Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4241/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***- *******MKG160719-01 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 24 faiz dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Eyni tarixdə Cavabdeh2 ilə Bank arasında Zaminlik müqaviləsi bağlanmış, zamin kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımasına dair öhdəlik götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 60, 3 nömrəli mənzili ipotekaya qoyulmuşdur. Mənzilin ipotekaya qoyulması barədə Bank ilə borcalan və ipotekaqoyan Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Maliyyə arayışına əsasən 06 may 2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə 15833,55 manat əsas, 8455,30 manat faiz borcu olmaqla, cəmi 24288,85 manat borcu vardır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 may 2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 24288,85 manat olmaqla, bundan 15833,55 manat əsas, 8455,30 manat faiz borcu və iş üzrə ödənilmiş 162,86 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdehlərdən müştərək qaydada tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 60, 3 nömrəli mənzilə yönəldilməsi, qeyd olunan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Bank müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş olsa da, cavabdehlər üzərlərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməmiş, banka olan borclarını tam ödəməmişlər.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-150/2023 saylı, 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada 15833,55 manat əsas, 8412,90 manat faiz borcu, cəmi 24246, 45 manat borcun, ödənilmiş 162,86 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun «iddiaçının xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 60, 3 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 60, 3 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, mənzilin likvid satış qiyməti 102000 manat məbləğində müəyyən edilməsi, əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərci olaraq 145 manat cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 324.4, 385-387, 390.1, 399.3, 421, 423, 433.1, 442, 448.1, 470, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, əsas və faiz borcunun azaldılması, ipoteka predetinin ilkin satış qiymətinin yenidən bazar qiymətinə uyğun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsas və faiz borcu şişirdilib. Təkrar mühasibatlıq və qiymətləndirmə ekspertizalar təyin etməmişdir. Məhkəmə iclasında iştirakı təmin edilməyib. Banka ödənilmiş məbləğlər nəzərə alınmayıb.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. O, eyni zamanda bildirdi ki, apellyasiya baxışı zamanı tərəflər arasında razılıq əldə olunub və cavabdeh tərəfindən kredit borcu tam ödənilib. Ona görə də Bank gələcəkdə qətnamənin icrasını tələb etməyəcəkdir.
10. Cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Eyni zamanda göstərdilər ki, apellyasiya baxışı zamanı kredit borcunun iddiaçı ilə razılaşdırılmış məbləği onun tərəfindən tam şəkildə ödənilmişdir. Lakin bu barədə maliyyə arayışı hələ ona təqdim edilməmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
15. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyən edilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi üçün cavabdehdir.
16. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
17. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
18. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
"İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
20. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər;
21. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir.
22. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər;
23. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir;
24. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
25. Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır;
26. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən, iddiaçı və digər cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı yalnız həmin cavabdehin apellyasiya şikayətinə münasibətdə və həmin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apellyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Belə ki, Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etmiş, borcu mübahisələndirməmiş, əksinə borcu ödəmək fikrində olduğunu, lakin birdəfəlik ödəməyə maddi imkanının olmadığı barədə izahat vermişdir. Cavabdehin vəsatəti əsasında məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, ekspert rəyinə əsasən borcun məbləği iddia ərizəsində tələb olunan məbləğə uyğun müəyyən edilmişdir.
31. Birinci instansiya məhkəməsində işə baxılarkən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması üçün mütəxəssisə müraciət olunmuş və mütəxəssis rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 110 000 manat, likvid dəyəri isə 102 000 manat maəyyən edilmişdir. Cavabdeh ipoteka predmetinin ilkin satış qiymətinin daha çox olması ilə bağlı nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə sübutlar təqdim etməmişdir.
32. Apellyator etdiyi ödənişlər nəticəsində Banka qət olunmuş məbləğdən daha az borcunun qaldığına dair heç bir sübut təqdim etməmiş, ekspert rəyinin mötəbərliyini şübhə altına alan dəlillərə istinad etməmiş, apellyasiya şikayətinin dəlilləri maddi hüquq normaları və iş materiallarına istinadla açıq-aşkar əsaslandırılmamışdır.
33. Məhkəmə kollegiyası bunları nəzərə alaraq ipoteka predmetinin yenidən qiymətləndirilməsinin həyata keçirilməsinə, eləcə də borcun məbləğinin yenidən müəyyən olunması üçün mühasibatlıq ekspertizası təyin olunmasına lüzum görmədi.
34. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin oluna bilməz.
35. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.