Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4241/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 ASC, "xxxx" MMC, “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: hərrac protokolunun etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X8 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 ASC və üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 11 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh2 ASC ilə Ağayeva (Məmmədova) Səbinə Məhəmməd qızı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 012-09/İ nömrəli kredit müqaviləsi ilə bank tərəfindən Ağayeva Səbinə Məhəmməd qızına 300 ay müddətinə, illik 8 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir.
2. Xətai Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 ASC ilə Ağayeva Səbinə Məhəmməd qızı arasında bağlanmış 16 iyul 2009-cu il tarixli, 012-09/i saylı kredit müqaviləsi ləğv edilərək, cavabdeh Ağayeva Səbinə Məhəmməd qızından kredit müqaviləsi üzrə 40295.30 manat əsas, 2699.36 manat faiz borcu, 540 manat cərimə borcu olmaqla, ümumilikdə 43534.66 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulmuş, tələb Ağayeva Səbinə Məhəmməd qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli binada ümumi sahəsi 52 kv.m olan 3 otaqı 32 nömrəli mənzilə yönəldilmiş, həmin əmlak likvid satış qiyməti 86000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində Ağayeva Səbinə Məhəmməd qızı mənzili boşaltmadığı təqdirdə ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsinin “cavabdeh Ağayeva Səbinə Məhəmməd qızından kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin olunaraq, kredit müqaviləsi üzrə cavabdeh Ağayeva Səbinə Məhəmməd qızından tutulan əsas borcun məbləği 36743,21 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC və "xxxx" MMC arasında imzalanmış Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzilə dair hərracın yekunlarına dair 01/01 nömrəli, 06 yanvar 2022-ci il tarixli İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün Hərracın yekunları barədə Protokolun etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının adı çəkilən qətnamədən məlumatı olmamış, bu barədə icra şöbəsindən məlumat əldə etmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, bu əmlak bir çox şəxsə satılmış, protokolda ilkin satış qiyməti 86000 manat qiymətləndirilmişdir. Əmlak faktiki olaraq evə baxış keçirilmədən, evin ölçülərinin fərqli olmasına baxmayaraq, faktiki olaraq evin 52 kv.m yazılmış olsa da 72 kv.m olması nəzərə alınmadan qiymətləndirilmişdir. Halbuki, bu 72 kv.m-ə əlavə tikililər də daxil deyil. Ən azından evin 2021-ci ildə 180-200 min manat qiyməti vardır. 2008-ci ildə həmin ev Cavabdeh2 ASC tərəfindən 125 700 manat qiymətləndirilmişdir. 2009-cu ildə müqavilə bağlanan zaman isə 86000 manat qeyd edilən əmlak bu qədər vaxt keçməsinə baxmayaraq qiymətinin ilkin satış qiyməti müəyyən edilərkən də eyni qiymət müəyyən edilməsi hesab edir ki, ağlabatan deyil. Lakin 54825 manata balansa keçirildikdən sonra hazırki əmlak ilk olaraq bankın sahibinin qohumuna 60000 manata satılmış daha sonra isə 16 gününün tamamında həmin mənzil 125000 manata başqa şəxsə satılmışdır. Bütün bunlardan iddiaçının məlumatı olmamış və məlumat aldıqdan sonra onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti bir dəfə geri qaytarılsa da təkrarən müddət bərpa edilərək iş mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş və nəticədə Xətai Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi də ləğv edilmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsində borcun məbləği 43534.66 göstərilsə də, yekunda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan zaman məhkəmənin göndərdiyi ekspertizaya əsasən müəyyən edilmişdir ki, 36743 manat faktiki borc mövcuddur. Hərrac təşkilatçısı tərəfindən “İpoteka Haqqında” Qanunun 42.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, keçirilmiş hərracların yeri və vaxtı barədə ipoteka qoyan İddiaçı heç bir bildiriş verilməyib və digər formada məlumatlandırılmayıb. Halbuki “İpoteka Haqqında” Qanunun 42.1-ci maddəsi imperativ norma olduğundan tərəflərə, o cümlədən ipoteka qoyana bildirişin göndərilməsi vəzifəsini hərrac təşkilatçısının üzərinə vəzifə qoyulmuşdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-606/24 saylı iş üzrə 09 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia təmin edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, "xxxx" MMC təkrar hərraca dair bildirişin göndərilməsi vaxtına dair qanunvericiliyin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını bütünlüklə yoxlayan Bakı Apellyasiya Məhkəməsi mahiyyəti üzrə qəbul etdiyi yekun məhkəmə aktında “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsinin “cavabdeh Ağayeva Səbinə Məhəmməd qızından kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması” hissəsində ləğv edilməsini” qət etmişdir. Aydındır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən icra vərəqi həm qətnamənin qüvvədə qalmış hissəsinə, həm də ləğv edilmiş və ya yeni qətnamə qəbul edilmiş hissəsində veriləcəkdir. Beləliklə, məhkəmə hərracın qanunauyğun keçirilməməsini, hərracın keçirilməsinə əsas olmuş, əsasında icra vərəqi verilmiş məhkəmə aktının qismən ləğv edilərək yeni icra vərəqisinin veriləcəyini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 ASC və "xxxx" MMC MMC arasında imzalanmış Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzilə dair hərracın yekunlarına dair 01/01 nömrəli, 06 yanvar 2022-ci il tarixli İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün Hərracın yekunları barədə Protokol etibarsız hesab edilməlidir.
8. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
10. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2 il sonra “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir X4 şikayəti əsasında ona məxsus olan mənzildə əvvəllər də tanımadığı, alqı-satqı zamanı özünü mənzilin sahibi kimi təqdim X12 və digərləri onun mənzilinə qanunsuz daxil olmaları və orada indiyə kimi onun iradəsinə zidd olaraq qanunsuz yaşamaları barədə şikayət ərizəsi olmuşdur. Bununla bağlı başlanmış cinayət işində şahidlərin ifadələri alınmış və X10 həmin mənzili X2 və qiymətdə məhz onunla razılaşması sübuta yetirilmişdir. Alqı-satqı zamanı iddiaçının qohumu və əvvələr də həmin mənzildə yaşamış olan X12 notarial ofisdə olmuş, yəni həmin mənzilin X1 onlardan xəbərsiz olmamışdır.
11. Üçüncü şəxs X9 da apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 münasibətdə həll edilərək,çıxarışın qüvvədə qalmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
12. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o nə iddiaçını, nə də cavabdehi tanıyır. O, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzili X7 ilə xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən almışdır, həmin müqavilə notarius tərəfindən təsdiq olunmuşdur. Məhkəmə tərəfindən bu hallar nəzərə alınmadan, qəbul edilmiş qətnamə ilə qeyd edilən çıxarışın taleyini həll etməməsi və şəxsin konstitusion hüququ olan mülkiyyət hüquqlarını birbaşa pozmuşdur. O, vicdanlı alıcıdır. O, alqı-satqı müqaviləsini imzalayarkən aldığı əmlakın tələb ilə yüklü olması, hərracda satılması ilə bağlı heç bir məlumatı bilməmişdir və bilməli də deyildir. Əgər əmlak satıcıya məxsus olmasaydı, bu zaman notarius satıcının yox, başqasının mülkiyyətində olan əmlakın alğı-satqısına dair müqaviləsini təsdiqləyə bilməzdi. Deməli, həmin əmlakın DƏDRX-də satıcı X3 mülkiyyətində olması ilə bağlı məlumat olmuşdur. Bu nüansı da nəzərə almaq lazımdır ki, müqavilə üzrə satıcı X7 İddiaçı qohumudur, yəni iddia ərizəsində qeyd olunanın əksinə, bu müqavilədən iddiaçının da məlumatı olmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Hüseyn Nuriyev tərəfindən Azərbaycan Respublikası CM- nin 322.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilməklə istintaq aparılmışdır. Nəticədə, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X12 və digərlərinin X5 məxsus mənzildən əşyaları ilə birgə çıxarılmalarına dair tələb təmin edilmişdir. Qeyd etdiyi məhkəmə qərarı 3-cü şəxsin bu əmlaka mülkiyyət hüququ olduğunun birbaşa sübutudur, lakin məhkəmə qərar qəbul edərkən bu qərarı nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
15. Üçüncü şəxsin nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə o, iştirak etməmiş, ərizə göndərərək məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini bildirmiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir)
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli” Qərarı: etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Konstitusiya Məhkəməsi həmin səbəblərin müxtəlifliyini nəzərə alaraq mülki qanunvericilikdə əhəmiyyətsiz və mübahisə edilən əqdlərlə yanaşı, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdləri və məhkəmə qərarı ilə etibarsız sayılan əqdləri ayrıca etibarsızlıq növləri kimi təsnif etmiş, onların öz xüsusiyyətlərinə görə fərqli hüquqi rejimlər əmələ gətirdiyini vurğulamışdır. Mübahisə edilən əqdlər Mülki Məcəllənin 339.1, 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş səbəblərə görə (aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s.) şəxsin iradəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərdir. Belə əqdlər iradəsi zədələnmiş şəxs onu mübahisələndirənə qədər etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, həmin hallarda əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə əqdi mübahisələndirmək hüququ verilir. Mülki Məcəllənin 354.2-ci maddəsindəki bir illik və bir aylıq müddət də məhz bu kimi hallarda əqdi mübahisələndirmək üçün nəzərdə tutulmuş kəsici müddətdir. Başqa sözlə əqdin tərəfi həmin müddətdə əqdi (Mülki Məcəllənin 337.2ci maddəsində göstərilən qaydada) mübahisə etdikdə onu bağlandığı andan etibarsız hala gətirir, etmədikdə isə mübahisələndirmək hüququ aradan qalxır və hüquqi müstəvidə əqd etibarlı kimi qalmaqda davam edir.
20. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 yanvar 2003-cü il tarixli Qərarı: aşağı instansiya məhkəməsinin qətnaməsi apellyasiya məhkəmələri tərəfindən qismən ləğv edildikdə və ya hissə ilə ləğv edilib iş üzrə həmin hissədə yeni qətnamə qəbul edildikdə icra vərəqi qətnaməni ləğv etmiş məhkəmə tərəfindən verilir və bu halda icra vərəqələri həm qətnamənin qüvvədə qalmış hissəsinə, həm də ləğv edilmiş və ya yeni qətnamə qəbul edilmiş hissəsində verilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh və üçüncü şəxs tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi hərracın yekunlarına dair 01/01 nömrəli, 06 yanvar 2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair Hərracın yekunları barədə Protokolun etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi barədədir.
24. İddiaçı tələbini hərracın keçirilməsindən məlumatlı olmaması, əmlakın ondan xəbərsiz satılması ilə əsaslandırmışdır.
25. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən aşağıdakıları əsas götürmüşdür. 1) "xxxx" MMC təkrar hərraca dair bildirişin göndərilməsi vaxtına dair “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, birinci hərrac xx.xx.2021-ci il tarixə, təkrar hərrac isə xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Təkrar hərraca dair bildiriş xx.xx.2021-ci il tarixdə göndərilmişdir. 2) əsasında icra vərəqi verilmiş məhkəmə aktı qismən ləğv edildiyindən yeni icra vərəqəsi verilməli olduğu halda, bu tələbə əməl edilməmiş, hərrac ləğv olunmuş qətnaməyə verilmiş icra sənədi əsasında keçirilmişdir.
26. Kollegiya aşağıdakılara görə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir.
27. İş materiallarından, eləcə də elektron informasiya sistemində olan məlumatlardan göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hərracın keçirilməsi barədə icra məmuru tərəfindən sifariş verilmiş, həmin sifarişin əsasında iki dəfə hərrac keçirilmiş, təyin olunmuş hərraclar barədə ipoteka qoyana və digər şəxslərə bildiriş göndərilməklə məlumat verilmiş, eləcə də “Birja yenilikləri” qəzetində müvafiq elanlar yerləşdirilmiş, həmin həqaclar baş tutmadığından ipoteka predmeti olan daşınmaz əmlak ipoteka saxlayana təklif edilmiş və xx.xx.2022-ci il tarixdə onun tərəfindən 54825 manata əldə olunmuşdur. Bu barədə müvafiq protokol tərtib edilmişdir. Bununla bağlı sübutlar (bildirişlər, bildirişin alınmasını təsdiq edən qəbzlər və s.) iş materiallarına əlavə edilmişdir. İddiaçı yalnız bir il keçdikdən sonra Xətai Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə buraxılmış apellyasiya şikayəti vermə müddəti bərpa olunmuşdur. Lakin həmin vaxta qədər qətnamə üzrə verilmiş icra sənədi icra olunmuş, ipoteka predmeti olan daşınmaz əmlak ipoteka saxlayan Bank tərəfindən əldə edilmişdir.
28. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
29. İş materiallarında olan "xxxx" MMC tərəfindən açıq hərracların keçirilməsi vaxtı və yerinə dair göndərilmiş 01 nömrəli bildirişə dair xəbərnamədən bu bildirişin xx.xx.2021ci il tarixdə iddiaçının özünün də iddia ərizəsinə qeyd etdiyi ünvanına göndərildiyi və bildirişin “Nadir Abdullayev” adlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə təhvil alındığı görünür. 02 nömrəli bildiriş isə xx.xx.2021-ci il tarixdə göndərilmiş və “Ağayeva Səbinə” adlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə təhvil alınmışdır. Hərracın keçirilməsi yeri və vaxtı barəsində “Birja Yenilikləri” qəzetinin xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli buraxılışlarında məlumat qeyd edilmişdir. Təkrar hərrac baş tutmadığından ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunmuş və bu barədə 06.1.2021-ci il tarixdə hərracın yekunlarında dair protokol tərtib edilmişdir. Protokol “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsində göstərilən müddət daxilində tərtib edilmişdir.
30. Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulan bildirişlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında belə şərh verilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, yalnız hərracın keçirilməsinə dair bildirişin çatdırılmamasına istinad etməklə hərracın nəticələrinin etibarsız hesab olunması barədə qənaətə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır.
31. Bundan əlavə, hərracın ləğv olunmuş qətnamə üzrə verilmiş icra sənədi əsasında keçirilməsinə formal yanaşılmamalıdır. Belə ki, əsasında icra sənədi verilmiş məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilsə də, qətnamə yalnız kredit borcunun məbləği hissəsində dəyişdirilmiş, qətnamənin ipoteka predmetinin hərracdan satılmasına dair hissəsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı hissədə yeni icra sənədi verilmiş olsaydı belə, bu heç nəyi dəyişməyəcəkdi. Belə ki, ipoteka predmetinə dair hissə yenə də eyni qaydada icraya yönəldiləcək və icra olunacaqdı. Digər tərəfdən, qətnamənin yalnız əsas borca aid hissəsi dəyişdirildiyindən yeni icra vərəqəsində də yenilik yalnız həmin hissəni əhatə edə bilərdi.
32. Məhkəmə Kollegiyasının mövqeyinə görə birinci instansiya məhkəməsi bu əsasa isitnad edərkən məntiqi mühakimə yürütməmiş, formal tələblərdən çıxış edərək hərracın nəticələrini qanunsuz saymışdır.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı işdə olan materiallar nəzərdən keçirilərkən iş üzrə hərracın etibarsızlığı üçün əsas ola biləcək, tərəflərdən birinin hüquq və mənafelərini pozan hər hansı əsaslar müəyyən edilməmişdir. Hərrac prosesi qanunun tələblərinə uyğun keçirilmiş, prosesin bütün mərhələləri barədə iddiaçıya lazımi qaydada məlumatlar göndərilmiş, internet resurlarında elanlar dərc edilmişdir.
35. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya şikayətləri təmin edilməlidir.
36. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, ipoteka predmeti olan mənzil hərracda ipoteka saxlayan (Bank) tərəfindən əldə edildikdən sonra artıq iki dəfə alqı-satqı müqaviləsinin predmeti olmuş və hazırda sonuncu mülkiyyətçi X6r.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh2 ASC və üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 09 fevral 2024-cü il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər Cavabdeh2 ASC, "xxxx" MMC, “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.