Məhkəmə qərarları › İş №2(103)-4251/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4251/2021

06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4251/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız sayılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(008)-2696/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(008)- 2696/2021 saylı qərardadı ilə (hakim Nilufər Cəfərli) iddia ərizəsi ərazi aidiyyətinin pozulması əsası üzrə qaytarılmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd olunan qərardadından şikayət vermiş, şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət – birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, cavabdehin Ucar rayonunda qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq ünvan 1 ünvanında yaşaması, bu səbəbdən də işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçı şikayəti müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, əvvəllər analoji tələblə Ucar Rayon Məhkəməsinə müraciət etsə də, işə düzgün baxılmamışdır. Bu səbəbdən də iddiasına həmin məhkəmədə baxılmasını istəmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiysından şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən cavabdeh şikayətin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini və izahatları dinləyib şikayəti iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən belə qənaətə gəlmişdir ki, cavabdehin rəsmi qeydə alındığı ünvan Ucar rayonu, Qarabörk kəndidir, bu səbəbdən də hazırki iddia tələbi Ucar Rayon Məhkəməsinə verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. Azərbaycan Respublikası MPM-nin ərazi aidiyyətini müəyyən edən 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İşdən görünür ki, cavabdehin rəsmi qeydə alındığı ünvan Ucar rayonu, Qarabörk kəndidir. Belə olan halda birinci instansiya məhkəməsi iddia ərizəsini qaytarmaqda haqlı olmuşdur. Cavabdehin faktiki olaraq Bakı şəhərində yaşaması halı isə vəziyyəti dəyişdirmir. MPM-nin 152.1.3-cü maddəsi müəyyən edir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə kollegiyasına hər hansı sübut təqdim edilməsə də, iddiaçı izahatında əvvəllər Ucar Rayon Məhkəməsinə analoji tələblə müraciət etməsini, lakin işə düzgün baxılmamasını göstərmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadının olması tərəflərin yenidən eyni tələblə məhkəməyə müraciət imkanını istisna edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız sayılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(008)-2696/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(008)- 2696/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar