Məhkəmə qərarları › İş №2(103)-4248/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4248/2023

03.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4248/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «evə köçürülmə və maneənin aradan qaldırılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Baxışova Vüsalə Ələkbər qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-673/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Cavabdeh2 ilə X1 18 iyun 2010-cu il tarixdə rəsmi nikah bağlamış, nikah bağlandıqdan sonra arvada Hacı-zadə soyadı verilmişdir. Birgə nikahdan Hacı-zadə Tahir Dəyanət oğlu 14 may 2011-ci il tarixdə, Hacı-zadə Ayan Dəyanət qızı 12 sentyabr 2017-ci il tarixdə doğulmuşdur.

2. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

3. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 71 nömrəli 02 iyun 2022-ci il tarixli məktubunda qeyd olunub ki, X7 və X3 Kürdəxanı Bələdiyyəsi tərəfindən hər hansı torpaq sahəsi ayrılması barədə sənəd mövcud deyil. X2 torpaq və əmlak istifadəçisi kimi Kürdəxanı Bələdiyyəsinin vergi uçot sistemində qeydiyyatdadır. Belə ki, X14 xx.xx.2012-ci il tarixli ərizə ilə müraciət etmiş, uzun illər istifadəsində torpaq sahəsinin olmasını bildirərək, qeydiyyata alınıb torpaq vergisinə cəlb olunmasını xahiş etmişdir. Ərizəyə əlavə olunmuş üç bağ qonşusunun və F.R.Hacızadənin xahişi nəzərə alınaraq torpaq vergisinə cəlb olunmuşdur. Hal-hazırda istifadəsində olan sözügedən torpaq sahəsi Kürdəxanı qəsəbəsinin xəritəsinə istinadən Kərəm Mirzəyev küçəsində yerləşir. Son ödənişi xx.xx.2020-ci ildə (torpaq 500 kv.m və 120 kv.m əmlak) tam ödənilmişdir.

4. Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz" İstehsalat Biriliyi ilə istehlakçı Hacı-zadə Taleh Tahir oğlu arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 11 iyun 2020-ci il tarixli 116080 nömrəli müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını (Kürdəxanı qəsəbəsi Ləhiş bağları) keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3012/2022 nömrəli 27 may 2022- ci il tarixli qərardadından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Hacı-zadə Tahir Dəyanət oğlunun və xx.xx.2017-ci il təvəllüdlü Hacı-zadə Ayan Dəyanət qızının saxlanılmaları üçün 27 may 2022-ci il tarixdən (alimentin müvəqqəti tutulmasına dair ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq yekun məhkəmə aktı çıxarılanadək hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdeh X8ndan alınaraq İddiaçı xeyrinə tutulması qərara alınmışdır.

6. Kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan X11 və satıcı Cavabdeh1 arasında bağlanmış **********75213/1 nömrəli 26 aprel 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı, ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 47 kv.m olan Bakı şəhəri Yasamal rayonu H.Zərdabi küçəsi ev 55 ünvanında yerləşən 132 nömrəli mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Mənzilin satış qiyməti 65.000 manatdır, mənzilin dəyərinin 19.500 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 45.500 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən **********75213 nömrəli 26 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən faktiki sahibliyə yaradılan maneələrin aradan qaldırılması və azyaşlı uşaqları - xx.xx.2011-ci il təvəllüdlü Hacı-zadə Tahir Dəyanət oğlu və xx.xx.2017-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiada göstərilir ki, Cavabdeh1 qaynanası, Cavabdeh2 isə həyat yoldaşıdır. Cavabdeh2 ilə nikaha daxil olduqdan sonra bir müddət Bülbülə qəsəbəsində yaşamışlar. Qaynatası və qaynanası həmişə deyirdilər ki, “yeni tikilən binalarda ev alıb sizi ora köçürdəcəyik”. Onlar ailə quran vaxt cavabdehlər Yasamal rayonu Qələbə dairəsi yaxınlığında Həsənbəy Zərdabi küçəsində 5 mərtəbəli binada yaşayırdılar. 2 il Bülbülədə yaşadıqdan sonra onlar da həmin mənzilə köçmüşlər. 2014-cü ildə həmin mənzili satıb Yeni ünvan 3 ünvanda yeni tikilən binada hazırda yaşadıqları mənzili almışlar. 2015-ci ildə mənzilin təmirinə başlanılmışdır. Müvəqqəti olaraq o, həyat yoldaşı və uşaqlar atasıgildə, qaynanasıgil isə qızıgildə yaşamışlar. Təmir başa çatdıqdan sonra yeni mənzilə köçmüşlər. Mənzil iki otaqlı idi, ancaq yenidən planlaşdırılaraq mətbəxin hesabına üç otaqlı düzəldilmişdir. İkinci övladları Ayan həmin mənzildə dünyaya gəlmişdir. Ayanın bir yaşı olanda valideynləri Dəyanətə onların Kürdəxanıda olan torpaq sahəsində ev tikib ora köçməyi məsləhət bilmişlər. Bundan sonra hazırda cavabdeh olan həyat yoldaşı Dəyanət Kürdəxanıda olan torpaq sahəsində ev tikməyə başlamışdır. Evin tikilməsinə onların ailəsi də köməklik edirdi. Hətta ona toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyaları da ümumi razılıqları əsasında satılıb evin tikintisinə sərf edilmişdir. Qiyməti daha yüksək olsa da həmin vaxt Dəyanətin ona dediyinə görə qızıllar təxminən 5000 manata satılmışdır. 2020ci ilin mart ayında Kürdəxanıda yeni tikilmiş evə köçmüşlər. Bütün cehiz əşyaları evə yerləşdirilmişdir. Ev üç otaqdan, mətbəxdən və sanitar qovşağından ibarət idi. Atası tərəfindən hədiyyə olaraq ona verilmiş 1500 manata mətbəx mebeli almışlar. Hazırda da həmin mebel mətbəxdə istifadədədir. Birgə nikah dövründə cavabdehlər və ailə üzvləri ilə münasibətləri normal olmuşdur. İstər birgə yaşadıqları müddətdə, istərsə də ayrı yaşadıqları vaxtda aralarında xırda söz-söhbət istisna olmaqla hər hansı bir ciddi mübahisə, gərginlik olmamışdır. 2021-ci il iyun ayının 19-da qaynatası Hacı-zadə Tahir dünyasını dəyişmişdir. Yas mərasimi onların Kürdəxanıda yaşadıqları evdə keçirilmişdir. El adəti ilə valideynləri və qohum-əqraba yasda iştirak etmişlər. Özü isə ailə üzvü və evin sahibəsi kimi rəhmətliyin yasında iştirak etmişdir. Yas mərasiminin 40-cı günü qeyd ediləndən bir neçə gün sonra Yeni Yasamalda olan mənzildən pul itməsi məsələsi ortaya çıxmışdır. Dəyanət yaşadıqları evdə pul saxlamırdı. Bütün pullarını anasına verirdi, o, isə buna etiraz etmirdi. Bu məsələdən bir neçə gün sonra həyat yoldaşı Dəyanət ona dedi ki, anası pulun onun tərəfindən götürüldüyünü iddia edir. Xeyli müddətdir ki, o mənzildə olmadığını və ora gedib-gəlmədiyini bildirmişdir. Mənzildə anası və qardaşının ailəsi ilə yaşayır. Bacısı da bütün yas dövründə ailəsi ilə birlikdə orada yaşamışdır. Nə üçün anası onlardan şübhələnmir, orada olmadığı halda onu günahlandırır. Demişdir ki, qoy versinlər polisə, polis araşdırsın. Onlar isə polisə müraciət etməmişlər. Mənzildə yaşamadığı, ora gedib gəlmədiyi halda pulu necə götürə bilər? Eyni zamanda bildirmişdir ki, 10 ildən çoxdur ki, ailəlidirlər, nə vaxtsa ondan belə bir hərəkət hiss etmişdirmi? Əgər o, mənzildə olsa idi və pulun yerə düşdüyünü belə görsə idi onu götürüb anasına verərdi. Bu məsələ ətrafında getdikcə söz-söhbət böyüməyə başlamış və haqq-nahaq onu günahlandırmışlar. 16 noyabr 2021-ci ildə Dəyanət onu və uşaqları atasının evinə gətirmişdir. Sonradan onları evə aparmaq üçün gəlməmişdir. Telefonla zəng etdikdə bildirmişdir ki, anası sakitləşənə qədər bir müddət atasının evində qalsa yaxşı olar. Anası onu evdə görmək istəmir. Yeni il qabağı, dekabr ayının 30-da Dəyanət atasının evinə, yanlarına gəlmiş və ona bildirmişdir ki, “pul məsələsini üstünə götür, etiraf elə, yoxsa məcbur olub boşanmalıyam”. Dəyanətə bildirmişdir ki, üstünə şər-böhtan götürə bilməz. Olmayan şeyi heç vaxt etiraf etməz. Ondan sonra 6 aya yaxın müddətdə Dəyanət onlarla maraqlanmadı. 20 may 2022- ci ildə isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində nikahın pozulması barədə iddia qaldırmışdır. Nikahın pozulmasına etiraz edərək aliment tələbi irəli sürmüş və evə qayıtmaq istədiyini bildirmişdir. Dəyanət isə ona bildirmişdir ki, ev anasınındır, onun icazəsi olmadan ora girə bilməz. Sonradan o, evə getdikdə görmüşdür ki, evin giriş qapısının açarlarını dəyişdiriblər. Başa düşdü ki, bütün bu məsələlər ailəni dağıtmaq üçün bir qurğu imiş. Hazırda Cavabdeh1 daimi olaraq, ailə üzvləri isə müəyyən vaxtlarda Kürdəxanıda onlara məxsus olan evdə yaşayırlar və onun cehiz əşyalarından istifadə edirlər. Göstərilənlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq uşaqları ilə birlikdə iş üzrə cavabdeh olan həyat yoldaşı Cavabdeh2 ilə birgə nikah dövründə inşa edərək yaşadıqları və əmlakının da hazırda da yerləşdiyi faktiki sahib olduğu evə köçmək istəyir. Kürdəxanıda tərəflərindən inşa edilmiş evlə bağlı vəkillik qurumu tərəfindən Kürdəxanı Bələdiyyəsinə göndərilmiş sorğuya cavab olaraq Bələdiyyədən göndərimiş 02 iyun 2022-ci il tarixli 71 nömrəli cavab məktubunda Kürdəxanı Bələdiyyəsi tərəfindən vəkillik sorğusunun digər hissəsinə, torpaq sahəsində yaşayış evinin inşa edilib-edilməməsi, inşa edildiyi halda yaşayışın olubolmaması barədə arayış verilməsi hissəsinə cavab verilməmişdir. Yuxarıda da qeyd etdiyi kimi uşaqları ilə birlikdə 9 aydan çoxdur ki, atasının evində yaşayır. Cavabdeh X8 tərəfindən nikahın pozulması barədə iddia qaldırıldıqdan sonra aliment tələbinə dair qarşılıqlı iddia əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə uşaqların saxlanılması üçün aliment ödənilməsi barədə qərar qəbul edilmişdir. Nikahın pozulması 11 noyabr 2022-ci ilə təyin edilmişdir. Müəyyən edilmiş aliment də uşaqların ataları tərəfindən vaxtlı-vaxtında ödənilmir. Bütün yükü yaşlı valideyinlərinin üzərinə düşür. Ona görə də birgə nikah dövründə inşa etdikləri və uzun müddət yaşayaraq hazırda da cehiz əşyalarının olduğu Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri zəruridir. Bələdiyyənin cavab məktubunda göstərilir ki, axırıncı vergi ödənişi xx.xx.2020-ci ildə ödənilmişdir. Bu faktın özü də sübut edir ki, həmin ev onlara məxsusdur. Belə ki, onlar ora 2020-ci ilin mart ayının axırında köçmüşlər. Ona görə də artıq ev onlara məxsus olduğu üçün Cavabdeh1 tərəfindən Dəyanət vergi ödəməyə məcbur edilməmişdir. Çünki, əvvəllər vaxtı çatan kimi vergini Dəyanətə ödətdirirdi. Dəyanət isə evə köçdükdən sonra nədənsə vergini ödəməmişdir. Göstərilən torpaq sahəsi və üzərində tərəflərindən birgə nikah dövründə ümumi vəsaitləri hesabına inşa edilmiş və uzun müddət yaşadıqları fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdehlərin onun uşaqları ilə birlikdə həmin mənzilə buraxılmaması və ona məxsus əmlaklardan qanunsuz istifadə edərək orada yaşamalarına maneələr törədilməsi əsassız olmaqla mülki qanunvericiliyin tələblərinə ziddir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-673/2023 saylı, 23 fevral 2023cü il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) ilə iddia tələbi qismən təmin edilərək İddiaçı azyaşlı uşaqları - xx.xx.2011-ci il təvəllüdlü Hacı-zadə Tahir Dəyanət oğlu və xx.xx.2017-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı və Cavabdeh2 18 iyun 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahda olduqları və birgə yaşadıqları müddətdə, yəni 2020-ci ildə Bakı şəhəri Sabunçu rayonu Kürəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində fərdi yaşayış evi inşa etdirərək həmin evə köçmüşlər. Ailə münasibətlərinin pozulmasının nəticəsi olaraq, iddiaçının mübahisəli evdə yaşamasına cavabdehlər tərəfindən maneçilik törədilmiş və iddiaçı başqa yaşayış yeri olmadığından hüquqlarının təmin olunması məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisəli ev iddiaçı ilə cavabdehlərin yaşayış yeridir. Cavabdehlərin iddiaçını həmin evdə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunan hallara əsasən Bakı şəhəri Sabunçu rayonu Kürəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bakı şəhəri Sabunçu rayonu Kürəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evi hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi evə köçürülmə hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, cavabdehlər tərəfindən faktiki sahibliyə yaradılan maneələrin aradan qaldırılması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mübahisəli fərdi yaşayış evinin hüquqi qeydiyyatdan keçməsinə dair tərəflər hər hansı bir sübut təqdim etməmişlər, mövcud sübutlar isə həmin evin özbaşına tikili olmasına dəlalət edir. Belə olan halda, iddiaçı mübahisəli fərdi yaşayış evindən faktiki sahibliyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı deyildir, odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə, mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 və onun kiçik oğlu Hacı-zadə Taleh Tahir oğlunun vəsaiti hesabına tikilməsinə dair cavabdeh tərəfin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh tərəf 26 aprel 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri Yasamal rayonu H.Zərdabi küçəsi ev 55 ünvanında yerləşən 132 nömrəli mənzilin satışından əldə edilmiş vəsaitin bir hissəsinin mübahisəli fərdi yaşayış evinin tikintisinə sərf edildiyini, evin tikintisinə və təmirinə çəkilmiş yerdə qalan xərclərin isə Hacı-zadə Taleh Tahir oğlu tərəfindən ödənildiyini bildirsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı azyaşlı uşaqları – xx.xx.2011-ci il təvəllüdlü Hacı-zadə Tahir Dəyanət oğlu və xx.xx.2017- ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə rədd edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilir ki, Cavabdeh2 ilə İddiaçı arasında olan nikaha Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3012/2022 saylı məhkəmə qətnaməsi ilə xitam verilmişdir. Ona görə də iddiaçı öz keçmiş qaynanasından, yəni mübahisəli fərdi yaşayış evinə sahiblik edən şəxsdən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Buna görə də iddiaçının həmin evə köçürülməsi tələbinin qanuni əsası mövcud deyildir. İş üzrə təqdim edilən sübutlara məhkəmə tərəfindən nəinki düzgün qiymət verilməmişdir, bəzi sübutların məhkəmə qətnaməsində adı belə çəkilmir. Sözügedən fərdi yaşayış evinin tikintisinə sərf edilən vəsait birbaşa X9 və onun kiçik oğlu X5 vəsaiti olmuşdur. Belə ki, tikintiyə balşlanılan zaman 2019-cu ilin yazı idi və artıq təxmini 5 ay sonra xx.xx.2019-cu ildən etibarən Cavabdeh2 işdən çıxmışdır və faktiki olaraq işləməmişdir. X22 Müfəttişliyi Xidmətinin vəkil sorğusuna vermiş olduğu cavabından aydınlaşdırmaq mümkündür. Lakin məhkəmə qətnaməsində istinad etdiyi sübutlar sırasında nədənsə bu halı təsdiq edən sorğu cavabının adını sadalamır. İddiaçı iddia ərizəsində də qeyd edir ki, Cavabdeh2 uşaqlar üçün təyin edilmiş aliment məbləğini belə çətinliklə ödəyir. Belə olan halda necə olur ki, uşaqların alimentini çətinliklə ödəməyə vəsait tapan bir atanın ev tikintisi üçün vəsaiti meydana gəlir birdən birə?! Sözügedən tikilinin kim tərəfindən tikilməsi, o sahənin kim tərəfindən əldə olunması və iddianın bu kimi əsaslı olub olmamasında dair dəlillərə düzgün münasibət göstərilməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, mübahisə predmetini təşkil edən yaşayış evi onun həyat yoldaşı tərəfindən inşa edilmişdir. Lakin məhkəmənin nəzərinə çatdırır ki, istər torpaq sahəsi, istərsə də üzərində tikilmiş yaşayış evi Cavabdeh1 tərəfindən alınmış və tikilmişdir. Əgər iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi bu torpaq sahəsi məhz onun oğlu üçün verilməsi nəzərdə tutulmuş olsaydı bu zaman sözügedən torpaq sahəsi elə alınan zaman X4 adına alınmış olardı. İddiaçının iddia ərizəsində qeyd etdiyi halların əksinə olaraq məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh1 məhz onurğasından əməliyyat olunduğu və bundan sonra ayağında axsama problemi yaşadıqdan sonra həmçinin artıq təqaüdə ayrılması ilə əlaqədar özü üçün onun istifadəsində bələdiyyənin qərarı ilə 2012-ci ildə almış olduğu torpaq sahəsində bağ evi inşa etmişdir. Belə ki, xx.xx.2013-cü ildə birgə cavabdehlərdən Cavabdeh1 ona məxsus olan Bakı şəhəri H.ünvan 4 ünvanında yerləşən mənzili sataraq onun satışından əldə olunan vəsait hesabına Kürdəxanıda onun adına olan sözügedən bağ sahəsində ev inşa etməyə başlamışdır. 2014-cü ildə həyat yoldaşı Hacı-zadə Tahirin insult keçirməsi ilə evin inşası yarımçıq saxlanmış və 2014 -2015-ci illərdə ailə bütün maddi gəliri məhz Hacı-zadə Tahirin səhhətinə sərf etmişdir. Yəni, tikinitinin inşasının yarımçıq qalma səbəbi maddi yükün həm səhhətə həm də evin tikintisinə çatıdırıla bilməməsi idi. Beləliklə, bir müddət sözügedən inşaat dayandıqdan sonra ailənin kiçik oğlu tərəfindən inşaat işlərini şəxsən tamamlamaqla və həmin evi təmir etdirməklə ora kommunikasiya xətlərinin çəkilməsi ilə evin tamamlanmasını həyata keçirdi. 2020-ci ildə qaz xətti çəkildi, ardınca isə su və digər xəttlərin çəkilişi və rəsmiləşdirilməsi tamamlandı.

b) İddiaçı və nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir.

15. Apellyasiya şikayətinə etirazda göstərilir ki, cavadehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətində Mülki Məcəllənin 11.1 və 11.2-ci maddələrinə, həmçinin, Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə istinad etməsi tam əsassız olmaqla hazırki iş üzrə tətbiq edilə bilməz. Çünki, həmin ev Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüququ ilə qeydiyyatdan keçməmişdir və cavabdehlərlə hamısı eyni hüquqdadılar. Sadəcə olaraq Cavabdeh1 oğlundan istifadə edərək özünə üstünlük hüququ qazanmağa çalışır. Bunun üçün də müxtəlif üsul və vasitələrdən, şər və böhtandan istifadə etməkdən belə çəkinmir. Bütün məsuliyyəti ilə bildirir ki, birgə nikah dövründə inşa etdikləri həmin evdə 2020-ci ilin mart ayından, 2021-ci ilin noyabr ayının 16-na kimi ailəsi ilə birlikdə yaşayıb və bütün əmlakı da hal-hazırda həmin evdədir və cavabdehlər tərəfindən eninə-boyuna istifadə edilir. Buna görə də həmin evdə 8 ay (bu 8 ay həmin evdə yaşayış dövrünün guya 2009-cu ilədək olmasını sübut etmək üçün ortaya atılmış əsassız bir dəlildir) yaşamağı reallığa uyğun deyildir. Apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1.2 və 385.1.3-cü maddələrinə istinad edilməsi də əsassızdır. Belə ki, inşa edilmiş evin torpaq sahəsi Cavabdeh1 tərəfindən alqısatqı yolu ilə və yaxud Bələdiyyə qərarı ilə deyil, Bələdiyyənin məktubu əsasında əldə edilmişdir. Evin tikintisinə başlanana qədər orda hər hansı bir tikinti işi aparılmamışdır. Həmçinin onun tərəfindən həmin torpaq sahəsində bağ evinin inşa edilməsinin göstərilməsi də əsassızdır. Bunun üçün xx.xx.2013-cü ildə Bakı şəhəri, H.Zərdabi küçəsi ev 55 ünvandakı 132 saylı mənzili sataraq əldə edilmiş vəsait hesabına Kürdəxanıda bağ evini inşa etməsinin göstərilməsi də əsassızdır. İş üzrə Cavabdeh1 həqiqətən də yuxarıda qeyd edilən ünvandakı mənzili həmin tarixdə 65.000(altmış beş min) manata satmışdır. Satışdan əldə edilən vəsaiti bağ evinin tikintisinə deyil, yuxarıda da qeyd etdiyi kimi hazırda yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi D.Bünyadzadə küçəsində MTK tərəfindən inşa edilmiş 6 saylı binanın 11 saylı mənzilinin alınmasına sərf etmişdir. Həmin məsələ ilə bağlı vəkillik qurumu tərəfindən 205 saylı "xxxx" MTK-ya göndərilmiş sorğuya cavab olaraq həmin MTK tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, sözügedən mənzilə dair Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixli müqavilə imzalanmış və onun tərəfindən pay haqqı tam şəkildə ödənilmişdir. Göründüyü kimi köhnə mənzil xx.xx.2013-cü ildə satılmış, bundan 8 gün sonra isə müqavilə bağlanılaraq yeni mənzil alınmışdır. Sonra həmin mənzil 2014-2015-ci ildə təmir edilmiş və 2016-cı ildə onlar həmin mənzilə köçüblər və ikinci övladları Ayan xx.xx.2017-ci ildə həmin mənzildə yaşadıqları vaxtda dünyaya gəlmişdir. Həmçinin qeyd edilməsi zəruridir ki, vəkillik qurumu tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq həmin idarədən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilir ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 6, 11 nömrəli mənzilin mülkiyyətçisi haqqında məlumat verilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 6, 11 nömrəli mənzil Hacı-zade Firuzə Rza qızının adına xx.xx.2019-cu il tarixdə "xxxx" MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2013-cü il tarixli protokoldan çıxarışına və xx.xx.2013-cü il tarixli maliyyə arayışına əsasən qeydiyyata alınmış, lakin 3 saylı Bakı "ASAN xidmət" mərkəzində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 40-1806 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Hacı-zadə Könül Tahir qızına özgəninkiləşdirilmişdir. Həmin mənzil üzərində Hacı-zadə Könül Tahir qızının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Göründüyü kimi cavabdeh apellyasiya şikayətində göstərilən, real həqiqətə uyğun olmayan hərəkətlərini sübut etmək üçün hətta evə köçürülmə barədə məhkəmə mübahisəsi getdiyi vaxtda mülkiyyətində olan mənzili qızına bağışlamışdır. Əgər həmin mənzil həqiqətən də keçmiş həyat yoldaşı Dəyanətin və ya digər oğlunun vəsaiti hesabına alınmışdırsa onda nə üçün onu mənzili olmayan oğlanlarına deyil, mənzili olan qızına bağışlamışdır. Cavabdehlərin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan məhkəmənin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

16. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

17. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

18."Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu:

Maddə 13.1-13.2. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

19.Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 58.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2.Özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 55.Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68.Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun:

Maddə 2.1.Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya baxışının hədləri:

23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

24. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

26. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

27. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

28. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

29. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar hansısa analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə də aradan qaxdığından iddia haqlı sayılmırdı. 30.Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh(lər) və onların yaxın qohumları tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməmişdir. 31.İddiaçı cavabdehlərdən birinin keçmiş arvadı, digərinin isə gəlini olsa da ailə qanunvericiliyi əsasında onlarla birlikdə yaşamaq və onlardan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından keçmiş əri və qaynanası olan cavabdehlərin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evə faktiki sahiblik və oradan istifadə edən cavabdehləri isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Bir anlığa təsəvvür edilsə ki, iddiaçı mübahisə predmeti olan evə 2020-ci ildə köçüb yaşayarkən həmin tikili cavabdeh qaynananın və ərin adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır, onda tərəflər arasında ailə münasibətlərinə xitam verildikdən sonra hazırki mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarının tətbiqi nəzərdən keçirilə bilərdi. Bu mənada tərəflər arasında ər-arvad və qaynana-gəlin münasibətlərinə xitam verildiyindən, iddiaçı isə artıq uzun müddətdir ki, başqa ünvanda yaşadığından hazırki evə köçürülmə ilə bağlı iddiaya analogiya baxımından Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi də mümkün olmazdı. Buna baxmayaraq, nə özbaşına tikilinin, nədə onun yerləşdiyi torpaq sahəsinin cavabdeh kimi göstərilən keçmiş ərə də heç bir aidiyyəti yoxdur. Bu barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə elə iddiaçı tərəfin təqdim etdiyi Bakı şəhəri Kürdəxanı Bələdiyyəsinin 02 iyun 2022-ci il tarixli məktubunda X9 torpaq və əmlak istifadəçisi kimi Kürdəxanı Bələdiyyəsinin vergi uçot sistemində qeydiyyatda olduğu, çünki, X9 xx.xx.2012-ci il tarixli ərizə ilə müraciət edib uzun illər istifadəsində torpaq sahəsinin olduğunu bildirərək, qeydiyyata alınıb torpaq vergisinə cəlb olunmasını xahiş etdiyi göstərilmişdir. Demək, torpaq sahəsinin də Firuzə Hacızadənin faktiki sahibliyində və istifadəsində olması açıq-aşkar təsdiq olunur.

32. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçı cavabdehlərdən birinin keçmiş arvadı, digərinin isə gəlini olsa da köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə ehtiyacı yoxdur. Çünki, apellyasiya baxışı zamanı da iddiaçının köçmək istədiyi evdə artıq bir il, yeddi aydan artıqdır ki, yaşamadığı və valideyninin yaşadığı ünvanda yaşaması təsdiq olundu. Demək, iddiaçının başqa yaşayış yeri mövcuddur və keçmiş əri ilə nikahları pozulmuş, münasibətləri davam etmir və bir evdə yaşamırlar. Ona görə də iddiaçı bu davranışı ilə köçmək istədiyi tikilidə yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün cavabdehin yaşadığı evə köçürülməsi üçün zərurət də olmamışdır.

33. İddia ərizəsindən və apellyasiya baxışı zamanı tərəflərin verdiyi izahatların məzmunundan bəlli olur ki, əslində iddiaçının məqsədi heç də evə köçmək olmamışdır. Çünki, iddiaçının mübahisəli evə köçürülməsinə dair qətnamə çıxarılsa da məqsədi heç də mübahisəli evə köçmək yox, yalnız özbaşına tikili olan evdən “pay” almaq məqsədinə nail olmaq üçün cavbdeh olan keçmiş ərinə və qaynanasına təsir etmək məqsədilə bu iddianı irəli sürmüşdür. Lakin bunun üçün, yəni nail olmağa çalışdığı məqsəd üçün iddiaçı düzgün yol(vasitə) seçməmişdir. Başqa sözlə mübahisəli evə köçürülməsini tələb etməklə əslində həqiqi məqsədinə bu yolla çatacağına dair düşüncəsi onun yanlış iddia verməsinə səbəb olmuşdur. Məhkəmə isə müəyyən edilmiş bu faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

34. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edildi ki, tərəflər keçmiş ər-arvad və qaynana-gəlin olsalar da onlar arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Belə ki, mübahisəli ev hal-hazırda cavabdehlər və iddiaçının keçmiş qaynının sahibliyində və istifadəsindədir. Demək iddiaçının həmin evə(özbaşına tikiliyə) köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırcı və ağlabatan görünmür. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin gərgin qarşılıqlı münasibətləri baxımından düzgün olmamışdır.

35. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-673/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-673/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Hacı-X10 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar