Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4247/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı) ərizəsi üzrə (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X4 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi (qardaşı) Nümayəndə1 və maraqlı tərəfin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Ərizəçi xx.xx.1959-cu ildə Ağsu rayonunda anadan olmuş, atası X8, anası X2r. O, 1976-cı ildən "xxxx" ASC-də (əvvəlki adı Bakı Məişət Kondisionerləri zavodu) çalışıb, 1998-ci ilin dekabr ayı da daxil olmaqla əmək haqqı almış, 1999-cu ildən əmək haqqı almamış, xx.xx.2007-ci ildə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. Ərizəçinin anası X6 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin atası X8 1-ci qrup gözdən əlil olmaqla əmək qabiliyyətsiz olmuş, kənar şəxslərin köməyinə ehtiyacı olmuş və xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. 20 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2000-ci il tarixli arayışında Ərizəçi atası X8 ilə birgə yaşadığı və ona qulluq etdiyi göstərilmişdir. X3 özünün Nərimanov rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanladığı xx.xx.2000-ci il tarixli ərizənin surətindən görünür ki, o, arvadının vəfatını nəzərə alaraq, ona qulluq etdiyinə görə onunla bir ünvanda yaşayan qızı Ərizəçi təqaüd verilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1929-cu il təvəllüdlü 1-ci qrup əlil olmuş atası X5 1999-cu ildən, onun dünyasını dəyişənədək, yəni xx.xx.2013-cü il tarixədək qulluq göstərməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası - 1929-cu il təvəllüdlü X8 hərbi xidmət öhdəliyini icra edərkən aldığı xəsarətdən sağ göz almasının itirilməsi, sol gözün katarakta fəsadı, nevrostaniya və qipotoniya nəticəsində müddətsiz İ (birinci) qrup əlillik dərəcəsi alaraq kənar şəxsin köməyinə ehtiyacı olması müəyyən edilmişdir. Atasına daimi olaraq anası X7 qulluq göstərmişdir. Lakin anası 1999-cu ildə xəstələnərək yatağa düşmüş və xx.xx.2000-ci il tarixdə dünyasını dəyişmişdir. 1999-cu il tarixdən köməksiz qalan atasına qulluq göstərmək məcburiyyətində qalmışdır. Köməksiz qalan atasına qulluq göstərməsi ilə əlaqədar 1999-cu il tarixdən 2013-cü ilədək, yəni o dünyasını dəyişənədək övladlıq borcunu yerinə yetirmiş və atası ilə eyni ünvanda yaşamışdır. Ailəli də deyildir. Qeyd olunan müddətdə öz hesabına işlədiyi müəssisədən ödənişsiz məzuniyyətdə olmuşdur. Bu dövrdə dolanışıq atanın təqaüdü hesabına təmin edilmişdir. Atası xx.xx.2000-ci il tarixdə Nərimanov rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edərək qızının ona qulluq göstərməsi ilə əlaqədar pensiya təminatının verilməsini xahiş etmişdir. Atasına qulluq göstərməyi Nərimanov rayonu 20 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli arayışda da öz əksini tapmışdır. Həmçinin həmin halı qonşuları da təsdiq edə bilər. Atasına qulluq etmə faktının müəyyən edilməsində niyyət sığorta stajına qulluq müddətinin daxil edilməsi məqsədi daşıyır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Quliyev, iş № 2(005)-1729/2024) ərizə qismən təmin edilərək, Ərizəçi xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 1929-cu il təvəllüdlü 1-ci qrup əlil olmuş atası X5 qulluq etməsi (göstərməsi) faktı müəyyən edilmişdir.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, Ərizəçi xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixədək atası 1-ci qrup əlil və qulluğa ehtiyacı olan şəxs X5 qulluq etmişdir. Ərizəçi pensiya almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin iş stajı müəyyən edilmədiyi üçün pensiyanın təyin edilməsindən imtina edilmişdir. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən iş stajı faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 217.4, 305.1.1, 307.2.2, 307.2.11, 308, 310.1, 311-ci maddələri və “S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarı ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməmiş, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Apellyasiya şikayətində həmçinin qeyd olunur ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Maraqlı şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Ərizəçi və onun nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 307.2.2. Məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 301.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
13. “S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarı : Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri). Qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur (əmək kitabçaları, iş haqqında arayış, təhsil haqqında sənəd, vəsiyyətnamə və s.). Lakin hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa yolla bərpa etmək mümkün olmadıqda, həmin faktın mövcudluğu məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər. Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); - həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); - hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktları təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü belə faktların müəyyən edilməsinin məhkəmədənkənar qaydasının qüvvədə olan qanunvericilikdə mövcud olmamasını nəzərdə tutur. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli və hüquqmüəyyənedici sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin başqa yolla mümkün olmaması haqqında sübutlar əlavə edilməlidir (məsələn, həmin sənədi verən orqanın ləğv edilməsi, faktın qeydiyyatının mövcud olmaması və s).
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə maraqlı şəxs tərəfindən mübahisələndirildiyindən və ərizə rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyindən və işə onun nümayəndəsinin iştirakı olmadan baxıldığından qətnamə prosessual əsasa görə ləğv edilməli və ərizənin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
17. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir (maddə 387.2.2).
18. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
19. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. Məhkəmə cavabdehin izahatını dinləmədən, yalnız iddiaçının izahatı əsasında qərar çıxara bilməz. O, cavabdehə məhkəmə iclaslarında iştirak etmək, izahat vermək üçün bütün imkanları yaratmalıdır. Ümumiyyətlə, məhkəmə öz qərarını tərəfləri qanunla müəyyən olunmuş qaydada dəvət etmədən, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə yox, çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, tərəflərin verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
20. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
21. “S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri). Qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur (əmək kitabçaları, iş haqqında arayış, təhsil haqqında sənəd, vəsiyyətnamə və s.). Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur:1) həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); 2) həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); 3) hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli və hüquqmüəyyənedici sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin başqa yolla mümkün olmaması haqqında sübutlar əlavə edilməlidir (məsələn, həmin sənədi verən orqanın ləğv edilməsi, faktın qeydiyyatının mövcud olmaması və s).
22. Sadalanan normaların və qeyd edilən hüquqi mövqenin hazırki mübahisəyə tətbiqi baxımından qeyd edilməlidir ki, əvvəla ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir. Belə ki, ərizəçinin qulluğa ehtiyacı olan atasına qulluq etməsi onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə pensiyanın təyin edilməsi üçün əsas təşkil edir. Maraqlı şəxsin hüquqları qeydiyyata almaqdan imtinasının əsaslarından biri də məhz ərizəçinin 25 il sığorta stajının olmamasıdır.
23. Bu səbəbdən məhkəmə kollegiyası ərizənin məhkəmə icraatını mümkün hesab edir. Odur ki, ərizə qismən əsaslı sayılmalı və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
24. İddia tələbinin mahiyyət ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, məhkəə iclasında dindirilmiş şahidlər X10, X11, X12, X1 ərizəçinin atasının xəstə olduğunu, anası vəfat edənə kimi atasına baxdığını, anasının vəfatından sonra ərizəçinin xəstə atasına qulluq etdiyini təsdiq etmişlər.
25. Kollegiya qeyd edir ki, ərizəçi ərizəsində 1999-cu il tarixdən xx.xx.2013-cü il tarixədək atasına qulluq etməsi faktının müəyyən edilməsini xahiş etsə də, şahid ifadələrindən və ərizədən müəyyən olur ki, ərizəçinin atasına əvvəllər arvadı qulluq etmiş, arvadı xx.xx.2000-ci il tarixdə vəfat etdikdən sonra isə, ərizəçi özü atasına qulluq etmişdir. Ərizəçi tərəfindən atasına qulluq etməsinin daha əvvəl baş verməsinə dair hər hansı sübut təqdim edilməmişdir.
26. Eyni zamanda, işdən göründüyü kimi, ərizəçi xx.xx.1992-ci ildən "xxxx" ASCdə çalışıb, xx.xx.1999-cu ildən xx.xx.2007-ci ilədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuş və göstərilən tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2007-ci ildən sonra o, heç bir yerdə işləməyib, atası ilə birgə yaşamaqla ona qulluq edib.
27. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
28. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
29. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
30. Beləliklə, Kollegiya belə qənaətə gəlir edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 1929-cu il təvəllüdlü 1-ci qrup əlil olmuş atası X5 qulluq etməsi (göstərməsi) faktı müəyyən edilməlidir.
31. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1).
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 1929-cu il təvəllüdlü 1-ci qrup əlil olmuş atası X5 qulluq etməsi (göstərməsi) faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.