Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4249/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı (X11 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı (X11 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 140/2024 nömrəli 02 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “İşə götürən” Cavabdeh QSC-nin direktoru X4 ilə “işçi” İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən işçi polad əridən vəzifəsinə işə qəbul edimişdir.
2. Baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün xx.xx.2022-ci il tarixdə yaradılmış Təhqiqat komissiyasının "X17” QSC-nin polad əridən köməkçisi İddiaçı xx.xx.2022-ci il tarixdə, saat 18:20 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktına görə bədbəxt hadisə Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsində 2-ci sobanın ətrafında sobadan sıçrayan metal qırıntısının zərərçəkənin sağ gözünün ətrafına dəyməsi nəticəsində baş vermişdir. Bədbəxt hadisənin baş verməsində Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsinin poladəridən köməkçisi İddiaçı ehtiyatsızlığı, Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsinin növbə ustası X1 nəzarətsizliyi müəyyən edilmişdir.
3. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 2910/22 saylı, xx.xx.2022-ci il tarixli Akta (İZ aktı) görə 11.1. Bədbəxt hadisənin səbəbləri 1) Cavabdeh QSC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş induksiya sobalarında poladəritmə prosesi Texnoloji təlimatın 4-cü bölümünün (Əritmə prosesinin gedişi) 4.1.3-cü bəndinin (Arabacıqlardakı metal qırıntıları sobaya boşaldıldıqdan sonra poladəridən və poladəridən köməkçiləri təhlükəsizlik qaydalarına uyğun olaraq 5-10 dəqiqə ərzində sobanın yan divarından 4-5 metr məsafədə kənarda dayanmalıdırlır) tələblərinə riayət edilməməsi; 2) Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsinin sahə ustası X5 arasında bağlanmış 380/2021 saylı əmək müqaviləsinə əlavə hesab edilən «Vəzifə təlimatı»nın daxili nizam-intizam, etik davranış və təhlükəsizlik texnikası qaydalarına əməl etməyən işçilər barədə tədbir görməlidir) və 2.5-ci bəndinin (işlək sobanın ətrafında poladəridən, poladəridən köməkçiləri və digər işçilərin dayanmamasına, sahənin ümumi təmiz saxlanmasına, işin sonunda işçilər tərəfindən iş sahəsinin təmizlənməsinə nəzarət etməlidir) tələblərinə riayət edilməməsi. 12. Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər: poladəridən köməkçisi İddiaçı ehtiyatsızlığı, növbə ustası X1 nəzarətsizliyi müəyyən edilmişdir.
4. Bakı şəhəri Qaradağ rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşunas X6 cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarına görə İddiaçı xx.xx.2022-ci il tarixli saat 20 radələrində iş zamanı ətirmə sexinin induksion poladəritmə sahəsinin ikinci sobasının yanında olan zaman işlək vəziyyətdə olan induksiya sobasının içərisinə həndəsi forması, aqreqat halı və kimyəvi tərkibi məlum olmamaqla texnoloji prosesə uyğun olmayan predmetin atılması nəticəsində sobada baş vermiş partlayış nəticəsində özünün drəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan baş beyinin orta dərəcəli əzilməsi, baş beynin alın-təpə paylarının hemorrağik kontuziyası ilə müşayiət olunan alın sümüyünün, sağ almacıq və sağ əng sümüklərinin qəlpəli sınıqları, sağ göz almasının travmatik zədələnməsi (sağ gözün yumşaq toxumalarının və göz orbitasının cərrahi yolla çıxarılması) kimi xəsarətlər almasına səbəb olmuşdur. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “Elmetal” zavodunda iş zamanı xəsarət alması hadisəsində hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
5. “Paşa Bank“ ASC-nin 001AZO**********3 nömrəli ölkədaxili qəbzinə əsasən İddiaçı "xxxx" ASC tərəfindən 59367.89 manat məbləğində sığorta ödənişi verilmişdir.
6. xx.xx.2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2023-cü il tarixli arayışına əsasən xx.xx.1973-cü il təvəllüdlü İddiaçı “Q11.1 Anoftalmın digər növü, OD - Posstravmatik Anoftalm. Ağırlaşma H54.4 Monokulyar korluq, Monokulyar korluq” diaqnozu üzrə müddətsiz üçüncü dərəcəli gözdən əlillik təyin olunmuşdur.
7. Cavabdeh QSC-nin 23 saylı, xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə xəsarət alması ilə nəticələnən istehsalat qəzasına qədər müəssisədə polad əridən köməkçisi peşəsində işləmiş və aylıq ümumi əmək haqqı 865 manat təşkil etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müəayinəyə dair məlumat sənədinə əsasən İddiaçı 3-cü dərəcəli əlillik verilməklə həmin sənədin əmək zəmanəti hissəsində “Görmə gərginliyi olmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd öz əksini tapmışdır. Cavabdeh QSC fəaliyyət sahəsinə və iş yerlərinin attestasiya nəticələrinə görə böyük əksəriyyəti əmək şəraiti ağır və zərərli hesab edilən iş yerlərindən ibarətdir. Bu səbəbdən müəssisə rəhbərliyi İddiaçı hazırki sağlamlıq vəziyyətinə uyğun olaraq onun üçün münasib işin Təsərrüfat sahəsində bağban peşəsi olması qənaətinə gəlmiş və işçiyə bu peşədə işləmək təklifi edilmişdir. İddiaçı müəssisənin təklifini qəbul edib onun bağban peşəsinə keçirilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixindən etibarən İddiaçı bağban peşəsində işləyir və ümumi əmək haqqı əmək müqaviləsinə uyğun olaraq 442 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına vurulmuş zərərə görə kompensasiya kimi 400000 manat, o cümlədən 250000 manat maddi təzminat, 150000 manat mənəvi təzminat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini işin yuxarıda istinad olunan faktiki hallarına əsasən belə əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixindən Cavabdeh QSC-nin Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Polad əritmə sexinin induksion soba sahəsində polad əridən köməkçisi olaraq işə qəbul olunmuşdur və həmin vaxtdan sözügedən zavodda işləyir. xx.xx.2022-ci il tarixdə Zavodda iş vaxtı bədbəxt hadisə baş vermiş və nəticədə o, ağır xəsarətlər almışdır, bir gözü tamamilə sıradan çıxmışdır, sağlamlığı ağır zərərə uğramışdır. Hazırda o, əlildir, şikəst olmuşdur, işləmək qabiliyyəti yoxdur, bir gözü tam kor olmuşdur, bundan əlavə kəllə, üz, alın, əngin, baş beyin və digər nayihələrindən ciddi travmalar almışdır, başında bir neçə qəlpə qalıb, müstəqil şəkildə hərəkət etməyi, başqasının yardım və köməyi olmadan gündəlik həyat və fəaliyyətini davam etdirməyi qeyri-mümkün olmuşdur. Xəsarət alan zaman onun sol qolu da çıxmışdı (sonradan məlum oldu), yerində kristallaşma getmişdi, beli zədələnmişdi, qol, çiyin və bel nayihələrində şiddətli ağrılar olurdu, bu qəbildən olan bəzi ağrılar indi də davam edir. Sözügedən bədbəxt hadisə poladərtimə sobasında partlayış baş verməsi nəticəsində ortaya çıxmış, parlayışın təsiri ilə metal yadcisim sağ gözünə dəymiş, partlayış təzyiqi və yad cisimlər digər bədən nayihələrinin də çoxsaylı xəsarət almasına və zədədlənməsinə səbəb olmuşdur. Partlayışdan sonra o, aldığı xəsarətlərin təsirindən huşunu itirdiyindən ondan sonra baş verənləri xəstəxanada özünə gələndən sonra xatırlaya bilmədi. Komissiya cavabdehi bədbəxt hadisənin baş verməsində və onun həyat üçün təhlükəli xəsarətlər almağında qismən təqsirli hesab etmiş, onu da ehtiyatsızlıqda günahlandırmışdır. Lakin əslində araşdırma (təhqiqat) hərtərəfli və obyektiv aparılmamış, tələsik və səthi aparılmış, hər vəchlə cavabdehə bəraət qazandırılmağa çalışılmışdır. Lakin bu şəkildə araşdırma aparılsa belə, cavabdehin qismən də olsa təqsirli (texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl olunmama) olduğunu qeyd etmək məcburiyyətində qalmışlar. Halbuki obyektiv, tam və hərtərəfli araşdırma aparılmış olsaydı daha çox mətləblər aydın olar, həqiqət tamamilə aşkara çıxmış olardı, eləcə də, cavabdehin əməlində cinayət tərkibi olması da aşkara çıxmış olardı. Araşdırma və təhqiqin qərəzsiz və obyektiv aparılmadığı elə ilk baxışdan aydın olur. Belə ki, aktların, rəy və qərarların heç birində hadisənin baş vermiş olduğu Sobanın texniki pasportu və istifadə təlimatından bəhs edilmir. Bu barədə sənəd və məlumatlar indiyə kimi ortaya çıxarılmamışdır. Cavabdeh bunları ortaya çıxarmaqdan imtina etmişdir. Halbuki sözügedən sənəd və məlumatlar iş üzrə olduqca əhəmiyyətlidir və ilk növbədə araşdırılmalı olan xüsusatlardır. Bununla yanaşı yad cismin sobaya atılan metalın içərisinə düşdüyü qeyd olunsa da, bunun məhz təhlükəszilik qaydalarına əməl olumadığı üçün düşdüyü (atıldığı) qeyd olunmur. Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunsa idi metal yad cisimlərdən təmizlənmiş şəkildə sobaya qoyulmalı (atılmalı) idi. Əks təqdirdə partlayış və qəzaların baş verməsi qaçılmazdır. Bu kimi aşkar xüsusatlardan bədbəxt hadisə ilə bağlı aparılmış araşdrımanın nəticələrinin əks olunduğu sənədlərdə, rəy, akt və qərarlarda heç bir açıqlama verilməməsi təhqiqat və araşdırmanın obyektiv aparılmadığına dəlalət edir. Onun sağlamlığının pozulması, əlil olmağı, həyat üçün təhlükəli müxtəlif xəsarətlər almağı, bir gözünü tamamilə itirməyi, həyat və sağlamlığının təhlükə altına düşməsi bilavasitə işəgötürənin hərəkətləri (hərəkətsizliyi) ilə - zavodda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır. Məhz işəgötürən cavabdehin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına lazımi şəkildə əməl etməməsi səbəbindən bədbəxt hadisə baş vermişdir. Bununla da onun sağlamlığının pozulması ilə işəgötürən cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqə öz təsdiqini tapmışdır. Baş vermiş bədbəxt hadisənin olduqca məhdud şəkildə bir təhqiqatı aparılsa da, yenə də, onun sağlamlığının pozulmuş olması, səhhətinə zərər vurulmuş olması ilə işəgötürən cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) arasında birbaşa səbəbli əlaqə olduğu hər bi halda öz təsdiqini tapmışdır. Hesab edir ki, məhkəmədə həqiqətə tam nail olmaq üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ekspertiza təyin olunmalı və bədbəxt hadisə üzrə bu baxımdan hərtərəfli, tam və obyektiv ekspertiza aparılmalıdır. Səhhətinə vurulmuş xəsarət nəticəsində onun müalicəyə, müayinələrə, tibbi xidmətlərə, davadərman alınmasına, nəqliyyat vasitələrinə və digər əlaqədar məsrəflər üçün indiyə kimi külli miqdarda xərci çıxıb və eyni təyinatlı xərclər davam etməkdədir. Bundan əlavə ona hər hansı yerə, xəstəxanaya gedib gəlmək üçün başqasının köməyinə ehtiyacı var, özünün təkbaşına, başqasının köməyi olmadan hərəkət etməyi olduqca çətindir. Bu səbəbdən oğlu Rəşad uzun müddət işindən gücündən ayrılaraq onun yanında olmuş, onu müayinə və müalicə üçün tibb mərkəzlərinə aparıb gətirmiş, bütün bu vaxtlarda işləmədiyindən öz qazancından da məhrum olmuşdur. Beləliklə, oğlu Rəşad da ona kömək və qulluq etməsi səbəbindən xeyli qazanc və gəlirlərindən məhrum olmuş və bu hal zaman zaman indi də davam edir. Bununla da, ailəsi əlavə olaraq daha da maddi zərərə uğramış, ailənin zəruri ehtiyaclarının qarşılanması qeyrimümkün olmuşdur. Beləliklə həm o, həm də onun ailə üzvləri, övladları, ağır maddi çətinliklərə məruz qalmış, böyük maddi və mənəvi zərərə uğramışdır. Onun hazırda heç bir qazancı, gəliri, maaşı yoxdur, xəsarət alıb xəstəxanaya düşəndən sonra 6 ay müddətində ona maaş ödənilmiş, 6 ay sonra maaşı kəsilmişdir, pensiya da almır, 3-cü qrup əlil olmağı təsdiq olunsa da, hələ də pensiya kartı almamışdır, pensiyası ödənilmir, ödəniləcəyi bildirilir, lakin hazırda ona heç bir pensiya ödənişi həyata keçirilmir, ödəniləcək pensiya məbləğinin də az miqdar olduğu bildirilib. Sağlamlığına vurulmuş ağır xəsarət nəticəsində onun işləmək və qazanc əldə etmək imkanı yoxdur, gəliri yoxdur, üstəlik müayinə və müalicə xərcləri, dava-dərman məsrəfləri vardır, övladlarının dolanışıq xərcləri, 4 azyaşlı məktəbli uşaqların xərcləri vardır. Qeyd olunan xərcləri ödəmək onun imkanları xaricindədir. Əgər o, zavodda qəzaya uğramasaydı, ağır xəsarətlər almasaydı, kor olmasaydı, əlil və şikəst olmasaydı, o, ailəsinin dolanışığını təmin edə bilərdi, necə ki, edirdi. O, iş günləri zavodda işləyir, işdən sonra, eləcə də qeyri iş günləri, bayram günləri, məzuniyyət günlərində isə həyətyanı sahəsində, kənddə əkin-biçin ilə, heyandarlıqla, təsərrüfatla məşğul olurdu, yetişdirdiyi məhsulları sataraq əlavə qazanc əldə edir və ailəsinin maddi ehtiyaclarını ödəyirdi. Bu minvalla o həm zavodda işləyərərk aylıq sabit bir maaş almaqla, həm də həyətyanı sahədə fəaliyyət göstərməklə qeyri-sabit olsa da qazanc əldə edirdi və ailənin dolanışığını təmin edirdi, getdikcə güzəranları daha da yaxşılaşırdı. İndi o bütün bunlardan məhrum olmuşdur, nəinki ailəsinin güzəranını, heç özünün müalicə və müayinə xərclərini, davadərman xərclərini ödəyə bilmir, özünün adi yaşayış xərclərini ödəməkdə acizdir, onun qazanc və gəliri yoxdur. O özünü və övladlarını insan sağlamlığının və həyat fəaliyyətinin normal səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərlə təmin etmək imkanından məhrumdur, üstəlik sağlamlığının pozulması, aldığı ağır xəsarətlərlə bağlı xüsusi qulluq, müalicə, müayinə və əlavə tibbi xidmətlərə ehtiyacı vardır, müxtəlif tibbi xidmətlər üçün xeyli haqq ödəməlidir. O, həyat və fəaliyyət qabiliyətini böyük ölçüdə itirmişdir, ona İİİ qrup əlillik dərəcəsi verilib, o buna etiraz etmişdir, onun əlillik dərəcəsi əslində İ qrupa uyğun gəlir. O başqasının köməyi və baxımı olmadan, dava-dərman olmadan öz həyat və fəaliyyətini davam etdirmək imkanına malik deyil. Cavabdeh əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməklə, yəni təhlükəsiz və sağlam əmək şəraiti yaratmamaqla, əməyin mühafizəsi qaydalarını pozmaqla onun sağlamlığının, səhhətinin pozulmasına, onun iş və fəaliyyət qabiliyyətinin son dərəcə məhdudlaşmasına (hazırda iş qabiliyyətini itirmişdir, həkimlər işləməyə icazə vermirlər) səbəb olmuşdur. Buna görə də, cavabdeh onun sağlamlığına vurulmuş zərəri üçün tam məsuliyyət daşımalıdır. O tez-tez stress keçirir, depressiaya düşür, sağlamlığı getdikcə daha da pozulur, həkimlər bu gedişlə psixi xəstəliklərə düçar olmaq ehtimalının olduqca yüksək olduğunu bildirərək, belə hallarda mütəmadi psixoloji müalicə məsləhət görüblər. Əks təqdirdə psixi pozuntuların ortaya çıxması və getdikcə kəskinləşməsinin qaçılmaz olduğunu bildirirlər. O özündən asılı olmadan evdə anidən əsəbləşir, stresss və narahatçılıq keçrir, birdən birə qabağında olan əşyaları sındırır, tullayır, eyni sözləri dəfələrlə təkrar təkrar söyləyir, əlaqəsiz söz və ifadələr işlədir. Bu minvalla onun həyatı həm özü üçün, həm də ailə üzvləri, yaxınları üçün dözülməz olmağa başlamışdır, psixoloji pozuntular meydana çıxmışdır. Onun sağlamlığı pozulmasa idi, əlil və şikəst olmasaydı, eyni və yaxud bənzər iş və vəzifədə, bu və ya digər işyerində işləyə biləcəkdi və aylıq orta əmək haqqının miqdarı 1000-1200 manat təşkil edəcəkdi. Səhhətinə vurulmuş zərərə görə o artıq işləyə bilməz, həyatı boyu davamlı müayinə və müalicə olunmalıdır, ayrıca mütəmadi psixoloji yardım almalıdır. Azərbaycan Respublikasında və qonşu ölkələrdə ortalama bir insan ömrü 75-80 yaş, pensiya yaşı 65- 70 yaş olduğundan, belə nəticəyə gəlmək olar ki, o bundan sonra ən az 20 il işləyə bilərdi. 20 il aylıq orta əmək haqqı 1000-1200 manat (sabit olduğunu varsaymaqla) olaraq hesablasaq, aylıq 1000 manat maaş hesablasaq ortaya minimum 240000 (iki yüz qırx min) manat vəsait çıxar. Bu minimum rəqəmdir, 20 il müddətində onun ayda 1000 manat maaş aldığını hesab edir. Onun ailəsi var, 4 azyaşlı övladı var, tibbi sığorta, vergi, sosial müdafiə, tibbi xidmət, müalicə, müayinə, dərmanlar, psixoloji yardımı və sair xərclər əlavə xərclərdir. Bir uşağın aylıq minimum yaşayış xərcləri 220 manat (hazırki il üzrə uşaq üçün yaşayış minimumu) olaraq hesablanır, bir il müddətində bu məbləğ 2040 manat edər, 5 il müddətində 10200 manat edər. Psixoloji yardım üçün tibbi xidmət 1 saat üçün (1 seans) minmum 50 manat təşkil edir. Həftədə bir neçə dəfə belə tibbi yardım almalı olduğundan, bu da təxminən həftəlik minimum 150 manat, aylıq 600 manat təşkil edər. Onun indi 50 yaşı var, 70 yaşadək yaşayacağı ehtimal edilsə, bundan sonra 20 il müddətində onun aylıq xərcləri, məsrəfləri necə ödəniləcək? Yaşayış minimumu və müalicə xərclərinin ödənilməsi zəruridir. Minimum olaraq hesablasaq bundan sonrakı 20 il müddətində aylıq 1000 (bir min) manat vəsaitə (12 x 1000 = 12 000, 12 000 x 20 = 240 000) ehtiyacı nəzərə alınsa, bu, 240 000 manat edər. Bu onun əlil, şikəst kimi, müayinə və müalicəyə, eləcə də başqasının köməyinə ehtiyacı olan şəxsin xərcləridir, ondan başqa onun baxmalı olduğu 4 azyaşlı övladı vardır. Qeyd olunan aylıq qazancla - aylıq 1000 manatla onun həm özünü, həm də ailəsinin dolanışığını təmin etməyi olduqca çətindir. Ölkəmizdə yaşayış minimumu 2023-cü il üçün 220 manat müəyyən edilib. Sadəcə azyaşlı övladlarının aylıq yaşayış xərcləri minimum 1100 manat edir. O, cavabdehdən minimum xərclərdən da olduqca az miqdarda - 250 000 manat miqdarda birdəfəlik maddi təzminat məbləği, yaxud aylıq 1200- 1500 manat olmaqla, heç olmazsa, ən az hədd olmaqa aylıq yaşayış xərclərinin ödənilməsini tələb edir. Göründüyü kimi tələbi uğradığı zərərin müqabilində olduqca az bir məbləğdir. O çox böyük mənəvi zərərə də uğramışdır, mənəvi zərərə tək o deyil, ailə üzvləri də uğramışdır. Ailənin gözü önündə yaşayan ata, ailə başçısı əlil olmuş, şikəst, bir gözünü itirmiş, davamlı müayinə və müalicə olunan bir ailə başçısıdır. Bu ailəsinə, övladlarına da olduqca pis təsir edir. Onun sağlamlığına dəymiş ağır zərərə görə mənəvi zərərə uğradığı heç bir şübhə doğura bilməz. Zavodda baş vermiş hadisə nəticəsində ona dəyən həyat üçün təhlükəli ağır bədən xəsarətləri nəticəsində o böyük sarsıntı keçirmişdir, iztirab, əzab və əziyyət çəkmişdir, depressiyaya düşmüşdür. Ortaya çıxan stress və depressiya davamlı xarakter almışdır və indi də davam etməkdədir. Odur ki, sağlamlığının pozulması nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə o tamamilə haqlıdır. Mənəvi zərərin əvəzini 150 000 (yüz əlli min) manat olaraq qiymətləndirir. Ən az 150 000 manat mənəvi zərər tələb etməkdə o tamamilə haqlıdır. Bu miqdar əlbətdə ki, onun sağlamlığının, itirdiyi bir gözünün, əlilliyinin, müxtəlif bədən nahiyələrindən aldığı xəsarətlərin, həyatının və xoşbəxtliyinin dəyəri deyildir. İnsan həyatı və sağlamlığı qiymətsizdir, əvəzsizdir. Lakin mövcud qanunvericiliyimizə görə mənəvi zərərin əvəzi bir qayda olaraq pulla ödənilir. Odur ki, qarşı tərəfi, reallığı, ölkəmizdəki orta alıq əmək haqqı miqdarını, əhalinin aylıq qazanc və gəlirlərini, ortalama ərzaq və qida üçün çəkilən xərcləri nəzərə alaraq həddindən olduqca az olmaqla hesablama aparmışdır. Uğradığı böyük mənəvi zərərin əvəzi kimi minimum bir miqdarda məbləğin ödənilməsi insaf və vicdan çərçivəsində olmaqla yanaşı qanuni və əsaslı sayılmalıdır. O, sağ gözünü tam olaraq itirmişdir. Gözünün və görmə qabiliyyətinin bərpa olunmasını həkimlər mümkünsüz sayırlar. Plastik əməliyyat və protez qoyulması mümkün sayılır. Protez qoylması və plastik əməliyyat üçün xərclər 5800 manat təşkil edir (plastik əməliyyat – 5000 manat, əməliyyatdan sonra plastik gözün qoyulması 800 manat). İndiyə kimi o aşağıdakı xərcləri ödəməli olmuşdur və həmin xərclərin xeyli hissəsinin ödənilməsi hazırda da davam etməkdədir. Qeyd edir ki, bir çox dava-dərman xərclərinin ödənişi üçün zavod da köməklik etmişdir. Lakin aşağıdakı xərcləri tamamilə özü ödəməli olmuşdur: Gözə infeksiyaya qarşı olan damçı dərman hər ay 11 manat (6 ay zavod ödəmişdir, sonra ödəməyib). Protez qoyulana qədər 5 dəfə protezciyə getmişdir, ümumilikdə taksi pulu 125 manat ( 25x5=125). Sol qolun rentgeni +KT+MRT xərcləri+ 50 manat taksi pulu (xəsarət alan zaman onun sol qolu çıxmışdı, yerində kristallaşma getmişdi, beli zədələnmişdi, qol, çiyin və bel nayihələrində şiddətli ağrılar olurdu, bu qəbildən olan bəzi ağrılar indi də davam edir.). Sol qol üçün yazılan müalicə xərcləri 195 manat+60 manat (evə gəlib iynə və sistem vuran tibb bacısı üçün ödəniş). Bel üçün həkim qəbulu – 50 manat + MRT ödənişi+müalicə pulu 400 manat+90 manat (evə gəlib xidmət göstərən tibb bacısı üçün ödəniş). Sudurğa tutmamağı üşün yazılmış EPİNEXX dərman 75 manat (2 ay üçün alınıb). Gözün yoxlanılması üçün fərqli həkimlərin qəbulu – 140 manat (50+50+40) və taksi pulu – 75 manat. Sol qolunda meydana gələn kristallaşmanı əritmək və qolunu işlətməklə bağlı müalicə - masaj və terapevtlər üçün ödəniş – 400 manat. Başındakı qəlpələrə görə iki dəfə Sabunçu xəstəxanasında yatmışdır, taksi pulu, yemək və sair xərclər – 400 manat. 7 seans özəl psixoloq seansında olmuşdur – 350 manat. Oğlu Rəşad 29 oktyabr -10 fevral arası (100 gün) müddətdə ustalıq etdiyi işindən qalmışdır, günü minimum 50 manat hesablanmaqla 5000 manat qazanc və gəlirindən məhrum olmuşdur. Yuxarıda qeyd olunan xərcləri tərəflərindən bilavasitə ödənilmişdir, o və ya oğlu tərəfindən ödənilib. Yuxarıda qeyd etdiyi kimi, bunlardan başqa bu qəbildən olan dava-dərman xərclərinin bir hissəsi də zavod tərəfindən ödənilib (bunlardan əlavə). Onun davamlı olaraq müayinə və müalicəyə, eləcə də psixoloji yardıma ehtiyacı vardır, bununla yanaşı onun və ailəsinin dolanışığı da təmin olunmalıdır. Sağlamlığının pozulmasına görə ən az 250 000 (iki yüz əlli min) manat maddi zərərin əvəzi kimi tələb etməkdə tamamilə haqlıdır. Bu məbləğ isə olduqca az bir məbləğdir. Hazırda onun gəliri yoxdur, o, oğlunun və yaxın qohumlarının köməyilə yaşamaqdadır. Onun və ailəsinin bütün zəruri entiyaclarını, tibbi xidmət və sair entiyacları yalnız başqalarının yardımı ilə ödəyə bilir. Onun sağlamlığı pozulmasaydı, o özünün və ailəsinin bütün maddi ehtiyaclarını təmin edə bilərdi. Lakin cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində o bütün bunlardan məhrum olmuşdur. Mən cavabdehin ucbatından vaxtında müayinə və müalicə də oluna bilmir, nəticədə də onun sağlamlığı get-gedə daha da pozulmaqdadır. Bütün bunlar təkzibedilməz faktlardır.
10. Məhkəmə-tibbi ekspertizası üzrə “Məhkəmə-Tibbi Ekspertiza və X10” Ppublik hüquqi şəxsin T 72/2024 saylı, 12 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı baş beyinin orta dərəcəli əzilməsi, baş beynin alıntəpə paylarının hemorragik kontuziyası ilə müşayiət olunan alın sümüyünün, sağ almacıq və sağ əng sümüklərinin qəlpəli sınıqları, sağ göz almasının travmatik zədələnməsi (sağ gözün yumşaq toxumalarının və göz orbitasının cərrahi yolla çıxarılması) olmuşdur. Qeyd olunan xəsarətlər partlayış nəticəsində böyük fiziki qüvvəyə malik bərk küt əşya (əşyaların) təsirindən əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2022-ci ilə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı “Psixi Sağlamlıq Mərkəzi”nə göndərilmiş və onun xx.xx.2024-cü il tarixdə psixiatr tərəfindən müayinəsi zamanı ona “Üzvi affektiv pozuntu, koqnitiv funksiyaların enməsi F06.3” diaqnozu qoyulmuşdur. Bu xəstəliklərdən əziyyət çəkən xəstələr aidiyyatı üzrə poliklinikada qeydiyyata götürülməli və sahə üzrə psixiatrın mütəmadi nəzarətində olmaqla təyin edilmiş dərman preparatlarını qəbul etməlidirlər.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 may 2024-cü il tarixli 2(009)-140/2024 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia qismən təmin edilmiş, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən mənəvi zərərin əvəzi kimi 50.000 manatın tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, baş vermiş hadisə ilə əlaqədar müvafiq komissiya tərəfindən hadisənin tədqiqatı aparılarkən istehsalat sexində poladəridən köməkçisi İddiaçı və növbə ustası X1 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməmələri və bunun nəticəsində iddiaçının ağır istehsalat xəsarəti alması öz təsdiqini tapmışdır. Belə bir vəziyyətdə cavabdehin hərəkətləri yaxud hərəkətsizliyi ilə baş vermiş hadisə arasında səbəbli əlaqə bilavasitə olmasa da, vasitəli olmuşdur. Başqa sözlə bilavasitə əlaqənin olmaması cavabdehin məsuliyyətini istisna etmir. Çünki cavabdehin istehsalat sexində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməli olan işçilərinin təqsiri təsdiq olunduğundan cavabdehin hazırki iddia üzrə məsuliyyətini istisna etmir. Buna baxmayaraq, iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona vurulmuş maddi zərərə görə ümumilikdə 250000 manat tələb etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də, maddi ziyanın ödənilməsi hissəsində iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir.
13. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş halları, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 50000 (əlli min) manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə bu məbləğin tutulmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Əmək Məcəlləsinin 191.2, 195, 239.1, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096, 1097.1, 1099.1, 1108.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində göstərilmişdir ki, QSC Sağlamlıq, Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə giriş təlimatının keçirilməsinin qeydiyyat jurnalından görünür ki, digər işçilər kimi, X8 da təlimatlandırılmış, bunu imzası ilə təsdiq etmişdir. QSC Polad əritməsexi, Ocaq sahəsi İşçilərin iş yerində keçirilən təlimatın qeydiyyat jurnalından görünür ki, X7 xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə təkrar təlimatlandırılmış, bunu imzası ilə təsdiq etmişdir. QSC-nin işçilərinə verilən FMV-nin qeydiyatının şəxsi vərəqi №1-dən görünür ki, İnduksion soba sahəsi poladəridən köməkçisi İddiaçı xüsusi geyim və ayaqqabı ilə təmin olunmuşdur. QSC İnduksion sobasahəsi «C» briqadası, İşçilərin iş yerində keçirilən gündəlik təlimat jurnalından görünür ki, poladəridən köməkçisi İddiaçı xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində təlimatlandırılmış və bunu imzası ilə təsdiq etmişdir. Qanunun tələblərinə görə iddiaçı iş yerində, iş vaxtı baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlə bağlı tələblərini QSC-yə qarşı deyil, qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində sığorta olunduğu sığortaçıya, yəni "xxxx" ASC-yə qarşı və o halda yönəldə bilər ki, ona qanunvericiliklə verilməsi nəzərdə tutulmuş sığorta ödənişi verilməsin. İddiaçı tərəfindən sığorta ödənişinin alınması ilə bağlı sığortaçı şirkət olan Paşa İddiaçı tərəfindən sığorta ödənişinin alınması ilə bağlı sığortaçı şirkət olan "xxxx" ASCyə qarşı müraciət edib-etməməsi, müraciət edibsə, bunun nə ilə nəticələnməsi ilə bağlı hər hansı məlumat məhkəməyə verilməmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxıldığı zaman **********926 nömrəli xx.xx.2022-ci il tarixli «İstehsalatda bədbəxt hadisələrvə peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə iddiaçıya sığortaçı şirkət olan "xxxx" ASC tərəfindən 59.367,89 manat sığorta ödənişi edilmiş və bununla bağlı sənədlər mülki işə əlavə edilmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 239-cu maddəsinə istinad edərkən həmin maddənin 1-ci hissəsinə istinad etmiş, 5-ci hissəsini isə qərəzli olaraq görməzdən gəlmişdir. Halbuki, mübahisənin həllinə tətbiq edilməli olan norma məhz Əmək Məcəlləsinin 239-cu maddəsinin 5-ci hissəsidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı tərəf apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
19. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfındən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. Maddə 1099.1. Hüquqi və ya fıziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
26. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fıziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fıziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
27. Maddə 191. Tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yalnız 3 şərtin (ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) eyni zamanda hər üçü olduqda yaranır.
28. Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
29. Maddə 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
30. Maddə 195. c) bəndi. İşəgötürən əmək münasibətləri prosesində, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.
31. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
32. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
40. Müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində iş zamanı əritmə sexinin induksion poladəritmə sahəsinin ikinci sobasının yanında olan zaman işlək vəziyyətdə olan induksiya sobasının içərisinə həndəsi forması, aqreqat halı və kimyəvi tərkibi məlum olmamaqla texnoloji prosesə uyğun olmayan predmetin atılması nəticəsində sobada baş vermiş partlayış İddiaçı özünün dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan baş beyinin orta dərəcəli əzilməsi, baş beynin alın-təpə paylarının hemorrağik kontuziyası ilə müşayiət olunan alın sümüyünün, sağ almacıq və sağ əng sümüklərinin qəlpəli sınıqları, sağ göz almasının travmatik zədələnməsi (sağ gözün yumşaq toxumalarının və göz orbitasının cərrahi yolla çıxarılması) kimi xəsarətlər almasına səbəb olmuşdur.
41. İddiaçının xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış və Komissiya bədbəxt hadisənin baş verməsində iddiaçının ehtiyatsızlığını, cavabdehliyini, Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsinin növbə ustası X1 nəzarətsizliyini və hadisənin istehsalat xarakterli olmasını müəyyən etmişdir. Hadisə ilə əlaqədar İZ aktı tərtib edilmiş və həmin aktda əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslərin İddiaçı və X3 göstərilmişdir.
42. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 239-cu maddəsinə münasibətdə həqiqi (real) zərər işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması və yaxud onun həlak olmasında ifadə olunur. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. Əmək Məcəlləsinin 215-ci maddəsində işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. Bilavasitə əlaqə olmadığı hallarda tərəflərin məsuliyyəti istisna edilmir. Məhkəmə yanakı sübutların məcmusundan istifadə etməklə məsuliyyəti müəyyən edə bilər. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir. Təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa müvafiq olaraq işəgötürənin təqsiri oldugu halda təqsirinin dərəcəsindən asılı olmayaraq, o, tam məsuliyyət daşıyır.»
43. Baxılan iş üzrə cavabdehin hərəkətləri yaxud hərəkətsizliyi ilə baş vermiş hadisə arasında səbəbli əlaqə bilavasitə olmasa da, vasitəli olmuşdur. Lakin bu hal cavabdehin məsuliyyətini istisna etmir. Çünki cavabdehin istehsalat sexində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməli olan işçilərinin təqsiri təsdiq olunmuşdur. Bununla bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur.
44. İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona vurulmuş maddi zərərə görə 250000 manat tələb etmişdir. Birinci instansiya məhkəməsi bu hissədə iddianın rədd edilməsi barədə düzgün qənaətə gəlsə də, tətbiq edilməli olan normanı tətbiq etməmiş və sübut təqdim edilməməsi əsası ilə iddianı rədd etmişdir. Bu səbəbdən də qətnamə ləğv edilməlidir.
45. Belə ki, Əmək qanunvericiliyinin tələblərinə görə istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
46. Bununla yanaşı, Məcəllənin 239.5-ci maddəsində göstərilmişdir ki, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
47. Göründüyü kimi qanunvericilik göstərilən ödənclərin işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə aid olmadığını göstərmişdir.
48. Baxılan iş üzrə isə iddiaçı işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur.
49. İş materiallarından müəyyən edilir ki, baş vermiş hadisə ilə əlaqədar iddiaçıya "xxxx" ASC tərəfindən 59.367,89 manat məbləğində sığorta ödənişi ödənilmişdir.
50. İddiaçı icbari sığorta olunan işçi olduğundan baş vermiş hadisə ilə əlaqədar sığorta ödənişi almışdır, onun baş vermiş hadisəyə görə yenidən dəymiş zərər tələb etməsi əsassızdır. Odur ki, maddi zərər hissəsində iddia tələbi rədd edilməlidir.
51. İddiaçının baş vermiş hadisə nəticəsində sarsıntılar, psixoloji stress və emosional gərginlik keçirməsi, şüurunda mənfi halların yaranması, iztirablar yaşaması işin mübahisəsiz halıdır.
52. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 2-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır.
53. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 10-cu bəndində göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
54. Şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır.
55. Məhkəmə kollegiyası iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, iddiaçının keçirtdiyi sarsıntı və iztirabın dərəcəsini, hadisə nəticəsində fiziki ağrılar keçirməsini, baş vermiş hadisənin mənəvi sarsıntı keçirməsinə, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsinə səbəb olmasını, bu halın onun şüurunda mənfi psixi reaksiya ilə nəticələnməsini nəzərə alaraq mənəvi zərərin əvəzi kimi 5000 manat tutulması qənaətinə gəlir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-140/2024 nömrəli iş üzrə 02 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən mənəvi zərərin əvəzi kimi 5000 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.