyət kimi qeydə alınmasını nəzərə almaqla məhkəmə düzgün olaraq hesab etmişdir ki, mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. MM-nin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülkiyyətçi cavabdehə 15.000 manat kompensasiya əvəzində istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmalarını tələb edir. Məhkəmə həmin tələbi əsassız sayaraq aşağıdakıları qeyd etmişdir: “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarının da həmin mübahisənin həll edilməsi zamanı hüquqi əsaslanma kimi rəhbər tutmuşdur. Qeyd olunan qərarda deyilir ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaqimkanı versin”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən: “Mülki Prosessual Məcəllənin 218.1 və 218.3 maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıddır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə aılnmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Göründüyü kimi, iddiaçı Qaradağlı Hicrət Şəfqət qızı cavabdeh Abdullayev Nuran Nizami oğluna kompensasiyanın məbləği kimi 15.000 manata təklif etmişdir. Lakin cavabdeh həmin məbləğ ilə razılaşmır. Bundan başqa, məhkəmə hesab etmişdir ki, həmin məbləğ cavabdehlərə həmin ərazidə oxşar mənzillərdə davamlı surətdə və uzun müddət daxilində oxşar yaşamaq imkanı vermir. Həmçinin, cavabdehlər iddiaçının ailə üzvləri olmuş, 2006-cı ildən həmin mənzildə yaşamağa başlamış, hal-hazıradək həmin mənzildə yaşayırlar və onun və ailə üzvlərinin yaşamağa başqa yeri yoxdur. Ona görə də, 15.000 manat kompensasiya məbləği, həmin mənzildə yaşamış cavabdehə, ona oxşar şəraitli başqa yaşayış yeri ilə əvəz etməyə kifayət etməyəcək. Belə olan halda məhkəmə hesab etmişdir ki, təklif olunan kompensasiyanın məbləği yuxarıda qeyd olunanlar nəzərə alınmaqla daha atıq olmalıdır. Lakin, iddiaçı daha artıq məbləğdə kompensasya təklif etmək niyyətində olmadığı üçün iddia tələbi təmin edilməməlidir. Həmçinin kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzil özəlləşdirmə əsasında 03 iyul 2012-ci il tarixdə Qaradağlı Hicrət Şəfqət qızının adına qeydə alınmışdır. Mənzilin özəlləşdirilməsi zamanı cavabdeh Abdullayev Nuran Nizami oğlu da mənzilin özəlləşdirilməsinə, həmin mənzilə dair İddiaçı adına çıxarış və texniki pasportun verilməsinə etiraz etmədiyini və razı olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qaradağlı Hicrət Şəfqət qızı həmin mənzilə sahiblik, ondan istifadə və mənzil barəsində sərəncam verərkən yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı nəzərə alınmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Kollegiya qeyd edir ki, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Qaradağlı Hicrət Şəfqət qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 405/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar