Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4250/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-139/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində tikilən kooperativ yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, № 74 saylı müqaviləyə əsasən “Kooperativ” “Payçı”-ya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 12 mərtəbəli yaşayış binasında 1-ci blok, 12-ci mərtəbə 74 saylı mənzilin verilməsini öz öhdəsinə götürür, “Payçı” isə həmin mənzilin pay haqqını (mənzilin təyin edilmiş dəyərini) birdəfəlik (100% qabaqcadan ödəmə şəklində) ödəməyi və yaxud müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticə mənzili qəbul etməyi öz öhdəsinə götürür, göstərilən mənzil 3 (üç) otaqdan ibarətdir və mənzilin ümumi sahəsi 132.4 kv.m təşkil edir. Həmçinin qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən mənzilin qiyməti (pay haqqı) hər bir kvadrat metr üçün 950 azn (doqquz yüz əlli) manat təşkil edir, cəmi 125780 azn (yüz iyirmi beş min yeddi yüz səksən manat) təşkil edir.
2. xx.xx.2021-ci il tarixli İddiaçı verilmiş maliyyə arayışına əsasən Cavabdeh ünvan 1 ünvanındakı yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 74 saylı mənzil həqiqətən 3 (üç) otaqdan ibarətdir və mənzilin ümumi sahəsi 132.4 kv.m təşkil edir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 124.3 kv.m olan mənzil xx.xx.2021-ci il tarixdə, ********** saylı qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmişdir.
4. Cavabdeh MTK üzvlərinin ümumi iclasının 74 №-li protokolundan çıxarışa əsasən X3 MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın ünvan 3 ünvanında kooperativ yaşayış binasında 1-ci giriş, ümumi 132.4 kv.m olan 3 otaqlı 74 saylı mənzil tam mülkiyyətinə verilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli 10/8383 №-li ekspert rəyinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən, ünvan 3 ünvanında inşa edilmiş 3 bloklu yaşayış kompleksinin, 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən, 74 saylı mənzilin ümumi sahəsinin 124.3 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə müraciət edərək 2021-ci il tarixində alqı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh MTK-dan alqı-satqı yolu ilə aldığı ünvan 4 ünvanında yerləşən AVİQ yaşayış kompleksində olan inşa edilən üç bloklu binanın 1-ci blokun 12-ci mərtəbəsində olan 74 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 132 kv.m nəzərdə tutulan mənzilin alınması üçün (faktiki olaraq 124 kv.m olan) hər bir kv.m-si 1000 min manat) manat olmaqla 8 kv.m ödənilmiş 8000 (səkkiz min) manat pulun, 100 (bir yüz) manat məhkəmə üçün ödənilmiş dövlət rüsümunun, cəmi 8100 (səkkiz min yüz) manatın birdəfəlik olaraq iş üzrə Cavabdeh MTKdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci il tarixində alqı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh MTK-dan ünvan 5 ünvanında yerləşən AVİQ yaşayış kompleksində olan inşa edilən dörd bloklu binanın 3-cü blokun 12-ci mərtəbəsində olan 74 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 132 kv.m olan mənzili hər bir kv.m-si 1000 (bir min) manat olmaqla ümumi dəyəri 132000 (bir yüz otuz iki min) manata almışdır. 132 kv.m olan mənzili hər bir kv.m-si 1000 ( bir min) manat olmaqla ümumi dəyəri 132000 (bir yüz otuz iki min) manat ödənilmişdir. Lakin yaşayış evinə dair çıxarış əldə edilərkən alqı-satqı müqaviləsində göstərilmiş öhdəliyin iş üzrə Cavabdeh MTK-a tərəfindən tam ödənilməməsi aşkar edilmişdir. Belə ki, tərəfindən 132 kv.m olan mənzili hər bir kv.m-si 1000 manat olmaqla ümumi dəyəri 132000 (bir yüz otuz iki min) manat ödənilsə də faktiki olaraq yaşayış evi 124 kv.m təqdim edilmişdir. Tərəfindən hər kvdrat üçün 1000 manat ödənilmişdir. Müqavilədə göstərilən 132 kv.m-dən kəsir olaraq 8 kv.m təqdim edilməmişdir. Bu isə kvadrat hesabı ilə hər bir kv.m üçün 1000 (bir min) manat olmaqla 8000 (səkkiz min) manat təşkil edir. Halbuki müqavilə üzrə tərəfindən üzərinə düşən öhdəlik icra edilməsi tam yerinə yetirilmişdir. Bu barədə cavabdehə müraciət etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Artıq məhkəmə qaydasında olmadan aralarında olan mübahisənin həll edilməsi mümkün deyildir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-139/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi iddia təlıəbinin qismən təmin edilməsi, ünvan 6 ünvanında yerləş mənzilin ümumi sahəsinin azalması nəticəsində 7600 (yeddi min altı yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dən tutularaq İddiaçı verilməsi, ödənilmiş 96 manat dövlət rüsumunun Cavabdeh MT,K-dan tutularaq İddiaçı verilməsi, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 manat Cavabdeh MTK-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində tikilən kooperativ yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, № 74 saylı müqaviləyə əsasən “Kooperativ” “Payçı”-ya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 12 mərtəbəli yaşayış binasında 1-ci blok, 12-ci mərtəbə 74 saylı mənzilin verilməsini öz öhdəsinə götürür, “Payçı” isə həmin mənzilin pay haqqının (mənzilin təyin edilmiş dəyərini) birdəfəlik (100% qabaqcadan ödəmə şəklində) ödəməyi və yaxud müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticə mənzili qəbul etməyi öz öhdəsinı götürür, göstərilən mənzil 3 (üç) otaqdan ibarətdir və mənzilin ümumi sahəsi 132.4 kv.m təşkil edir. Həmçinin qeyd edilən mənzilin ümumi sahəsinin 132.4 kv.m təşkil etməsi Cavabdeh MTK tərəfindən verilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Cavabdeh MTK üzvlərinin ümumi iclasının 74 №-li protokolundan çıxarışdan və xx.xx.2021-ci il tarixli maliyyə arayışından da aydın olur. əhkəmə araşdırması zamanı ekspert rəyi əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən, ünvan 3 ünvanında inşa edilmiş 3 bloklu yaşayış kompleksinin, 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən, 74 saylı mənzilin ümumi sahəsi 124.3 kv.metr təşkil edir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə (§6), təqdim edilmiş maliyyə arayışından (§7) mübahisəli mənzilin faktiki deyil, ümumi sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 59-cu maaddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır və yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Göründüyü kimi cavabdeh tərəf təhvil veriləcək mənzilin ümumi sahəsinin 132.4 kv.m olması ilə bağlı öhdəlik götürmüş olsa da Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa (§8) və ekspert rəyinə (§13) əsasən iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsi 124.3 kv.m təşkil edir. Göründüyü kimi, mənzilin müqavilədə qeyd edilən ümumi sahəsi ilə çıxarış və ekspert rəyində qeyd edilən ümumi sahəsi arasında 8,1 kv.m fərq mövcuddur. Məhkəmə iddia tələbindən kənara çıxmağa səlahiyyətli olmadığından iddia tələbini iddia tələbi həcmində yəni, 8 kv.m həcmində əsaslı hesab etmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı mənzilin hər kv.m sahəsi üçün 1000 manat məbləğin pul vəsaiti ödədiyini qeyd etməsinə baxmayarq mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində tikilən kooperativ yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, № 74 saylı müqaviləsinin 3.1-ci maddəsinə əsasən mənzilin qiyməti (pay haqqı) hər bir kvadrat metrinin qiyməti 950 azn (doqquz yüz əlli) manat təşkil edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, mənzilin qiyməti (pay haqqı) hər bir kv.m sahəsi üçün 1000 (min) manat deyil, 950 manat ödənilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 385.1, 386.1, 405.1, 425.1, 442, 443.1, 443.2, 443.3, 448.1, 448.2, 752.1, 762.1, 762.2, 766, 776.1, 1091.1, 1091.2, 1092.2-ci; Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2 və 59.3-cü; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci maddəsi; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 78.1, 88, 89.1, 89.3, 107, 119.1, 217.1-217.5, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 12 mərtəbəli yaşayış binasında 1-ci blok, 12-ci mərtəbə 74 saylı ümumi sahəsi 132.4 kv.m olan mənzilin 1 kv.m üçün 950 manat, mənzilin ümumi dəyərinin 125780 azn manat olması barədə xx.xx.2021-ci il tarixli, 74 saylı müqavilə bağlamışlar. Həmin müqavilənin müddəalarında hesablanma qaydası öz əksini tapmış, iddiaçı müqavilənin bu şərti ilə razılaşaraq müqaviləni imzalamışdır. İddiaçı hazırda öz mülki hüquqlarından sui istifadə edərək, əlavə pulun cavabdehdən ödənilməsini tələb edir. Nəzərə alınmalıdır ki, satıcı Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 74 saylı müqaviləyə əsasən, iddiaçıya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 12 mərtəbəli yaşayış binasında 1-ci blok, 12-ci mərtəbə 74 saylı ümumi sahəsi 132.4 kv.m olan mənzil satılmışdır. İddiaçı müqaviləni bağlayarkən müqavilə şərtləri ilə tanış olmuş, müqavilədə mənzilin ölçüsü, qiyməti ilə razılaşmışdır. Eyni zamanda, müqavilədə mənzilin ölçülərinin çöldən-çölə (oxdan-oxa) olması da qeyd olunmuşdur. İddiaçının müqavilə əsasında aldığı ev ilə çıxarışın verildiyi ev eyni mənzillərdir. Odur ki, iddiaçı özü müqavilə şərtləri ilə əvvəlcədən tanış olduğu üçün cavabdehin hər hansı təqsiri mövcud olmamışdır. Məhkəmə yalnız öz fərziyyələrinə əsaslanmaqla, tərəflər arasında bağlanmış müqavilə şərtləri nəzərə almadan qərar qəbul etmişdir. Göründüyü kimi iddiaçı isə müqavilə bağlanarkən mənzilin (divarlarda oxdan-oxa hesablanması) bu şəkildə ölçülməsi barədə cavabdehlə razılığa gəldiyindən, iddiaçı mövcud iddianı qaldırmaqda haqlı olmamışdır. Məhkəmə yalnız öz fərziyyələrinə əsaslanmaqla, tərəflər arasında bağlanmış müqavilə şərtləri nəzərə almadan qərəzli qərar qəbul etmişdir. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, iş üzrə heç bir əsaslı sübut olmadan, tərəflər arasında bağlanmış müqavilə şərtləri nəzərə alınmadan iddia təmin edilmişdir. Nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, heç bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasınımüəyyən etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
14. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, kvadratmetr ilə bağlı ödəniş olub.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
17. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”
Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. Bənd 1.2. Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Belə olan kollegiya hesab edir ki, qətnamə iddia tələbinin qismən təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməldir.
23. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 74 saylı podrat müqaviləsinə əsasən iddiaçıya cavabdeh tərəfindən ümumi sahəsi 132.4 kv.m təşkil edən mənzil təhvil verilməli idi.
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 124.3 kv.m olan mənzil xx.xx.2021-ci il tarixdə, ********** saylı qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmişdir.
25. İddiaçı iddiasında cavabdeh tərəfindən ona təhvil verilmiş mənzilin sahəsinin müqavilə üzrə razılaşdırılmış sahədən az olduğunu bildirərək mənzil üçün ödənilmiş məbləğlə mənzilin real dəyəri arasında yaranmış fərqin ödənilməsini tələb edir.
26. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş və işə birinci instansiya məhkəməsində baxılması zamanı təyin edilmiş məhkəmə tikinti ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli 10/8383 №-li ekspert rəyinə istinad edilmişdir. Ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən, ünvan 3 ünvanında inşa edilmiş 3 bloklu yaşayış kompleksinin, 1-ci blokunun 12ci mərtəbəsində yerləşən, 74 saylı mənzilin ümumi sahəsinin 124.3 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
27. İş materiallarından müəyyən olunur ki, dəhlizin sahəsi 25.3 m2, 1-ci sanitar qovşağının sahəsi 2.5 m2, 2-ci sanitar qovşağının sahəsi 3.9 m2, 1-ci yaşayış otağının 19.4 m2, ikinci yaşayış otağının 18.8 m2, 3-cü yaşayış otağının 33.7 m2 mətbəxin ümumi sahəsi isə 16.8 m2 , lociya 3.6 m2, birinci balkon 3.4 m2, ikinci balkon isə 3.6 m2 kimi qeyd olunmuşdur. Göründüyü kimi lociyanın sahəsi 0,5 əmsala vurularaq 1.8 m2, (3.6 x 0.5 = 1.8) balkon 0.3 əmsala vurularaq 1.0 m2 (3.4x0.3=1.0), digər balkon 0.3 əmsala vurularaq 1.1 m2 (3.6x0.3=1.1) qeyd edilməklə, Daşınmaz Əmlakın Dövlət Reystrinin Çıxarışında mənzilin ümumi sahəsi 124.3 kimi göstərilmişdir.
28. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşmələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablandığı halda, bayır, ara divarları, habelə məhəccərlərin, sobanın (buxarın) yerləşdiyi sahələr mənzilin ümumi sahəsinə aid edilmir.
29. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) -1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
30. Göründüyü kimi Daşınmaz Əmlkaın Dövlət Resystrindən çıxarışda mənzilin ümumi sahəsinin 124.3 kv.m kimi qeyd edilməsinin səbəbi lociya və balkonların sahəsinin hesablanması zamanı azaltma əmsallarının tətbiq edilməsindən ibarət olmaqla bu hal qanuvericiliyin tələbindən irəli gəlir.
31. Beləliklə, müəyyən olunur ki, azaltma əmsalları tətbiq olunmadıqda iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsi 131 kvadrat metr təşkil edir. Deməli, iddiaçı 1.4 kvadrat metr çatışmayan sahə üçün cavabdehdən zərərin ödənilməsini tələb etməkdə haqlıdır (132.4-131=1.4)
32. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli 10/8383 №-li ekspert rəyinə əsasən mənzilin ümumi sahəsi azaltma əmsalları tətbiq edilməklə 124.3 kv.metr göstərilmişdir.
33. Nəzərə alınmalıdır ki, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər.
34. Cavabdeh apellyasiya şikayətində müqavilədə mənzilin ölçülərinin çöldən-çölə (oxdan-oxa) olmasının da qeyd edildiyini bildirsə də, iş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, hesablamaların aparılma qaydası müqavilədə göstərilməmiş, yalnız mənzilin ümumi sahəsinin 132.4 kv.m olduğu qeyd edilmişdir.
35. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı mənzilin hər kv.m sahəsi üçün 1000 manat məbləğində pul vəsaiti ödədiyini qeyd etməsinə baxmayaraq, mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində tikilən kooperativ yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, № 74 saylı müqaviləsinin 3.1-ci maddəsinə əsasən mənzilin qiyməti (pay haqqı) hər bir kvadrat metrinin qiyməti 950 azn (doqquz yüz əlli) manat təşkil edir. 36.Belə olan halda kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçıya təhvil verilən mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğundan 1.4 kv.m az olduğundan cavabdehdən iddiaçının xeyinrə 1330 manat məbləğində (1.4x950=1330) pul tutulmalıdır.
37. Beləliklə, qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-139/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh MTK-dan İddiaçın xeyinə 1330 (bir min üç yüz otuz) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş rüsumun əvəzi olaraq 33 manat məbləğində pul tutulmalıdır.
38. Kollegiya qeyd edir ki, cavabdehə münasibətdə mübahisələndirilən hissədə iddianın qiyməti 1330 manat olmaqla beş min manatdan az olduğundan qətnamədən yalnız iddiaçı tərəf kassasiya şikayəti verə bilər.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-139/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh MTK-dan İddiaçı xeyinə 1330 (bir min üç yüz otuz) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş rüsumun əvəzi olaraq 33 manat məbləğində pul tutulsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumun apellyatorun özünə aid edilsin. Qətnamədən iddiaçı qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Sabit Bəhrəmzadə Fərrux Qasımov