Məhkəmə qərarları › İş №2(103)-4250/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4250/2020

21.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4250/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-332/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə məhkəmə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, massiv 17-də ümümi sahəsi 6 sot torpaq sahəsində yerləşən 13 nömrəli evə köçürülməsi barədə qətnamə çıxarılmasınə xahiş etmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-332/20 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı artıq uzun müddətdir ki, mübahisəli mənzildə yaşamır və bu mənzili öz iradəsi ilə tərk etmişdir. Şikayət verilən qətnamədə yanlış olaraq qeyd edilir ki, iddiaçının evdən çıxarkən mebelləri özü ilə aparmaması ona dəlalət edir ki, onun qayıtmaq niyyəti olmuşdur. Ailə sirri olması səbəbilə hal-hazırda məhkəməyə bildirə bilməyəcəkləri, lakin kifayət qədər ciddi səbəblə artıq bir neçə il bundan qabaq pozulmuşdur və bununla əlaqədar mübahisə zəminində də iddaçı həmin evi tərk etmişdir. İddiaçı mübahisənin ciddiliyini nəzərə alaraq evi tərk edərkən mütləq şəkildə bilirdi ki, həmin evə birdə geri qayıtması mümkün deyil, mebelləri isə həmin anda özü ilə aparması adi məntiq yürüdərsə, fiziki cəhətdən onun üçün mümkünsüz idi. Apellyasiya instansiya məhkəməsi nəzərə almalıdır ki, tamamilə pozulmuş şəxsi münasibətlərdən sonra tərəflərin birlikdə yaşaması qeyri-mümkündür. Cavabdeh birinci instansiyasında məhkəmə zamanı həmin ərazidəki torpaq sahəsinin satılaraq gəlirin böyük qisminin iddiaçıya verilməsinə razı olduğunu bildirsə də, məhkəmə bu faktı mahiyyət üzrə yekun qərarın qəbul edilməsi zamanı ümumiyyətlə nəzərə almamışdır. Digər tərəfdən, iddiaçının mübahisəli evə ümumiyyətlə qeydiyyatı yoxdur. Qanunvericiliyə əsasən, şəxsin yaşayış yeri dedikdə onun daimi və ya daha çox yaşadığı ev, mənzil başa düşülür və şəxsin yaşayış yeri üzrə qeydiyyatı da məhz həmin yer üzrə aparılır. Belə ki, əgər həqiqətən də iddiaçı mübahisəli mənzildə uzun müddətli və davamlı şəkildə yaşamış olsa idi, həmin mənzildə yaşayış yeri üzrə qeydiyyata alınardı. İddiaçı həmin mənzildə qeydiyyata düşməmişdir, davamlı və uzun müddətli şəkildə yaşamamışdır, başqa sözlə həmin mənzil iddiaçının həyat fəaliyyətlərinin mərkəzi olmamışdır. Bu halda, iddiaçının məhkəmə qarşısında həmin evə köçürülməni tələb etməsinin hüquqi əsası yoxdur, yəni əgər iddiaçı həmin mənzildə yaşamayıbsa, bu halda özünün iddia etdiyi kimi orda yaşamaq hüququndan da məhrum edilə bilməzdi. İddiaçı uzun müddətdir Bakı şəhərində yerləşən başqa mənzildə qeydiyyatdadır, özü də bir neçə ildir ki, Siyəzən şəhərində yaşayır. İddiaçının mübahisəli mənzilə köçürülməsinə dair qanunvericiliyə əsasən heç bir nə mülkiyyət, nə də istifadə hüquqi yoxdur, heç vaxt da yaranmamışdır. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçının köçmək istədiyi evin yerləşdiyi torpaq sahəsinin şəhadətnaməsi var. Həmin torpaq sahəsinin özü, iddiaçı oğlu və qızı mülkiyyətçidir. İddiaçının Suraxanıda və Siyəzəndə də evi var. Lakin o, isə kirayədə qalır və 250 manat kirayə pulu verir. Ona görə də şikayətin təmin edilməsini xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, tərəflər xx xxxxxxxx 1996-cı ildə nikah bağlamış, birgə nikahdan 4 övladları doğulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, yetkinlik yaşına çatmayan uşaqları iddiaçının yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tutulması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” şahədətnamədən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi massiv 17-də yerləşən ümumi sahəsi 0,06 ha. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh mülkiyyətinə verilmiş, ailə üzvləri kimi X2, X1 və X3 qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı evi könüllü surətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etmişdir. İddiaçıya məxsus məişət əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq niyyəti olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı evi tərk etdikdən sonra valideynlərinin evinə getmişdir. Ailədə gərgin münasibətlər yaranan zaman qadının ər evini tərk edərək müvəqqəti olaraq (qısa və ya uzun müddətə) valideynlərinin evinə getməsi rast gəlinən haldır. Mübahsəli yaşayış sahəsini iddiaçı və cavabdehinin bigə nikah dövründə inşa etdiklərini, cavabdehin və birgə nikahdan anadan olmuş uşaqlarının həmin evdə doğulandan həmin evdə yaşamasını məhkəmə işin mübahisəsiz halı kimi qəbul edir. İddiaçı ilə cavabdeh uzun müddət nikah münasibətlərində olmuş, həmin dövrlərdə Bakı şəhəri,Qaradağ rayon,Lökbatan qəsəbəsi, massiv 17-də yerləşən evi inşa etdirmiş və son dövrlərə qədər orada yaşamışlar. Sonradan tərəflər arasında münasibət kəskinləşmiş və aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra iddiaçı uşaqları ilə birlikdə həmin mübahisəli mənzili tərk edib atasının evində yaşamağa məcbur olmuşdur. Cavabdeh tərəf mübahisəli mənzilə iddiaçıdan üstün hüquqa malik deyildir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1- 13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə tələbi ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Bununla əlaqədar, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğv və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Tiklinin yerləşdiyi torpaq sahəsi isə cavabdehlə yanaşı iddiaçının da mülkiyyətindədir. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) iddiaçının aidiyyətinin olub-olmaması ilə bağlıdır. Bununla əlaqədar, cavabdeh şikayətində yuxarıda qeyd olunanları göstərir. Göründüyü kimi, cavabdehin iddia tələbinə bu cür etirazı əsaslı ola bilməz. Çünki, iddiaçının köçmək istədiyi özbaşına tikiliyə mülkiyyət və istifadə hüququ olmasa da, yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ vardır, demək tikiliyə də gözlənilən mülkiyyət hüququ yarana bilər. Ona görə də cavabdehin iddiaçının həmin evə köçürülməsinə qarşı çıxaraq bundan narahat olması anlaşılan deyildir. İkincisi, iddiaçı cavabdehlə mübahisəli evdə(özbaşına tikilidə) uzun müddət yaşamışlar. İddiaçının Cavabdeh ilə nikahının pozulması, eləcə də iddiaçının müvəqqəti olaraq valideynlərinin evində yaxud kirayədə yaşaması iddianın təmin edilməməsi üçün əsas ola bilməzdi. Çünki, qeyd olunduğu kimi həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının həmin evdə uşaqları və cavabdehlə eyni əsasla, yəni evə dair sərəncam hüququ əldə etməsə də yaşamaq hüququ yaranmışdır. İddiaçının uşağı ilə birgə həmin evdə yaşayanlarla eyni əsasla yaşaması hər hansı şəxsin, o cümlədən cavabdehin hansısa bir hüququnu pozmur. Əksinə iddiaçının bu tələbinin təmin edilməməsi onun hüquqlarının pozulmasına səbəb ola bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apelliyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun hazırki iş üzrə apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə, mübahisələndirdiyi hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-332/2020 nömrəli qətnaməsi Cavabdeh apelyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar