Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4247/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçılar “xxxx” MMC-nin vəkili və nümayəndəsi Vəkil və İddiaçı2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(004)- 98/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı "borcun olmaması barədə arayışın və fərdi yaşayış evinin yüklülükdən azad edilməsi ilə bağlı məktubun verilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan 19.12.2008-ci il tarixli, 001/İCD saylı kredit müqaviləsi üzrə verilmiş 647 070 ABŞ dolları məbləğində kredit üzrə borcun olmamasına dair arayışın və 647070 ABŞ dolları məbləğində borcun təminatı qismində çıxış edən 19.12.2008-ci il tarixli, 001/İCD-01 saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı2 məxsus və onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3-cü Nərimanov döngəsində istifadəsində olan 0.02326 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 3 mərtəbəli, 10 otaqlı, 172.8 kv.m. yaşayış, 242.6 kv.m. köməkçi sahədən ibarət olan 8 nömrəli fərdi yaşayış evinin ¼ hissəsinin, “B” tikilisinin yüklülükdən azad edilməsinə dair məktubun verilməsinin vəzifə olaraq Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən direktoru İddiaçı2 ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 19.12.2008-ci il tarixli, 001/İCD saylı kredit müqaviləsinə əsasən iddiaçıya 60 ay müddətinə (19.12.2013-cü il tarixinədək) illik 16% olmaqla 647 070 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində ipoteka qoyan İddiaçı2 ilə Cavabdeh ASC arasında bağlanmış 19.12.2008-ci il tarixli, 001/İCD-01 saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı2 məxsus və onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3-cü Nərimanov döngəsində istifadəsində olan 0.02326 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 3 mərtəbəli, 10 otaqlı, 172.8 kv.m. yaşayış, 242.6 kv.m. köməkçi sahədən ibarət olan 8 nömrəli fərdi yaşayış evinin 1/4 hissəsi, “B” tikilisi cavabdeh Bankın xeyrinə sonrakı ipoteka ilə yüklü edilmişdir. Hal-hazırda 19.12.2008-ci il tarixli, 001/İCD saylı kredit müqaviləsi üzrə cavabdeh Bank qarşısında icra edilməmiş hər hansı bir öhdəlikləri yoxdur. Cavabdeh Bank qarşısında icra edilməmiş öhdəliyinin olmaması halını rəhbər tutmaqla qeyd edir ki, indiki halda kredit müqaviləsi üzrə borclu (hazırda iddiaçı) olaraq müqavilə üzrə öhdəliklərini artıqlaması ilə icra etdiyindən müqaviləyə xitam verilməli, onlara kredit müqaviləsi üzrə borcun olmamasına dair arayış, o cümlədən də kreditin təminatı qismində cavabdeh Bankın xeyrinə sonrakı ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin yüklülükdən azad edilməsinə dair məktub verilməlidir. Lakin, işin sadalanan faktiki hallarına baxmayaraq cavabdeh Bank onlara borcun olmamasına dair arayış və ipoteka predmeti olan fərdi yaşayış evinin yüklülükdən azad edilməsinə dair məktub verməməklə iddiaçının hüquqlarını kobud surətdə pozmaqdadır. Cavabdeh (müqavilə üzrə kreditor) Bank bu zaman həmçinin müqavilə üzrə öz vəzifələrini və öhdəliklərini də icra etməkdən imtina etməkdədir.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi üçün hazırki iş üzrə cavabdeh banka iddiaçı tərəfindən ərizə ilə müraciət edilsə də, ərizə cavabsız qalmış və cavabdeh hərəkətsizliklə müqavilə üzrə öz vəzifələrinin icrasından imtina etmişdir. İddiaçı tərəfindən cavabdeh qarşısında sözügedən kredit müqaviləsi üzrə icra edilməmiş hər hansı bir öhdəlik olmadığı halda bu günədək cavabdehdən kredit müqaviləsinə xitam verilməsi və borcun olmamasına dair arayış, o cümlədən də buna bağlı olaraq öhdəlik tam icra edildiyi üçün öhdəliyin təminatı olmuş əmlakla bağlı ipotekaya xitam verilməsinə dair məktub (ipoteka predmetinin yüklülükdən azad edilməsinə dair məktub) ala bilmirlər. Bu da onu göstəririk ki, tərəflər arasında bağlanmış kredit və ipoteka müqaviləsi üzrə kreditor və ipoteka saxlayan kimi çıxış edən cavabdeh Bank müqavilə öhdəliklərini icra etmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(004)- 98/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməyərək, ekspertiza tədqiqatının dəyəri olaraq 295 (iki yüz doxsan beş) manat məbləğində pul vəsaitinin iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Qətnamədən iddiaçılar İddiaçı2 və “xxxx” MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2020 saylı iş üzrə 21.09.2020-ci il tarixli qətnaməsininin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar ayrılıqda verdikləri apellyasiya şikayətini oxşar məzmunda olmaqla onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə münasibətdə məhkəmə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İkitərəfli və çoxtərəfli əqdlər mülki qanunvericiliyin tələbinə əsasən müqavilə adlanır. Müqavilənin bağlanması və qüvvəyə minməsi şərtləri qanunvericiliklə və tərəflər arasında rəsmiləşdirilmiş müqavilə ilə tənzimlənir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən qətnaməni əsaslandırmaq məqsədi ilə yazılmış yuxarıda qeyd edilən halın özü məhkəmənin şəxsi mülahizələrindən başqa bir şey deyildir. Belə ki, məhkəmə müqavilə üzrə mübahisələrə qiymət verərkən ilk növbədə tərəflər arasında rəsmiləşdirilmiş müqavilənin qüvvəyə minib minməməsini, ümumiyyətlə müqavilənin qüvvəyə minməsi şərtlərinin nədən ibarət olmasını araşdırmalı və bunun əsasında müqavilə şərtlərini təfsir etməlidir. Amma və lakin, indiki halda mübahisələndirilən qətnaməyə nəzər saldıqda aşkar görünür ki, işə baxan məhkəmə tərəfindən ümumiyyətlə bu hallar - tərəflər arasında imzalanmış 19.12.2008-ci il tarixli müqavilənin məqsədi, bu müqaviləni ortaya çıxaran hallar, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin sonrakı hərəkətləri, müqavilənin qüvvəyə minib-minməməsi, müqavilənin qüvvəyə minməsi şərtləri, müqavilədə nəzərdə tutulmuş vəsaitin iddiaçıya verilib-verilməməsi araşdırılmamış, tərəflər arasındakı münasibətlərə qiymət verilməmişdir. Belə olduğu halda təbiidir ki, qəbul edilmiş qətnamə tamamilə qanunsuz və əsassız hesab ediləcəkdir. İddiaçı MMC ilə cavabdeh Bank arasındakı münasibətlərə nəzər salsaq görərik ki, 19.12.2008-ci il tarixli müqavilədə göstərilmiş 647070 ABŞ dolları məbləğində vəsaitin mənbəyi X3. Bu zaman biraz araşdırma etsək aydın olar ki, 20.11,2008-ci il tarixində iddiaçı “xxxx” MMC ilə agent qismində çıxış edən Cavabdeh ASC və X6 arasında “Murabaha Həvəsləndirmə və Yardım Təsisatı və ya Müəssisəsi Sazişi” adlı üçtərəfli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən X6 iddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini inkişaf etdirmək məqsədi ilə Çin Xalq Respublikasından almaq istədiyi və seçdiyi malın (avadanlıqların) dəyərinin ödənilməsi üçün 647070 ABŞ dolları məbləğində olan vəsaiti agent bank qismində çıxış edən Cavabdeh ASC-yə köçürür və Murabaha Sazişi çərçivəsində həmin vəsaiti iddiaçı tərəfindən Çin Xalq Respublikasından alınmış avadanlıqlarının dəyərinin ödənilməsinə yönəldilməsini tələb edir. Sazişdən də göründüyü kimi X6 tərəfindən 647070 ABŞ dolları məbləğində vəsait məhz iddiaçı MMC üçün ayrılmışdır və bu vəsaitin təyinatı isə malların alınmasından ibarətdir. Malların alınması Bankın (burada hazırki cavabdehin) adından həyata keçirilməli və və eyni qiymətlə, yəni 647070 ABŞ dollarına və Murabaha prinsipləri və qaydaları əsasında, yəni faizsiz şəkildə Alıcıya, yəni iddiaçı MMC-yə satılması Sazişdə imperativ şərt olaraq göstərilmişdir. İşin bura qədər göstərilən faktiki hallarından da göründüyü kimi cavabdeh Bank tərəfindən iddiaçı MMC-yə öz vəsaiti hesabına hər hansı bir kredit verilməmişdir. Vəsait cavabdeh Banka iddiaçı MMC-nin seçdiyi avadanlıqlarını dəyərinin ödənilməsi üçün X6 tərəfindən ayrılmış və Bank burada Sazişin şərtlərinə uyğun olaraq agent qismində çıxış edərək malların dəyərini ödəmək üçün ayrılmış vəsaiti Çin Xalq Respublikasına köçürmüşdür (cavabdehin məhkəməyə təqdim etdiyi 29.05.2019-cu il tarixli hesabdan çıxarış da bunu təsdiq edir). Bu zaman sual oluna bilər ki, bəs o zaman ipoteka qoyan olaraq o niyə cavabdeh Bankla sonrakı ipoteka müqaviləsini rəsmiləşdirmişdir? Bu suala cavab olaraq bildirir ki, hal-hazırda yüklülükdən azad edilməsini tələb etdiyi əmlak hələ 19.12.2008-ci il tarixli müqavilədən öncə cavabdeh Bankda başqa kredit müqaviləsinin təminatı qismində yüklü edilmişdir. Həmin Kredit müqaviləsi üzrə öhdəliyini vaxtından öncə icra etməyinə baxmayaraq əmlakı bank tərəfindən yüklülükdən azad edilməmiş, bu səbəbdən də onunla Yeni İpoteka müqaviləsi əvəzinə Sonrakı ipoteka müqaviləsi rəsmiləşdirilmişdir. Bu müqaviləni bağlamaqda məqsəd isə Murabaha Sazişi çərçivəsində X4 iddiaçı “xxxx” MMC üçün ayırdığı vəsaiti agent Bank olan hazırki cavabdeh X7 Respublikasına köçürdükdən sonra X4 agent olaraq seçdiyi Bank kimi cavabdeh həmin vəsaiti iddiaçı MMC-dən geri tələb edə bilmədikdə və ya ödənişlərdə gecikmələr, digər problemlər olduqda sözügedən vəsaitin taleyini sual altına qoymamaq və riskə atmamaq olmuşdur. Lakin iddiaçı MMC Murabaha Sazişi üzrə X6 tərəfindən ayrılmış vəsaiti agent Bank olan cavabdeh vasitəsilə artıqlaması ilə geri qaytarmış, hətta artıq ödəmə yaranmışdır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüququ hallarına obyektiv, qərəzsiz və hərtərəfli baxılmadığından yuxarıda sadalanan hallara qiymət verilməmiş, bu səbəbdən də ipoteka qoyan olaraq onun da mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Göründüyü kimi işə baxan məhkəmə tərəfindən qətnamənin əsaslandırılması üçün istinad edilmiş yeganə əsas da heç məhkəmənin özü tərəfindən araşdırılmamış və bu hal üzrə sübutlar qiymətləndirilməmişdir. İşin faktiki və hüquqi hallarından, o cümlədən də istinad edilən qanunvericilik normalarının tələblərindən də göründüyü kimi işə baxan məhkəmə tərəfindən iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, beləliklə də prosessual hüquq normalarının pozulmasına səbəb olan qətnamə qəbul edilmişdir. Beləliklə də, məhkəmə mülki iş üzrə tərəflər arasında olan münasibətlərə lazımi hüquqi qiymət verməmiş, tətbiq etməli olduğu hüquq normalarını tətbiq etməmiş və bununla da səhv nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2 və “xxxx” MMC-nin nümayəndəsi və vəkili iddia tələbini və apellyasiya şikayətini müdafiə edərək eyni məzmuna uyğun izahat verərək, apellyasiya şikayətlərinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin tamamı ilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materiallarını, apellyasiya şikayətlərinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarından görünür ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh ASC arasında 19.12.2008-ci il tarixli, 001/İCD saylı kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən iddiaçıya illik 16 %, kreditin və ona hesablanmış faizlərin qaytarma müddətini pozduğu hallarda isə illik 24 %olmaqla 60 ay müddətinə ödəmək şərti ilə 647070 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Sonrakı İpoteka müqaviləsindən görünür ki, bu müqavilə iddiaçı “xxxx” MMC ilə Cavabdeh ASC arasında 19.12.2008-ci il tarixli, 001/İCD saylı kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən İddiaçı2 məxsus və onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3-cü Nərimanov döngəsində istifadəsində olan 0.02326 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 3 mərtəbəli, 10 otaqlı, 172.8 kv.m. yaşayış, 242.6 kv.m. köməkçi sahədən ibarət olan 8 nömrəli fərdi yaşayış evinin 1/4 hissəsi, “B” tikilisi cavabdeh Bankın xeyrinə sonrakı ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 3-cü Nərimanov döngəsində istifadəsində olan 0.02326 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 3 mərtəbəli, 10 otaqlı, 172.8 kv.m. yaşayış, 242.6 kv.m. köməkçi sahədən ibarət olan 8 nömrəli fərdi yaşayış evinin 1/4 hissəsi, “B” tikilisi İddiaçı2 mülkiyyətindədir. İş materiallarında olan Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Reyestri Xidmətinin Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışdan görünür ki, “xxxx” MMC-nin aktiv öhdəlik qismində Cavabdeh ASC-yə yuxarıda göstərilən kredit müqaviləsi üzrə 45085.45 ABŞ dolları əsas borc, 316899.11 ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan 14 iyun 2019-cu il tarixli maliyyə arayışına əsasən iddiaçı “xxxx” MMC-nin xxxxa 45085.45 ABŞ dolları əsas borc, 316899.11 ABŞ dolları faiz borcu, ümumilikdə 361984.56 ABŞ dolları borcu qalmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh ASC arasında bağlanmış 20.11.2008-ci il tarixdə Murabaha Həvəsləndirmə və Yardım Təsisatı və ya Müəssisəsi” Sazişindən görünür ki, Xüsusi Sektorun İnkişafı üzrə İslam Korporasiyasının adından və agent kimi fəaliyyət göstərən "xxxx" ASC (bundan sonra - "Bank"kimi istinad ediləcək və adlanacaq) və "xxxx" MMC (bundan sonra "Alıcı" kimi istinad ediləcək və adlanacaq). Haradaki, Alıcı, Təchizatçıdan malların (aşağıda müəyyənləşdirildiyi kimi) maliyyələşdirilməsini təmin etmək məqsədi ilə Bankla iş görmək istəyir. Alıcı, X1 alınmasını və Murabaha sazişi çərçivəsində Alıcıya satılmasının təmin edilməsini istəyir və Bank belə bir alış-veriş etmək və Malları Alıcıya müddətlərlə və burada göstərilən şərtlərlə satmaq istəyir. Alıcının, Bankın adından Satınalma müqaviləsinə uyğun olaraq malların alınmasının başa çatdırmasından sonra, Alıcı malların alınması üçün dönməz bir təklif təqdim edərək Malların alıcıya satılması və bununla da Murabaha Saziş müqaviləsi bağlanması üçün bu müqavilə ilə Əlavə 3-ə əsasən satılması üçün bank qəbul göndərir. Alıcının Bölmə 4.1-də göstərildiyi kimi Satınalma Təklifini göndərmədiyi təqdirdə, Alıcı Malları ala bilmədiyi hesab olunur və bu, Banka bütün təbiətdəki bütün xərclər, tələblər, itkilər və məsrəflər üçün kompensasiya verir və ya bu cür uğursuzluq nəticəsində Bank tərəfindən vurulmuş ziyan olaraq bütün ziyanları çəkdiyi hər hansı bir xərc üçün ödəyəcəkdir. İş materiallarında olan 14.10.2019-cu il tarixli, 19250 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə arasında imzalanmış 19 dekabr 2008ci il tarixli, 001/İCD saylı kredit müqaviləsi üzrə kreditin verilməsi müəyyən olunmur, bundan başqa məhkəmə orqanı tərəfindən əlavə sənəd qismində təqdim olunmuş “Murabaha Həvəsləndirmə və Yardım Təsisatı və ya Müəssisəsi” sazişinin qeyd olunan şərtləri üzrə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin borcunun olmadığı, eləcə də 217034,85 ABŞ dolları məbləğində artıq ödəniş etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan 4722 saylı, 23.07.2020-ci il tarixli təkrar ekspert rəyindən görünür ki, “xxxx” MMC ilə Cavabdeh ASVC arasında imzalanmış 19.12.2008-ci il tarixli, 001/İCD saylı kredit müqaviləsi üzrə kreditin verilməsi müəyyən olunmur, bundan başqa təqdim oılunmuş “Murabaha Həvəsləndirmə və Yardım Təsisatı və ya Müəssisəsi” sazişinin qeyd olunan şərtləri üzrə “xxxx” MMC-nin borcunun olmadığı, eləcə də 217034,85 ABŞ dolları məbləğində artıq ödəniş etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası İpoteka Haqqında Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Bundan əlavə həmin Qanunun 48-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, hazırki mülki iş üzrə iddiaçı “xxxx” MMC ilə Cavabdeh ASC arasında 19.12.2008-ci il tarixli, 001/İCD saylı kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmədiyindən, ipotekaya xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən, 19.12.2008-ci il tarixli, 001/İCD saylı kredit müqaviləsi üzrə borcun olmamasına dair arayışın və ipoteka premetinin yüklülükdən azad olunmasına dair məktubun verilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 14.10.2019-cu il tarixli, 19250 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə arasında imzalanmış 19 dekabr 2008ci il tarixli, 001/İCD saylı kredit müqaviləsi üzrə kreditin verilməsi müəyyən olunmur, bundan başqa məhkəmə orqanı tərəfindən əlavə sənəd qismində təqdim olunmuş “Murabaha Həvəsləndirmə və Yardım Təsisatı və ya Müəssisəsi” sazişinin qeyd olunan şərtləri üzrə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin borcunun olmadığı, eləcə də 217034,85 ABŞ dolları məbləğində artıq ödəniş etdiyi müəyyən olunmuşdur. Lakin məhkəmə İddiaçı2 19.12.2008-ci il tarixli 001/İCD saylı kredit müqaviləsi üzrə borcun məhz “xxxx” ASC-yə ödənildiyi halda, borcun olmamasına dair arayışın məhz həmin Bankdan tələb edildiyi halda ekspertin öz rəyində 19.12.2008-ci il tarixli, 001/İCD saylı kredit müqaviləsi üzrə kreditin verilməsinin müəyyən olunmamasına dair gəldiyi nəticənin işin materialları ilə uzlaşmaması səbəbindən təkrar ekspertizanın keçirilməsi barədə qərardad qəbul edilmişdir. İş materiallarında olan 4722 saylı, 23.07.2020-ci il tarixli təkrar ekspert rəyindən görünür ki, “xxxx” MMC ilə Cavabdeh ASC arasında imzalanmış 19.12.2008-ci il tarixli, 001/İCD saylı kredit müqaviləsi üzrə kreditin verilməsi müəyyən olunmur, bundan başqa təqdim olunmuş “Murabaha Həvəsləndirmə və Yardım Təsisatı və ya Müəssisəsi” sazişinin qeyd olunan şərtləri üzrə “xxxx” MMC-nin borcunun olmadığı, eləcə də 217034,85 ABŞ dolları məbləğində artıq ödəniş etdiyi müəyyən edilmişdir. Lakin məhkəmə yenə də ekspert rəyi ilə razılaşmır. İş materiallarından görünür ki, “xxxx” MMCyə Cavabdeh ASC tərəfindən onlar arasında bağlanmış kredit müqaviləsinə əsasən 647070 ABŞ dolları məbləğində pul verilmiş, iddiaçının izahatı və iş materialları ilə təsdiq edilir ki, iddiaçı kredit müqaviləsi üzrə ödənişləri məhz cavabdeh olan xxxx ASC-yə ödəmişdir. Əgər həmin kredit müqaviləsi üzrə iddiaçı “xxxx” MMC-yə cavabdeh xxxx ASC tərəfindən kredit məbləği ümumiyyətlə verilməmişsə, o halda belə məhz cavabdeh xxxx ASC-yə qarşı borcun olmaması və ipoteka predmeti olan əmlakın yüklülükdən azad olunması ilə bağlı sənədin verilməsi tələbi əsassızdır. İş materialları ilə təsdiq olunur ki, iddiaçı “xxxx” MMC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilməmişdir. İş materiallarında olan Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Reyestri Xidmətinin Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışdan və 14 iyun 2019-cu il tarixli maliyyə arayışından da görünür ki, iddiaçı “xxxx” MMC-nin xxxxa 45085.45 ABŞ dolları əsas borc, 316899.11 ABŞ dolları faiz borcu, ümumilikdə 361984.56 ABŞ dolları borcu qalmışdır. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə olan öhdəliklərin təmini məqsədilə 19.12.2008ci il tarixli, 001/İCD-01 saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı2 məxsus və onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3-cü Nərimanov döngəsində istifadəsində olan 0.02326 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 3 mərtəbəli, 10 otaqlı, 172.8 kv.m. yaşayış, 242.6 kv.m. köməkçi sahədən ibarət olan 8 nömrəli fərdi yaşayış evinin ¼ hissəsinin, “B” tikilisinin yüklülükdən azad edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia ərizəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 295 (iki yüz doxsan beş) manat məbləğində pul vəsaitinin iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, 3-cü Nərimanov döngəsində istifadəsində olan 0.02326 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 3 mərtəbəli, 10 otaqlı, 172.8 kv.m. yaşayış, 242.6 kv.m. köməkçi sahədən ibarət olan 8 nömrəli fərdi yaşayış evinin ¼ hissəsinin, “B” tikilisinin tərəflər arasındakı kredit müqaviləsinin təminatı kimi yüklü edilməsini, hazırda iddiaçı “xxxx” MMC-nin xxxxa 45085.45 ABŞ dolları əsas borc, 316899.11 ABŞ dolları faiz borcu, ümumilikdə 361984.56 ABŞ dolları borcu qalmasını nəzərə alaraq şikayət əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(004)- 98/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4247/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4247/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver