Məhkəmə qərarları › İş №2(103)-4241/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4241/2020

01.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4241/2020 01.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçının nümayəndəsi, eyni zamanda vəkili X1, ilkin iddia üzrə Cavabdeh və onun nümayəndəsi, eyni zamanda vəkili X4 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3908/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin İddiaçı cavabdeh X5 qarşı yaşayış sahəsinə köçürülmə tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı uşağı X11 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Oqtay Şabanov küçəsində yerləşən 63 saylı evə köçürülməsini xahiş etmişdir. Daha sonra əsl olmayan cavabdeh əsl Cavabdeh ilə əvəz edilmişdir. İlkin İddiaçı iddia tələbinin həcminin artırılması tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək azyaşlı uşağı X11 ilə birlikdə Bakı şəhəri, Oktay Şabanov küçəsində yerləşən 63 saylı ünvanda olan özbaşına tikiliyə köçürülməsi, iddiaçının adları sadalanan cehiz əşyaları üzərində istifadə hüququnun bərpa edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, X8 ilə xx xxxxxx 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Yusif adlı oğlanları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra cavabdehin istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Oktay Şabanov küçəsi, 63 saylı evə gəlin köçməklə cehiz əşyalarını həmin evə aparmışdır. Bir müddət sonra cavabdehlə münasibətləri pozulması, ailədə tez-tez baş verən münaqişələr, ona qarşı kobud rəftar və psixoloji təzyiqlər nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Oktay Şabanov küçəsi, 63 saylı evi tərk etmək məcburiyyətində qalmışdır. Hazırda uşağı ilə birgə yaşayış yeri yoxdur, atasının evində yaşamağa məcbur qalmışdır. Azyaşlı uşağı ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Oktay Şabanov küçəsi, 63 saylı evə köçmək istəsə də, cavabdeh tərəfindən maneəçilik yaradılmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçıqarşı əşyaların evdən çıxarılması barədə qarşılıqlı iddia tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək İddiaçı Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən fərdi yaşayış evində olan əşyaların - 2 ədəd divar saatı, 1 ədəd LG markalı soyuducusu, 1 ədəd yataq dəsti mebeli, 1 ədəd künc divanı, 1 ədəd mətbəx mebeli, 1 ədəd paltaryuyan maşını, 1 ədəd aspiratoru, 1 ədəd qab yumaq üçün mebel, 1 ədəd qaz plitəsi, 1 ədəd ətçəkən maşın, 1 ədəd meyvə şirəsi hazırlayan maşın, 1 ədəd blender, 1 ədəd doğrayıcı, 1 ədəd kofe hazırlayan maşını, 1 ədəd elektrikli qazanı, 1 ədəd elektrikli çaydanı, 1 ədəd adi çaydanı, 1 ədəd dəm çayniki, 1 ədəd Svarovski ağ servisi, 12 ədəd mətbəx dəsmalı, 1 ədəd 12 nəfərlik yemək dəsti takımı, 2 ədəd güldan, 2 ədəd meyvə qabı, 2 ədəd qənd qabı, 2 ədəd çərəz qabı, 2 ədəd konfet qabı, 12 ədəd xrustal stəkan nəlbəki, 24 ədəd şirə stəkanı, 12 ədəd sadə şirə stəkanı, 24 ədəd stolüstü mətbəx qaşıq dəsti, 48 ədəd işlənmiş qaşıq dəsti, 24 ədəd işlənmiş qablar, 2 ədəd qrafın, 3 ədəd Tefal qazanlar, 2 ədəd yaşıl qazan, 3 ədəd qırmızı tava, 6 ədəd plastik qablar, 1 ədəd yorğan döşək dəsti, 1 ədəd tək yorğan döşək dəsti, 2 cüt taxt ədyalı, 2 ədəd tək adamlıq yay ədyalı, 1 ədəd iki adamlıq yay ədyalı, 1 ədəd yataq dəsti, 4 ədəd şifon yastıq, 2 ədəd tük yastıq, 3 ədəd pərdə, 7 ədəd yataq dəsti (mələfə, balış üzü), 20 ədəd dəsmal, 5 ədəd dəst dəsmal, 10 ədəd süfrə, 1 cüt matras, 2 ədəd stolüstü lampa, 2 ədəd lüstr, 1 ədəd uşaq çarpayısı, 1 ədəd şifon yataq dəsti, 2 ədəd uşaq yataq dəsti, 1 ədəd uşaq matrası, 1 ədəd yun yorğan döşək, 1 ədəd yastıq, 1 ədəd tozsoran, 1 ədəd ütü, 1 ədəd fen, 1 ədəd ağ stol, 6 ədəd ağ stullar və 9 ədəd armudu stəkan nəlbəkisinin həmin evdən çıxarılmasını xahiş etmişdir. Daha sonra qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddianın həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, qeyd edilən cehiz əşyalarının həmin evdən çıxarılması vəzifəsinin İddiaçı üzərinə qoyulmasını, əsassız iddia verilməsi ilə əlaqədar iş vaxtının itirilməsinə görə İddiaçı 5000 manat Cavabdeh xeyrinə, 5000 manat da dövlətin xeyrinə tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı toydan sonra xx.xx.2014-cü ildə ilk iddia üzrə Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan Yolu küçəsi, ev 21 A, mənzil 26-ya köçmüşdür. Mübahisə predmeti olan ev xx.xx.2015-ci ildə Cavabdeh tərəfindən 22.500 manata satın alınmışdır. Həmin fərdi yaşayış evində təmir işləri başa çatdıqdan sonra 2017-ci ilin yay aylarında Cavabdeh oğlunu və gəlini İddiaçı özlərinə ev alanadək müvəqqəti olaraq həmin evə köçürmüşdür. İddiaçı cehiz əmlaklarını da həmin evə aparmışdır. İddiaçı ilə Cavabdeh oğlu Əziz Xəlilov arasında nikah rəsmi qaydada pozulmuş və ailə münasibətlərinə xitam verilmişdir. Belə ki, İddiaçı artıq Cavabdeh münasibətdə ailə üzvü hesab olunmur. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən azyaşlı X11 anası İddiaçı himayəsinə verilmişdir. Həmçinin, İddiaçı ümumiyyətlə yaşayış sahəsinə və ya evə ehtiyacı yoxdur. Belə ki, X13 Xəlilovaya qarşı "uşaqla ünsiyyət qaydasının müəyyən olunmasına dair” iddia tələbinə Xətai Rayon Məhkəməsində baxılarkən iş materialı rəy verilməsi üçün Xətai rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və həmin Komissiyanın pr-383 saylı, xx.xx.2019-cu il tarixli rəyində İddiaçı hər bir kommunal şəraiti olan 2 mərtəbəli, 4 otaqlı evdə yaşadığı, uşağı böyütmək və tərbiyə etmək üçün bütün şəraitin olması, həmin evin məktəbə və uşaq bağçasına yaxın olması qeyd olunmuşdur. Beləliklə, ilk iddia üzrə İddiaçı bütün kommunal şəraitə malik olan evdə yaşaması faktı onun tərəfindən hazırkı iddianın formal olaraq qaldırıldığını göstərir. Qeyd edilənlərəəsasən ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3908/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin İddiaçı Cavabdeh qarşı azyaşlı uşağı X11 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Oktay Şabanov küçəsində yerləşən 63 nömrəli evə köçürülmə və iddiaçının cehiz əşyaları üzərində istifadə hüququnun bərpa edilməsi tələbinə dair iddiası təmin edilməmiş, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilmiş, qarşılıqlı iddia qismən təmin edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3908/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, köçürülməsini iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Oktay Şabanov küçəsində yerləşən 63 saylı fərdi yaşayış evi üzərində Cavabdeh bu və ya digər hüquqları, o cümlədən istifadə hüququ yoxdur. Sözügedən evin özbaşına inşa edilməsi həmin özbaşına tikili olan ev üzərində bu və ya digər şəxsin, o cümlədən Cavabdeh hər hansı bir hüququ, xüsusən də istifadə hüququnu istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə isə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ (istifadə-sahiblik və sərəncam) əldə etmir. Yuxarıda istinad edilən maddi hüquq normasının tələbinə görə özbaşına tikili üzərində bu və ya digər şəxsin, o cümlədən hazırkı iddia tələbi üzrə Cavabdeh hər hansı bir hüququ, xüsusən də sərəncam və istifadə hüququ olmadığından hər hansı bir şəxsin, o cümlədən Cavabdeh köçürülməsini tələb etdiyi evə iddiaçının köçürülməyinə bu və ya digər əsaslarla etiraz etməsinin də hüquqi əsası yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin tələbinə görə şəxsin daimi və ya daha çox yaşadığı ev şəxsin olduğu yer hesab edilir. İddiaçı qeyd edir ki, 2014-cü ildən yuxarıda sözügedən evdə yaşamışdır. Cavabdeh oğlu X9 ilə xx.xx.2014-cü il tarixində bağlanmış nikah pozulduqdan sonra, xx.xx.2015-ci il təvəllüdlü oğlu Yusiflə birlikdə həmin evdə yaşamağına qanunsuz və əsassız maneçilik törədilmişdir. İddiaçı hesab edir ki, təmin edilməli olan iddia tələbinin təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsini istisna edirdi, lakin işə baxan birinci instansiya məhkəməsi ilk iddia üzrə düzgün nəticəyə gəlmədiyindən qarşılıqlı iddiaya da düzgün hüquqi qiymət verməmiş, nəticə etibarı ilə təmin edilməli olmayan qarşılıqlı iddia tələbini təmin etmişdir. Cavabdehin hazırkı iddia tələbi üzrə iddiaçının azyaşlı oğlu ilə birlikdə köçürülməli olduğu evə köçürülməyinə etirazı, o halda qanuni ola bilərdi ki, buna etiraz edən şəxsin həmin ev üzərində mülkiyyət hüququ, istifadə, hüququ, icarə hüququ və ya digər hüququ olmuş olardı. Cavabdehin evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan "heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz" məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır; Əgər, səlahiyyətverici norma olsaydı mənzildə (evdə) yaşamaq səlahiyyəti versəyidi bu halda iddiaçı və azyaşlı oğlunun istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada "heç kəs" və "yaşadığı" ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə (evdə) yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə (evdə) yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Məhkəmə iclasında iştrak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi, eyni zamanda vəkili X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən ilkin iddia üzrə Cavabdeh və onun nümayəndəsi, eyni zamanda vəkili X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3908/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı Rəfai qızına qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi təmin edilmiş, iddiaçı X9 ilə cavabdeh İddiaçı arasında xx.xx.2014-cü il tarixdə 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 2035 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, boşanmadan sonra birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X7 anası İddiaçı himayəsində qalması müəyyən edilmişdir. İş materiallarında olan X6 tərəfindən notarial qaydada verilmiş xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, onun faktiki sahibliyində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ərazisində yerləşən 100 kv.metr torpaq sahəsi və üzərində tikilmiş ev ilə əlaqədar aralarında olan razılaşmaya əsasən Cavabdeh tərəfindən ona 22.500 manat verilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddia tələbinin yaşayış sahəsinə köçürülmə hissəsinə münasibətdə birinci instansiya məhkəməsi AR Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə istinad edərək qanunun analogiyasını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Həmin maddənin tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Qeyd olunan hüquq normaların tələblərinə əsasən, tərəflər arasında hüquq münasibətlərinin 2014-cü ildə yarandığını nəzərə alaraq ilkin iddiaçının mübahisəli mənzilə köçürülüb-köçürülməməsi məsələsinə qanunun analogiyası üzrə hazırda qüvvədə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi ilkin iddia tələbi üzrə iddiaçı azyaşlı uşağı ilə birgə köçürülməsini istədiyi Bakı şəhəri, Suraxanı rayonu, Oktay Şabanov küçəsi, 63 saylı ev özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respblikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi, əgər mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilirsə keçmiş ailə üzvünün istifadə hüquqları saxlanılmır. İş materiallarından da belə bir razılığın olması öz əksini tapmır. Qarşılıqlı iddia tələbinin cehiz əşyalarının mübahisəli evdən çıxarılması ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı mübahisəli evdə yaşamaq hüququnun olmaması səbəbindən ona məxsus əşyaların həmin evdə saxlanılması həm iddiaçının, həm də evin faktiki sahibinin qanunla qorunan hüquq və mənafelərinin pozulmasına gətirib çıxarması ilə bağlı doğru nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilk iddia üzrə İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ilkin iddia tələbi üzrə iddiaçının mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3908/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar